Azərbaycanda internet provayderlərinin yaradılması və vətəndaşlara xidmət göstərilməsi ilə bağlı xüsusi şərtlər olmadığı üçün bir sıra şirkətlər bundan sui-istifadə edir.
Bunu açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin internet xidməti göstərən provayderləri, o cümlədən host provayderlərini uçota alınmasına başlamasını şərh edərkən bildirib.
Onun fikrincə, bu, bazarda rəqabətli mühit yaradacaq: “Hazırda provayder bazarında qarışıqlıq var. İstənilən şirkət “Backbone” provayderindən trafik əldə edərək xidmət göstərir. Bunun üçün lisenziya tələbi yaxud xüsusi şərtlər yoxdur. Nəticədə provayderlər özləri barədə məlumat vermədən, saytını yaratmadan müəyyən ərazidə xidmət göstərirlər. Belə hallar daha çox yeni binalarda baş verir. Provayderlər MTK-larla işbirliyinə gedir, adambaşına 1 manat verərək binanın yeganə internet təchizatçısı olur. Digər provayderlər haqqında isə vətəndaşlar ümumiyyətlə məlumatsız olur.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin uçot tədbirləri provayderlərə əlçatanlıq yaradacaq. Şəffaf mühitin olması istifadəçilər üçün çox vacibdir. Bu, həm də ictimai nəzarət imkanı yaradır, rəqabətə yol açır. Nəticədə həm internetin keyfiyyəti artacaq, həm də vətəndaşların seçim imkanı yaranacaq. Onlar istədikləri provayderi seçə biləcəklər”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov da düşünür ki, hazırda ölkəmizdə internet təchizatı ilə bağlı xaotik vəziyyət hökm sürür: “Bu vaxta qədər Azərbaycanda hansısa hüquqi yaxud fiziki şəxsin provayder kimi fəaliyyətə başlaması üçün heç bir icazəyə ehtiyac yox idi. Yəni o, özünü provayder elan edib özünə magistral provayderlərdən kanal alıb, bağlantılar kirayələyə bilirdi və fəaliyyətə başlayırdı. Amma onun göstərdiyi xidmətin keyfiyyətini araşdırmaq mümkün olmurdu. Həmçinin provayderlərin və istifadəçinin hüquq və vəzifələrini müəyyən edən heç bir sənəd olmayıb. Bu isə tərəflərin bir-biri qarşısında məsuliyyətinin olmamasına imkan yaradır.
Bildiyiniz kimi internetdə ən əsas göstəricilərindən biri kanalın sürətidir. Bir çox hallarda müqavilələrdə sürəti 10 MB/S yaxud 20 MB/S yazırlar, amma faktiki yoxlayanda orada heç 2 MB/S belə olmur. Xüsusən də pik saatlarda kanallarda sıxlaşdırma nəticəsində sürət kəskin aşağı düşür. Nəzərə almaq lazımdır ki, dövlətimiz rəqəmsallaşmaya gedir və sürətli internet dövlət və özəl qurumların göstərdiyi elektron xidmətləri əlçatan edir. Digər tərəfdən son illər kiberhücumlar artıb. Nəticədə pozuculuq fəaliyyəti göstərənlər hüquqi və fiziki şəxslərə maddi və mənəvi ziyan vurur, onların ictimai nüfuzuna xələl gətirir”.
Q.Qurbanov Nazirliyin İctimai Şurasına və rəhbərlik etdiyi təşkilata internetin keyfiyyəti ilə bağlı bir çox müraciətlərin daxil olduğunu və bu baxımdan da tənzimlənmənin vacibliyini qeyd edib: “Bütün bunları nəzərə alaraq ölkəmizdə telekommunikasiya və internet bazarının fəaliyyətinin tənzimlənməsinə ehtiyac olduğunu demək olar. Bazarda qayda-qanunun olması çox vacibdir. Operator və provayderlərin, o cümlədən host provayderlərinin uçota alınmasına həmçinin ölkədə olan internet təchizatçılarının sayını, fəaliyyət arealını öyrənməyə imkan verəcək. Nəticədə isə müştərinin provayder seçmək imkanı yaranacaq. Yəni vətəndaş bir provayderdən narazı olsa digərini seçə biləcək. Burada ən əsas məsələ ondan ibarətdir ki, internet təchizatı və ondan istifadə ilə bağlı ayrı qaydalar olmalıdır. Məndə olan məlumata görə, aidiyyəti strukturlar bu qaydaları hazırlayır.
Hazırda internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin, o cümlədən host provayderlərin fəaliyyəti “Telekommunikasiya haqqında” qanunla tənzimlənir ki, həmin qanun da 2006-cı ildə qəbul edilib. Hazırda bu qanunun yenidən işlənərək qəbul edilməsinə ciddi ehtiyac var. Digər məsələni də nəzərə almaq lazımdır ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi bir müddət əvvəl yaranmasına baxmayaraq onun tənzimlənməni həyata keçirmək üçün əlində dövlət tərəfindən qəbul edilmiş müvafiq qanun və qaydalar yoxdur. Bu isə həmin agentliyin fəaliyyətini yubadır”.
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov isə internetin artıq əlavə xidmət sahəsi deyil, vacib kommunal sahələr sırasına daxil olduğu qənaətindədir: “Uçota başlama onu göstərir ki, internet artıq kommunal sahələrdən biri olur. Dünya Bankının Azərbaycanda həyata keçirdiyi sonuncu tvinninq layihəsi çərçivəsində də bildirildi ki, artıq dünyada internetə zəruri olan kommunal predmet kimi baxırlar. Qlobal iqtisadi zəncirin tərkib hissəsi olan Azərbaycan da bu istiqamətdə addımlar atır. Yəni əgər internet vacib faktordursa onun təchizat və istifadə qaydaları, şərtləri olmalıdır. Əslində Azərbaycan dövləti bu işlərə əvvəldən başlayıb. 2025-ci ilə qədər ölkədə 100%-lik minimum 25 MB/S sürətli internetin olması planları açıqlanıb və layihənin icrası istiqamətində sürətli addımlar atılmaqdadır. Son göstəricilər uğurlu nəticədən xəbər verir. Uçotun aparılması isə göstəriləcək internet və telekommunikasiya xidmətlərinin keyfiyyətini artıracaq. Standartlaşmanın olması üçün reyestrin olması mütləqdir".
"Bəzən vətəndaşlar internetin sürəti və yaxud keyfiyyəti ilə bağlı şikayətlənir, amma müraciət etməyə yer tapmır. Hesab edirəm ki, uçotun aparılması lazımi suala cavab tapmağa imkan verəcək. Uçot təkcə internetin keyfiyyətinin yüksəlməsinə deyil, provayderlərin istifadə etdikləri avadanlıq və texnologiyalardan, onların əməkdaşlarının peşəkarlıq səviyyəsindən xəbərdar olmağa imkan verəcək, peşəkar kadrların isə daha rəqabətli mühitdə çalışmasına imkan yaradacaq. Hesab edirəm ki, gələcəkdə internet təchizatı daha strateji olsa o zaman lisenziyalaşmaya getmək olar. Amma hazırkı mərhələdə dövlətimizin bu sahədəki düşüncəsi belədir ki, internet azad olmalıdır. Azadlıq isə nəzarətsizlik demək deyil. Buna görə də, uçotun aparılması ilə nəzarət mexanizminin tətbiqinə başlanılması uğurlu addımdır”, - deyə ekspert fikrini tamamlayıb.
Məsələ ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə yeni meneceri Günel Əhmədova isə "Report"a bildirib ki, hazırda uçota alınma prosesi davam edir: "Məqsəd ölkədə internet telekommunikasiya xidmətləri göstərən subyektlər barədə lazımi məlumatların toplanması, ümumiləşdirilməsi, həmçinin tənzimlənən sahədə vəziyyətin öyrənilməsi və istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsidir".
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri