AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Suverenlik, süni intellekt və müasir şüur problemi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Xeberler.az bildirir ki, hibrid formatda keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin əməkdaşları, Türkiyə, Pakistan və s. ölkələrdən alimlər, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri və aidiyyəti şəxslər iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan akademik İsa Həbibbəyli tədbirin “Konstitusiya və Suverenlik İli”nə həsr edildiyini və 27 mart – Elm günü ərəfəsində keçirilməsinin olduqca əlamətdar olduğunu bildirib. AMEA-nın yaranma tarixi barədə konfrans iştirakçılarına məlumat verən akademik İsa Həbibbəyli 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə ölkəmizdə elmin təşkilatlanmasının ilk təməllərinin atıldığını bildirib. Qeyd edib ki, bu qurum 1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu kimi fəaliyyət göstərməyə başlayıb, 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi təsis edilib, 3 il sonra isə SSRİ SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına çevrilib.
Bununla da müstəqil Akademiyanın yaradılması istiqamətində mühüm addımların tamamlandığını deyən akademik İsa Həbibbəyli nəhayət 27 mart 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis olunduğunu, 15 nəfərdən ibarət ilk təsisçilərinin müəyyənləşdirildiyini söyləyib. 4 gün sonra, 31 mart 1945-ci ildə Akademiyanın ilk Ümumi yığıncağının keçirildiyini və iclasda AEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibinin seçildiyini, Rəyasət Heyətinin 5 nəfərdən ibarət ilk tərkibinin formalaşdırıldığını diqqətə çatdırıb.
Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ilə respublikada bütün sahələrdə olduğu kimi, elm sahəsində də mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan akademik İsa Həbibbəyli bu dövrün Akademiyanın tarixində intibah mərhələsi kimi qiymətləndirildiyini, Azərbaycan Elmlər Akademiyasının SSRİ-nin “Xalqlar dostluğu” ordeninə layiq görüldüyünü vurğulayıb. İntibah dövrünün 1982-ci ilə qədər davam etdiyini bildirən AMEA rəhbəri qeyd edib ki, 1983-1993-cü illər Akademiyanın tarixində tənəzzül, böhran mərhələsi kimi xarakterizə olunur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə Akademiyanın da yeniləşmə və təşkilatlanma dövrünə qədəm qoyduğunu deyən natiq bildirib ki, Ümummilli Liderin Sərəncamı ilə 2001-ci ildə “Milli” statusunun verilməsi ilə Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyasına çevrilib. 2003-2022-ci illərdə isə AMEA-nın modernləşdirmə dövrünü yaşadığını bildirən akademik İsa Həbibbəyli dövlət başçısının diqqət və qayğısı nəticəsində AMEA-nın Yüksək Texnologiyalar Parkının yaradıldığını, Milli Ensiklopediya Mərkəzinin, Mərkəzi Elmi Kitabxananın yeni binasının istifadəyə verildiyini söyləyib.
“2022-ci ildən etibarən isə AMEA yeniləşmə və islahatlar dövrünə qədəm qoyub. Akademiyada dövlət başçısının çağırışlarını, Azərbaycan dövlətinin prioritetlərini və müasir dünya elmində gedən tendensiyaları nəzərə alaraq, daxili imkanlar hesabına, mövcud ştatlar əsasında 50-yə yaxın yeni şöbə yaradılıb. Bunlar sırasında Prezident İlham Əliyevin prioritet olaraq müəyyənləşdirdiyi Qərbi Azərbaycan, Türk dünyası, rəqəmsal texnologiyalar və süni intellektlə bağlı şöbələr də var”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.
Ali Baş Komandanın liderliyində Vətən müharibəsində qazanılmış tarixi Zəfər və antiterror tədbirləri ilə dövlət suverenliyimizin tam bərpa olunduğunu, bütün ölkə ərazisində Dövlət Bayrağımızın dalğalandığını deyən natiq Prezident İlham Əliyevin adının Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Qeyd edib ki, dövlət suverenliyimiz xalqımızın milli sərvətidir və Akademiyanın Fəlsəfə və Sosiologiya İnstitutunda suverenliyimizə gedən yolun fəlsəfəsinə dair önəmli tədqiqatlar aparılır.
Akademik İsa Həbibbəyli çıxışının sonunda alimlərimizin bundan sonra da dövlət başçısının çağırışlarını, Azərbaycan dövlətinin prioritetlərini və dünya elmində gedən tendensiyaları nəzərə alaraq tədqiqatlar aparmaqla ölkəmizin inkişafına öz töhfəsini verəcəyini söyləyib və tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı və Elm günü münasibətilə təbrik edərək konfransın işinə uğurlar arzulayıb.
Sonra çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., prof. İlham Məmmədzadə bütün sahələrdə olduğu kimi, fəlsəfənin də birbaşa süni intellektlə bağlı olduğunu vurğulayıb: “Fəlsəfə bu gün süni intellektdən kənarda qala bilməz. Demək olar ki, bütün sahələrdə süni intellektin xidmətlərindən yararlanılır. Hər şey inkişaf edir, modernləşir. Belə olduğu təqdirdə biz alimlər də öz işlərimizi inkişaf etdirmək üçün süni intellektdən faydalanırıq”.
O, insanların süni intellektdən hansı formada faydalanması, bunun nəticəsində yarana biləcək problemlərin aradan qaldırılması üçün alimlərin, xüsusilə filosofların geniş elmi təhlillər apararaq müəyyən elmi nəticələr ortaya qoymasının zəruriliyini vurğulayıb.
Konfransda, o cümlədən Türkiyənin Atatürk Universitetinin professoru Kərəm Karabulut (onlayn) “Türkiyə və Azərbaycanda egemenlik, kimlik və bilincin qısa analizi”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdirləri f.e.d., professor Adil Əsədov “Suverenlik: politoloji və estetik aspektləri arasında fluktasiyalar”, f.ü.f.d., dosent Faiq Ələkbərli “Milli şüurun müasir şüurla uzlaşmasında problemlər və həll yolları”, Pakistanın Sülh və Diplomatik Anlayış İnstitutunun direktoru Dr. Asif Nur “Diplomatik əlaqələrin inkişafında mədəni şüur amili”, f.ü.f.d., dosent Zöhrə Əliyeva “Müasir dövrdə identiklik problemi” mövzularında, həmçinin f.e.d., Füzuli Qurbanov, f.e.d. Əbülhəsən Abbasov, AMEA-nın “Elektron akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov çıxış ediblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri