Ekspert: “Elektron məhkəmə” sistemində nə baş verib?

13-03-2025 / 18:03
"Ədliyyə Nazirliyinin ən faydalı rəqəmsal həllərindən biri də “Elektron məhkəmə” resursu hesab olunurdu.
 
Ona görə keçmiş zamanda qeyd edirəm ki, artıq Ədliyyə Nazirliyi bu resursun sahibi deyil".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, Prezidentin 20 may 2024-cü il tarixli Fərmanı ilə “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqları Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına ötürülüb:
 
"Zamanında həm Nazirlik tərəfindən, həm Dünya Bankı və digər qurumlar tərəfindən bu resursa böyük invesitisiyalar yatırılıb.
 
Dünya Bankının Elektron Məhkəmə layihəsi başa çatandan sonra da Nazirlik bu resursu batmağa qoymayıb və daha da təkmilləşdirmişdi. Ciddi inteqrasiyalar aparılıb bu resursda.
 
Əvvəllər biz də bu resurs haqqında, onun təkmilləşdirilməsi ilə bağlı bir xeyli təkliflər vermişdik, onların çox hissəsi də reallaşmışdı.
 
Maraqlı tərəflər üçün bu resurs mühüm əhəmiyyət kəsb edir. Bu resursda yetərincə ictimai-faydalı məlumatlar tapmaq olardı.
 
Dövlət nəzarətinin, ictimai nəzarətin təşkili, şəffaflıq baxımından resurs mühüm əhəmiyyət kəsb edir".
 
Osman Gündüzün sözlərinə görə, son günlər açıqlanan məlumatlardan görsənir ki, sahiblik hüququ dəyişəndən sonra situasiya da pisliyə doğru dəyişib:
 
"Bir neçə gün öncə media nümayəndələrinin “Elektron məhkəmə” sistemində tətbiq edilən məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciəti yayılıb.
 
Müraciətdə bu resursda ictimai əhəmiyyət kəsb edən məlumatların yığışdırıldığı və əlçatanlığın məhdudlaşdırıldığı, məhkəmə işləri üzrə tərəflərin adlarının əks olunmadığı, hakimlər haqqında məlumatların əlçatan olmadığı və s. vurğulanıb.
 
Ümumiyyətlə müşahidə olunur ki, Prezidentin yuxarıda adı çəkilən Fərmanından sonra bu resursdan istifadə ilə bağlı mənfi rəylər xeyli artıb".
 
Ekspert düşünür ki, bütün bunlar doğru yanaşma deyil:
 
"Ədliyyə Nazirliyinin balansından çıxarılan anda, qanunvericilikdə heç bir məhdudlaşdırıcı addımların olmadığı bir halda bu dövlət resursundan ictimai-faydalı məlumatların yığışdırılması, əlçatanlıqla bağlı problemlərin yaranması anlaşılmazdır.
 
Bir yandan hökumət elektron iştirakçılıqla bağlı, rəqəmsal transformasiya ilə bağlı vəziyyəti daha da yaxşılaşdırmağa diqqət yetirir. Xatırlayıram ki, rəqəmsal hökumət quruculuğunda irəliləyiş olsa da, e-iştirakçılıqla bağlı beynəlxalq reytinqlərdə vəziyyətimiz xoşagələn deyil.
 
İndi də böyük əziyyətlə, xeyli investisiya yatırmaqla formalaşan yetərincə faydalı olan dövlət resursdan maraqlı tərəflərin istifadəsində problemlər yaranır.
 
Bu vəziyyət jurnalistlərin, vətəndaşların və maraqlı tərəflərin elektron məhkəmə sistemindən səmərəli istifadə etməsinə çətinliklər yaradır".
 
Osman Gündüz bildirib ki, resursdan görünür ki, Məhkəmə Hüquq Şurası əvvəllər mövcud olan mobil məhkəmənin də yeni versiyasını hazırlayır. Əlbəttə, bu çox faydalı bir addım olardı:
 
"Ümid edirəm Məhkəmə Hüquq Şurası və Ali Məhkəmə elektron məhkəmə sistemindən maraqlı tərəflərin daha səmərəli və effektiv istifadəsi üçün imkanları genişləndirəcək".
 
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə