Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022 / 19:40

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev dahi azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə və elmi irsinə həsr olunmuş 8-ci Ümumdünya Soft Computing Konfransının (8th World Conference On Soft Computing) onlayn formatda keçirilən açılış mərasimində çıxış edib.

Xeberler.az bildirir ki, Akademik əvvəlcə konfrans iştirakçılarını Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbərliyi, eləcə də institutun kollektivi adından salamlayıb.

Qeyri-səlis məntiq nəzəriyyəsinin Lütfi Zadəyə dünya şöhrəti qazandırdığını deyən akademik, bu nəzəriyyənin dünya elm tarixinə inqilabi nailiyyət kimi daxil olduğunu dedi. R.Əliquliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 yanvar 2021-ci il tarixində görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadiminin 100 illik yubileyinə dair fəaliyyət planı hazırlamışdıryıb.

Konfransın həmin fəaliyyət planı çərçivəsində təşkil olunduğunu vurğulayan R.Əliquliyev bu tədbirin L.Zadə yaradıcılığının, onun bəşəri ideyalarının təbliğinə töhfələr verəcəyinə, müvafiq sahədə əldə olunmuş elmi nailiyyətlərin təqdim olunması üçün mühüm platforma rolunu oynayacağına əminliyini bildirib.

Xalqımızın adını daim uca tutduğu, qürur hissi keçirdiyi görkəmli elm fədaisi olan L.Zadənin 100 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətini önə çəkən akademik Azərbaycan dövlətinin belə bir tədbiri keçirməyə mənəvi haqqının çatdığını, Zadənin bir azərbaycanlı kimi hər zaman vətənə bağlı olduğunu, dövlət siyasətimizi dəstəklədiyini nəzərə çatdırıb.

Alim dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişafı yolunda mühüm nəticələrin əldə edildiyini, ölkəmizdə süni intellekt, IV Sənaye inqilabı və dünyanın qlobal çağırışlarını, milli və strateji maraqları özündə ehtiva edən elmi-nəzəri, innovativ tədqiqatların aparıldığını nəzərə çatdırdı. Azərbaycan alimlərinin dünyada gedən proseslərdə fəal iştirak edərək elm qarşısında dayanan qlobal problemlərin həllinə yönələn çağırışlara qoşulduqlarını vurğulayıb.

“Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”, - deyən AMEA-nın vitse-prezidenti ölkənin bir çox elmi qurumları və ali məktəblərində qeyri-səlis məntiq, Soft Computing, süni intellekt və digər prioritet istiqamətlərdə araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə edildiyini deyib.

İnstitutun baş direktoru, həmçinin əlavə etdi ki, 2021-ci ilin nəticələrinə görə, Azərbaycan Cənubi Qafqazda kompüter elmləri sahəsində birinci yerdə qərarlaşıb.

Akademik nitqinin sonunda belə bir mühüm tədbirin keçirilməsində əməyi olan təşkilatçılara, eləcə də alim və tədqiqatçılara təşəkkürünü bildirib: “Pandemiya şəraitinə baxmayaraq həm Azərbaycan, həm də dünyanın müxtəlif ölkələrindən olan aparıcı alimləri bir araya gətirən bu tədbir Zadə ideyalarının yayılmasına təkan verməklə yanaşı, elmi əməkdaşlıq üçün yeni imkanlar açacaq”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə