"Görünən odur ki, İRİA-da “təmizləmə” başlanıb. Vəzifəsindən azad olunanlar var. Əlbəttə, rəhbərlik dəyişiləndən sonra bu tip addımlar qaçılmaz olur. Yeni rəhbərlik yeni də tələblər deməkdir.
Amma nəzərə almaq lazımdır ki, bizim sektorda peşəkar kadrlar uzun müddətə, çətinliklə formalaşır".
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspert bildirib ki, əməkdaşlara yanaşma da ilk növbədə peşəkarlıqla, işinin öhdəsindən gələ bilmək bacarığı ilə ölçülməlidir:
"İRİA-da sektoru dərindən bilən, peşəkar kadrlar da var.
Amma İRİA-da vəzifəsindən azad olunanlarla bağlı diqqət cələb edən bir məqamla da rastlaşdım və çox təəccübləndim.
Baxıram ki, İRİA-da vəzifəsindən azad olunanların bəziləri elə açıqlamalar verirlər ki, sanki orada dağı dağ üstə qoyublarmış.
Sanki rəqəmsal transformasiyada, innovasiya və startap ekosistemdə nəhəng işlər görülübmüş, yeni gələn rəhbərlik isə sadəcə onlarla işləmək istəməyib. Elə də uzağa getməyə ehtiyac yoxdur".
Osman Gündüz qeyd edib ki, ötən il Azərbaycan Qlobal İnnovasiya İndeksində son 30 ildə ən pis göstəricini əldə edib, öz potensial imkanlarına uyğun olmayan yedə, adı məlum olmayan ölkələrlə bir sırada yer alıb:
"Startap ekosistemdə vəziyyət acınacaqlıdır, dəstək mexanizmləri inkubasiyadan, bəsit müzakirələrdən o tərəfə keçə bilməyib. Dövlətin yaratdığı Fond 3 ildə cəmi 3-4 yerli startapa dəstək verə bilib. Bu qədər müddətdə Texno Parkda Ekspert Şurası formalaşmadı, İKT güşəztlərdən effektiv istiafdə ilə bağlı problemlər vardı və s.
İndi baxıram vəzifəsindən azad olunanlar elə şeylər yazırlar ki sanki burada gül gülü, bülbül də bülbülü çağırırmış . Sanki Nazirlik sıradan bir dəyişiklik edibmiş, yeni sədr də sadəcə bunları bəyənməyib.
Hər şey göz önündədir, sektorda ötən illərdə müəyyən işlər görülsə də, xüsusən də rəqəmsal sektorda bir sıra uğurlu addımlar və irəliləyişlər olsa da, ciddi problemlər vardı. Real vəziyyət potensial imkanlardan çox uzaqdır. Dəfələrlə bu haqda deyilib, müzakirələrdə açıqlanıb".