Nə üçün Prezident Administrasiyasının rəsmiləri İNMerge sammitinə qatılmırlar?
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspert bildirib ki, tərslikdən hər il İNMerge sammitindən öncə elə İNNOVASİYA sahəsində bütün ölkələrdəki vəziyyəti xarakterizə edən “Qlobal İnnovasiya İndeksi” də açıqlanır. Bu il də İNMerge2025-dən bir həftə öncə “Qlobal İnnovasiya İndeksi2025” açıqlandı:
"Yenə də eyni vəziyyətdir, 139 ölkə arasında 94-cü yerdə qərarlaşan Azərbaycanın yanında elə ölkələr sıralanıb ki, adları heç kimə məlum deyil.
Əslində elə bu Hesabat olmasa da reallığın nə yerdə olması da ekosistemdə olanlara sirr deyil. Müəyyən nəticələr olsa da, nəticələrimiz potensial imkanlarımızdan çox uzaqdır. Həm də qonşuların sürətlə irəli getməsi də diqqətdən yayınmır.
5 ildir milyonlarla xərc çəkilib İNMerge keçirilir. Əlbəttə bu formatda tədbirlər keçirmək çətindir. Böyük əmək tələb edir. Əziyyətlə başa gəlir. Maraqlı qonaqlar maraqlı fikirlər səsləndirirlər. Amma aşağıdakı cədvəldən də görünür ki, innovasiyalarda vəziyyətimiz ya yerində sayır, ya da pisliyə doğru dəyişir".
Osman Gündüz qeyd edib ki, indiki halda görəsən bizim üçün belə tədbirlərin faydası çoxdur, yoxsa ölkədə konkret cavabdeh qurumların rəhbərlərini birləşdirən bir platformada, konkret problemlərin həlli ilə bağlı müzakirələrin təşkili:
"İNMerge-də səslənən fikirlərlə real vəziyyətimiz arasındakı məsafə hədsiz çox böyüyüb.
İndiyədək görməmişəm ki, innovasiya və startap ekosistemə cavabdeh olan RİNN, İRİA, İKTA, İqtisadiyyat Nazirliyi, KOBİA, ƏQLİ MÜLKİYYƏT AGENTLİYİ, ETN, DVX, DGK və s əlaqəli qurumların rəhbərləri bir araya gəlib nə üçün bu vəziyyətdə olmağımızı müzakirə etsinlər".
Ekspert bildirib ki, ayrı-ayrılıqda hər bir qurumda bu tip müzakirələr yetərincədir. Amma hələ də bu formatda, müzakirələri müntəzəm davam edən, ilin sonunda məhz bu tip qurumların rəhbərləri ilə daxili problemlərin həllinə yönəlik sammit, ya müzakirə təşkil olunan bir platforma yaradılmayıb:
"Əvəzində isə qlobala yönəlik sammit keçiririk. Lokal problemlərlə qlobal trendlər arasındakı məsafə isə ildən ilə daha da artır.
Ekosistem iştirakçılarımız da daha münbit şərait olan Özbəkistana, daha böyük investisiyalara əlçatanlıq olan Qazaxıstana və Dubaya üz tuturlar.
Odur ki, bir daha vurğulamaq istərdim ki, indiki halda bizə ekosistemə cavabdeh olan BÜTÜN QURUMLARIN rəhbər şəxslərini bir yerə toplayan platforma yaratmaqla MÖVCUD vəziyyətdən çıxış yollarını axtarmaq daha doğru və məntiqli olardı.
Baxıram ki, Prezident Administrasiyasının sektora cavabdeh olan rəsmiləri bu il də bu Sammitə qatılmayıblar.
Xatırlayıram ki, ötən il də innovasiya sammitinə deyil, gömrük sammitinə qatılmağa üstünlük vermişdilər.
Güman ki, 5 il keçirilən İNMerge sammiti ilə, “Qlobal İnnovasiya İndeksi”-nin Azərbaycanla bağlı 5 illik nəticələrini müqayisə ediblər və iştirakdan imtina ediblər. 139 ölkə arasında Azərbaycanda innovasiya sahəsində 5 illik tendensiyanı əks etdirən aşağıdakı cədvələ əsasən düşünmək olar ki, Prezident Administrasiyası rəsmilərinin qərarları məntiqlidir".