Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

03-09-2019 / 13:44

Son bir ildə TV-lər bir informasiya mənbəyi olaraq populyarlığını daha çox itirib.
Ümumiyyətlə, dünyada, o cümlədən Azərbaycanda tendensiya elədir ki, TV-lərin auditoriyası getdikcə daralır və İnternetin, sosial medianın auditoriyası işə genişlənir.

Azərbaycan reallığında isə müşahidələr göstərir son vaxtlar bu fərq İnternetin və sosial medianın xeyrinə çox kəskin surətdə dəyişib.
Bu da, daha çox İnternet TV-lər və sosial media üzərindən canlı yayımların artması ilə bağlıdır.
Son zamanlar xeyli sayda bu tip müstəqil yayım infrastrukturu formalaşıb. Hər gün az qala bir neçə İnternet TV yaranır.
Monitorinqlərimiz və müşahidələrimiz göstərir ki hazırda "YouTube" və "Facebook" üzərindən yayımlanan ən azı 25-30 informasiya resurmuz, TV kanallar var ki auditoriyası yetərincədir. Çünki maraqlı və aktual mövzular, alternativ fikirlər, diskussiyalar gündəmə gətirirlər.

Yerli TV-lərdə bu tip verilişlər olmadığından İnternet TV, sosial media üzərindən canlı yayımların populyarlığı tam sürətlə artır. Onlar dərhal ciddi bir auditoriya toplayırlar və ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar.
Yəni, yerli TV-lərə marağın olmaması alternativ TV-lərin populyarlığını daha da artırır.

Müşahidələrimiz göstərir ki, istifadəçilərin virtual mühitdə video kontentə, canlı yayımlara marağı və diqqəti hədsiz artıb.
Artıq görünən budur ki televiziya və radiolarımız ölkə vətəndaşları üçün əsas informasiya mənbəyi rolunu oynaya bilmirlər. Qəzetlər isə çoxdan bunu əldən veriblər.

Klassik TV-lərin ictimai rəyə təsir imkanları çox məhdudlaşıb. Yaşlı təbəqə də daha çox xarici TV-lərə üstünlük verir.

Azərbaycanda təxminən 3 milyon insan sosial medianın üzərində “oturub”. Bura xaricdə yaşayan Azərbaycanlı auditoriya da daxiildir. Səhər yerindən duran kimi bu 3 milyon istifadəçi, bunun içərisində dövlət məmuru da var, sadə vətəndaş da, artıq TV-nin düyməsini basmaqla deyil, telefonu əlinə almaqla informasiya əldə edir.
Burada isə onu məhz alternativ fikir, müstəqil fikir, canlı yayımlar gözləyir.
Doğrudur, bizim sosial media məkanımız üçün qüsurlu hesab olunacaq məsələ var ki, bu da media standartlarından kənar bir halın, söyüş ritorikasının bəzi hallarda ifrat dərəcdə olmasıdır.

Düşünürəm ki hökumət də bunun fərqindədir.
Güman ki son dövrlərdə dövlət məmurlarının, vəzifəli şəxslərin sosial mediaya daha çox maraq göstərməsinin əsas səbəbi həm də məhz bununla bağlıdır. Əslində dövlət rəsmilərinin bir hissəsi, hətta Prezident və Birinci vitse-prezident əvvəldən burada olsa da, görünür ki bu tendensiya artıq bütün rəsmi sektoru əhatə edəcək.
Təkrar etmək istərdim ki mahiyyətcə bu faydalı bir tendensiyadır.
İstənilən halda ictimai informasiya daşıyan şəxslərin əlçatan olması, sosial mediada rəsmi açıqlamalar verməsi, anında münasibət bildirməsi, həm cəmiyyət və vətəndaş üçün faydalıdır və həm də manipulyasiyaların, dezinformasiyanın qarşısı alınır. Odur ki yeni gələn rəsmilərin burada təpgi və ya söyüşlə qarşılanması heç bir halda doğru olmazdı.

Həm də gizli deyil ki birtərəfli olaraq formalaşdırılan rəy sabun köpüyü kimi bir şeydir. Əks fikir olan tək həmin ictimai rəy dağılır. Odur ki maraqlı tərəflərin sosial mediada oturuşması dayanıqlı informasiya mühitinin formalaşması baxımından da cəmiyyət üçün çox faydalıdır. Doğru, etibarlı informasiya mühiti vətəndaşların, qurumların daha düzgün qərarlar qəbul etməsinə imkan verəcək.

Beləliklə, indiyədək Azərbaycandilli sosial media məkanında əsasən alternativ fikir, müstəqil fikir, müxalif fikir, sıravi vətəndaşların rəyləri üstünlük təşkil edirdisə bundan sonra gözləmək olar ki, rəsmilərin hesabına plüralizm artacaq. Sosial mediada rəsmi informasiya mühitinin formalaşması sürətlənəcək.
Düşünürəm ki bununla da Azərbaycanda sosial medianın ictimai yükü daha da artacaq, sosial media maraqlı tərəflərin nəhəng bir ictimai müzakirə platformasına çevriləcək.

Daha bir maraqlı məqam isə həm də ondan ibarətdir ki, görəsən rəsmi medianın, TV-lərin vəziyyəti necə olacaq ?
Yəni, tutaq ki sosial medianın qapısı həmişə açıqdır və rəsmilər hər zaman bura gələ bilərlər və burdan üz döndərə də bilərlər.
Bəs görəsən müstəqillər, alternativ fikir daşıyıcıları TV- lərə ayaq aça biləcəkmi ? TV-lərdə plüralizm olacaqmı ? Hazırda TV-lərdə üstünlük təşkil edən rəsmi informasiya, təbliğat və əyləncə-şou mühiti dəyişəcəkmi ?
Son zamanlar yalnız AzTV-də bu istiqamətdə bir dirçəliş hiss olunur.
Bəziləri də cəhdlər edirlər.

Əəgər TV-lərdə alternativlik olacaqsa, plüralizm olacaqsa, baxımlı, aktual mövzular olacaqsa və sosial mediaya inteqrasiya baş verəcəksə onda TV-lər yaşaya biləcəklər. Əks halda sosial media qəzetlər kimi onları də öz daxilində əridəcək.
Əgər məmurlar, onların ardınca biznes sektrou da sosial mediaya gələcəksə onda TV-lərə kim baxacaq?

Osman Gündüz
03.09.2019


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə