“TEKNOFEST” çərçivəsində “Baku Skills” müsabiqəsinə start verilib

02-02-2022 / 17:08

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində yuxarı sinif şagirdləri və tələbələr üçün nəzərdə tutulan 3D çap texnologiyası üzrə müsabiqəyə qeydiyyat artıq başlayıb.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə cari ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil, innovasiya və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Qeyd edək ki, “Baku Skills” müsabiqəsinin keçirilməsində əsas məqsəd 3D çap texnologiyasından mükəmməl istifadə edən istedadlı şəxsləri aşkara çıxarmaqdır. 3D çap ən inqilabi texnologiyalardan biridir və gənc nəslin müvafiq texnoloji imkanlardan effektiv bir şəkildə istifadə etməsi günümüzün əsas tələblərindəndir. İnnovasiya yönümlü məhsul və prototiplərin hazırlanmasında, detalların və mexaniki hissələrin dizaynında, eləcə də müxtəlif model dizayn texnikasında 3D çap bacarıqları olduqca önəmlidir. 3D çap yaradıcı texnologiya olmaqla yanaşı, tələbələrə CAD proqram təminatından istifadə edərək problemləri necə həll etmək barədə düşünməyə fürsət verir.

“Baku Skills” müsabiqəsində iştirak etmək istəyən namizədlər hər hansı proqram təminatında 3D modelləşdirmə üzrə təməl bacarıqlara yiyələnmiş, STL/VRML tipli fayl uzantılarına yüklənmiş və ya 3D çap üçün nəzərdə tutulmuş modeli çapa göndərməyi bacaran şəxslər olmalıdır.

Vurğulamaq istəyirik ki, qeydiyyat prosesini tamamlayan bütün iştirakçılar son nəsil 3D printerlər və PLA/ABS filamentləri ilə təmin olunacaqlar.

Müsabiqənin müxtəlif mərhələlərində iştirakçılara CAD modellərinin dizaynı və onların çapı ilə bağlı tapşırıqlar veriləcək. Müsabiqədə 2 kateqoriya üzrə iştirak etmək mümkündür. Müsabiqənin özəlliyi həm də ondan ibarətdir ki, orta məktəb şagirdləri A kateqoriyasını təmsil etməklə innovativ ideyalarını “TEKNOFEST” kimi mötəbər festivala təqdim edə biləcəklər. Azərbaycanda təhsil alan ali məktəb tələbələri isə B kateqoriyasına daxil olmaqla məhsul və layihələrini müsabiqəyə təqdim edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə