“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

03-10-2017 / 14:31

"Bu gün yaradılan ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

Xeberler.az-ın məlumatına görə, bunu AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.

 R.Əliquliyev dünya şöhrətli alimin elmi araşdırmalarından, qeyri-səlis məntiq nəzəriyyəsi əsasında elmə gətirdiyi inqilabi yeniliklərdən danışıb.

Akademik bildirib ki, Lütfi Zadə kibernetika elminin hələ formalaşmadığı, kompüter texnologiyalarının yaranmadığı və kommunikasiya nəzəriyyəsinin meydana çıxmadığı bir dövrdə elmi fəaliyyətlə məşğul olmağa başlamış və ABŞ elmi mühitinə inteqrasiya olunaraq dünya üzrə tanınmış alimlərlə birgə fəaliyyət göstərib.

Lütfi Zadənin elmi fəaliyyətinin ilk illərində sərt məntiq və klassik riyaziyyata əsaslanan tədqiqatlarla məşğul olduğunu söyləyən R.Əliquliyev bu tədqiqatların avtomatik idarəetmə nəzəriyyəsi, identifikasiya sistemlərinin analizi və sintezi, filtrasiya problemləri, z-çevirmələr ilə bağlı olduğunu diqqətə çatdırıb.  

O, L.Zadənin 1965-ci ilədək, təxminən 20 il ərzində kibernetika sahəsində fəaliyyət göstərən ən tanınmış alimlər sırasına daxil olduğunu bildirib. Qeyd edib ki, dünya şöhrətli alimin 1965-ci ildə təklif etdiyi qeyri-səlis çoxluqlar nəzəriyyəsi bundan öncə mövcud olan Aristotel məntiqini, Binar məntiqini, klassik riyaziyyatın çoxluqlarla bağlı bütün təriflərini əhatə edərək ümumiləşmiş bir nəzəriyyəni ərsəyə gətirmiş, təbii intellektə yaxın olan qeyri-səlis riyazi aparat təklif edib.

Süni intellekt nəzəriyyəsinə dair ilk elmi əsərin də məhz Lütfi Zadə tərəfindən 1950-ci ildə Kolumbiya Universitetində çap olunduğunu vurğulayan R.Əliquliyev onun həmin dövrdə süni intellektin ilkin ideyalarını irəli sürdüyünü nəzərə çatdırıb.

R.Əliquliyev L.Zadə nəzəriyyəsinin ilk olaraq yaponlar tərəfindən qəbul edildiyini bildirərək hazırda Yaponiyanın patent fondunda qeyri-səlis texnologiyalara dair 23 min patentin mövcud olduğunu və onlardan 18 min patentin dünyanın bir çox tanınmış şirkətlərində tətbiq olunduğunu söyləyib.

“Bu gün meydana çıxan ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”, – deyə bildirən akademik bu nəzəriyyənin ümummetodoloji bir təlim kimi bir çox sahələrdə tətbiqininin mümkün olduğunu vurğulayıb. R.Əliquliyev V nəsil kompüterlərin də məhz bu nəzəriyyə sayəsində yaranmaqda olduğunu bildirib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə