“Gündəmdə olan mövzu sosial şəbəkələrdə necə müzakirə olunmalıdır?”

27-02-2015 / 11:00

Sevgilisindən ayrılıb dərd çəkənlərin, iş yerində əziyyət çəkənlərin, etdiyi hər hansı bir əməldən xəcalət çəkənlərin, bahalaşdığı üçün siqaret çəkə bilməyənlərin ilk üz tutduğu ünvan sosial şəbəkələr olur.
Çox vaxt gündəmdə olan mövzulara münasibət 2 cür olur: günlərlə müzakirə edənlər və müzakirə edənləri günlərlə qınaq obyekti edənlər. Dərdimizi, xoş günümüzü birgə bölüşdüyümüz bu məkanda ağlamaq və gülmək bəlkə də daha asan görünür. Kimlərinsə sevmədiyi paylaşımlarınız, bəlkə kimlərinsə tam ürəyindən xəbər verir.
Bütün bu və bu kimi bəlkələrin cavablarını elə Xəbərlər.az – ın “Mənim 100-lüyüm” layihəsinin növbəti  mövzusu ətrafında apardığımız müzakirələrdən almaq istədik. 

61 nəfərin iştirak etdiyi sorğunun nəticələrini seçdiyimiz 10 şərhlə sizə təqdim edirik:

Soruşduq: "Sosial şəbəkələrdə gündəmdə olan müzakirələr necə aparılsa daha doğru olar?

28 nəfər qeyd etdi ki, müəyyən dərəcədə müzakirə olunmalıdır, ifrata varmaq olmaz.

15 nəfərin fikrincə, geniş müzakirə olunmalıdır, beləliklə ictimai fikrə təsir etmək olar.

9 nəfər isə, öz hesabımdır, özüm bilərəm, istədiyim qədər yazıb pozaram deyir.

6 nəfər yazdı ki, online mühitlə bir şey olmur, realda sözünü deyə bilsinlər.

2 nəfərə görə, müzakirələr üçün xüsusi guşələr ayrılmalıdır.

1 nəfər isə bununla maraqlanmadığını deyir.

 

Orxan Əzim: Ümumiyyətlə, mövzu müzakirə edəndə və yaxud tənqid edəndə çıxış yollarını da qeyd etmək lazımdır. Bizdə aktual olan mövzunu qabardırlar hərə öz sözünü deyir heç kəs də çıxış yolu demir, axtarmır. Eləcə asıb kəsirlər. Arada sözləri düz gəlmir "eqo" ları vurur kəlləçarxa dava edirlər. Amma bəzən də müzakirələrin xeyiri olur. 

P.S. Heç mən də tənqidimdən sonra çıxış yolu yazmadım.

Turanə Hüseynli: Sadəcə burda yekə-yekə fikirlər irəli sürüb, müzakirələr aparıb, onu-bunu qınayıb, hər şeyə mız qoyub, realda isə heç bir işlə məşğul olmayan və işi sadəcə bu tip virtual məsələlərdə öz fikirlərini nümayiş etdirən insanların çox olduğunu göz önündə tutaraq, yalnızca burda deyil, realda da bu müzakirələrin müəyyən ictimai insanlarla aparılmasının terəfdarıyam. Çünki virtualda hamı ağıllıdır, hamı hər şeyi bilir, başı çıxdığı bir yana, çıxmadığı sahələrdə də fikir irəli sürməyi və bu fikri mənə, sənə, bizə yedirtməyi nəsə özünə borc bilir. İctimai şəxslər isə əksinə olaraq susur. Balansı qorumaq şərtilə müzakirələr aparılsa daha yaxşı olar deyə düşünürəm.

Fidan Həsənzadə: Məncə, xüsusi qruplarda olmalıdır. Kimin xoşu gəlməsə qrupu tərk edər.

Gülnarə Məmmədova: Hər kəsin öz maraq dairəsi var. Onsuz da geniş müzakirələrə səbəb olan mövzular, yaxud yazılan statuslar çoxluğun ortaq maraqlarına tuş gəlib ki, gündəmi məşğul edir. Təbii ki, inanıram, "palaza bürün, ellə sürün" prinsipi ilə qonşudan geri qalmamaq üçün bu sıraya qoşulanlar da olur. Ancaq mən öz profilimdir, mənə maraqlı mövzuları yazaram düşüncəsindəyəm. Yazılan, paylaşılan mövzuların da, ətrafımın oxuyacağını düşünərək edirəm. Onsuz da ətrafına hörmət qoymayan, yazı üslubuna diqqət etməyən birilərinin mənim dostluğumda olmasındansa, olmaması daha yaxşıdır. Mütləq ki, onların da öz çevrələri, öz oxuyucuları vardır.

Səma Qabulova: Məncə müzakirələr az və daha samballı olsa yaxşı olar. Məsələn, hər hansı mövzunu 2 gün amma elə müzakirə etmək və ya müzakirəni elə bir həddə çatdırmaq olar ki, artıq 3-cü günə ehtiyac qalmaz. Bir şey haqda çox danışılması onun sonralar adiləşmədinə və insanlar tərəfindən asanlıqla qəbul edilməsinə gətirib çıxardır. Bir də fikrimcə hər kəs hər mövzu haqqında rəy bildirmək məcburiyyətində hiss etməməlidir özünü. Ya da fərqli görünəcəm deyib əks hücuma keçməməlidir. Müzakirələr "məncə" və "fikrimcə" sözləri ilə başlayıb hörmətlə bitsə daha xoş olar.

Aysel Əkbərzadə: Müəyyən dərəcədə müzakirə olunmalıdır, amma həlli realda davam etməlidir. Event'lərlə bu müəyyən qədər gerçəkləşir. Sosial şəbəkədə dəstək vermək və ya tənqid etmək halvadır. Özgecanın hadisəsi ilə bağlı facebbookla event yaradıb, orada kifayət qədər dəstək alıb, amma realda üsyanını tək edən və göz yaşlarında boğulan qız yadıma düşdü. Hər hansı həssas xəbərlərin şərhlərində belə söyüşün biri bir qəpikdən olur. müzakirə qalır kənarda. Fikrimcə, sosial şəbəkələrdə emosiyalar çox şişirdilir. Cem Yılmaz demiş : "-isyanın neye? -keke" 

Faiq Tahirov: Kefləri istəyirsə, müzakirə eləsinlər, ciddi-ciddi analizlər-filan yazsınlar. Belə çoxlu abzaslı, nə bilim, "?!" işarəli və s. Amma açığı olduqca mənasız görünməyə başlayır. Belə məsləhət kimi görünməsin, məncə, yaxşı yumor hissi olanlar, gündəmə ironik, yumoristik yanaşa bilənlər, ya da daha kəskin ifadə ilə desəm, gündəmdəki hadisələrlə məzələnə bilənlər yazsalar, daha yaxşıdır. Ümumiyyətlə, bu sosial şəbəkələri-filan çox ciddiyə almaq lazım deyil, qaldı ki, çıxıb hansısa hadisə barədə müzakirə açasan, arqument gətirəsən, boy boylayıb, soy soylayasan.

Ruslan Əsəd:  Müzakirə və debatlar üçün TV məkanı, universitetlər, media, meydanlar, ictimai sahələr, vətəndaş cəmiyyəti məkanları və s...bağlı olduğundan yük düşüb sosial medianın üzərinə. Sosial mediada "öz hesabımdır, özüm bilərəm" yanaşması qoymaq çətindir. Bu əksər hallarda kimisə bloka qoyanda, söyüş söyəndə, ağzına gələni yazanda istifadəçi qınaqla üzləşdiyindən özünü müdafiə məqsədi ilə istifadə etdiyi ifadədir. Mənim inandığım budur ki, bu yeni media vasitələrini sosial edən elə "mənim hesabımdır, özüm bilərəm" - in tam mümkün olmamasıdır. Sən bu məkanda kiminləsə ünsiyyətdəsən. Yəni sən bir şəkildə sosialsan.

Elvin Cəbizadə: Ümumiyyətlə, sosial şəbəkələrdə "nə necə olmalıdır?" sualı absurddur. 
Effektivliyi artırmaq üçün isə geniş müzakirə yaxşı olar. Amma bu da mövzudan, fikirdən, müzakirə edənlərdən, trenddən asılıdır. Yenə əvvəlki fikrimə qayıdıram ki, sosial şəbəkələrdə maksimum şəkildə "olmaz", "olar" yığışdırılmalıdır. Hər kəs istədiyini və elə istədiyi qədər də danışsın, başqası da ona cavab versin.

Oral Mədənçi: Məncə, mütləq geniş müzakirə olunmalıdır. Artıq sosial şəbəkələr həm də sosial media rolunu oynayır. Amma bu müzakirələr sivil qaydada aparılmalıdır. Müzakirələr zamanı insanların şərəf və ləyaqətini alçaldan söz və cümələlərdən qaçmaq lazımdır. Bəzən bu müzakirələr sayəsində cəmiyyətdəki hansısa neqativ hala, çatışmazlığa diqqət çəkmək olur, həmin məsələ ətrafında ictimai rəy formalaşır.

Layihədə məqsədimiz mövzulara müxtəlif prizmalardan baxıb ortaq bir nəticə çıxarmaq olduğunu hər zaman qeyd edirik. Bu dəfə də baxışlar tam fərqli oldu. Hər kəs öz seçdiyi variantı tutarlı arqumentləri ilə müdafiə etdi. Ancaq cavablar nə qədər fərqli olsa da, ümumi bir fikir var: Qədəri, incə cizgini bilmək. Çox zaman müzakirələrə qapalı, mikrofondan çəkinən bir cəmiyyətin fərdləri olaraq fikir irəli sürmək, müzakirələrdə aktiv olmaq, ən əsası öz fikir, düşüncə sahibi olmaq çox gözəldir. Ancaq bu dəfə də ifrata varıb etdiyimizi də korlaya bilərik. Geniş müzakirələrin dünyanın bir çox yerində müəyyən problemlərə həll yolu tapdığını, elə bizim özümüzdə keçən ayın gündəm mövzusu olan Lamiyə məsələsində şahidi olduq. Jurnalist İsmi Şəhzadə, məsələni ilk olaraq işlədiyi saytda yazdıqlarını, tez bir zamanda sosial şəbəkələrdə, ənənəvi və internet mediasında gündəmdə qaldığını, geniş müzakirələrə səbəb olduğunu deyir. Son olaraq Lamiyənin azadlığa çıxması günahsız bir körpəyə ərməğan oldu.

Ümid edirik ki, gündəmdə olan mövzuların sosial şəbəkələrdə müzakirəsi, mənfi halların qınaq obyektinə çevrilməsi bundan sonra hələ çox problemlərə həll yolu tapacaq. 

     Günel Hacı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə