“Azərbaycanda ənənəvi KİV yeni media sahəsinə, internet sisteminə çoxdan inteqrasiya olunub”

14-10-2011 / 18:38

Osman Gündüz: “Azərbaycanda ənənəvi KİV yeni media tipinə, internet sisteminə çoxdan inteqrasiya olunub”

İnformasiya texnologiyalarının inkişafı bütün dünyada müxtəlif sahələrə təsirsiz ötüşmədi. Bu təsir özünü media sahəsində də göstərməkdədir. Belə ki, texnologiyaların inkişafı yeni media, internet mediasının yaranmasına səbəb oldu. Dünya ölkələrində uzun müddətdir gedən bu proses Azərbaycanda özünü 90-cı illərin ortalarından göstərməyə başlayıb. Yeni media mütəxəssisləri hesab edirlər ki, hələ ölkədə bu sahənin inkişafı üçün çox işlər görülməlidir.
Müsahibimiz Azərbaycan İnternet Forumunun prezidenti, yeni media üzrə ekspert Osman Gündüz bu və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb.

–Osman müəllim, sizcə informasiya texnologiyalarının inkişafı Azərbaycanda media sahəsinə nə kimi təsir göstərib?

–Təbii ki, diqqət yetirdikdə görürük ki, informasiya texnologiyalarının, informasiya cəmiyyətinin formalaşması Azərbaycan media bazarına da ciddi olaraq təsir edib. Yəni bu təsir həm infrastruktur, həm yeni kadrlar ordusunun yaranması, həm oxucularla münasibət, həm də yeni media subyektlərinin yaranması nöqteyi-nəzərindən özünü göstərməkdədir. Yeni media demək olar, media bazarında tamamilə ciddi keyfiyyət, kəmiyyət dəyişiklikləri əmələ gətirib. Bu proses Azərbaycanda təxminən 97-98-ci illərdən getməyə başlayıb.

Artıq bir qədər müddət keçdiyindən təbii, nəticələr barədə də danışmaq olar. Son dövrlər isə biz yeni media sahəsinin ən dinamik və daha surətlə inkişaf edən sahəyə çevrilməsini müşahidə edirik. Yeni media sahəsi dedikdə artıq texnologiyalardan istifadə etməklə qurulan medianı nəzərdə tuturuq. Yəni oxucularla, istifadəçilərlə interaktiv münasibətə imkan verən media subyektini başa düşürük. Ənənəvi qəzetlərin internet resursları, xəbəryönümü üçün yaradılmış kağız versiyası olmayan internet qəzetlər, agentliklər, bloqlar, sosial şəbəkələr hamısı yeni bir media olaraq xarakterizə olunur. Ona görə hesab edirəm ki, artıq demək olar,

Azərbaycanda tam sürətlə yeni bir media deyilən sferanın formalaşması prosesi gedir. Artıq bizdə bloqsfera, demək olar, formalaşıb. Bununla bağlı bir neçə dəfə böyük tədbirlər keçirilib. Azərbaycanda bloqçular, bloq yazarları ordusu var. Eyni zamanda ancaq internetdə olan xəbər resursları mövcuddur. Hesab edirəm ki, bu sahədə də inkişaf gedir. Yəni tək siyasi gündəlik xəbərlər mövzusunda deyil, həm də müxtəlif sahələr üzrə, məsələn, texnologiyalar, idman, tibb üzrə xəbər resursları var. Sosial şəbəkələr də surətlə inkişaf edir, ona görə düşünürəm ki, Azərbaycanda artıq İKT yetərincə media sektoruna təsir edib.

–Bəs media sektoru İKT-nin yaratdığı imkanlardan yetərincə yararlana bilirmi?
–Hesab edirəm ki, yeni texnologiyalardan, xüsusilə, veb-2 deyilən yeni müasir texnologiyalardan o dərəcədə də yararlanmaq mümkün olmayıb. Hər gün yeni-yeni texnologiyalar meydana gəlir. Bu yeni texnologiyalar daha yeni imkanlar ortaya qoyur. Bu texnologiyalar üzərində oxucularla münasibətlər qurmağa, diskussiyalar aparmağa imkan verən platformalar yaratmaq olar. Amma mənim fikrimcə, yeni texnologiyaların verdiyi imkanlardan hələlik o qədər də istifadə olunmur. İstifadə olunursa da, məhdud bir çərçivədədir. Bütövlükdə ölkə üzrə söyləmək ki, yeni texnologiyalardan media sahəsinin inkişafı üçün tam surətdə, yüksək səviyyədə istifadə olunur, düşünürəm ki, bunu demək bir qədər tez olardı. Ona görə ki, burda müəyyən problemlər var və onların həlli də vacibdir. İlk növbədə kadrlar problemini vurğulamaq lazımdır. Təbii ki, yeni media subyektlərini işə salmaq üçün müəyyən bacarıqlar tələb olunur. Bu bacarıqlar informasiya texnologiyaları, yeni media texnologiyaları, yeni alətlərin işə salınması ilə bağlıdır.

Bacarıqların yetərincə olmaması yeni media texnologiyalarının sürətli inkişafının qarşısını alan amillərdən biridir. Ona görə bacarıqların da yetərli olmamasının kökündə dayanan başlıca səbəb jurnalistika təhsili verən universitetlərdə mövcud standartlarla bağlıdır. Mənə düşünürəm ki, universitetlərin jurnalistika fakültəsində müəyyən bir transformasiya getməlidir. Bazar hansı bacarığı, standartı tələb edirsə, ali məktəblər də ona uyğun tədris proqramlarını dəyişməlidirlər.

–Bu sahənin problemlərindən biri kimi də adətən yeni medianın qanuni çərçivəsinin olmaması, yəni tənzimlənməsi qeyd edilir. Bunu ciddi problem saymaq olar, yoxsa hesab edirsiniz daha aktual problemlər mövcuddur?
–Düzdür, bu sahənin dövlətlə olan münasibətlərinin hüquqi müstəviyə gətirilməsində müəyyən problemlər var. Ənənəvi mediada qeydiyyatdan keçdikdən sonra akkreditasiya, dövlət dəstəyi ilə bağlı heç bir problemlə qarşılaşmırsan. Yəni akkreditasiyadan keçərək müstəqil olaraq dövlət qurumlarının tədbirlərində iştirak edirsən, həm də dövlət dəstəyindən bəhrələnmək imkanların olur. Mən prezidentin sərəncamı ilə yaradılmış KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun mediaya ayırdığı qrant yardımları ilə bağlı məsələni nəzərdə tuturam.

Bilirsiniz ki, davamlı olaraq media orqanlarının müxtəlif mövzulu layihələri bu qurum tərəfindən maliyyələşdirilir. Yeni media subyektləri, xəbər saytları, onlayn internet resursları üçün bunlar hələlik tənzimlənməyib. Bəziləri qeydiyyatdan keçmək istəmirlər, amma istəyənlər var. Ona görə bunun prosedurası həll olunmalıdır. Tutaq ki, hansısa bir xəbər resursunu gündə 20 min adam oxuyur, hansısa qəzetin isə 15 nəfər oxucusu var, amma həmin qəzet yardım ala bilir. Məncə bu iki məsələyə, yəni akkreditasiya və dövlət dəstəyi məsələlərinə müəyyən aydınlıq gətirilməlidir. Təhsil problemi ilə bağlı bayaq qeyd etdim, əlavə olaraq bildirmək istəyirəm ki, hazırda biz bu problemin həlli üçün ali məktəblərdə jurnalistika təhsili verən kafedralarla birlikdə layihə gerçəkləşdiririk. Hansı ki biz həmin universitetlərə bazarın tələblərinə, yeni medianın tələblərinə uyğun tədris proqramı hazırlayırıq.

Hazırda bu tədris proqramlarının təkmilləşdirilməsi ilə məşğuluq. BDU və digər universitetlərdə əməkdaşlıq şəklində biz bunu işləyirik. Artıq layihə fəaliyyətə başlayıb. Burda nəzərdə tutmuşuq ki, kadrlar problemini aradan qaldırmaq üçün jurnalistika fakültələrində yeni media texnologiyalarını təkmilləşdirmək üçün yeni tədris proqramları tətbiq edək. Onlar bazarın tələblərinə uyğun olaraq tələbələrdə yeni bacarıq vərdişlərinin formalaşmasına imkan verəcək. Universitetlərə həmçinin təklif edəcəyik ki, yeni media texnologiyaları ilə bağlı kurslar olsun. Yəni multimedia jurnalizmi, onlayn jurnalizmi, vebiditor və sairə, hansı ki yerlərdə işləmək üçün bunlara ehtiyac var. Universitetlərin biri ilə pilot qaydada internet televiziya studiyası açmaq fikrimiz var. Jurnalistika fakültəsi olan bütün universitetlərdə onlayn qəzetlərin modulunu verəcəyik. Yəni hər universitetin özünün onlayn qəzeti olacaq. Bu sanki bir laboratoriya rolunu oynayacaq. Məktəblərdə fizika, kimya, biologiya laboratoriyaları kimi. Həmin modul jurnalistika fakültəsinə imkan verəcək ki, tələbələrə o onlayn qəzet laboratoriyalarında işləyə bilsinlər ki, təcrübə qazanmaq imkanları olsun. Yəni tələb orda xəbər, şəkil, link yerləşdirə biləcək.

Biz bu laboratoriyanı necə işlədə bilməklə bağlı müəllimlər üçün də müəyyən təlimlər keçirməyi nəzərdə tutmuşuq. Müəllim üzərində çalışmalıdır ki, tələbələrə də orda praktika keçə bilsinlər.

Yeri gəlmişkən, media jurnalistika fakültələrini bitirən tələbələri hazır kadr kimi əldə edə bilmir. Bu da onların siz də qeyd etdiyiniz kimi praktiki bacarıqlarının olmamasından irəli gəlir. Sizcə müəllimlərin bu məsələdə rolu nə qədərdir? Yəni müəllimlər yeni standartlarla ayaqlaşa bilirlərmi?

– Son dövrlər mən müşahidə edirəm ki, müəllimlərin əksəriyyəti artıq həm könüllü, həm məcburi olaraq texnologiyalara, kompüterlərə meyl edirlər, onları mənimsəyirlər. Elə müəllimlər var öz bloqlarını yaradıblar. Amma təbii ki, müəyyən qisim var ki, bunlara qarşı bir qədər etinasızdır. Lakin bununla yanaşı gərəkdir ki, əyani təhsil müəssisələrində jurnalistika kafedralarında maddi texniki baza olsun. Birinci keyfiyyətli və surətli internet, ikincisi veb internet studiyalar olmalı, tələbə və müəllimlərin işləməsi üçün müəyyən baza yaradılmalıdır. Məsələn, mən ABŞ-da universitetlərdə altı ay bununla bağlı təcrübə keçdim. Orda hər müəllimin özünün otağı, ayrıca geniş zolaqlı interneti var. Bundan əlavə, bir iş mühiti, yaradıcı şərait mövcuddur. Yəni müəllim dərsə başlamazdan əvvəl internetə girir, axtarıb tapır, tələbələri qəbul edir, onlara nəsə göstərə bilir. Müəllimlər kompüter otağında yox, elə öz otaqlarında hansısa təcrübələr keçə bilirlər. Ona görə düşünürəm ki, hazırda jurnalistika fakültələrində bizim müəllimlər üçün də belə şərait yaradılmalıdır.

– Sizcə internet medianın bayaq qeyd etdiyimiz kimi bəlli çərçivələrinin olmamasının nə kimi mənfi cəhətləri ola bilər?
– İnternet bir qədər daha açıq şəbəkədir və liberaldır. Buna görə də daha sürətli inkişaf edir. Fikir versək, ənənəvi və yeni mediaya artıq fərqləri görəcəyik. ABŞ-da mütəxəssislər belə qənaətə gəliblər ki, artıq orda 2017-ci ildə kağız mediaya nöqtə qoyulacaq. Ümumiyyətlə, BMT-nin bununla bağlı bir açıqlaması var və qeyd edilir ki, 2030-2040-cı illərdə kağız mediaya nöqtə qoyulur. İndi bu kontekstdən yanaşanda tənzimlənmə məsələsinə də diqqət yetirmək lazımdır. Bəzən belə çıxışlar eşidirik ki, internet media internet televiziya tənzimlənməlidir. Bu, Azərbaycanda necə tənzimlənmə bilər ki, dünyada bununla bağlı oturuşmuş bir mövqe yoxdur. Ola bilər, dünyada bununla bağlı müəyyən addımlar atılsın, bir yanaşma olsun, ondan sonra baxıla bilər. Amma indi hesab edirəm ki, Azərbaycanda daha çox bu sahənin inkişafına diqqət yetirmək yaxşı olar, nəinki tənzimlənməsinə. O ki qaldı hansısa qeyri-qanuni xəbərlərin saytlarda yerləşdirilməsi, pornoqrafik videoların, təhlükəli, zərərli informasiyaların yayılmasına, bunun qarşısını almaq üçün Azərbaycanda qanunvericilik mövcuddur.

Cinayət Məcəlləsində pornoqrafiya ilə bağlı maddə var. İstəsən, pornoqrafiyanı kasset vasitəsilə, istəsən internetdə yay, eyni cinayət tərkibi yaradır. Yaxud şərəf və ləyaqətin alçaldılması ilə bağlı yazını istər qəzetin özündə, istərsə də saytında yerləşdir, yenə eyni cinayət tərkibi yaradır. Yəni cinayət cinayətdir və bu kimi hallar qanunlarda tənzimlənir. Yaxud da artıq Azərbaycanda bununla bağlı presedent də var, ona görə düşünürəm ki, burda video-audio cəhətdən, zərər baxımından qorxulu məqam yoxdur. Əgər kimsə bunu edibsə, qanunvericiliklə cavab verməlidir. İnternetdə olması səbəbindən ayrıca qanunvericiliyin qəbul olunmasına ehtiyac yoxdur. Azərbaycan kibercinayətkarlıq haqqında konvensiyaya da qoşulub. Ola bilsin, burda ehtiyac var ki, necə ki, ənənəvi mediada müəyyən etik qaydalar, kodekslər var internet aləmində də bu proses gücləndirilsin. Azərbaycan İnternet Forumu olaraq zaman-zaman biz bu məsələləri qaldırırıq. “Copyright” (müəlliflik hüququ) problemi mövcuddur. Məncə, bu həm də bu sahədə ən ciddi problemlərdən biridir. Yəni son vaxtlar bu sahədə müəllif hüquqlarının pozulmasını müşahidə edirik. Hansısa bir bloqçu gözəl fakt tapır və əla yazı yazıb qoyur bloquna. Onun da stabil oxucuları var, yəni gündə tutaq 300 adam onun bloquna daxil olub, oxuyur. Amma görürsən ki, axşam televiziyalarda onun bloqunda olan materialı səsləndirdilər, istinad da yoxdur. Yaxud hansısa qəzetdə yazı çıxıb və həmin qəzetin oxucuları da 5-10 min nəfərdir. Bloqçu ona istinad edilmədiyi üçün şikayət edir.

Bu mənada düşünürəm ki, ki, “Copyright” yeni mediada çox aktual və ciddi problemlərdən biridir. Yəqin ki, bunun qarşısını almaq üçün müxtəlif addımlar atıla bilər. Çünki bu cür addımlara ehtiyac var. Bu yaxınlarda Nabranda 150 nəfər bloqçunun iştirakı ilə bu məsələni müzakirə etdik. Son dövrlər bloqsfera gücləndirilib, yeni xəbərlər gəlir, digər media, qəzetlər, saytlar, televiziyalar materialdan istifadə edirlər. Bu, doğru deyil.

– Siz yeni media mütəxəssisi olaraq, təbii ki, bu sahənin daha da inkişafının tərəfdarsınız. Ənənəvi media sahiblərində isə bir narahatlıq var. İnternet mediasının inkişafı ənənəvi mediaya necə təsir edib?

– 10 ildən artıqdır ki, bu təsir özünü göstərir. Son dövrlər isə bu təsirlər daha da güclənib. Düşünürəm ki, baş verənləri təbii qəbul etmək lazımdır. Çünki bu qaçılmaz bir prosesdir. Biz qloballaşma dövründə yaşayırıq və dünyanın inkişafı bunları diqqətə edir. Azərbaycanda bu təsirlər gec başlayıb, artıq dünya ölkələrində təsir məsələsi müzakirə olunmur. Bu, çoxdan bitib. Orda transformasiya prosesi başa çatıb və elə ölkələr var ki, gözləyirlər ki, kağız, yəni çap mətbuatı nə vaxt öləcək, sıradan çıxacaq. Yəni inkişaf etmiş ölkələrdə bunu proqnoz edirlər. Hələlik Azərbaycanda mən belə bir təhlükəni görmürəm. Eyni zamanda düşünürəm ki, qəzet redaksiyaları, ənənəvi KİV sahibləri gərək qabaqlayıcı addımlar atsınlar.

Məncə, belə addımların atıldığı artıq hiss olunmaqdadır. Belə ki, bu gün Azərbaycanda üzdə olan, nüfuzlu qəzetlərin sahibləri bunu dərk etdikləri üçün tədricən yeni media sahəsinə meyl ediblər. Yəni bu gün bütün üzdə olan qəzetlərin saytları var, orda tək xəbərlər deyil, artıq videolar audiolar yerləşdirirlər. Elektron KİV-lər, yəni radio, televiziyalar verilişlərinin variantını internetə qoyublar, radiolar internet üzərindən yayımlanır. Bunu belə ümumiləşdirə bilərik ki, Azərbaycanda ənənəvi KİV yeni media tipinə, internet sisteminə çoxdan inteqrasiya olunub. Ona görə onlar çoxdan hesablayıblar ki, perspektiv bunun üzərindədir və düz də ediblər. Bizim tövsiyəmiz bu ola bilər ki, onlar yeni medianın üzərində reklamla, bizneslə bağlı məsələlərdən, pullu xidmətlərdən yararlana bilərlər. Məsələn, mən Amerika təcrübəsində görürdüm ki, orda artıq qəzetə abunə yazılma prosesi ilə bağlı internet saytın pulsuz oxunmasını da onun içərisinə daxil etmişdilər. Yəni sən abunəni ödəməmişdinsə, onda pulsuz müəyyən hissələri oxuya bilərdin.

Amma qəzetə, sayta ayda 5-10 dollar verib abunə yazılmaqla, qəzeti evdə əldə edə və saytı oxuya bilirsən. Düşünürəm ki, Azərbaycanda da artıq ənənəvi media subyektləri həm bu yeni medianın üzərində reklamla, bizneslə, həm pulu xidmətlərlə bağlı məsələləri nəzərdən keçirsələr, gələcəkdə onları elə ciddi problemlər, təhlükə gözləməz. Yeri gəlmişkən, biz bu yaxınlarda yeni medianın problemləri ilə bağlı böyük tədbir keçirməyi nəzərdə tutmuşuq. Problemlər dövlət qurumları, yeni media subyektləri ilə birgə ciddi müzakirə olunacaq.

P.SULTANOVA  525 ci qəzet , 06.10.2011

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə