Osman Gündüz Əli Abbasovun vəzifəsindən azad olunmasına münasibət bildirib

12-11-2015 / 18:32

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib. Hazırda sosial mediada ən ciddi müzakirə mövzusu məhz budur.

Bu məsələ bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün münasibətini öyrəndik. 

-Osman bəy, bildiyiniz kimi bu gün Prezidentin sərəncamı ilə nazir Əli Abbasov tutduğu vəzifədən azad olunub. Buna münasibətiniz necədir ?

-Hesab edirəm ki, bu, Prezidentin birbaşa, müstəsna səlahiyyətinə aid olan məsələdir. Komandanı formalaşdırmağı, hökumət üzvlərinin təyin edilməsini Prezident özü müəyyən edir. Düşünürəm ki, bu hökumətdə növbəti kadr dəyişikliyi ilə bağlıdır.

-Sizcə nazirin işdən azad olunması “MTN işi” ilə əlaqəli ola bilərdimi ?

-Sərəncamda bununla bağlı, ümumiyyətlə işdən azad olunma ilə bağlı konkret bir açıqlama verilmədiyindən bunu təsdiq ya inkar etmək doğru olmazdı. Məlumdur ki, hazırda bu işlə bağlı RYTN sahəsinə aid olan da bir neçə vəzifəli şəxs həbs edilib və bu cür suallar üçün də əsaslar ola bilərdi. Hazırda bu işlə bağlı araşdırma gedir. Ola bilər ki, bu araşdırmalar nəticəsində hansısa informasiyalar ortaya çıxa bilərdi. Amma yenə deyirəm ki, bunu demək çətindir.
Mediada yayılan informasiyalardan güman ki, belə qənaətə gəlmək olar ki, yalnız BTRİB-lə bağlı məsələ birbaşa “MTN işi” ilə əlaqəli ola bilərdi. Çünki burada rabitə sektorunda əməliyyat-axtarışla bağlı qanunvericiliyin tələblərinin pozulmasını nəzərdə tutan Cinayət Məcəlləsindəki 302-ci maddədən də söhbət gedir.

Yeri gəlmişkən qeyd edim ki, sabiq nazir Əli Abbasov RYTN-da baş verənlərin, saxlanılanların “MTN işi” ilə əlaqəli olmadığını da bu yaxınlarda bildirmişdi.
Eyni zamanda hesab edirəm ki, hazırda cəmiyyətin son dövrlərdə baş verənlərlə bağlı rəsmi informasiyalara da ciddi ehtiyacı var. 

-Bəs siz nazir Əli Abbasovun işlədiyi dövrü necə xarakterizə edərdiniz ?

-Nazirin işə başladığı ilk dövrləri, 2000-ci illərin əvvəlini çox gözəl xatırlayıram. Biz o vaxtlar o zamankı rabitə naziri ilə iki illik məhkəmə çəkişməsindəydik. Səhər tezdən işə getmək əvəzinə, həmin dövrün məşhur “İnternet məhkəməsi” nə gedirdik. Əli müəllim gələndən sonra xeyli müsbət dəyişikliklər oldu, internet senzurası aradan qaldırıldı. O zamanadək mövcud olan Rabitə sektoru, belə demək mümkünsə, İKT sektoruna çevrildi, informasiya cəmiyyətinin formalaşması, elektron hökumət quruculuğu, kosmik infrastrukturun qurulması, rəqəmsal iqtisadiyyatın formalaşması xeyli  sürətləndi. Yəni, dinamika vardı. Xatırlayıram ki, elə dövlət başçısı tərəfindən də nazirin fəaliyyəti yetərincə qiymətləndirilmişdi.

Əlbəttə, problemlər də, nöqsanlar da vardı və elə indi də var və biz zaman -zaman bunları qabardırıq. İnternetlə bağlı, bu sektorda rəqabətli mühitin formalaşması ilə bağlı, bəzən qəti və sərt addımlar atılmasındakı ləngimələrlə bağlı, böyük və ciddi əhəmiyyətli layihələrin uzun-uzadı ləngidilməsi ilə bağlı və s. problemləri qeyd etmək olar. İnternetlə bağlı problemin də əsl mahiyyətini, inhisarçılıqla bağlı məqamları mən təxminən il yarım bundan qabaq, məhz elə  BTRİB-in timsalında açıqlamışdım. Təəssüf ki, hələ də qaldırılan problemlər öz həllini tapmayıb.

Digər problemlərə gəldikdə isə, hətta xatırlayıram ki, bu ilin əvvəlində nazirlikdə olan kollegiya iclasında nazir özü korrupsiya ilə bağlı, haqsız rəqabətlə bağlı tabeliyindəki qurumlara ciddi xəbərdarlıqlar da etmişdi. Deməli, belə faktlar vardı ki, müzakirə obyektinə çevrilmişdi. Yəni görülən işlərlə bərabər problemlər də vardı və bir daha vurğulamaq istərdim ki, biz bunlar haqqında çox danışmışıq. Bəlkə də bunları sadalamaq məhz indi yeri deyil.
Bir daha vurğulamaq istərdim ki, indiki halda nazirin ya bu problemlərlə, ya da “MTN işi” ilə əlaqəli, ya hansısa digər səbəblərdən vəzifəsindən azad olmasını demək doğru olmazdı. Bu, yenə təkrar edirəm ki, Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. 

-Bəs indi gözləntiləriniz nədir?

-Əlbəttə ümid edirəm və əminəm ki, yeni təyin olunacaq nazir ölkədə informasiyalı bir mühitin formalaşması, rəqabətli mühitin formalaşması və mövcud problemlərin aradan qaldırılması istiqamətində daha ciddi addımlar atacaq.
Hesab edirəm ki, indiki zamanda, dövlət başçısının da qeyd etdiyi kimi, resursların məhdud olduğu, qənaətcil olmağın vacib olduğu indiki dönəmdə ölkədə rəqabətə davamlı İKT sektorunun inkişafı üçün dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin səyləri gücləndirilməlidir. 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə