Ötən həftə Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə layihə irəli sürülüb.
Belə ki, vergilər naziri Fazil Məmmədov təklif edib ki, Məcəlləyə elektron ticarətdə xarici onlayn mağazalardan alınan mallara vergi tətbiq ilə bağlı yeni maddə əlavə edilsin.
İrəli sürülən layihədə qeyd edilib ki, xarici onlayn mağazalaradan alış-veriş edərkən fiziki şəxslər məhsulun öz qiyməti ilə yanaşı, 18 faiz Əlavə Dəyər Vergisi (ƏDV) də ödəməlidir.
Əlbəttə bu yeni təklif cəmiyyətdə birmənalı qarşılanmadı. Günlərdir sosial şəbəkədə yeni layihə ilə bağlı müzakirələr davam edir.
Yeni qanunu müsbət və mənfi qarşılayanlar var.
Xeberler.az olaraq məsələ ilə bağlı elektron ticarət sahəsində çalışan şəxslərlə, bu sahə ilə bağlı mütəxəssislərlə söhbət etdik.
Görəsən, yeni qənun layihəsi nəyi nəzərdə tutur?. Onlayn mağazalardan alınan mallara vergi tətbiq necə həyata keçiriləcək?. Ümumiyyətlə, bu 18 faizlik ƏDV-yə hansı məhsullar daxildir?
"Ümumiyyətlə, xarici Virtual Post Terminallara (VPOS) çıxış olan bütün e-məhsulların və xidmətlərin ödənişlərin hamısı bu yeni ƏDV ilə tənzimlənəcək”
Biznesin İnkişafı üzrə mütəxəssis Nicat Manafov yeni qanunda nəzərdə tutulan məsələlərə aydınlıq gətirib:
“Məlumdur ki, hazırda Azərbaycanın daxilində ƏDV ödəyirik. Amma bu, xaricdən aldığımız mallara şamil edilmir. Yeni layihədə isə xaricdən elektron formada alınan bütün xidmətlər və məhsullara 18 faiz ƏDV qoyulması təklif edilir. Buraya bütün növ e-xidmətlər: bulud xidmətləri, Google-dan aldığımız xidmətlər, Goolge Play-dən yüklədiyimiz oyunlar, Uber-də edəcəyimiz ödənişlər, Facebook və Google-da istifadə etdiyimiz reklam büdcələri, həmçinin eBay, Amazon, Aliexpress-dən alınan fiziki məhsullar daxildir. Ümumiyyətlə, xarici Virtual Post Terminallara (VPOS) çıxış olan bütün e-məhsulların və xidmətlərin ödənişlərin hamısı bu yeni ƏDV ilə tənzimlənəcək”.
Xaricdən aldığınız məhsulun öz qiymətindən əlavə 18 faiz vergi ödəyəcəksiniz
Nicat Manafovun sözlərinə görə, bu da o deməkdir ki, Siz xarici onlayn mağazalardan aldığınız məhsula 5 dollar ödəyirsiniz, bundan əlavə Sizin kartınızdan 18 faiz vergi tutulur:
“Əvəllər belə bir şey yox idi. Hər satıcı öz ölkəsinə vergi ödəyirdi. Bunun da Azərbayacan təsiri yox idi. İndi isə daxili sahibkarlığı qorumaq üçün yerli istehlakçıya satılan məhsulun qiymətindən əlavə 18 faiz ƏDV tətbiq etmək istəyirlər. Məqsəd yerli sahibkarlığı , yerli e-ticarət mağazalarını qorumaq və vergi yığımlarını artırmaqdır”.
"Yeni təklif yoxsuluğa gətirib çıxara bilər”
Nicat Manafov hesab edir ki, yeni qanun iki başlı dəyərləndirmədir:
“Bir məsələ aydındır ki, hansı məhsulların yerli bazarda alternativləri var, onların xaricdən alışına 18 fazi ƏDV şamil olunacaq. Amma bəzi məhsullar da var ki, onların yerli alternativi yoxdur. Məsələn, Google-da olan bulud xidmətləri, , Play Store-dan yüklədiyimiz oyunlar. Bu xidmətlərə 18 faiz ƏDV şamil etmək ancaq istehlakçılara ziyan verə bilər. Yəni, Siz daha çox xərcləyib, az məhsul alacaqsınız. Bunula da, alıcının xərci daha da artacaq. Nəticədə yeni təklif yoxsuluğa gətirib çıxara bilər”.
Mütəxəssis hesab edir ki, bu yeni qaydalardan yayınma yolları da var ki, Vergilər Nazirliyi bunun qarşısını almaqda çətinlik çəkəcək:
"Vergilər Nazirliyi bunun qarşısını ala bilməyəcək..."
“Qanundan yayınmağın çox və asan yolları var. Məsələn, xaricdə yaşayan azərbaycanlıların sayı kifayət qədərdir. Azərbaycanda xarici onlayn mağazadan mal almaq istəyən şəxlər həmin şəxsin kartına pul yükləyəcək, o da xaricdən öz kartı ilə məhsulları alacaq. Vergilər Nazirliyi bunun qarşısını ala bilməyəcək”.
Nicat Manafov deyir ki, bunun qarşısının alınmasının yeganə yolu isə Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlıq etməkdir:
"Bütün məhsulların Azərbaycanda alternativ olduqdan sonra bu siyasəti tətbiq etmək olar"
“Bu şirkətlə əməkdaşlıq edib, Amazon, eBay kimi onlayn mağazalardan vergi almaq olar. Bununla yanaşı, yerli elektron ticarətdə alternativlər yaradaraq, yerli sahibkarlığa, xüsusən gömrük güzəştləri olmadır. Bütün məhsulların Azərbaycanda alternativ olduqdan sonra bu siyasəti tətbiq etmək olar. İndiki mövcud vəziyyət elədir ki, daxili bazarda həmin qlobal mağazalardan alınan məhsullar yoxdur. Sahibkar da bunları ölkəyə gətirmir. İndiki məqamda qanunun qəbulu sadəcə istehlakılara ziyan verəcək”
Xercim.az, Kvotter layihəsindən tanıdığımız startapçı Orxan Əhmədov hesab edir ki, elektron ticarətdə xarici onlayn mağazalardan alınan mallara vergi tətbiqi yenilik deyil və bir çox Avropa, Asiya ölkələrində tətbiq edilməkdədir:
“Burada əsas məqsəd təbii ki, yerli elektron ticarətin inkişafı və ölkədən çıxan valyutanın həcmini azaltmaq dayanır. Yəni, pul ölkə daxilində dövriyyəyə daxil olur və ÜDM-i artırır”.
"Hökumət ölkə daxilində elektron ticarətin inkişafı üçün demək olar ki, heç bir addım atmır"
Orxan Əhmədov deyir ki, bu məsələlər ilə bağlı Azərbaycanda vəziyyət bir az fərqlidir:
“Bu qərar açıq -aydın ölkədən çıxan valyutanın həcmini azaltmağa yönləndirilib və böhran dövründə atılan normal addımdır. Lakin bununla belə hökumət ölkə daxilində elektron ticarətin inkişafı üçün demək olar ki, heç bir addım atmır. Əksinə elektron ticarətə vergi nəzarətinin gücləndirilməsi, plastik kartlardan ödəniş zamanı əlavə 1% verginin tətbiqi, ödəniş platformalarının qoşulmasında ləngimələr və digər problemlər bu sahənin inkişafına mane olur”.
Startapçı qeyd edir ki, hazırda Azərbaycanda həm əhali, həm də biznes nağd ödənişlərə üstünlük verir. Bu məqamda yeni qanunun yerli elektron ticarətin inkişafına təsir edəcəyini düşünmək doğru deyil:
“Çünki yerli elektron ticarət 2 yerə bölünüb. Biri yalnız Azərbaycanda istehsal olunub alınan mallardır ki, bunu onsuz da xaricdən alan yox idi. Məsələn; gül, şirniyyat sifarişi. Azərbaycanda oturub, ABŞ-dan Azərbaycana gül sifariş etmək heç kəsin ağlına gəlməz. Digər mallar isə ölkəyə xaricdən idxal edilən və gömrükdə onsuz da 36% vergi qoyulan mallardır ki, yenə də xarici saytlardan almaq daha sərfəlidir”.
Orxan Əhmədov ölkədə bütün sahələr üzrə elektron xidmətlərin verilməsinin mümkünsüz olduğunu bildirib:
“ Onlayn rejimdə aparılan aviabilet, xarici hotel bronu, kitab, oyun, proqram yükləmələri, hostinq və bulud xidmətləri, sosial platformalarda reklam haqları və s. bu kimi ödəmələr var ki, bunların böyük əksəriyyətini əvəz etmək mümkünsüz olduğundan, nəticədə bütün bu sahələr üzrə qiymətlər qalxmış olacaq. Bu isə ilk növbədə biznesin inkişafı və əhalinin cibinə mənfi təsir göstərəcək. Qısacası, ölkədən xarici valyutanın çıxmasını azatlmaq məqsədilə 18% ƏDV tətbiqi əvəzinə, ölkəyə xarici valyuta axınını artırmaq üçün həllər üzərində işlənilsə idi, daha xeyrili və məntiqli olardı”.
Tor Digital Agency-in təsisçisi və direktoru olan, əsasən də yerli mobil oyunumuz -Fatal Fight-ın yardıcısı kimi tanıdığımız Toğrul Səmədov məsələyə digər tərəfdən yanaşır.
"Əslində, bu qərarın indiyədək tətbiq edilməməsi təəccüblüdür"
O, hesab edir ki, insanlar bu xəbərə reaksiya vermədən öncə ƏDV nin nə olduğunu anlamalıdır:
“Xaricdən alınan mallar və xidmətlər üçün ƏDV-nin tədbiq edilməsi tam normal haldır. Əslində, bu qərarın indiyədək tətbiq edilməməsi təəccüblüdür. Xarici elektron ticarət saytları yerli müştərilər üçün ƏDV əlavə edir, xarici müştərilər isə ƏDV dən azad olur, çünki alıcılar ƏDV-ni yaşadıqları ölkədə ödəməlidirlər”.
Toğrul Səmədov deyir ki, bu və digər qanununlar qəbul olunduğunda cəmiyyətdə yaranan anlaşılmazlığın və neqativ münasibətlərin bir neçə səbəbi var:
"Bu qanunu qəbul etməmişdən bank sistemi sağlamlaşdırılmalı idi"
“Əsas səbəb bu qanunların kompleks şəkildə, düşünülmüş və düzgün ardıcıllıqla qəbul edilməməsidir. Bu bir növ ölkədə plansız çəkilən yolların vəziyyətini xatırladır. Yol çəkilir sonra məlum olur ki, yolu çəkməmişdən yolun alt ilə su xətti çəkilməli imiş. Bu qanun qəbul etməmişdən bank sistemi sağlamlaşdırılmalı idi. Yəni, indiki halda etibarını itirmiş banklar onlara etibarı bir az da itirəcək. Onlayn ödəmələr üçün insanlar pullarını xarici banklarda yerləşdirib ödəmələri o banklardan etməyə üstünlük verəcək. Sözsüz bu,ancaq elektron xidmətlərə aiddir (elektron kitab, serverlərin kirayəsi, domen adları). Başqa bir səbəb isə əhalinin verilən qərarlar barədə kifayət qədər maarifləndirilməməsidir. Məsələn, bu qanunun qəbul edilməsi barədə cəmiyyətdə vahimə yaratmaqdansa, mətbuat ƏDV nin nə olduğunu və onun tədbiq edilməsinin üstünlüklərini insanlara izah etsə, bu tip xəbərlər cəmiyyətdə vahimə yaratmaz”.
"Təklif ona görə verilib ki, insanlar xaricdən məhsul almaq yerinə, yerli məshullar alsın"
Alkredit.az layihəsi ilə e-ticarətlə məşğul olan Elşad Yusifli hesab edir ki, yeni qanun VOEN-i olan və alış-verişi ticarət məqsədi ilə edən şəxslərə şamil olunmur:
“Yəni, kim öz şirkət hesabından ödəniş edərək xaricdən məhsul alırsa, həmin şəxs vergisini ödəyir deyə ondan əlavə 18% ƏDV alınmayacaq. Məlum məsələdir ki, bu təklif ona görə verilib ki, insanlar xaricdən alış veriş etmək yerinə , yerli məshullar alsın. Ancaq bir çox məhsul da yerli bazarda istehsal olunmur, bu da əsassız qiymət artımı ilə nəticələnəcək.”
Onun sözlərinə görə, idxal olunan məhsulun qiymətinin artması yerli istehsalı artıra bilər:
“Bu iqtisadiyatın qaydasıdır, ancaq bu qaydanın işləməsi üçün əvvəlcə yerli istehsal olmalıdır. Bu da vaxt tələb edir”.
Elşad Yusifli qeyd edib ki, Türkiyədə tam bu təklif kimi olmasa da, buna bənzər təcrübə var:
“Türkiyədə xaricdən gətirilən mobil telefonların IMEI qeydiyyat rüsumu çox da kiçik məbləğ deyil. Bunun alınmasında məqsədlərdən biri gömrük vergisi ödəyərək ölkəyə telefon gətirən biznesləri qorumaqdır. Hesab edirəm ki, dövlət yerli sahibkarları qorumaq üçün böyük addımlar atmalıdır. Bu addımlar hazırkı təklif kimi istehlakçını cəzalandıraraq yox, əksinə istehsalçıya təşviqlərin verilməsi ilə olmalıdır. Yeni başlayan bizneslərə hanısa güzəştlər, istehsal müəssisələrinə güzəştlər olmalıdır”.
Məsələ ilə bağlı Vergilər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən verilən məlumata görə, hazırda yeni qanun layihəsi ilə bağlı ətraflı məlumat hazırlanır.
Qeyd edilib ki, cəmiyyətdə məsələ ilə bağlı yalnış anlaşılmalar var. Nazirlik bununla bağlı yaxın vaxtda ətraflı şərh verəcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri