“Qafqazinfo” bu il avqustun 16-dan fəaliyyət göstərir.
Elbrus Ərud (Seyfullayev Elbrus Ramiz oğlu) 1979-cu ildə Biləsuvar rayonunun Nərimankənd kəndində doğulub. 1998-2002-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2003-2004-cü illərdə “Xalq Cəbhəsi” qəzetində, 2004-2010-cu illərdə APA-da çalışıb. 2010-cu ildə “Qafqazinfo” portalını yaradıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, bir oğlu var.
- Nədən sayt yaratmaq qərarına gəldiniz?
- Bir səhər APA-dakı iş yerimə gələndə bir hadisə ilə qarşılaşdım. Məzuniyyətdən qayıtdığım gün iş otağıma daxil olanda gördüm ki, kompüterimin arxasında “praktikant”lar oturub. Onlar məni görcək ayağa qalxdılar. Kompüterimin ekranında onlardan birinin yazdığı xəbər açıq qalmışdı. Oxudum, xoşuma gəldi. Və mən həmin an qəribə bir hiss yaşadım. Mənə elə gəldi ki, yerimi artıq kiməsə verməliyəm. Yəni bunu bir işarə kimi qəbul elədim və həmin gündən getmək haqda düşünməyə başladım. Bir neçə gündən sonra qəti qərarla fikrimi rəhbərliyə bildirdim və iş yerimi dəyişdim.
- Bəs nədən “Qafqazinfo” adını seçdiniz?
- İki dəfə ad seçəndə başımı itirmişəm. Birinci dəfə oğlum dünyaya gələndə, ikinci dəfə də sayt yaradanda. Ancaq maraqlıdır ki, hər iki halda ad uğurlu çıxıb. Oğlumun adını Süvarı qoyanda hamı məndən soruşurdu ki, bu nə addır seçmisən? Ancaq az keçmədi bu adı hamı sevdi. “Qafqazinfo”nu yaradanda da uzun-uzadı fikirləşdim, axırda bu adın üstündə dayandım. Məlumdur ki, adın mahiyyətə dəxli yoxdur, ancaq onun önəmi də az deyil. Mənə elə gəlir ki, fəaliyyətə başladığımız üç-dörd ay ərzində saytın adını az da olsa qəbul elətdirə bilmişik. Allah məsləhət bilsə, hələ davam eləyəcəyik. Bu saytla bağlı istəklərimiz var. Görək necə olur.
- Saytın kollektivini necə formalaşdırmısınız, işçi qüvvəniz, maliyyə imkanlarınız çatırmı gündəlik xəbər saytını saxlamağa?
- Uşaqların bir hissəsi ilk xəbərlərini burada yazıblar. Mən onlara çox ümid edirəm. Kollektivdə təcrübəli jurnalistlər, əməkdaşlıq etdyimiz müəlliflər, köşə yazarlarımız da var. Ancaq əsas işimizdən birini də gənc jurnalistlərin yetişdirilməsini sayıram. Mən özüm yaxşı sayıla biləcək məktəb keçmişəm. Qulu Ağsəsdən sözlə, Nurşən Quliyevdən xəbərlə oynamağı öyrənmişəm. Vaxtımın bir hissəsini kollektivimizdəki gənc jurnalistlərə həsr edirəm. İstəyirəm ki, onar yaxşı jurnalist kimi yetişsinlər. İndi istedadlı bir jurnalist tapmaq lotereyada “Jeep” udmaq kimi bir şeydir.
Bu yaxınlarda “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə söhbət edəndə maraqlı bir söz dedi mənə. Təzə jurnalistlərin zəifliyindən danışırdıq. Mənə dedi ki, indi gərək on jurnalist işə götürəsən ki, onların içindən biri sənin istədiyin kimi çıxa. Bu fikirlə razıyam. Gərək əlindəki gövhərin qiymətini biləsən, onu ucuz xərcləməyəsən...
- Azərbaycanın, belə demək mümkündürsə, sayt bazarındakı durumu necə dəyərləndirirsiniz?
- Azərbaycanda bütün bazarlarda durumun süni olduğunu düşünürəm, eləcə də bizim bazarda. Düşünürəm ki, Azərbaycanda media yeni bir mərhələyə keçib. Bu gün artıq saytlar qəzetləri arxada qoyub. Məncə, bu qəzetlər tezliklə kağızları korlamağı dayandırıb, elektron versiyalarını yaratmalı və işləməlidirlər.
- Hansı saytları özünüzə rəqib görürsünüz?
- Bu min cür cavab verilə biləcək sualdır. Azərbaycanda, təbii ki, bizdən öndə olan saytlar, portallar var. Biz cəmi üç aydır işləyirik. Və bu müddətdə sürətlə irəliləyirik. Bu şəkildə davam etsək, tezliklə lider saytlardan biri olcağıq. Mən hiss edirəm ki, “Qafqazinfo” başqa saytlardan oxucu oğurluğu ilə məşğuldur. Bu mənə ləzzət eləyir. Rəqibə gəlincə, mən daha çox özümə rəqib jurnalistlər görürəm. Bunların adlarını da açıqlaya bilərəm. Mənə reportyor və müsahibə ala bilən jurnalist kimi çox az rəqib tapmaq olar. Şişirtmirəm, inanmayan olsa, tapıb müsahibə aldığım adamlardan soruşa bilərlər.
- Reklamınız varmı?
- Hərdən olur, hərdən yox. Amma güman edirəm ki, biz daha çox reklamı yeni ildən almağa balayacağıq. Məncə, sayt populyar olsa, reklam öz ayağı ilə gələcək. Mən onun-bunun tapşırığı ilə, hədə-qorxuyla reklam qazanmaq fikrində deyiləm. Mənim bir devizim var: “Sən başını aşağı sal, işini gör, hamı səni görəcək”. Hamının məni gördüyünün fərqindəyəm.
- Hansısa təzyiqlərlə üzləşmisinizmi?
- Burada, “Qafqazinfo”da yalnız bir yerdə “qırmızı işıq” var. Bu işıq təhiqir olduğu zaman yanır. Bu gün mən böyük fəxrlə, məhəbbətlə İsa Qəmbəri, Əli Kərimlini, İlham Əliyevi, Əli Həsənovu və qüvvələrin başqa siyasi təmsilçilərini, ayrı-ayrı düşüncə, əqidə sahiblərini yan-yana verə bilirəm. Və buna görə də mənə “gözün üstə qaşın var” deyən yoxdur. Hərdən mənə elə gəlir ki, heç kimin azadlığına toxunmurlar, hər kəs öz azadlığının sərhədini özü müəyyənləşdirir. İndi sabah ola bilər ki, hansısa problem, təzyiq meydana çıxsın. Ancaq hələlik öz başımla, necə deyərlər, özbaşına işləyirəm və bundan hədsiz zövq alıram...
Bəzən saytda hansısa yazıda kiminsə ünvanına səslənən ifadələr, oxucu şərhləri etirazla qarşılanır. Müəlliflər, ya da yazıda adı çəkilənlər zəng edib deyirlər ki, məsələn, o şərhi çıxart. Belələrinə məsləhət görürəm ki, açıb mənim yazılarımın altındakı şərhləri oxusunlar. Mən bu düşüncədəyəm ki, yazılan xəbər dədəmin haqqında da olsa, informasiyadırsa vermək lazımdır. Xəbəri heç kimə vermək olmaz. Bəlkə mən səhv yoldayam, amma belə düşünürəm.
Sizə maraqlı təzə bir fakt deyim. Saytda Etibar Cəbrayıloğlunun köşəsi getmişdi. Orada mənim yaxın bir dostum olan teleaparıcıdan bəhs olunurdu. Oxucular da sərt şərhlər yazmışdılar. Hamısını verdim. Nəticəsi də bu oldu ki, o adam daha mənim dostum deyil. İki günün içində itirdim onu, belə demək mümkünsə, dostumu xəbərə qurban verdim. Belə qurbanların sayı yəqin ki, hələ çox olacaq...
"Media forum"
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri