“Güney Azərbaycan Televiziyasının rəhbərliyi mənə sərbəstlik vermişdi”

27-10-2014 / 13:28

Gunaz.tv İnternet Televiziyasında “Həftə sonu” proqramı yekunlaşıb. Verilişin aparıcısı, siyasi analitik Elxan Şahinoğlu oktyabrın 27-də “Media forum” saytının suallarını cavablandırıb.

- Güney Azərbaycan Televiziyasında aparıcısı olduğunuz “Həftə sonu” proqramı yekunlaşıb. Bunun səbəbi nədir?

- Hər bir verilişin efir ömrü var. “Həftə sonu” proqramının efir ömrü 5 il çəkdi. Bu illərdə onlarla ekspert, jurnalist, siyasətçi və millət vəkili proqramın qonağı oldu, müxtəlif mövzularda müzakirələr apardıq. Onların hamısına maraqlı diskussiyalara görə minnətdaram.

Proqramın necə olduğuna isə tamaşaçılar qiymət verə bilər. Güney Azərbaycan Televiziyasının rəhbərliyi ilə aparılan məsləhətləşmələr nəticəsində qərara gəldik ki, dəyişikliyə və yeni diskussiya proqramına ehtiyac var.

“Həftə sonu” mənim televiziyada aparıcı olaraq ilk təcrübəm idi. Əlbəttə, televiziya kanalları məni müxtəlif proqramlara dəvət edir və ekspert kimi fikirlərimi bölüşürəm. 2000-ci illərin əvvəllərində Türkiyənin TRT kanalında da çalışmışam, orada gərəkli televiziya təcrübəsi toplamışdım. Ancaq proqram aparıcısı olaraq ilk təcrübəmi GünAzTV-də yaşadım. İlk verilişlərdə bir qədər həyəcan keçirsəm də, sonra alışdım.

Uzun illər mətbuatda çalışmışam, daha sonra siyasi analitikaya və şərhçiliyə keçmişəm, 9 ildir rəhbəri olduğum “Atlas” Araşdırmalar Mərkəzi fəaliyyət göstərir, iki dildə həftəlik analitik bülleten yayırıq. Bu mənim üçün daha rahat fəaliyyət növüdür. Televiziya aparıcılığında zamanla oynamaq imkanı yoxdur, bütün bilik və bacarığını toparlayıb suallarınla diskussiyanı maraqlı istiqamətə yönəltməyə çalışmalısan. Görüntünün effekti fərqlidir. Onlarla analiz yazsam, bu ancaq peşəkarların diqqətini cəlb edəcək, böyük oxucu kütləsi analizə, açıqlamaya xüsusi diqqət yetirməyəcək, ancaq televiziya kanalında siman görünən kimi böyük çoxluq buna reaksiya verəcək.

Əslində deməzdim ki, bundan xüsusi həzz alıram. Amma kimsə səni vətənində, hətta xaricdə küçədə saxlayıb GünAzTV-dəki verilişə görə tanıdığını deyirsə, əlbəttə, bundan da ruhlanmaya bilmərəm. Demək proqramı izləyirdilər.

- “Həftə sonu” proqramı canlı yayımlanmırdı. Bu səbəbdən olubmu ki, hansısa proqram efirə getməyib və ya ciddi ixtisarlara yol verilib?

- Güney Azərbaycan Televiziyasının rəhbərliyi mənə mövzu və qonaqların seçimi məsələsində sərbəstlik vermişdi. Buna görə də mən televiziya rəhbərliyinə minnətdaram. Televiziyanın rəhbəri Əhməd Obalı bu 5 ildə Çikaqodan bircə dəfə də zəng edib demədi ki, onu çağır, bunu çağırma, bu mövzunu müzakirə et, o birisinə toxunma. Bu cür idarə üslubunu heç mən də qəbul etməzdim.

Proqramdan bir gün əvvəl həm qonaqlar, həm də mövzular barədə televiziya rəhbərliyini məlumatlandırırdım. Bir verilişin xaricində heç bir proqramımız senzuraya məruz qalmadı, kobud desək, qayçılanmadı. O bir verilişdə isə proqrama dəvət olunan qonaq mövzuları kənara qoyaraq ayrı məsələlərdən danışmağa başladı, sanki efir üçün fürsət axtarırdı və mən aparıcı olaraq onu nə qədər müzakirə predmetinə qaytarmağa çalışsam da, o, hədəf seçdiyi şəxs haqqında aşağılayıcı ifadələr işlətməkdən çəkinmədi. Proqram bitdikdən sonra qonağın diqqətinə çatdırdım ki, təhqiramiz ifadələrini efirə verə bilməyəcəm. Onun çıxışını qismən ixtisar etdik. Bu 5 ildə yalnız bir dəfə belə bir hadisə qeydə alındı.

- Qonaqların seçimində sərbəst olduğunu söylədiniz. Bu seçimdə balansı necə qoruyurdunuz?

- GünAzTV spesifik kanal olduğundan proqrama hakimiyyət təmsilçilərini dəvət etmirdik. Əks halda İranda bəzi dairələr buna siyasi rəng verə bilərdilər ki, hakimiyyət mənsubları İranın siyasətini tənqid edən və güney azərbaycanlıların haqlarını qabardan kanalda efirə çıxırlar. Halbuki İranın rəsmi dövlət kanalı “Səhər” bütün günü Azərbaycanın əleyhinə verilişlər yayımlayır. Buna rəğmən hakimiyyətin siyasətini dəstəkləyən millət vəkilləri və ekspertlər hər zaman proqramımızın qonaqları olublar. Müxalifət liderləri və müstəqil ekspertlər də dəfələrlə “Həftə sonu” proqramında iştirak ediblər və rahat şəkildə tənqidi fikirlərini tamaşaçıların diqqətinə çatdırıblar.

- Yəni “Həftə sonu” proqramında Azərbaycanın daxili məsələləri də müzakirə olunub...

- Bəli. Mən 5 il ərzində proqrama belə cümlə ilə başlamışam: “Proqramımızda Güney Azərbaycan və İran, Azərbaycan, o cümlədən beynəlxalq aləmdə baş verən önəmli hadisələri analiz edirik”. Bundan çıxış edərək Azərbaycanın daxili və xarici siyasəti də diqqət mərkəzimdə olub. Mən yazılarımda və açıqlamalarımda tərəfsizəm, fikirlərimi ifadə etməkdə sərbəstəm, nə varsa onu deyir, onu yazıram. Bu baxımdan Azərbaycandakı daxili vəziyyətdən də yan keçə bilməzdim. Çünki bu halda bəziləri deyə bilərdilər ki, “Həftə sonu”nun aparıcısı nədənsə çəkinir, ancaq beynəlxalq mövzulardan danışır. Həm də biz İrandakı siyasi dairələrə və cəmiyyətə mesaj ünvanlamalıydıq ki, biz “Səhər”dən və digər İran kanallarından fərqli olaraq daxili mövzularda da tənqidi fikirlər üçün açığıq, istənilən mövzu proqramımızda müzakirəyə çıxarıla bilər.

Mübaliğəsiz deyə bilərəm ki, “Həftə sonu”nu Güneydə milyonlarla soydaşımız izləyirdi. Əgər bu kanalda azərbaycanlılar ən sərt ifadələrlə bir-birlərini təhqir etsəydilər, bu, güneyli soydaşlarımızda ruh düşkünlüyü yarada bilərdi. Digər tərəfdən isə İrandakı rejim güneyli soydaşlarımız deyə bilərdi ki, bu da Sizin ümid bəslədiyiniz müstəqil Azərbaycan, bir-birlərini qırırlar ki. Bu, GünAzTV-nin informasiya siyasətinə də zidd olardı. İrandakı rejimin əlinə bəhanə vermək istəmirdim. Ona görə diqqətli olmalıydım. Sağ olsunlar proqrama qatılan qonaqlarımız, bircə dəfə də İrandakı rejim mənsublarına bəhanə vermədilər. Proqramda iqtidar və müxalifət təmsilçiləri ölkə daxilindəki məsələlərdə fərqli baxışlarını etik çərçivələr daxilində ortaya qoysalar da, Güney Azərbaycan və İran mövzusunda faktiki oxşar mövqedən çıxış edirdilər. Bu da proqramımızın daxili və xarici auditoriyaya önəmli mesajı idi ki, Güney mövzusunda Azərbaycandakı siyasi qüvvələrin baxışları fərqlənmir.

- “Həftə sonu”nun yerinə hansı proqram efirə çıxacaq?

- Artıq ilk proqram bu həftə yayımlanıb. Proqram “Fərqli baxış” adlanır. Bu proqramda format fərqlidir – 3 daimi iştirakçısı var: mən, siyasi ekspert Araz Aslanlı və professor Elmar Nəsirov. Ara-sıra dördüncü qonaq da dəvət olunacaq. Proqramın daimi aparıcısı olmayacaq. Mövzulardan asılı olaraq aparıcılıq funksiyası iştirakçılar arasında bölünəcək.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə