“Kofe.al yaradıcı şəxslər üçün innovativ dəstək həlli təqdim edir”-Müsahibə

05-09-2023 / 14:12

Azərbaycanda yaradıcı işlərlə məşğul olan şəxslər üçün yeni yaradılan Kofe.al layihəsi sosial mediada və ictimaiyyətdə marağa səbəb olur.

Kofe. al layihəsi yradıcı şəxslərin rəqəmsal və fiziki məhsullarının satışına imkan yaradan Azərbaycan bazarı üçün yeni platformadır.

Xeberler.az olaraq yeni təşəbbüslə bağlı layihə rəhbəri Orxan Əhmədovla ətraflı söhbət etdik.

Müsahibəni təqdim edirik:

-Orxan bəy, layihə bazarda hansı tələbat və ehtiyacları ödəmək üçün yaradıldı?

-Kofe.al layihəsinin əsas məqsədi “digital creator” adlandırdığımız, faydalı kontent yaradan şəxslər üçün öz kontentlərinə əlavə dəyər qata bilmələrinə kömək etməkdir. Faydalı kontent yaradıcıları dedikdə rəssam, yazıçı, video- bloqer, podkast aparıcısı, proqramist, dizayner, hüquqşünas, fotoqraf, influencer, jurnalist, musiqiçi, bir sözlə onlayn və offlayn mühitdə yaradıcılıq ilə məşğul olan və cəmiyyətə təsir edən hər kəsi nəzərdə tuturuq. 

Kofe.al xaricdə mövcud olan analoqları nəzərə alaraq Azərbaycan bazarı üçün yaradılıb. Layihənin əsas məqsədi yalnız bəxşiş toplmaq deyil, ümumiyyətlə öz işlərini satmaq, abunəlik sistemi qurmaq və ideyalarını kraudfandinq köməyi ilə reallaşdırmaq istəyən şəxslərin üçün həll verməkdir. Azərbaycan e-ticarət bazarında satış üçün iki növ platforma mövcuddur; tap.az kimi elan saytları və Umico kimi marketplace-lər. Ancaq bu platformalar yaradıcı şəxslərin rəqəmsal və fiziki məhsullarının satışı üçün uyğun olmadığından, bu şəxslər xarici platformalara üz tutmaq məcburiyyətində qalır. Biz bazardakı bu problemi həll etmək üçün belə bir platforma yaratdıq. Kofe.al yaradıcı şəxslərin öz işlərini həm yerli, həm də qlobal bazarda satışını həyata keçirilməsi üçün həll verir. 

-Layihənin önəmi və işləmə mexanizmini sizdən də dinləyək. Layihəyə maraq necədir? Ən çox hansı sahədən qeydiyyat var?

-Bütün dünyada olduğu kimi Azərbaycanda da faydalı kontent yaradıcılarının sayı artır və hər gün Youtube-da yeni podkast kanalları, İnstagram və TikTok-da video, səyahət və müxtəlif mövzulardan bəhs edən yeni bloqerlərin şahidi oluruq. Layihə yalnız sosial mediyada əyləncə və faydalı kontent yaradıcıları üçün nəzərdə tutulmayıb. Hazırda platformada ən çox qeydiyyatdan keçmiş şəxs proqram təminatı yaradıcılarıdır. Proqramçılar tez-tez müxtəlif forum və qruplarda öz köməkərini edir, məlumat paylaşır, faydalı olmağa çalışırlar. Bir çox hallarda onlar öz rəqəmsal məhsullarını (sayt, dizayn, kiçik proqramlar və s.) xarici platformalarda satışa çıxarırlar. Biz bütün bu trend və ehtiyacları nəzərə alaraq, bütün növ faydalı kontent yaradıcıları üçün faydalı olmağa çalışırıq.

Kofe.al platforması yalnız rəqəmsal yaradıcılar üçün deyil, eyni zamanda öz işində mütəxəssis olan şəxslərin də faydalana biləcəyi platformadır. Belə ki, kofe.al-dan istifadə edərək, digər şəxslərə konsultasiya, görüşlər keçirə və bunun qarşılığında pul əvəzinə xəyali kofe ilə təşəkkür əldə edə bilər.

Hazırda kofe.al platformasında 2000-ə yaxın şəxs qeydiyyatdan keçsə də, 900-dən çox şəxs profilini aktivləşdirib, 1000+ tranzaksiya ilə, 5000-ə yaxın “kofe” alınmışdır. Bir startap olaraq bizim üçün bu əla bir nəticədir və digər funksiyalarımızın aktivləşdirilməsi ilə daha da artacağına inanırıq.

-Bazarda layihənin inkişafı ilə bağlı potensial görürsünüz? 

-Təbii ki, bəli. Qeyd etdiyim kimi, bizim layihəmiz bir sahənin insanları üçün fokuslanmayıb, çoxşaxəlidir. Biz hər kəs üçün eyni xidməti təqdim edirik, üzvlərimiz isə öz məqbul bildikləri kimi istifadə edib, faydalana bilərlər.

-Orxan bəy, bəzən yaxşı ideyamız olur, amma hesab edirik ki bu ideyanı layihəyə çevirib işləməsi üçün mütləq maliyyə lazımdır. Maliyyə olmadan işə başlamaq olmaz, Yəni, başlanğıca yatırım etməliyik. Siz bu layihəyə başlayanda öz cibinizdən investisiya etdiniz? 

-Ümumiyyətlə, bir biznes qururuqsa, buna mütləq şəkildə yatırım etmək lazımdır. Müəyyən miqdarda pul qazanmaq üçün kiçik işlər görüb, konsepti sınaqdan keçirtmək lazım olduqda, çox vəsaitə ehtiyac olmaya bilər. Ancaq, layihə böyüyüb, inkişaf etdikcə, gəlir gətirməsə belə, onun uğurlu olacağına inanırıqsa, mütləq şəkildə yatırım etmək lazımdır. Kofe.al layihəsi “500 Global” akselerasiya proqramından keçmiş BonPara şirkətimizin bir alt layihəsidir. Layihənin maliyələşdirilməsi məhz 500 Global-ın bizə etdiyi yatırım ilə aparılır. Eyni zamanda biz layihənin inkişafı üçün hazırda yatırım alınması üçün müxtəlif investorlar ilə danışıqlar aparırıq.

-Biraz da işin biznes tərəfindən danışaq. Hazırda layihədən gəlir əldə edə bilirsiniz? 

 -Kofe.al 2 ay əvvəl MVP olaraq istifadəyə verilib və ictimaiyətə açıldığı ilk gündən ödəmələr baş tutur. Ancaq, hazırda gəlir haqqında danışmaq tezdir. Bizim üçün ilk növbədə bu konseptin işləyə biləcəyini sübut etmək lazım idi, bu da özünü doğrultdu. Bizim gəlir modelimiz tranzaksiyalardan ekvayrinq və nağdlaşdırma xərcləri daxil ümumi dövriyyədən komissiya əsasında formalaşır. Bu biznes modelini bütün xidmətlərə eyni formada tətbiq etməyi planlayırıq. 

-Sizcə, yeni bir layihə ilə bazara daxil olanda əsasən nələri nəzərə almalıyıq? 

-Təbii ki, ilk olaraq müştəri portretini yaratmaq, daha sonra bazar həcmini araşdırmaq, potensial istifadəçiləri və texnoloji imkanlarını nəzərə almaq lazımdır. Qərb ölkələrində kofe.al-ın analoqları 5-10 ildən çoxdur mövcuddur, biz də layihəni hələ 2018-ci ildə etməyi istəyirdik. Ancaq, zənnimcə indi etməyimiz həm kontent yaradıcılarının artması, həm də texnoloji imkanlardan çıxaraq ən doğru zaman olduğunu deyə bilərəm. Buna görə, həm bazar araşdırması, həm də doğru zamanlama şərtdir.

 -Kofe.al üçün yaxın vaxtlarda yeni nələr düşünürsüz?


-İlkin məqsədimiz, bazardakı yaradıcı şəxsləri bir arada toplamaqdan ibarət idi və mənə elə gəlir ki, biz bunu uğurla bacarmışıq. Düzdü düşündüyümüz hər kəs kofe.al üzvü olmasa da, ilkin mərhələdə 2000-ə yaxın yaradıcı şəxs kofe.al üzvü olaraq, öz izləyicilərindən dəstək toplaya bilmişdir. Növbəti mərhələdə planlarımızda yaradıcı şəxslər üçün e-ticarət həlli, abunəlik sistemi və loyallıq proqramının yaradılmasıdır. E-ticarət platformamız yaradıcı şəxslərə istər fiziki, istər rəqəmsal malları, istərsə də öz xidmətlərini satmağa imkan verəcək. E-ticarət həllimiz ilə yerli yaradıcılar üçün Etsy, Envato, Udemy, Gumroad və buna bənzər e-ticarət platformalarını əvəzləmək istəyirik.

Abunəlik sisteminin yaradılması isə üzvlərimiz tərəfindən ən çox istənilən funksiyalardan biridir. Belə ki, hazırda bir çox podkast aparıcısı bu məqsədlə Patreon adlı xarici platformanı istifadə edir. Bu isə öz növbəsində həm patreon istifadəçisi üçün nağdlaşdırmada, həm də dəstək olmaq istəyən şəxslər üçün ödəmə zamanı əlavə 18% verginin tutulması ilə bağlı müəyyən problemlər yaradır. Kofe.al öz bu məsələni rahatlıqla həll edə bilər, həm toplanan vəsaitlər rahatlıqla nağdlaşdırıla, həm də xaricə ödəmə zamanı əlavə 18% ƏDV-nin tutulması aradan qaldırılacaq.

Loyallıq proqramımız isə həm kofe.al üzvləri, həm də onların dəstəkçiləri üçün düşünülüb. Hazırladığımız loyallıq proqramı Azərbaycan bazarı üçün bir ilk olacaq və inanırıq ki, istifadəyə verildikdə, hər kəs ondan danışacaq. Mənim startap fəaliyyətimə nəzər keçirtsək, daha çox loyallıq proqramları üzrə layihələrə (Multibon, Xərcim.az, Bon.az və s.) üstünlük verdiyim nəzərə çarpacaq. Ancaq, artıq hamının öyrəşdiyi və yorulduğu endirim, kəşbək kimi darıxdırıcı loyallıq proqramlarından qurtulmaq lazımdır. Təbii, bunlar da lazımdır, demək istədiyim odur ki, bizim yanaşmamız təmamilə fərqlidir və endirim, kəşbək kimi özəlliklər olmayacaq.

Bütün bunlara əlavə olaraq Kofe.al-ın xüsusi Podkast verilişini hazırlayırıq. Bu podkastda kofe.al platformasında qeydiyyatdan keçmiş maraqlı şəxsləri dəvət edərək, onların işləri və yaradıcılıqları haqqında danışacağıq.

Əslində planlarımız çoxdur, amma qeyd etdiklərim, hazırda üzərində aktiv işlədiyimiz və yaxın aylarda istifadəyə veriləcək layihələrdir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə