İKTA və “Aztelekom” MMC arasında birgə işçi görüş olub

30-09-2023 / 15:29

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyinin iştirakı ilə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nümayəndələri arasında birgə işçi görüş keçirilib.

Xeberler.az məlumat verir ki, işçi görüşdə “Aztelekom” MMC tərəfindən ölkə ərazisində göstərilən internet xidmətinin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar, telekommunikasiya infrastrukturundan birgə istifadənin sadələşdirilməsi, operatorun ona məxsus infrastrukturun (kabel-kanal qurğularının, rabitə dirəklərinin və s.) internet provayderlər ilə paylaşılması və infrastrukturun əlverişli, münasib qiymətlərlə provayderlərə icarəyə verilməsi, dövlət-özəl sektor tərəfdaşlığının (PPP modeli) inkişaf etdirilməsi, eləcə də ölkədə kabelləşməyən yaşayış məntəqələrinin genişzolaqlı internet xidməti ilə əhatə olunması üzrə aparılan işlərin dəqiqləşdirilməsi kimi məsələlər geniş müzakirə olunub. Bundan başqa, passiv şəbəkədən birgə istifadə üçün e-müraciət sisteminin hazırlanması və İKTA ilə əlaqələndirilməsi barədə provayderlərdən daxil olmuş təkliflə bağlı müzakirə aparılıb.

Görüş zamanı “Online Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilən işlərin statusu barədə Tənzimləyici qurumun mütəmadi məlumatlandırılmasının, qanunvericiliyə uyğun olaraq nəzarətin həyata keçirilməsi məqsədilə tikinti və quraşdırma işlərinin keyfiyyət və layihə tələblərinə, tikinti norma və standartlarına uyğun həyata keçirilməsinə diqqətin artırılmasının önəmli olması vurğulanıb.

Eyni zamanda, yeni tikinti işləri ilə yanaşı uzun illər istismar olunan telekommunikasiya qurğularının texniki normaya gətirilməsi, planlı profilaktik tədbirlərin həyata keçirilməsi, fiziki infrastrukturun, şəbəkənin dayanıqlığının, eləcə də baş verə biləcək fövqəladə, böhran və digər hallarda proseslərin davamlılığının təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinin vacibliyi “Aztelekom” MMC-nin nümayəndələrinin diqqətinə çatdırılıb.

Xidmət keyfiyyətinə dair göstəricilərin və maliyyə hesabatlarının təqdim edilməsində rast gəlinən çətinliklər, internet provayderlər və istehlakçılardan daxil olan şikayətlərin “Aztelekom” MMC tərəfindən araşdırılması və nəticələri barədə İKTA-ya məlumat verilməsi, habelə internet xidməti göstərən provayderlərdən daxil olmuş şikayətlərin aradan qaldırılması məqsədilə arzuolunan nəticələrin əldə edilməsinin zəruriliyi “Aztelekom” MMC-nin nümayəndələrinə bildirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə