“Bəzi məktəblər məhz bu müsabiqəyə görə “muzey” kimi saxladıqları kompüter laboratoriyalarını şagirdlərin ixtiyarına veriblər”
Məlumat verdiyimiz kimi, noyabr ayının 5-11-də Azərbaycan məktəbliləri XII “Beynəlxalq Bebras həftəsi”ndə iştirak edəcəklər.
Bebras (Qunduz) İnformatika və Kompüter vərdişləri üzrə beynəlxalq müsabiqədir və hazırda ABŞ, Avstraliya, Finlandiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya və s. daxil olmaqla dünyanın 30-dan çox ölkəsində keçirilir. Müsabiqənin əsas məqsədi xüsusi proqramlaşdırma bilikləri olmayan, lakin informatika sahəsində potensialı olan şagirdləri müxtəlif məntiqi məsələlərlə qiymətləndirərək aşkar etməkdir. Müsabiqənin gələcək hədəfi informatika üzrə müsabiqələrdə iştirak üçün istedadlı şagirdlər yetişdirməkdir. Hazırda əsasən müsabiqənin daha geniş kütləyə çatdırılması üzərində iş gedir. Növbədə şagirdlərin seçimi və daha sonra “Beynəlxalq İnformatika Olimpiadalarına” (İOİ) seçim məsələsində Bebrasın tətbiqi və onların iştirakı üçün lazımi dəstəyin verilməsi nəzərdə tutulub.
Bebras müsabiqəsinin Azərbaycan üzrə koordinatoru Adil Əliyev Xeberler.az-a layihə ilə bağlı məlumat verib. O bildirib ki, Bebras layihəsi 2012-ci ildən etibarən keçirilir:
“2012-ci ildən Bebras müsabiqəsinə hazırlıq məqsədilə müəyyən işlər görülməyə başlanıb, 2014-cü ildə İsmayıllı rayonu üzrə müsabiqə təşkil edildi. Müsabiqəyə İsmayıllı rayon icra hakimiyyəti və Təhsil Nazirliyi dəstək verdi. Daha sonra sınaq məqsədilə bir neçə məktəbdə kiçik qeyri-formal müsabiqələr keçirildi. Bu yolla həm təşkilat komitəsi, həm müəllimlər, həm də şagirdlər müsabiqənin iş mexanizmini sınaqdan keçirdilər. 2014-cü ilin dekabrında isə artıq məktəblilərimiz Beynəlxalq Bebras həftəsinə qoşuldu. Bu zaman müsabiqədə 82 məktəbdən 4184 şagird iştirak edirdi. Onu da qeyd edim ki, müsabiqədə Bakı, Sumqayıt, İsmayıllı, Lerik, Mingəçevir və Laçın məktəblərindən qoşulan iştirakçılar var idi”.
Adil Əliyev bildirir ki, Bebras həftəsinin keçirilməsi üçün məktəblərin müsabiqəyə qoşulması işinə Təhsil Nazirliyi, final turunun keçirilməsi üçün Təhsil Nazirliyi və ADA Universiteti maliyyə dəstəyi göstərib:
“Bizim işimiz yalnız məktəblilərlə bağlı olduğu üçün Bebras müsabiqəsinin təşkil edilməsinə dəstək göstərilməsi məqsədilə dövlət strukturlarından yalnız Təhsil Nazirliyinə müraciət etmişik. Nazirlik bizim fəaliyyətimizi müsbət qarşılayır və eyni zamanda müsabiqənin final mərhələsində hədiyyələrin alınması üçün maliyyə vəsaiti də ayırmışdı. Final turu zamanı şagirdlərlə yanaşı onların valideynləri, müəllimləri iştirak etdiyi bir tədbirdir. Final turu üçün ADA Universiteti qonaqların Universitet şəhərciyində gəzintisini, şagirdlər üçün maraqlı mühazirələr, onların nahar və kofe-breyk təminatını qonaq qəbul edən tərəf kimi təşkil etdi. Həmçinin ADA Universitetinin tələbələri tədbirin təşkil olunmasında yaxından iştirak etdilər”.
Adil Əliyevin sözlərinə görə, müsabiqə onlayn şəkildə internet vasitəsilə keçirilir və sirr deyil ki, bəzi məktəblərdə bunun üçün lazımi şərait yoxdur: “Bəzi məktəblər məhz bu müsabiqəyə görə “muzey” kimi saxladıqları kompüter laboratoriyalarını şagirdlərin ixtiyarına veriblər, beləliklə müsabiqə dolayı yolla da olsa məktəblərə bu cür də öz töhfəsini vermiş hesab oluna bilər”.
Onun sözlərinə görə, özəl sektorlara layihəyə dəstək üçün müraciət edilsə də hələ ki, müsbət cavab əldə edilməyib:
“İstərdik ki, hər-hansı şirkət və ya qurum bu müsbiqənin təşkili üçün müəyyən fond ayırsın və davamlı olaraq o fonddan yararlanaq. Açığını deyim, hər il layihə yazıb ayrı-ayrı qurumlara, şirkətlərə müraciət etmək, müxtəlif sorğu-suallara tutulmaq, birindən müsbət, birindən mənfi cavab alaraq qapı-qapı gəzmək fikrim yoxdur. Mən mühəndisəm, bu işi bacarmıram. Mən özümün və komanda yoldaşlarımın dolanışığı üçün maliyyə axtarmıram. Hamımız qabaqcıl şirkətlərdə, universitetlərdə çalışırıq. Biz istəyirik ki, final mərhələsinə daha çox şagird cəlb edək, daha çox hədiyyə verək, onları həvəsləndirək. Bu sosial bir layihədir. Əgər maliyyə dəstəyi olarsa daha çox şagirdi cəlb edə bilərik, olmazsa o zaman müəyyən qədər öz şəxsi vəsaitimizdən ayıracayıq. Bu ilki final mərhələsini çıxmaq şərtilə bütün xərcləri indiyədək elə şəxsi maliyyə vəsaitimiz hesabına başa gəlib. 2013-cü ildə iki nəfərin Hollaniyada Bebras nümayəndəsi ilə görüşü, 2015-ci ildə Beynəlxalq Bebras təşəbbüs qrupunun Avstriyanın Vyana şəhərindəki konfransında iki nəfərin iştirakı, veb saytın yaradılması, sistemə texniki xidmətin göstərilməsi və s. hamısı tərəfimizdən edilib. Düzdür bəzən bir qədər çətin görünür, amma başlamışıq, geriyə addım atmaq bundan daha da çətin görünür. Müsabiqə minlərlə şagirdin sevimlisinə çevrilib, yarı yolda qoymaq düzgün olmaz”, deyə Adil Əliyev bildirib.
Adil Əliyev yuxarı siniflərdə İnformatika fənninin ləğvi məsələsi ilə bağlı sualımıza bu cür cavab verdi:
“2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək. Bu, çox nəhəng bir tədbirdir. Biz də öz növbəmizdə buna ciddi hazırlaşmalıyıq. Fikrimcə, bu məsələnin yanında fənnin artırılması, azaldılması və ya ləğv edilməsi məsələsi bir qədər prioritetdən kənar məsələdir. Məndə olan məlumata görə yalnız pilot məktəblərdə bu qayda tətbiq edilib və eksperimental xarakter daşımaqdadır. Bu barədə təhsil sahəsində çalışanlar daha düzgün fikir bildirə bilərlər. Bir mühəndis olaraq onu deyə bilərəm ki, hər halda həm STEM məsələsi dünyada trend məsələdir, həm də bugünkü dövr müasir insan üçün əsas 4 qabiliyyətin - Reading, Writing, Math, Computing olmasını tələb edir. Bu qabiliyyətlərin inkişafı məktəblilərə aşılanarsa fənnin adının, keçirilmə formasının necə olacağını artıq müvafiq qurumlar özləri daha düzgün müəyyən edəcəklər”.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri