“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025 / 19:49

Rəqəmsal sənəd və məlumatların əhatə dairəsi “mygov” platformasında daha da genişlənir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə vətəndaşlar “Ailə həkimim”, “Həkim müraciətlərim” və “Laborator analiz nəticələrim” barədə məlumatlarını birbaşa “mygov” platformasından əldə edə bilərlər.

Xeberler.az məlumat verir ki, əvvəllər bu məlumatlara yalnız “e-Tabib” mobil tətbiqi vasitəsilə baxmaq mümkün idisə, indi “mygov” veb-portalı və mobil tətbiqi üzərindən məlumatlarla tanış olmaq olar. Beləliklə, vətəndaşlar əlavə platformalara keçid etmədən, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində həm icbari tibbi sığorta hesabına, həm də ödənişli əsasda onlara göstərilən tibbi xidmətlər, əlavə olaraq digər dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına göstərilən xidmətlər barədə məlumatlara bir məkandan çıxış imkanı qazanıblar.

“Ailə həkimim” məlumatları üzrə istifadə qaydası:

“mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olub “Ailə həkimim” seçilir və

məlumatlar əldə olunur. Bu funksionallıq vasitəsilə vətəndaşlar qeydiyyatda olduqları ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsindəki ailə həkimi barədə məlumatları rahatlıqla əldə edə bilirlər.

“Həkim müraciətlərim” məlumatları üzrə istifadə qaydası:

“Tibb məlumatlarım” bölməsinə daxil olaraq “Həkim müraciətlərim” seçilir. Burada vətəndaşlar həkimə etdiyi müraciətlər, qoyulmuş diaqnozlar və göstərilən tibbi xidmətlərlə bağlı məlumatlarla tanış ola bilirlər.

“Laborator analiz nəticələrim” məlumatları üzrə istifadə qaydası:

“Tibb məlumatlarım” bölməsinə daxil olaraq “Laborator analiz nəticələrim” seçilir və məlumat əldə edilir. Bu yeniliklər vətəndaşlara vaxt və resurslarına qənaət etməyə, eyni zamanda, tibbi məlumatlara daha sürətli və rahat çıxış imkanı əldə etməyə xidmət edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə