Son dövrlərdə ölkədə anti-böhran tədbirlərinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır.
Manatın devalvasiyası və neftin qiymətinin kəskin enməsindən sonra ölkə iqtisadiyyatında yaranan böhranın aradan qaldırılması üçün hökumət tərəfindən bir sıra islahatlara başlanıb.
Son bir neçə gündə ardıcıl olaraq hökumət üzvləri ilə keçirilən toplantılarda Prezident tərəfindən islahatların aparılması istiqamətində mühüm açıqlamalar verilib.
Milli Məclis investisiya və vergi mühitinin yaxşılaşdırılması, valyuta nəzarətinin gücləndirilməsi ilə bağlı qanunlar qəbul edib.
Son dövrlərdə keçirilən müşavirələrdə Prezident, həmçinin bir sıra dövlət qurumlarının ləğv ediləcəyi və ciddi özəlləşdirimə proqramının həyata keçiriləcəyini açıqlayıb
Maraqlıdır ki, görəsən söhbət hansı qurumların özəlləşdirilməsindən gedir?
Görəsən, dövlət qurumlarının ləğvi və özəlləşdirilmə məsələsi, son dövrlərdə dövlət başçısı tərəfindən ciddi tənqid olunan İKT sektoruna da şamil oluna bilərmi ?
Xeberler.az olaraq məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə ətraflı söhbət etdik.
Müsahibəni təqdim edirik:
- Osman müəllim, sizcə Prezidentin açıqlamalarında söhbət hansı qurumların özəlləşdirilməsindən gedir? İKT sektorunda da özəlləşdirilmə aparıla bilərmi?
- Artıq məlum olduğu kimi, Prezidentin rəhbərliyi altında keçirilən son toplantıda özəlləşdirilmə ilə bağlı ciddi mesajlar verildi. Əvvəlcə fikirləşdim ki, bu mesajlar, məhz rabitə, İKT sektoru ilə bağlıdır və söhbət bu sektorun özəlləşdirilməsindən gedir. Çünki Prezidentin son çıxışlarında bu sektora ciddi yatırımların olmasına baxmayaraq gəlirlərin olmaması, bu sektorda idarəetmədə, maliyyə məsələlərində ciddi problemlərin olması vurğulanırdı.
Təbii ki, bütün bunların məntiqi nəticəsi olaraq bu sektorun idarəetməsində yeni format məsələsi ilə bağlı gözləntilər vardı. Qeyd edim ki, 2001-ci ildən bu sektorda özəlləşdirmə ilə bağlı Prezidentin Fərmanı var və 15 ildir ki , öz icrasını gözləyir.
Odur ki, bir daha təkrar etmək istərdim ki, Prezident özəlləşdirmə ilə bağlı açıqlama verəndə , düşündüm ki, bu , məhz İKT sektorundan da yan keçməyəcək. Hesab edirəm ki indiki zamanda nəhəng telekommunikasiya obyektlərinin, gəlirsiz işləyən rabitə müəssislərinin özəlləşdirilməsi gözləniləndir və bu, doğru addım olardı.
-Bəs bu qədər müddət , 15 il keçməsinə baxmayaraq görəsən, Fərmanda qeyd olunan müəssisələrin özəlləşdirilməsi niyə həyata keçməyib?
- Dəfələrlə həm beynəlxalq qurumlar, həm də yerli ekspertlər tərəfindən özəlləşdirmə ilə bağlı məsələ gündəmə gətirilib. Amma göründüyü kimi, bunu hələ də reallaşdırmaq olmayıb. RYTN-nin keçmiş rəhbərliyi də bu istiqamətdə xarici qurumların təcrübəsinin öyrənilməsi, müxtəlif özəlləşdirmə variantlarının hazır olması ilə bağlı açıqlamalar versə də, ciddi , real addımlar atılmadı.
Düşünürəm ki, burada müəyyən böyük maraqlar, bu müsəssisələrin özəlləşdirilməsinə imkan verməyən, əsas rabitə obyektlərinin dövlət qurumları formasında fəaliyyətində maraqlı olan güclü qüvvələr olub.
Güman ki, onların öz maraqları olub, kimlərsə buradan böyük gəlirlər götürüblər. Ola bilər ki, bu fəaliyyət suni sürətdə uzadılıb ki, burada münbit şərait yaradılsın ki, sonda kimlərsə bunu daha rahat və ucuz qiymətə özəlləşdirə bilsin.
-Hazırda İKT sektorunda hansı qurumların özəlləşdirilməsi gözlənilə bilər ?
-Düşünürəm ki, öncə nazirliyin tərkibində fəaliyyət göstərən Aztelekom MMC, AzTelecom.net provayderi, BTRİB, Bakinternet provayderi, MHM, AzDatacom provayderi, BƏHM (AzInTelecom), AzEuroTeL, Azərpoçt MMC, Azərmarka MMC, Elektron Hökumət Təlim-Tədris Mərkəzi, Rabitəçi İstirahət Bazası və s bütün bunların tam olaraq və ya qismən özəlləşdirilməsi gündəmə gətirilməlidir.
Effektivliyin, gəlirlərin olmaması ilə bağlı Prezidentin çıxışlarında çox düzgün qeyd edilib. Təsəvvür edin ki , son bir neçə ildə təkcə Azərpoçt-un modernləşməsinə, yenidən qurulmasına milyonlarla, Dünya Bankının on milyonlarla vəsaitləri ayrılıb Amma heç bir səmərəlilik, effekt yoxdur. Jurnalist də dronla bağlı bu quruma zəng edib soruşanda da deyirlər ki, dron nə deməkdir?
Dəfələrlə bildirmişik ki, nə vaxta qədər o nəhənglikdə BTRİB Bakinternet hesabına, Aztelecom MMC isə Aztelecom.net hesabına, internet istifadəçilər hesabına yaşamalıdır.
Bunlar hamısı dövlət MMC-ləridir və indiki məqamda özəlləşdirilməsi çox düzgün olardı.
Təbii ki, onlar ilkin mərhələdə səhmləşdirilə də bilər, sonra özəlləşdirilməlidir. Hətta düşünürəm ki, bu məsələ ölkə üçün kifayət qədər əhəmiyyət kəsb etdiyindən, strateji bir məsələ olduğundan bu qurumların özəlləşdirilməsi ilə bağlı xüsusi prezident Fərmanına ehtiyac var.
-Ümumiyyətlə, özəlləşdirmə indi vacibdirmi ? Bunun konkret nə faydası olacaq?
- İstənilən halda dövlətin bu qurumların idarəetməsindən arxaya çəkilməsi, özəl sektora üstünlük verməsi daha effektiv və rəqabətli mühit yaranması üçün əsasdır. Həm də hazırda situasiya elədir ki , bu qurumlara investisiya yatırımına, qurumların müasir səviyyədə modernləşməsinə dövlətin imkanı yetərli deyil . Həm də bazarda sərbəst və azad rəqabətin inkişafının qarşısını alır.
İlk növbədə dövlət belə qurumları özəlləşdirməyə çıxartmaqla büdcəyə böyük miqdarda vəsaitlər əldə edə bilər.
Nəhəng dövlət qurumlarının saxlanılmasına sərf olunan xərclərdən azad ola bilər. Ona görə rəqabətli İKT mühitinin fromalaşdırılmasının olduqca zəruri olduğu indiki məqamda bu qurumların özəlləşdirilməsi doğru addım olardı. Bu proseslərin ləngidilməsi isə sonda bu bazarda sərbəst və azad rəqabətin inkişafının qarşısını alır. Qurumlar öz daxili infrastrukturunu yenidən qura bilər və daha yeni xidmətlər bazara təqdim edilə bilər.
Digər məsələni diqqətinizə çatdırım. Statistikada görmək olar ki, İKT sektorunda gəlirlərin , büdcəyə ödəmələrin 80 faizi özəl sektorun üzərindədir.
Statistikadan, mobil operatorların, xüsusilə də Azercell-in, Delta Telecom-un hesabatlarından görmək olar ki, bu qurumlar yüz milyonlarla vəsait büdəcyə köçürdükləri halda dövlət sektorunun kommersiya gəlirlərindən ödəmələr olduqca azdır.
-Özəlləşdirmə zamanı hansı risklər ola bilər? Xarici ölkələrin təcrübəsində bu fəaliyyət necə tənzimlənir?
-Bəli, bu fəaliyyətdə bəzi risklər ola bilər. Məsələn, qurumlarda çox saylı ixtisarlarla bağlı, tariflərlərlə bağlı, fəaliyyət istiqamətinin dəyişməsi ilə bağlı risklər ola bilər. Amma düşünürəm ki, bütün bunları hökumət müəyyən dövr tənzimləyə bilər, özəlləşdirmə ilə bağlı müəyyən sosial proqramlar da hazırlaya bilər. Dünya təcrübəsində də belə olub. Dünyada, qonşu ölkələrdə telekommunikasiya sektorunun özəlləşdirilməsində müsbət və mənfi təcrübələr mövcuddur. Xatırlayıram ki, Ermənistanda xüsusilə bu sektorun özəlləşdirilməsində ciddi problemlər oldu. Gərək bunlar diqqətlə araşdırılsın. Əvvəllər, 10-15 il öncə ciddi bir məsələ vardı . Universal rabitə xidməti adlanan digər xidmətlər mövcuddur. Yəni, ilk növbədə dövlətin məcburən istənilən bir ərazidə təmin etməli olduğu zəruri rabitə xidmətlərindən söhbət gedir.
Amma indiki halda, ən ucqar ərazilərdə də müxtəlif növ rabitə xidmətlərinin olduğu bir vaxtda daha belə təhlükələr yoxdur.
Düşünürəm ki , Prezidentin çıxışında deyildiyi kimi , xarici ekspertlərin, investorların da iştirakı ilə bu sektorda ciddi özəlləşdirmə proqramının hazırlanması və icrasına başlanılması doğru olardı.
-Bəs xarici investorlar Azərbaycan bazarına maraq göstərib, gələ bilərmi?
- Əlbəttə, burada düşünürəm ki, hökumət xarici investorlar üçün qarantilər, hüquqi təminatlar formalaşdırmalıdır. İnvestor bilməlidir ki, onların əlində olan əmlak toxunulmazdır və qanunla o qorunacaq.Yəni, əmin olmalıdırlar ki, böyük vəsait qoyduqdan sonra bu əmlak onların əlindən alınmayacaq. Xaricilər əmin olmalıdır ki, ölkənin İKT bazarında normal, beynəlxalq standartlara uyğun tənzimləmə siyasəti aparılacaq.
-Osman müəllim, bu qurumlar özəlləşdirildikən sonra RYTN-in taleyi necə olacaq? Bütün dövlət qurumları ləğv edildikdən, özəlləşdirildikdən sonra belə çıxır ki, nazirlik ləğv ediləcək?
-Dəfələrlə də bildirmişik ki , hazırkı məqamda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) öz statusuna görə, necə deyərlər “analoqu olmayan” qurumdur. Belə ki, uzun müddətdir ki, bu qurumun əlində 3 səlahiyyət cəmləşib : tənzimləmə, dövlət idarəetməsi və kommersiya. Yəni bu qurum qanunu olaraq həm İKT bazarında alış-verişlə məşğuldur, həm də qayda-qanun müəyyən edir. Bununla yanaşı, dövlət siyasətini də hayata keçirir.
Son dövrlərdə ölkədə İKT sektorunda müəyyən irəliləyişlər əldə edilsə də daha ciddi uğurların qarşısını alan əsas səbəb kimi, RYTN-nin məhz bu 3 funksiyaya sahib olmasını göstərmək olar. Belə ki, məhz bu səbəbdən İKT sektorunda sərbəst və azad rəqabət çətinliklə formalaşır, operatorlar arasında münasibətlər daim gərgin olur, İKT sektorunda əldə olunan gəlirin böyük hissəsini formalaşdıran özəl sektor dövlət qurumları tərəfindən haqsız rəqabətlə üzləşir. Odur ki, fikrimcə elə özəlləşdirilmə olmadan bu qurumun statusuna yenidən baxılması , kommersiya və təsərrüfat funksiyalarının ayrılması çox düzgün addım olardı.
Güman ki, ölkə başçısının son dövrlərdəki tələbləri baxımından RYTN-in yeni rəhbərliyi də daha efektiv idarəetmə mexanizmlərinin hazırlanması, özəlləşdirməyə hazırlıq üzərində işləyirlər.
Yeri gəlmişkən qeyd edim ki, spesifik bir nazirliyə yeni nazirin təyinatında məhz rabitəçi və ya İT mütəxəssisə deyil, peşəkar maliyyəçi və idarəetmə mütəxəssisinə üstünlük verilməsi də güman ki, bu qeyd etdiyim məsələlərlə, yəni bu sektorda daha effektiv, yeni formatda idarəetmə mexanizmlərinin yaradılması və özəlləşdirmə məsələləri ilə bağlı da ola bilər.
- Əslində RYTN-in tənzimləməni həyata keçirməsi daha ciddi qayda-qanun yaradılması baxımından düzgün addım deyilmi ?
-Əlbəttə yox. Bu ilk baxışdan belə görünə bilər. Əslində isə ölkədə, RYTN-in idarəetməsində və nəzarətində olan dövlət müəssisələrindəki nöqsanlar və maliyyə problemləri, iri kommersiya layihələrinin effektivsizliyi, nömrə resurslarının, tezliklərin və domen adlarının qeydiyyatı və bölüşdürülməsindəki ciddi problemlər, bəzi rabitə tariflərinin müəyyən edilməsindəki problemlər də qüsurlu tənzimləmə siyasəti ilə bağlıdır.
RYTN həm özü bazardadır, kommersiya ilə məşğul olur, həm də özü qayda-qanun müəyyən edir, tənzimləmə funksiyasını həyata keçirir. Belə olan halda necə normal tənzimləmək olar. İstər-istəməz dövlət operatorları ön plana keçəcək.
Rəqabət olmayanda da inkişaf olmur. Özəl şirkətlər də necə illərdir ki, bu məsələdən şikayət edirlər ki, onlara yetərli şərait yaradılmır. Bu, ciddi məsələdir.Yəni, nazirlik əslində qanuni olaraq öz qurumlarına şərait yaradır. Təkrar edirəm qanuni olaraq. Bakinternet , Aztelekom qanuni olaraq bazarda alış-verişlə məşğuldursa, onda nazirlik başqa bir özələ necə normal şərait yarada bilər axı?
Bu, Azərbaycanda İKT mühitinin ən ağrılı məsələsidir. Şirkətlər arasında normal, sağlam rəqabət inkişaf edə bilmir. Bazara elə nazirlik diqtə edir və nazirlik planlayır. Bu azad rəqabət deyil, planlı rəqabətdir.
-Bu məsələ beynəlxalq aləmdə, qonşu ölkələrin təcrübəsində necədir? Xarici ölkələrdə bu sahədə vəziyyət necədir?
- Dünyada, Avropa ölkələrində, qərbdə bu problem çoxdan həllini tapıb. Beynəlxaq qurumların, Ümumdünya ticarət təşkilatının, Avropa institutlarının bu tip tənzimləmə qurumlarına verilən tələblərlə bağlı konkret sənədləri mövcuddur. Yanaşma ondan ibarətdir ki İKT sektorunu , telekommunikasiya bazarını müstəqil tənzimləyici qurum idarə edir. Belə desək, telekommunikasiya sektorunu tənzimləmək üçün müstəqil Telekommunikasiya Şurası formalaşdırılır.
Avropa İttifaqına daxil olan ölkələrdə 2 format mövcuddur. Ya tam Müstəqil Telekommunikasiya şurası tənzimləyir , ya da bu qurumla bərabər Agentlik formasında digər bir dövlət qurumu da saxlanılır. Qurumun saxlanılması xərcləri də bazardakı telekommunkasiya operatorların bu quruma ödədikləri illik ödənişlər çərçivəsində həll olunur.
Gürcüstanda, Ukraynada və digər qonşu ölkələrdə də çoxdan, 2005-ci ildən bu məslələr öz həllini tapıb. Belə ki, orada dövlət idarəəetməsi ilə məşğul olan agentliklər və həmçinin də tənzimləmə ilə məşğul olan başqa qurum var. Ukraynada, Gürcüstanda, Moldovada Milli Telekommunikasiya Şuraları var. Dəfələrlə məsələ qaldırılıb ki , bizdə də bu tip- bazarda maraqları olmayan, operatorlardan asılılığı olmayan müstəqil Milli Telkommunikasiya Şurası yaradılmalıdır. Düşünürəm ki beynəlxalq təcrübəyə əsaslanaraq İKT sektorunda müstəqil dövlət tənzimləyici qurumun- Milli Telekommunikasiya Şurasının (MTŞ) yaradılması daha ciddi uğurlara əsas olacaq.
-Bu qurum necə formalaşdırılmalıdır, onun tərkibi necə olmalıdır ?
-Düşünrəm ki Azərbaycanın elə də böyük olmayan İKT bazarında MTŞ-in tərkibində telekommunikasiya və İT sahəsinin, maliyyə və idarəetmə sahəsinin peşəkarlarından ibarət təxminən 9-11 nəfərin olması kifayət edərdi.
Məncə, onlar ya Prezident tərəfindən təyin edilməli və ya namizədliyi prezident tərəfindən irəli sürülərək parlament tərəfindən təsdiq oluna bilər.
Qonşu ölkələrdə hətta baş nazirin təqdimatı ilə Prezident tərəfindən təyin olunması kimi təcrübə də var.
Bu qurum birbaşa Prezidentə tabedir. Xatırayıram ki, bizdə İKT sektorunda idarəetmə ilə bağlı problemlərin olması, müstəqil tənzimləyici qurumun olmaması beynəlxalq qurumların hesabatlarında, Dünya Bankının, Avropa yenidənquruma İnkişaf Bankının hesabatlarında da həmişə irad tutulub.
-MTŞ hansı məsələlərə nəzarət etməlidir? Bu addımın İKT sektorunun inkişafına nə kimi faydası olacaq?
-Milli Telekommunikasiya Şurası yalnız tənzimləmə ilə məşğul olacaq, İKT bazarında qayda-qanun yaradacaq .
Ümumilikdə, qurum telekommunikasiya xidmətlərinin lisenziyalaşdırılması, bu sektorda istehlakçıların hüquqlarının müdafiəsi, telekommunikasiya bazarına nəzarət (dövlət strukturlarının operatorların fəaliyyətinə müdaxiləsinin qarşısının alınması), rabitə xidmətləri üçün tariflərin təklifi, ən ağrılı problem olan kabel-kanalizasiya infrastrukturundan bərabər əsaslarla istifadənin müəyyən edilməsi və telekommunikasiya şəbəklərinin arabağlantısı, operatorlar və provayderlər arasında şəbəkələrin qarşılıqlı əlaqəsi üzrə mübahisələrin məhkəməyə qədər həlli kimi məsələləri obyektiv həll edə bilər.
Həmçinin nömrə resurslarının paylanması və tariflərlə bağlı qurumun operatorlara və digər bu kimi qurumlara nəzarəti güclənəcək.
Müstəqil, kommersiya marağı olmayan qurumun bazarı tənzimləməsi İKT bazarında sərbəst rəqabət gücləndirəcək, yəni rəqabətli mühit formalaşdıracaq, Qurumlar lisenziya şərtlərinə daha ciddi əməl edəcəklər. Qaydanı pozanlar cərimələnəcəklər. Bu qurumun indiki məqamda Azərbaycanda yaranması , fikrimcə çox faydalı olardı.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri