Proqramçılar yetişdirən Code Academy-dən reportaj

28-09-2015 / 12:42

Xəbər verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN)  Yüksək Texnologiyalar Parkında təhsil üzrə Code Academy layihəsinin birinci tədris proqramını yekunlaşdırıb.

Xeberler.az olaraq tədris proqramı çərçivəsində görülən işlər, həyata keçirilən layihələr, tələbələrin fəaliyyəti ilə bağlı yaxından tanış olmaq üçün Yüksək Texnologiyalar Parkında olduq.

Yüksək Texnologiyalar Parkının şöbə müdiri Ülvi Aslanov bizə layihə haqqında ətraflı məlumat verib.
Ülvi Aslanov öncə Xeberler.az-a layihənin əsas məqsədindən danışıb: “Uzun müddətdir ki, Azərbaycanda bu layihəni hansı metodla, hansı modeldə hazırlayacığımızı düşünürdük. Yekun qərara gəldikdən  sonra iyundan etibarən fəaliyyətə başladıq. İyunun sonlarından ilk tələbələrimizi qəbul etdik və dərslərimiz başladı. Tələbələrimizin əksəriyyəti universitet tələbələridir. Proqramlaşdırma ilə bəzi məlumatları olan, amma konkret bir istiqamətdə proqramlaşdırmanı bilməyən tələbələrdir. Elə əsas məqsədimiz də proqramlaşdırma dillərinə daha yaxın olmaq, onu öyrənmək istəyənlərə bunu öyrətmək idi. Azərbaycanda peşəkar proqramçıların sayı azdır. Bir sözlə, hədəfimiz şirkətlər üçün kadr hazırlamaq,  düşüncəli tələbələr hazırlamaqdır”.

“Artıq bu həftə ilk tələbələrimiz son layihələrini yekunlaşdıraraq məzun oldular. Sentyabr ayının 28-dən ikinci tədris proqramına başlayırıq”.

Ülvi Aslanov Xeberler.az-a tədris prosesində tələbələrə tədris olunan proqramlaşdırma dilləri haqqında məlumat verir:

“Yay mövsümündə layihəyə başladığımız üçün universitet tələbələrini nəzərə alaraq, Full Stack Web Developer tədris proqramına başladıq. Bu tədris prosesində veb proqramlaşdırmanın 2 hissəsini Front-end Developer (görünüş tərəfi) və Back-end Developer (proqramlaşdırma tərəfini) hissələrini öyrədirik. Bu proqram nəticəsində hər hansı bir tələbə proqramı müvəffəqiyyətlə bitirdikdə sərbəst şəkildə həm dizayn olaraq, həm də funksional olaraq proqramlaşdırma tərəfini bilərək istədiyi formada veb səhifə yarada bilər. Proqram çərçivəsində HTML/HTML5, CSS/CSS3, Javascript (Javascript OOP, JS Frameworks (Angular.js , React v.s)) proqramlaşdırma dilləri, Back-end( proqramlaşdırma tərəfində) isə hələki PHP / MySQL öyrədirik. Sonrakı proqramlarımızda isə tədrisi bir neçə sahəyə böləcəyik. Gələn həftədən başlayacaq ikinci proqramımızda həm yay proqramında keçdiyimiz dillər həm də Advanced ( Yüksək) səviyyədə olan proqramlar olacaq ki,  bunlarda Javascript Developer və PHP / MySQL daha yüksək səviyyədə tədris olunacaq”.

Qeyd edək ki, Code Academy-də tədris  proqramlarnıı hələlik  bir müəllim tədris edir.
Code Academy –nin müəllimi Samir Kərimov Türkiyədə təhsil alıb və uzun müddət fərqli şirkətlərdə Senior Developer olaraq fəaliyyət göstərib. Bundan başqa Azərbaycanda fərqli qurumlarda proqramlaşdırma dillərindən dərs deyib.

Ülvi Aslanov deyir ki, Code Academy-nin kurslardan fərqi ondadır ki, tədris prosesi iki fərqli otaqda keçirilir: “Bir otaq müəllimin dərsi keçdiyi otaq, digər otaq isə laboratoriya otağıdır. Öncə müəllim dərsini deyir və sonra laboratoriya saatlarında isə mentorlarlarımız olur. Mentorlarımız hamısı proqramist mentorlardır. Proqramist mentorlar pedaqoji tərəfdən yox, ancaq praktik cəhətdən köməklik göstərirlər. Mentorlarımız Azərbaycanın inkubasiya mərkəzlərində, şirkətlərində fəaliyyət göstərən işçilərdi və şirkətlərin sahibləridir. Mentorlar laboratoriya saatlarında tələbələrin suallarını cavablandırır və kodlaşdırmada praktik cəhətdən kömək edirlər. Bundan sonrakı proqramda müəllimlər də gəlib bizə müraciət edərək fəaliyyət göstərə bilər. Amma kadr olsun ki, biz bu sahədə çox inkişaf edək. Samir Kərimov bütün işini arxada qoyub bizimlə fəaliyyət göstərir. Belə fədakar  müəllimlərimiz isə çox azdır ki, bütün işini dayandırıb tələbələri öyrətsin”.

“Çoxları fikirləşir ki, tələbənin burada çox vaxtı sərf olunur”

Texnopark rəsmisi qeyd edir ki, Code Academy-də 12 həftə (11 həftə intensiv master-klas + 1 həftə karyera planlaşdırma) ərzində master-klaslar keçirilir. Və çoxları fikirləşir ki, tələbənin burada çox vaxtını alırıq: “Bu cür düşünmək normaldı, çünki qısa müddət ərzində proqramı başa çatdırmalıyıq. Bu barədə tələbələrimizlə də heç bir problem yaşanmayıb. İlk proqramımız bizə görə çox yaxşı keçdi. Nəticələr çox effektli oldu. Sıfırdan bizlə bərabər başlayan tələbələr çox yaxşı işlər gördülər. Proqramlaşdırmadan ümumiyyətli xəbəri olmayan tələbəmiz şahmat oyunu hazırladı. Şahmatın gedişatını proqramlaşdırmaq elə də asan olmasa da, tələbəmiz bunun öhdəsindən gələ bildi”

“Burada tələbələr təkcə müəllimdən yox, mentordan və bir-birlərindən öyrənir”.

Ülvi Aslanov Xeberler.az-a bildirib ki, normal tədris prosesi ilə Code Academy tədris proqramı bir-birindən xeyli fərqlənir: “Bu layihədə tələbə-müəllim ünsiyyətindən daha çox proqramlaşdırma mühiti yaradırıq. Yəni buradakı tələbələr tək müəllimdən yox, mentordan və bir-birlərindən öyrənir. Tələbənin öyrənməsində mühitin çox əhəmiyyəti var. Mühit əgər proqramlaşdırma sferasına uyğundursa, tələbənin mühitə adaptasiya olunması, mədəniyyətə alışması daha sürətli olur. Tələbələr çox vaxt dərs bitdikdən sonar belə evə getmək istəmir. Onu da deyim ki, dərslərimiz Azərbaycan dilində keçirilir. Amma ev tapşırıqlarımız, xüsusilə videolar hamısı ingilis dilindədir. Bu sahədə çalışmaq üçün ingilis dili vacibdir. Çünki öz dilimizdə mənbələrimiz çox azdır”.

Qeyd edək ki, tədris prosesində Google Education hesabından istifadə olunur.  Bütün ev tapşırıqları Google Classroom vasitəsilə həyata keçirilir . Bundan başqa Microsoft şirkətinin təhsil üçün proqramı Bizspark proqramından istifadə olunur. Ev tapşırıqları www.udemy.com   saytı vasitəsilə aparılır.

Ülvi Aslanov həmçinin qeyd edir ki, tələbələr üçün burada hər bir şərait yaradılıb: “Burada mətbəx, stolüstü tennis, dincəlmə otaqları, təlim otaqlarımız tələbələrin ixtiyarına verilib. Bizim hər həftə təlimlərimiz olur. Kənar şirkətlərin təlimləri olur ki, burada tələbələrimizdə iştirak edə bilərlər. Bu əslində proqrama qatılmaq deyil. Bu layihə böyük bir ekosistemin mühitinə daxil olmaqdır”.

O, Xeberler.az-a bildirib ki, sentyabrın 28-dən etibarən ikinci proqramın dərsləri başlayır və ikinci proqramda tədris prosesi 2 fərqli qrupdan ibarət olacaq: “Birinci qrupun dərsi səhər saat 09:00-dan 13:00-a qədər, ikinci qrupun dərsi isə 13:00-dan 17:00-a qədər davam edir. Bu aralıqları qeyd etməkdə məqsədim tələbənin evə getməyini istəmirik. Yəni dərs bitdikdən sonra tələbənin ev tapşırığını burada həll etməyini istəyirik. Çünki tələbə evə getdikdə onun suallarını cavablandıracaq heç kəs olmur.Ancaq burada onun suallarını cavablandıracaq adamlarımız var.

Digər proqram isə kimin proqramlaşdırmadan xəbəri var, sıfırdan başlamaq istəmirsə, Javascript dərslərimiz var. Javascript dərsləri həftədə 3 dəfə keçirilir (19:00-dan 22:00-a qədər).

Bundan başqa Back-end Developer tədris proqramımız var.

Bu proqramda da həftə də 3 dəfə axşam saatlarında (19:00-dan 22:00-a qədər) PHP/MySQL dərsləri keçirilir. Labaratoriyamız günün 24 saatı açıqdır. Dərs prosesində müəllim proyektor vasitəsi ilə dərsi keçir. Qrupda yalnız 10 nəfər olur. Amma laboratoriya otağımızda 25 nəfər işləyə bilər. Hər bir tələbə öz noutbukunu gətirir və işləyir. Laboratoriya otağında biz tələbələr üçün böyük monitorlar qoymuşuq. Bu monitorlar vasitəsilə tələbələr ikili qrup şəklində işləyirlər. Məsələn, biri monitorda kod yazır, digəri də artıq ona yol göstərir”.

“Code Academy layihəsi çərçivəsində tədris ödənişli qaydada həyata keçirilir”

Ülvi Aslanov bildirir ki, proqram çərçivəsində təhsil almaq istəyən tələbələr e-mail vasitəsilə ( [email protected] ) və ya müvafiq formanı dolduraraq (https://goo.gl/npozUX ) bizə müraciət edə bilərlər.

Qurum rəsmisinin sözlərinə görə, Code Academy-də təhsil almaq üçün müraciət edənlərdən müsahibə götürülür: “Müsahibədən sonra biz onlara ingilis dilindən və məntiqdən bəzi suallar veririk. Hazır testlərimiz var və tələbələrin həm məntiqi təfəkkürünü, həm də alqoritmik biliklərini yoxlayırıq. İmtahanda 25 sual olur. İmtahandan keçən şəxsləri qəbul edirik. İlk proqramda 100-ə yaxın müraciət oldu. Ancaq biz 18 nəfəri götürdük. İkinci qəbul proqramında düşünürük ki, daha çox tələbə götürək. Sualları da buna görə tənzimləyəcəyik. Proqrama qatılmaq ödənişlidir. Amma ödənişli olmasına baxmayaraq bizim fərqli güzəştlərimiz də var. Bunun üçün biz müsahibədən və imtahan nəticələrindən asılı olaraq güzəştlər edirik. Ödənişlərlə bağlı  www.code.edu.az saytından ətraflı məlumat ala bilərlər”.

Proqramı bitirən tələbələrə Yüksək Texnologiyalar parkı və Code Academy tərəfindən təsdiq olunmuş diplom verilir

Ülvi Aslanov qeyd edir ki, tədris proqramı bitirdikdən sonra tələbələrə layihələr verilir. Layihələrini təhvil verdikdən sonra isə tələbələrə Yüksək Texnologiyalar parkı və Code Academy tərəfindən təsdiq olunmuş diplom təqdim olunur: “Bu diplomla yanaşı məzunlarımız üçün karyera planları yaradırıq. Bundan başqa şirkətlər məzun tələbə haqqında özəl olaraq məlumat istəsə, biz şirkətlərə həmin tələbə haqqında ətraflı məlumat veririk”.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.