"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025 / 12:30

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli Fərmanı və AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib.

Xeberler.az bildirir ki, Akademik İsa Həbibbəyli bildirib ki, “Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın “Dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası” ilə bağlı 1.1.2. bəndinin icraçıları sırasında Azərbaycan Milli Elmlər Akademiyası da var.

Dövlət başçısının Fərmanının digər dövlət qurumları ilə yanaşı, AMEA qarşısında da mühüm vəzifələr qoyduğunu deyən AMEA rəhbəri diqqətə çatdırıb ki, son üç il ərzində Azərbaycan Milli Elmlər Akademiyasında milli maraqları və dünyanın qabaqcıl elmi məktəblərində gedən trend və tendensiyalar nəzərə alınmaqla həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini AMEA-da elektron elmin inkişafı, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinin dəstəklənməsi, süni intellekt texnologiyalarının tətbiqi, elmmetrik araşdırmalar, elektron sənəd dövriyyəsi sisteminin tətbiqinin daha da genişləndirilməsi istiqamətində görülən işlər təşkil edir. Qeyd edib ki, bu istiqamətdə görülən işlərin sistemli və hərtərəfli icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatında Elektron Akademiya şöbəsi yaradılıb, bu şöbə vasitəsilə elmi jurnalların elektron bazalarının, elmi işçilərin virtual profillərinin, Rəqəmsal İnformasiya Resursları Sisteminin yaradılması, ilkin istinad hesablamalarının formalaşdırılması istiqamətində zəruri addımlar atılıb. Həmçinin AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarı ilə AMEA-nın qurumlarında elektron xidmətlər şöbəsi yardılıb.

Akademik İsa Həbibbəyli süni intellekt və rəqəmsal texnologiyalar sahəsində inkişafın bu gün dünya dövlətlərinin başlıca hədəfləri olduğunu və Prezident İlham Əliyevin Fərmanının Azərbaycanın da bu sahədə mühüm nailiyyətlər əldə etməsinə təkan verəcəyini söyləyib.

AMEA rəhbəri, həmçinin elektron xidmətlər şöbələrinin fəaliyyətlərinin daha da gücləndirilməsi, mövcud kadrların təkmilləşdirmə təlimlərinə göndərilməsi və s. istiqamətlərdə tapşırıqlarını verib.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev sözügedən məsələ ilə bağlı çıxış edib. Akademik Rasim Əliquliyev qeyd edib ki, bu Konsepsiya ölkəmizdə yaxın gələcəkdə rəqəmsal dövlətin formalaşması istiqamətində qəbul olunmuş çox mühüm strateji, həm də faktiki vəzifələri müəyyənləşdirən sənəddir.

Azərbaycanda bu istiqamətin əsaslarının 2000-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran akademik Rasim Əliquliyev “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın qəbul olunması ilə informasiya cəmiyyəti ideologiyasının Azərbaycan cəmiyyətində formalaşması istiqamətində dövlət siyasətinin rəsmi olaraq bəyan edildiyini vurğulayıb. Bildirib ki, ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində mühüm addımlar atılıb, bir çox uğurlar, nailiyyətlər əldə edilib, elektron hökumət formalaşdırılıb və dünyanın aparıcı qlobal reytinqləri də bunu təsdiqləyir.

Natiq “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın “Konstitusiya və Suverenlik İli”ndə qəbul edilməsinin mühüm addım olduğunu, qəbul edilmiş sənədin dövlət qurumlarının rəqəmsal fəaliyyətinin vahid mərkəzdən idarəsinə və sistemləşdirilməsinə təkan verəcəyini söyləyib.

İclasda qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyətinin elmi bölmə və mərkəzlərinə, nəzdindəki təşkilatlara Fərmanın icrası ilə bağlı təkliflərin hazırlanaraq, AMEA Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə