Kripto nəhəngi Bitget Azərbaycan bazarına fokuslanır

19-05-2025 / 12:35

Bitget, 2018-ci ildə qurulmuş və hazırda dünyanın aparıcı kriptovalyuta birjalarından biri kimi fəaliyyət göstərən platformadır. Şirkət istifadəçilərə daha ağıllı ticarət imkanları, innovativ xüsusiyyətlər və Web3 həlləri təqdim edir.

Hazırda 100 milyondan çox istifadəçisi olan Bitget- in Baş Əməliyyat Direktoru (COO) Vüqar Usi Zadədir.

O, 2024-cü ilin yanvarında bu vəzifəyə təyin olunub və şirkətin qlobal miqyasda böyümə strategiyalarına rəhbərlik edir . Onun rəhbərliyi ilə Bitget, 20 milyondan çox istifadəçi ilə dünyanın ən böyük kripto kopi ticarət platformalarından birinə çevrilib.

Bitget, Yaxın Şərq və Avropa bazarında da fəaliyyət göstərir. Hazırda Dubay, Polşa və Litva kimi ölkələrdə lisenziyalar alaraq fəaliyyətini genişləndirib.

Bitget-in in Baş Əməliyyat Direktoru (COO) Vüqar Usi Zadənin Xeberler.az-a verdiyi təqdim edirik.

- Bir müddət öncə siz Azərbaycan bazarına daxil olmaqla bağlı tədbir düzənləmişdiniz. Azərbaycanın kriptovalyuta ekosistemi kənardan necə görünür ? Azərbaycan bazarına daxil olmaq sizin azərbaycanlı olmağınızdan, yoxsa qlobal şirkət olaraq Azərbaycan kripto bazarına olan maraqdan irəli gəlib?

- Əlbəttə, bir azərbaycanlı olaraq ölkəmizin inkişafına töhfə vermək və xalqımızın rifahına xidmət etmək hər birimizin borcudur. Rəqəmsal texnologiyalar, kriptovalyutalar, süni intellektin sürətli inkişafı və digər texnoloji nailiyyətlər ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır.

Azərbaycan gənc bir iqtisadiyyata malikdir və neft asılılığını azaltmaq üçün alternativ gəlir mənbələrinin yaradılması əsas hədəflərdən biridir. Blokçeyn texnologiyaları və kriptovalyutalar da nisbətən yeni bir sahədir və bu sahənin ümumi bazar dəyəri artıq 3 trilyon ABŞ dollarını keçib.

Ümid edirəm ki, Bitget olaraq biz də yerli kripto həvəskarlarının maraqlarına uyğun müasir həllər təqdim edə və bu sahənin inkişafına töhfə verə bilərik.

 

- Regionun kripto bazarında vəziyyət necədir ? Qonşu ölkələrdən hansında ekosistem, bu sahənin tənzimlənməsi daha çox inkişaf edib?

- Azərbaycanda 120 mindən çox kripto istifadəçisi olsa da, qonşu Gürcüstanda bu rəqəm 153 minə çatır. Bu, Azərbaycanda istifadəçi sayının təxminən üç dəfə az olduğunu göstərir. Mütəxəssislərin fikrincə, düzgün alətlər və təşviqlərlə Azərbaycanın kriptovalyuta bazarı bu il asanlıqla 20 milyon dollarlıq bazar dəyərinə çata bilər. Lakin ümumi mənzərədə ölkə hələ də bu sahədə geridə qalır.

Buna baxmayaraq, 2024 və 2025-ci illərdə müsbət dəyişikliklər müşahidə edirik Region ölkələri, xüsusilə də Gürcüstan və Rusiya, həm qanunvericilik baxımından, həm də kripto alış imkanları baxımından daha irəlidədir. Məsələn, Rusiyada bizneslər rəsmi şəkildə kripto ilə ödənişi qəbul edə bilirlər.

- Xeberler.az oxucularına maraqlıdır Bitget hazırda qlobal kriptovalyuta bazarında hansı əsas fərqləndirici xüsusiyyətləri ilə seçilir və bu üstünlükləri necə qoruyur?

- Bitget özünü innovativ məhsulları, güclü təhlükəsizlik tədbirləri və istifadəçi mərkəzli yanaşması ilə aparıcı kriptovalyuta birjası kimi fərqləndirir. Dünyanın aparıcı platforması olan Bitget istifadəçilərə uğurlu treyderləri bir kliklə izləməyə imkan verir — bu isə yeni başlayanlar üçün ticarətə başlamağı asanlaşdırır, peşəkarlar üçün isə strategiyalarını monetizasiya etmək imkanı yaradır.

100-dən çox ölkədə 100 milyon istifadəçidən ibarət qlobal icması ilə Bitget həm spot, həm də fyuçers bazarlarında dərin likvidlik, aşağı ticarət haqları və yüksək sürətli icra təklif edir.

Platforma intuitiv interfeys, inkişaf etmiş qrafik alətləri və elastik gəlir imkanları kimi müxtəlif qazanc məhsulları ilə istifadəçilərə rahat və çevik təcrübə təqdim edir..

Bitget-in brend nüfuzu, Lionel Messi və LaLiga kimi qlobal simalarla qurulan strateji tərəfdaşlıqlar sayəsində daha da güclənir. Ticarətdən kənarda Bitget sosial təsirə də böyük önəm verir — Blockchain4Youth (Harvard və UCLA kimi aparıcı universitetlərlə tərəfdaşlıqda), Blockchain4Her və maliyyə inklüzivliyi kampaniyaları ilə bu sahədə öncül mövqe tutur.

 

- Bitget kimi platformaların qarşılaşdığı ən böyük təhlükəsizlik riskləri hansılardır və siz bu risklərin qarşısını necə alırsınız? Sizdə riskləri sığortalamaq üçün hansısa alətlər varmı?

- Bitget-in Baş Əməliyyat Direktoru (COO) olaraq, təhlükəsizlik və şəffaflıq bizim üçün yalnız texniki tələblər deyil, həm də istifadəçilərimizin etibarını qazanmaq üçün əsas prioritetlərdir.

Kriptovalyuta birjalarının qarşılaşdığı əsas təhlükəsizlik riskləri arasında haker hücumları, məlumat sızıntıları, sosial mühəndislik üsulları və daxili sui-istifadə hallarını qeyd edə bilərik.

Bu risklərin qarşısını almaq üçün Bitget aşağıdakı tədbirləri həyata keçirir:

- 600 milyon ABŞ dolları dəyərində Müdafiə Fondu: Bu fond, istifadəçi vəsaitlərini qorumaq və fövqəladə hallarda zərərləri kompensasiya etmək üçün nəzərdə tutulmuşdur.

- Daimi üçüncü tərəf auditləri: Platformamız müstəqil auditlərdən keçərək təhlükəsizlik standartlarına uyğunluğunu təsdiqləyir.

- Soyuq cüzdan sistemləri: İstifadəçi aktivlərinin əksəriyyəti internet bağlantısı olmayan mühitdə saxlanılır, bu da onlara qarşı kiberhücum riskini azaldır.

- İki faktorlu autentifikasiya (2FA) və real vaxtda monitorinq: İstifadəçi hesablarının qorunması və şübhəli fəaliyyətlərin vaxtında aşkarlanması üçün bu texnologiyalar tətbiq olunur.

Əlavə olaraq, Bitget hər ay şəffaflıq hesabatları dərc edir. Bu hesabatlarda ticarət həcmləri, istifadəçi artımı, yeni məhsullar və təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilir.

Məsələn, 2025-ci ilin yanvar ayı üçün hesabatda platformanın istifadəçi sayının 100 milyona çatdığı, gündəlik ticarət həcminin 20 milyard ABŞ dollarını keçdiyi və Müdafiə Fondunun dəyərinin 600 milyon ABŞ dollarını aşdığı qeyd olunmuşdur.

Bu tədbirlər və şəffaflıq təşəbbüsləri ilə Bitget, istifadəçilərinə təhlükəsiz və etibarlı ticarət mühiti təqdim etməyə davam edir.

- Süni intellekt kriptovalyuta bazarına necə təsir edib ? Bununla bağlı hansı yeniliklər gözlənilir? Bitget bu sahədə hansı addımlar atır?

- Süni intellekt kriptovalyuta sektorunu ciddi şəkildə dəyişir. Bitget olaraq biz bu texnologiyanı həm ticarət, həm də təhlükəsizlik sahəsində aktiv tətbiq edirik. AI əsaslı trading botlarımız istifadəçilərə bazar analizlərini avtomatlaşdıraraq daha ağıllı ticarət qərarları verməyə kömək edir.

Eyni zamanda, platformamızda Fetch.ai, SingularityNET, Render, Ocean Protocol kimi aparıcı AI layihələrinin tokenlərini listə salmışıq və bu sahədə lider olmağa davam edirik.

Təhlükəsizlik baxımından süni intellektdən real vaxtda risk aşkarlanması və istifadəçi davranışlarının analizi üçün istifadə edirik. Gələcəkdə AI ilə fərdiləşdirilmiş ticarət alətləri və daha çox AI tokenlərinin listlənməsi planımızdadır. Bitget-in məqsədi süni intellektin gücünü istifadəçilərimizin xeyrinə yönəltməkdir.

- Xeberler.az olaraq müşahidələrimiz göstərir ki, Bitget universitetlərlə, tədqiqat sahələri ilə əməkdaşlığa üstünlük verir. Qlobal universitetlərlə yanaşı son zamanlar Azərbaycandan olan universitetlərə də maraq göstərirsiniz. Bu hansı zərurətdən irəli gəlir?

- Bəli, bu, çox doğru müşahidədir. Bitget olaraq biz universitetlərlə və tədqiqat mərkəzləri ilə əməkdaşlığı sadəcə bir sosial təşəbbüs deyil, strateji investisiya kimi görürük. Web3, süni intellekt və blokçeyn sahələrində istedad qıtlığı realdır və bu boşluğu yalnız təhsil və innovasiya ilə doldurmaq mümkündür.

Bu səbəbdən Bitget artıq 70-dən çox qlobal universitetlə tərəfdaşlıq edir və 10 milyon ABŞ dolları həcmində vəsait ayırmağı öhdəsinə götürüb ki, bu sahələrdə gənc istedadları dəstəkləsin, startapların yaranmasına və araşdırmalara təkan versin.

Məsələn, bu yanaşmanın uğurlu nümunəsi kimi Avalanche platformasını göstərə bilərik. Bu blokçeyn texnologiyası Cornell Universitetində professor Emin Gün Sirer və onun doktorantları Maofan Yin və Kevin Sekniqi tərəfindən hazırlanıb. Layihə əvvəlcə universitet daxilində inkubasiya olunub və daha sonra Ava Labs şirkətinin yaradılması ilə genişlənib. Bu, universitetlərin innovasiyada necə mühüm rol oynaya biləcəyinin bariz nümunəsidir.

Biz də Bitget olaraq Azərbaycan Texniki Universiteti ilə başladığımız əməkdaşlıq vasitəsilə bu modeli regionda tətbiq etmək istəyirik. Məqsədimiz — yerli istedadları erkən mərhələdə cəlb etmək, onları qlobal bacarıqlarla təchiz etmək və gələcəyin texnologiyalarını məhz buradan inkişaf etdirməkdir. Universitetlər olmadan nə innovasiya mümkündür, nə də davamlı inkişaf.

 

- Azərbaycan Texniki Universitetində tələbələrlə görüş keçirmişdiniz. Təəssüratlarınız necə oldu? Universitet tələbələri üçün elan etdiyiniz kripto və blokçeyn texnologiyalarla bağlı startap yarışmasına maraq necə idi, tələbələrin yeni texnologiyalara marağı necədir?

- Azərbaycan Texniki Universitetində tələbələrlə görüşüm mənim üçün çox dəyərli və ruhlandırıcı bir təcrübə oldu. Bu universitet regionun aparıcı texnologiya mərkəzlərindən biri kimi böyük potensiala malikdir. Gənclərin texnoloji biliklərə marağı, suallarının səviyyəsi və təşəbbüskarlığı mənə göstərdi ki, Azərbaycanda Web3 və blokçeyn sahəsində böyük bir istedad bazası formalaşır.

Bitget olaraq keçirdiyimiz startup müsabiqəsi və demo day tədbiri gözlədiyimizdən də yüksək maraqla qarşılandı. Onlarla tələbə öz ideyaları ilə qatıldı, digər universitetlərdən də qoşulanlar çox oldu, komandalar quruldu və çox yaradıcı yanaşmalar gördük. Bu da onu göstərir ki, tələbələr artıq kripto və blokçeyn texnologiyalarını sadəcə nəzəriyyə deyil, real həllər üçün platforma kimi görürlər.

Biz bu universitetlə əməkdaşlığımızı daha da dərinləşdirmək istəyirik. Hədəfimiz – Azərbaycan Texniki Universitetini regionun blokçeyn beyin mərkəzinə çevirmək, burada gənc sahibkarlar üçün dəstək mexanizmləri və innovasiya çərçivələri qurmaqdır. Bitget olaraq inanıram ki, bu cür təşəbbüslərlə yalnız ölkə daxilində deyil, bütün regionda texnoloji liderlik mövqeyi qurmaq mümkündür. Nəticələrdən çox razı qaldıq və bu, yalnız başlanğıcdır.

 

- Universitetlər, tələbələr üçün hansı layihələrinzi var? Azərbaycan universitetlərinin tələbələri gələcəkdə sizdə təcrübə keçə bilərlərmi, təqdiqat və karyera imkanları necədir?

- Hackathon və Demo Day ilə yanaşı, biz əməkdaşlığımızı yalnız yarışmalarla məhdudlaşdırmırıq – əksinə, universitet məzunlarının karyera inkişafını sürətləndirmək üçün real addımlar atırıq.

Bitget olaraq Azərbaycan Texniki Universiteti məzunları üçün 30 tam ştatlı, məsafədən işləmə imkanı olan vakansiyanı artıq açmışıq. Bu, gənclərin qlobal miqyasda təcrübə qazanmasına və öz potensiallarını reallaşdırmasına geniş imkan yaradır.

Bundan əlavə, tələbələr və yeni məzunlar üçün nəzərdə tutulan “Bitget Builder” proqramı çərçivəsində 100 nəfərə qədər gəncə part-time məşğulluq və təcrübə imkanı təqdim edirik.

- Azərbaycanda son dövrlərdə Mərkəzi Bank kripto istiqamətidə bir neçə uğurlu layihələr həyata keçirib. Sandbox çərçivəsində bir neçə kripto layihələr pilot qaydada istifadəyə buraxılıb. Rəqəmsal manatla bağlı müzakirələr aparılır. Siz bu addımları necə dəyrlərndirisiniz?

- Biz hazırda müxtəlif regionlarda qanunvericilər və mərkəzi banklarla sıx əməkdaşlıq edirik.

Sevindirici haldır ki, Azərbaycan qanunverici orqanları və Mərkəzi Bank da bu sahədə çox vacib və innovativ addımlar atmağa başlayıb. Xüsusilə “sandbox” təşəbbüsü və rəqəmsal texnologiyalara açıq yanaşma gələcək üçün ümidvericidir.

İnanıram ki, çox yaxın zamanda innovasiyaya açıq bir ekosistem formalaşacaq. Bu da ölkədə daha çox innovativ məhsul və layihənin meydana çıxmasına səbəb olacaq. Bitget olaraq bu prosesi yaxından izləyir və dəstəkləməyə hazırıq.

- Necə düşünürsünüz ənənəvi maliyyə sistemləri ilə kriptovalyutaların inteqrasiyası mümkün olacaqmı? Bu inteqrasiyada Bitget hansı rolu oynaya bilər? Kriptovalyutalar ənənəvi valyutalara alternativ ola bilər, yoxsa onlar yalnız investisiya vasitəsi olaraq qalacaqlar?

- Təkcə qlobal miqyasda deyil, həm də Azərbaycanda kriptovalyutaların sürətli mənimsənilməsi və ənənəvi maliyyə sistemləri ilə inteqrasiyası müşahidə olunur. Dünyada artıq kripto ilə klassik maliyyə arasında körpülər qurulur – bu proses həm banklar, həm də texnoloji startaplar tərəfindən sürətləndirilir.

Azərbaycanda da bu sahədə Portcoin kimi innovativ həllər ortaya çıxır. Bu layihə, kriptovalyutaların gündəlik maliyyə əməliyyatlarına inteqrasiyası ilə ənənəvi maliyyə sistemini dəyişmək potensialına malikdir. Belə təşəbbüslər göstərir ki, yerli bazar yalnız izləyici deyil, həm də innovasiyanın bir hissəsinə çevrilməkdədir.

Biz bu cür təşəbbüsləri böyük maraqla izləyirik və ekosistemin güclənməsi üçün həm qlobal, həm də lokal səviyyədə dəstək göstərməyə hazırıq.

 

- Gənc investorlara kriptoinvestisiyalara başlamaq üçün hansı strategiyaları və ya metodları tövsiyə edirsiniz?

- Mənim fikrimcə, investisiyaya neytral yanaşma ilə başlamaq və dollar-cost averaging (eyni məbləğlərlə, daha az risklə sərmayə qoymaq) strategiyasından istifadə etmək ən sağlam və uzunmüddətli yanaşmadır. Ticarətin öz üstünlükləri var, lakin bu sahə aydın strategiya və dərin bilik tələb edir.

Bununla belə, mən inanıram ki, gənclər hər şeydən öncə maraqlı qalmalı, daim öyrənməli və sahibkarlıq ruhunu inkişaf etdirməlidirlər. Qısa müddətli gəlirlər arxasınca qaçmaq əvəzinə, dayanıqlı dəyər yaratmaq və layihə qurmaq üzərində fokuslanmaq daha önəmlidir. Əsl imkanlar və real təsir, məhz venture building – yəni sıfırdan ideya qurmaq və onu inkişaf etdirməkdən keçir.

- Xeberler.az oxucularını bir sual maraqlandırır. Bitget-in Azərbaycan dilinə tərcüməsi gözlənilirmi?

- Bitget platformasının Azərbaycan dilinə tərcüməsi və lokallaşdırılması üzrə işlərə artıq başlamışıq. Komandamız bu prosesi sürətləndirir və çox yaxın zamanda Bitget-in Azərbaycan dili versiyasını istifadəyə verəcəyik. Məqsədimiz – yerli istifadəçilər üçün daha rahat, əlçatan və doğma bir təcrübə yaratmaqdır.

- Azərbaycanlı istifadəçilər üçün birjanızda lokal ödəniş üsullarının (AZN depozitləri, yerli bank kartları və s.) inteqrasiyası planlaşdırılırmı?

- Biz Azərbaycanda rəqəmsal ödəniş infrastrukturunu gücləndirmək məqsədilə yerli ödəniş provayderləri ilə əməkdaşlığa can atırıq. Artıq bir neçə yerli xidmət təminatçısı ilə əlaqədəyik və yaxın gələcəkdə problemsiz və rahat qeydiyyat və ödəniş təcrübəsi yaratmağı hədəfləyirik.

Məqsədimiz – istifadəçilərin Bitget ekosisteminə sürətli və maneəsiz şəkildə qoşula bilməsidir.

- Birjanızda listlənmək üçün yerli layihələr (Azerbaijan-based crypto projects) hansı meyarlara cavab verməlidir və bu prosesdə onlara necə dəstək ola bilərsiniz?

- Azərbaycandan olan layihələr üçün xüsusi təşviq proqramımız mövcuddur. Bitget olaraq yerli inkişaf etdiriciləri və layihə qurucularını dəstəkləməyə böyük önəm veririk. Məqsədimiz – Azərbaycan mənşəli layihələrin qlobal kripto səhnəsində ön sıralarda yer almasına töhfə verməkdir.

Ümid edirik ki, çox tezliklə yerli komandaların hazırladığı innovativ layihələri Bitget platformasında görəcək və onların kripto inqilabının önündə getdiyinə şahidlik edəcəyik.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə