Xeberler.az olaraq oxucularımızı xarici ölkələrdə təhsil alıb, hazırda da fəaliyyətini xaricdə İKT üzrə davam etdirən uğurlu gənclərimizlə tanış etməyə davam edirik.
Bu dəfə hazırda dünyanın İT mərkəzi hesab edilən Silikon Vadisində məşhur Salesforce şirkətində məhsul bazarlaması (martketinq) üzrə çalışan xanım həmyerlimiz Aygün Süleymanova ilə fəaliyyəti barədə ətraflı söhbət etdik.
Həmyerlimiz həmçinin Silikon Vadisində startap mühiti və şirkətlərin iş mexanizmi barədə ətarflı məlumat verib.
Aygün Süleymanova ilə müsahibəni təqdim edirik:
-Aygün xanım, dünyanın İT mərkəzi hesab edilən bir yerdə- Silikon Vadisində çalışmaq yüzlərlə insanın arzusudur. Necə oldu ki, Silikon Vadisinə getdiniz?
-Silikon Vadisinə Amerikada bir neçə ştatda və şəhərdə yaşadıqdan sonra gəlmişəm. İlk hədəfim ABŞ-da MBA təhsili almaq idi. MBA təhsilini aldıqdan sonra da nə istədiyimi dəqiq bilirdim- texnologiya sahəsində marketinq mütəxəssisi və sonra da bu sahədə aparıcı rolda olmaq istəyirdim. Təhsilimi Amerika tarixində ən dərin böhranlardan birində bitirib Mayamidə texonologiya şirkətində iş tapa bildim. Amma sonra anladım ki, Mayamidə texnologiya üzrə o qədər də çox imkan yoxdur. Onlar əyləncəni, shopping-i sevirlər- “geyin, keçin, özünü günə ver” (gülür). Düşündüm ki, o “işə” 40 ildən sonra qayıda bilərəm, hələlik daha mənalı və potensiallı yerlərdə yaşayıb, işləmək lazımdır. Ən maraqlısı isə necə oldusa, məndən 10 il öncə Mayamidə yaşamış yoldaşımı da buna razı sala bildim (gülür). Ona görə də başqa şəhərlərdən olan iş təkliflərini qəbul edib, dəyərləndirməyə başladım. Ailəmlə iş təkliflərinə uyğun olaraq öncə Orlandoya, sonra Bostona, daha sonra isə Silikon Vadisinə köçdük.
-Yenə harasa köçməyi düşünürsünüz?
-Yaxşı sual idi (gülür). Etiraf edim ki, köçmək və qalmaq xərclərini də şirkətlər ödəyirdi deyə bunu lap oyuncağa çevirmişdik, hər bir ildən bir köçürdük. Əgər texnologiya sahəsində olub, inkişaf etmək istəyirsinizsə, Silikon Vadisi doğru seçimdir. Vadi texnoloji yeniliklərin və proseslərin tam mərkəzidir. Odur ki, biz də uzun müddət burada qalmağı düşünürük. Vadidə insanların düşüncə tərzi tam bizə uyğundur. 5 yaşındakı oğlum artıq təbiətə ziyan vurmamaq üçün zibili necə ayırıb atmaqdan tutmuş, gecələri Gallaktikalar haqda kitabı oxuyub yatmağa qədər tam bir Silikon Vadisi uşağıdır (gülür).
-Təhsilinizi hansı sahə üzrə və haralarda alıbsınız?
-Mayamidəki Barry Universitetində MBA təhsilini fərqlənmə diplomu ilə bitirmişəm. Ondan öncə Bakıda Xarici Dillər Universitetinin Filologiya fakültəsindən məzun olmuşam. Xarici Dillər Universitetindəki magistr təhsilimi isə İngilis və Amerkan tarixi üzrə oxudum. Dissertasiya mövzum da Cek Londonun şimal hekayələri haqqında olub. İndi isə Cek Londonun yaşadığı yerdən 100 km məsafədə yaşayıram. Hardan-hara…( gülür)
-Hazırda Silikon Vadisində əsas işiniz nədir? Hansı şirkətdə çalışırsınız?
-Silikon Vadisində Salesforce şirkətində məhsul bazarlaması (martketinq) üzrə baş menecer işləyirəm. Salesforce buludda satış və servis texnologiyası üzrə dünyada 1-ci şirkətdir. Şirkətin 25000-dən çox işçisi var. Salesforce çox innovativ şirkətdir. Bacarıqlı, peşəkar kollektivi var. Yanlız mənim çalışdığım departamentdəki işçilərin 80-90 faizi Harvard, Stanford kimi universitetlerin məzunlarıdır.
-Neçə ildir ki, xaricdə yaşayıb, işləyirsiniz?
-Bu il artiq 8 il oldu .
-Təhsliniz sizin hazırki iş fəaliyyətinizdə necə rol oynayır? Sizcə, əsas təhsildir yoxsa, təcrübə?
- Məncə, əsas olan hədəf və həvəsdir. Bu ikisi olduqdan sonra nə etmək istədiyindən aslı olaraq ya təhsilə güc verirsən, ya da təcrübəyə və yaxud da ikisini də paralel edirsən. Əlbəttə, hədəfinin nə olduğunu anlamaq üçün təhsil və mütailə lazımdır. Kitab oxumasan, ilhamı hardan alacaqsan?. Amma bunlardan əvvəl ən vacib olan isə ətrafınızda hədəfi olan maraqlı insanların sayını artırmaq və onlardan öyrənməyi bacarmaq lazımdır. Şəxsən mənim ABŞ-da təhsil almağa marağımı artıran burada təhsil alan dostlarım və qrup yoldaşlarım olub. Onlar həmişə mənə ABŞ-da təhsil ilə bağlı məsləhət veriblər. Əlbəttə ki, ailəm də məni həm həvəsləndirib, həm də dəstək verib. ABŞ-da işə düzəldikdən sonra bu sahədə uğurlu insları tapıb, onlardan daha çox məsləhət almağa çalışmışam. Təcrübə isə zaman geçdikçə özü yığılır. Təcrübə artıqca yüksək vəzifəli işlərə qalxmaq daha asan olur.
-Salesforce şirkətinə necə qəbul edildiniz?
-Şirkət rəsmiləri özləri mənə zəng edib, dəvət etdi. Sonra 10 müsahibədə oldum, 12 nəfərə təqdimat etdim və müqavilə şərtlərinin bir müddət müzakirəsi getdi. Əslində Salesforce şirkətini çoxdan izləyirdim. Əsasən də bu şirkət texnologiya marketinqi üzrə dünya lideri olduğuna görə diqqətimi çəkirdi. Salesforce-da marketinqi Hollywood səviyyəsində edirlər. Belə ki, müştərilər haqda filmlər, böyük səhnə çıxışları, sözün əsl mənasında “qastrollar”-dır. Ona görə də təklifi alan kimi naz etmədən işi qəbul etdim (gülür). Qeyd edim ki, ABŞ-da təcrübəsi və doğru bilikləri olan işçilər üçün rəqabət böyük olduğundan hər dəfə bir iş təklifi gələndə bəzən dərhal qəbul etmirsən. Deyirsən ki, bir az fikirləşim. Amma belə iş təklifini qəbul etməmək olmazdı…(gülür).
-Ümumiyyətlə, orada şirkətlər hansı kriteriyalar üzrə işə götürür?
-Burada hamının müəyyən bacarıqlarına görə işi var. Kiçik, tanınmamış şirkətlərdən tutmuş (startaplar), orta, güclü inkişaf edən (Salesforce, Box və s.) və inkişaf etmiş şirkətlər kimi (Google, Apple, Facebook və s.). Bu şirkətlərin hamısının öz “hekayəsi” var. Bunlar isə şirkət mədəniyyəti, inkişaf sürəti, bacarıq bazası, məhsulların yeniliyi, innovasiya səviyyəsi kimi kriteriyalardan ibarətdir. Hansı şirkətin ki “hekayəsi” maraqlıdır, onlarla işləmək istəyənlərin sayı çoxdur. Ona görə də rəqabət çoxdur və belə şirkətlərin müsahibələri çətin olur. Amma elə də çox tanınmayan, “hekayəsi” məlum olmayan şirkətlər üçün işçi tapmaq çətin olur. Bu kimi şirkətlər 1-2 müsahibədən sonra “əşi, bu gedər” deyib işçi qəbul edirlər. Amma onların “əşi, gedər” dedikləri işçi heç nəyi bilməyən insanlar deyil. Onlar ya sadəcə təcrübəsi az olanlar və yaxud da özünə güvəni, ünsiyyət və ya dil bacarığı orta olanlardır. Ən böyük rəqabət Google, Facebook, Microsoft və sürətlə böyüyən orta səviyyəli şirkətlər arasında gedir. Məsələn, bizim bölmənin yarısı Microsoft, Google və Oracle-dan gələnlərdir. Hamı bir- birini tanıyır, onlar da tanıdıqları yaxşı işçiləri dartıb özləri ilə aparır.
-Maraqlıdır ki, Silikon Vadisindəki şirkətlərdə müdir (CEO) ilə işçi münasibəti necədir? Ümumiyyətlə, yüksək vəzifəli şəxslər ilə işçilər arasında uçurum varmı?
- Baxır CEO-ya. Bəziləri özündən çox razıdır. Bəziləri isə çox sadədir. Nə olursa, olsun insan vəzifəsindən aslı olmayaraq hər bir insana bir şəxsiyyət kimi hörmət və eyni səviyyədə münasibət ABS-ın təməlini təşkil edir. Bu, yalnız Silikon Vadisinə aid deyil.
-Hazırda dünyanın bir çox məşhur texnologiya şirkətləri Silikon Vadisini mərkəz olaraq seçir. Sizcə, dünyanı Silikon Vadisinə çəkən nədir? Bunun sirri nədir?
-Bəli, doğrudur. Bəzi şirkətlər buranı mərkəz olaraq seçir, əksəriyyəti isə burada doğulur. Hər şey Silikon Vadisinin tarxinə bağlıdır.
-Vadidən çox maraqlı və uğurlu innovativ layihələr, startaplar çıxır. Bu uğurun arxasında nə dayanır? Məsələn, Azərbaycanda ideyası olan bir gənc Vadiyə getsə, uğur qazana bilərmi? Yoxsa, bunun üçün mütləq geniş baza, bilik olmalıdır?
-Bu uğur burada olan imkanlara və ekosistemə bağlıdır. İnvestorlar, mentorlar, proqramçılar, universitetlər, rəqabət, pul və istedad. Bunlar əsas şərtlərdir. Dili bilən, ideyası və həvəsi olan istənilən azərbaycanlı Silikon Vadisində uğur qazana bilər. Əgər baza bilikləri yoxdursa da, nə istədiyini bilirsə, gəlib burada texniki detalları öyrənə bilər və ya tezliklə düzgün komanda yığa bilər.
-Silikon Vadisində iş prosesində əsasən hansı məqamlar prioritet seçilib? Nələrə daha çox diqqət edirsiniz?
- Burada iş yükü çox böyükdür. İşin həm keyfiyyətinə, həm sürətinə, həm də qərarların düzgün verilməsinə qoyulan tələblər də çox yüksəkdir. Şirkətlər çox tez dəyişir. Onlar strategiyalarını, məhsullarını bazara tez çıxarmaq, gəlirlərini tez artırmaq istəyir. Buna görə də dəyişikliyə daim uyğunlaşmağı bilən və hər zaman özünü tələbə kimi aparıb, öyrənmək istəyən insanlara daha çox tələb var.
-Vadidə investisiya mühiti də yaxşı inkişaf edib. Yəqin ki, əsas özəl sektor yatırım edir. Maraqlıdır ki, digər ölkələrdən gəlib yatırım edənlər varmı?. Azərbaycandan da belə yatırımçılar varmı?
-Bəli, burada Çin investorları dəhşət çox yatırım edir. Digər ölkələrdən də gəlib yatırım edənlər var. Azərbaycandan isə belə yatırımçılar hələ gözümə dəyməyib. Məncə, belə bir məsələ olsa, siz məndən tez bilərsiniz (gülür).
-Sektorun inkişafına Vençur şirkətləri necə təsir edir? Yəqin ki, Vadidə Vençur şirkətləri də çoxdur.
- Bəli, burada Vençur şirkətləri çoxdur. Siliconvalley.com və buradan ətraflı məlumat əldə bilərsiniz.
-Ümumiyyətlə, layihəyə yatırım hansı mərhələlərdə edilir?
- Demək olar ki, bütün mərhələlərdə yatırım edilir. Hər mərhələnin özünə uyğun yatırımçı şirkəti olur. Böyük banklar B və C yatırımlar edir. Kiçik şirkətlər isə seed (toxum) “A” üzrə ixtisaslaşırlar. Yəni, bunun müxtəlif formaları var.
-Yəni, layihənin müəyyən mərhələsinə qədər öz ciblərindən pul xərcləyirlər, ya necə? Bəzən belə fikir olur ki, heç bir invetsisiya yoxdursa, startap yaratmaq olmaz
- Baxır ideyaya, bəziləri deyir ki, müştərilərin artsın, sonra bizə gəl. Bəzilərinin isə elə Powerpoint Slide-larına (təqdimatlarına) yatırım edirlər. Bu, ideyaya və onu təqdim edən insana bağlıdır. Əksər vaxt ilkin mərhələdə yatırımçılar çox güclü istedad cütlüyünün və ya qurpunun (co-founders) təqdim etdiyi orta səviyyədə olan ideyaya yatırım edir, nəinki orta səviyyəli komandanın təqdim etdiyi güclü ideyaya…
Çünki yatırımçılar gəlib özləri o şirkəti qaldırmayacaq. Onlar üçün güclü, bilikli və aralarında birlik və düzgün enerjisi olan komandaların olması daha vacibdir.
-Layihələrə mentor dəstəyi necədir? Bu, ödənişli təşkil edilir?
- Yenə də baxır ideyaya və onu təqdim edən şəxsə. Əgər səndən çox xoşları gəlirsə, qapına düzüləcəklər ki, sənə pulsuz mentorluq etsinlər. Düzdür, layihədə müəyyən maraqları olur. Yəni, şirkətin payından istəyə bilərlər.
-Siz də maraqlı, bu sahədə tanınmış mütəxəssislərdən təlim alırsınız?
-Öz işim üçün həmişə mentorlar axtarıram və onlarla əlaqədə oluram. Bəli, şanslıyam ki, şirkətimizdə o qədər mentorlar var ki, heç şirkətdən kənara çıxmağa ehtiyac olmur. Amma yenə də müxtəlif sahələrdə olan insanlarla əlaqədə olmağı xoşlayıram.
-Sizcə, uğur qazanmaq üçün, xüsusən də startap sahəsində məkan, mühit vacibdirmi?
-Bəli, həm də çox vacibdir.
- Vadidə Azərbaycan startapları çoxdur? Bizə qarşı münasibət necədir?
-Bizə qarşı deyəndə ki, Azərbaycanı burada çox da tanımırlar. Ümumiyyətlə, burada müxtəlif ölkələrdən çox sayda insanlar var. Startapalara gəldikdə isə bir neçə startap tanıyıram ki, azərbaycanlı dostlar tərəfindən qurulub. Onlar məhsul, xidmət və idxal/ixrac sahəsində öz şirkətlərini burada qurublar. Yəni, burada kimin ürəyi nə istəyir, onunla da məşğul olur (gülür). Zarafat bir kənara, bütün sahələrdə uğur qazanan azərbaycanlı dosltarımız var. Bu, qürurvericidir, əlbəttə.
-Oradan Azərbaycan bazarı görünür? Yəni, bizim bazara, layihələrə yatırım etmək istəyənlər olur?
- Xeyr, görünmür. Buranın bazarı o qədər böyükdür ki, görünənlər dediyim kimi, o səs-küy salmış bazarlardır- İsrail, Avropa (Berlin, Amsterdam, Paris) və yenilərindən - Estoniya, Belarusiya və Bolqaristan kimi bazarlar…
-Sizin fikrinizcə, Azərbaycan hazırki vəziyyətdə İKT sektorunu, xüsusilə də startap ekosistemini necə inkişaf edirə bilər?
- Azərbaycanda eskosistemin böyüməsi üçün çox şey lazımdır. Bu suala yığcam cavab vermək üçün deyə bilərəm ki, ölkədə əsas vacib olan təhsilin keyfiyyətinin artırılmasıdır. İngilislər demiş, bu, “catch 22” kimi bir şeydir. Təhsil yaxşı olmalıdır ki, güclü kadrlar yetişsin. Amma onların da maraqlı iş potensialı olmalıdır ki, daha çox təhsilə maraq olsun.
-İlk nədən başlamalı? Sizcə, bizdə əsas problemlər nələrdir? Azərbaycan qlobal bazara birbaşa Silikon Vadisindən başlaya bilər, yoxsa ilk öncə qonşu ölkələrdən başlamalıdır? Hansı daha məntiqli və uğurlu olar?
-Bir dəfə Orlandoda bir şirkətdə işləyəndə öz layihələrimizi daha effektiv idarə etmək üçün proqram almaq istəyirdim. Proqramı satan telefonda mənə fəxrlə dedi ki, bizim İT dəstək xidmətimiz də Ermənistandadır. Düşündüm ki, deməli, Amerika şirkətləri Ermənistana İT xidmətlərini outsource etməyə başlayıb. Görəsən, Azərbaycanda daimi İT-nin inkişafı üçün ilk öncə outsource konseptindən başlamaq lazımdır?. Əlbəttə, o şirkətin proqramını alası olmadım. Amma o düşüncə hələ də ağlımdadır. Məncə, biz Azərbaycanda bir Google yaradacağıq deyə Aya hədəflənmək əvəzinə ilk öncə eskosistemin inkişafı üçün belə xırda, amma əsas, fundamental məsələlərə fikir verməliyik. Outsourcing-in tələbləri elədir ki, kütləvi şəkildə aşağı və orta bacarıqlı kadrlar yarada bilər. Sonra o outsource xidmətini göstərən kütləvi kadrlar məhsul inkişafını daha tez öyrənə bilər. Odur ki, qlobal bazara daxil olmaq üçün özümüzə uyğun strategiya olmalıdır ki, bazara doğru yerdən daxil olaq və davamlı olaraq bu sahəni inkişaf etdirə bilək.
-Azərbaycan Silikon Vadisində fəaliyyətini necə genişləndirə bilər? Yəni, hər hansı bir mərkəz açmaq və ya başqa bir layihə ilə mümkün olar?
-Olar, amma maraqlı sual yaranır. Həmin mərkəzin hədəfləri nələr olacaq?. Burada bir mərkəz yaratsan, o bir adda ancaq Azərbaycanı düşünən bir təşkilat ruhunda qalmayacaq. Dərhal Vadinin abi-havasında itib, onun bir parçası olacaq. Ona görə Azərbaycanın startap fəaliyyətini məhz burda başlatmaq real görünmür. Əksinə, burada olan mentorları ve kadrları ora cəlb etməyin bir yolunu tapmaq lazımdır. Əlbəttə ki, təcrübə mübadiləsi də cox vacibdir. Estoniyani, Belarusiyanı və yaxud da Bolqarıstanı misal göstərmək olar. Onlardan bu istiqaməti yaxşı öyrənmək olar. Bu ölkələr güclü kadr kütləsi inkişaf etdiriblər. Ona görə də Silikon Vadisindən investorlar onlara daha cox maraq göstərməyə başlayıb.
-Silikon Vadisində tanınmış şirkətdə işləmək yəqin bir çox xanımın arzusdur. Bu, sizdə özünüzə əminlik yaradırmı?
-Özünə əminlikdən keçib. O qədər ağıllı insanlarla işləyirsən və iş o qədər dinamikdir ki, özünəgüvənlik, dolğunluq və şübhə daim bir-biriniz əvəz edir (gülür).
-Neçə övladınız var?. Ailəli olaraq işləmək sizə çətin deyil?
-Bir oğlum var. Hə, uşaqla işləmək çox çətindir. Amma yoldaşımla bunun da öhdəsindən gəlirik. Rahat, sakit və monoton həyatdansa, yorucu, amma dolğun həyata üstünlük verirəm. Bunun da nəticəsindən çox razıyam (gülür).
- Azərbayacanda tez-tez olursunuz?
- Hər iki ildən bir ölkədə oluram.
-Vətənə qayıdıb, burada işləmək fikriniz varmı?
- Düzü, ağlıma arada belə fikirlər gəlir. Ancaq bu düşüncülərin yaxın gələcəkdə real olacağına inanmıram.
-Aygün xanım, indi bir çox gənclər arasında belə bir fikir populyardır ki, məktəbdəki, universitetdəki biliklər gələcək üçün elə də faydalı deyil. Onlar da universitetdən imtina edib, startaplarını yaratmaq istəyirlər. Siz necə düşünürsünüz?
-Əsas odur ki, nə iləsə məşğul olmaq istəsinlər. Əgər startap quraraq eyni zamanda coğrafiya kitabını, tarixi də oturub özləri oxuyacaqlarsa, niyə də olmasın?! . Amma təhsil strukturlu bilik verir. Məlumdur ki, hər insan özü üçün struktur yarada bilmir. Ona görə də yaxşısı budur ki, təhsillərini alıb, sonra başlasınlar. Hamı Bill Gates və Steve Jobs ola bilməz ( gülür).
-Bəzən gənclər ideyalarını bir-birləri ilə paylaşmırlar ki, oğurlayarlar. Silikon Vadisində də bu qorxu varmı?
-Bax, bu yaxşı olmadı. Burada open-sourcing konsepti çox yayılıb. Çox insan özü kimi ağılları tapır və onlara ideyalarını açıb-tökür ki, ideyalarını daha yaxşı inkişaf etdirsinlər. Bir insanın başından gələn ideyadansa, 10 insanın başından gələn ideya yaxşı olar. Amma yəqin ki, ideyanı oğurlayan da olur. Steve Jobs deyirdi ki, Bill Gates onun operativ sistem üzlüyünü oğurlayıb. İnsanıq da (gülür).
-Son olaraq, İT gənclərə, startap yaratmaq istəyən oxucularımıza layihələrinin uğur qazanıb, davamlı olması üçün nə məsləhət görərdiniz?
- Hədəf və tükənilməz həvəs. Heç bir yaxşı nəticə boşa keçən saatlardan yaranmır. Bu startap sahəsi çoxlu əziyyət, araşdırma və təcrübə tələb edən işdir. Bu sahədə həqiqətən uğur qazanmaq istəyənlər bunu bacarırlar.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri