AzScienceNet şəbəkəsinin inkişaf perspektivləri müzakirə edildi

05-05-2011 / 19:18

Elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiq olunduğu qloballaşan dünyada e-elm dövrün tələblərinə cavab verən elmi axtarışların, tədqiqatların, bilik və təcrübə mübadiləsinin aparılmasında əvəzedilməz rol oynayır. Bu məqsədləri qarşısına hədəf kimi qoymuş və uğurla həyata keçirən dünyanın aparıcı ölkələrində bu gün sosial-iqtisadi, tibbi, texniki və s. sahələrdə bəşəriyyət üçün vacib innovativ elmi nəticələrin əldə edilməsi, qlobal şəbəkənin imkanlarından istifadə etməklə yeni şəbəkə xidməti növlərinin təşkili istiqamətində kompleks tədbirlər görülür. 

Ölkəmizdə bütün elm sahələrinin innovativ inkişafına nail olmaq, bu prosesdə müstəsna rol oynayan informasiya texnologiyalarının geniş tətbiqi, İKT infrastrukturunun beynəlxalq tələblərə müvafiq olaraq təşkili, o cümlədən elektron elm siyasətinin bərqərar olması başlıca hədəflərdəndir. E-elmin geniş vüsət tapması, yeni şəbəkə xidməti növlərinin təşkili məqsədilə müvafiq dövlət qurumları, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən məqsədyönlü işlər aparılır. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Elmi Şuranın iclası da respublikamızda formalaşmaqda olan e-elmin şəbəkə platforması olan AzScienceNet şəbəkəsinin inkişaf perspektivləri, bu sahədə mövcud problemlər, onların həlli yolları və digər məsələlərin müzakirəsinə həsr olunmuşdur. 

Ölkəmizdə e-elm siyasətinin bərqərar olması, dünyanın elmi şəbəkə qurumlarına inteqrasiya proseslərinin təşkili istiqamətində mərhələli şəkildə kompleks işlərin həyata keçirildiyini söyləyən institut direktoru, AMEA-nın müxbir üzvü 
Rasim Əliquliyev AzScienceNet şəbəkəsinin e-elmin perspektivli inkişafındakı rolundan söhbət açdı. AzScienceNet-in fəaliyyətinin modern səviyyədə təşkilinin vacibliyini qeyd edən alim Azərbaycan elminin innovativ inkişafının təminində şəbəkənin mühüm əhəmiyyətə malik olduğunu bildirdi: “E-elmin əsas məqsədi elmin müasir tələblərə uyğun inkişaf etdirilməsi, elmi idarəçiliyin təkmilləşdirilməsi, respublikanın elmi qurumlarında İKT-nin geniş tətbiq edilməsi, vahid milli elmi informasiya fəzasının formalaşdırılması, elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, bütün elm sahələrinin dünya standartları səviyyəsində inkişaf etdirilməsinə və dünya elm məkanına inteqrasiyasına nail olmaqdır”. 

R.Əliquliyev İTİ-nin Tədris-İnnovasiya Mərkəzində AzScienceNet-in əsasında zəruri və yeni şəbəkə xidmətləri növlərinin yaradılması, o cümlədən distant tədrisin, Az-CERT xidmətinin yüksək səviyyədə təşkilinin əhəmiyyətindən də danışdı, “AzScienceNet elm kompyuter şəbəkəsinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ümumakademiya elmi-praktiki seminarının təşkilinin önəmliyini vurğuladı. 

İTİ-nin baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru 
Rəşid Ələkbərov AzScienceNet şəbəkəsinin fəaliyyət planı haqqında ətraflı məlumat verdi. AzScienceNet-in texniki və proqram təminatı infrastrukturunun inkişafı istiqamətində aparılan işlərdən söhbət açan R.Ələkbərov şəbəkənin fasiləsiz fəaliyyətinin təmin edilməsi, AMEA institutlarında İnternetə çıxış sürətinin artırılması, şəbəkədən istifadədə yüksək keyfiyyət göstəricilərinə nail olunması və s. dair məqsədyönlü işlərin aparıldığını bildirdi. Bu istiqamətdə görülən əsaslı tədbirlərin nəticəsi olaraq 132 Mb/s sürətlə qlobal şəbəkəyə çıxış əldə edildiyini vurğuladı, AMEA-nın elmi qurumlarına statik IP-ünvanların verilməsi, qlobal şəbəkəyə çıxış sürətinin səmərəli paylanmasının həyata keçirilməsi ilə bağlı işlərin aparıldığını söylədi. 

R.Ələkbərov AzScienceNet-in xidmətlərinin təşkili, istismarı və inkişaf etdirilməsi, AMEA-nın Verilənlərin Emalı Mərkəzinin, AzScienceNet-in elektron poçt xidmətində vahid unifikasiya sisteminin yaradılması, şəbəkə əsasında respublikanın elmi qurumları üçün veb-hostinq xidmətinin, ölkədaxili və xarici ölkələrlə onlayn videokonfransların təşkili, regionlar üçün distant tədris xidmətlərinin, o cümlədən AMEA institut və təşkilatlarında fəaliyyət göstərən dissertasiya şuralarında müdafiə prosesinin AzScienceNet üzərindən onlayn rejimində izlənməsinin təşkilinin dünyanın qlobal elm məkanına inteqrasiya proseslərinin sürətləndirilməsində başlıca şərtlərdən olduğunu bildirdi. 

Sonra institutun “Beynəlxalq Əlaqələr” şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Vüqar Musayev şöbənin 2011-ci il üçün fəaliyyət planı haqqında məlumat verdi. V.Musayev şöbə tərəfindən AMEA “Xarici əlaqələr” şöbəsi ilə görülən birgə işlər, beynəlxalq konfranslar haqqında məlumatların toplanması və bu haqda elanların təşkili, beynəlxalq təşkilatlar və bu qurumların Azərbaycandakı nümayəndəlikləri ilə əlaqələrin yaradılması və davamlı inkişafı, institutun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının beynəlxalq aləmdə təbliği və dünyanın aparıcı alimlərinin əməkdaşlığa cəlb edilməsi, elmi-tədqiqat institut və mərkəzləri ilə birgə tədqiqat və qrant imkanlarının araşdırılması, xaricdə yaşayan azərbaycanlı tədqiqatçı və tələbələrlə əlaqələrin yaradılması, müxtəlif səpkili görüşlərin təşkili və s. istiqamətində aparılan işlərdən danışdı. 

İclasda institutun Tədris-İnnovasiya Mərkəzi və Multimedia Mərkəzinin fəaliyyətinin innovativ inkişafının təmini istiqamətində aparılan məqsədyönlü işlərdən də söhbət açıldı. Hər iki mərkəzdə aparılan struktur dəyişiklikləri haqda məlumat verildi. 

//ikt.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə