"Təəssüflər olsun ki, proqramlaşdırma sahəsini öyrənmək istəyən gənclərin motivasiyası yoxdur"
Azərbaycan dilində ilk proqramlaşdırma DVD dərslikləri olan "C# master class" və "PHP master class" hazırlanıb. Belə ki, bu dərsliklər proqramlaşdırma karyerasına başlamaq və bu sahədə biliklərin daha da təkmilləşdirərək illərin təcrübəsini qısa zamanda mənimsəyib mütəxəssis ola bilmək imkanı yaradır. "C# master class" dərsliyi həmçinin Beynəlxalq Microsoft sertifikatı almağa köməklik edib bu yolda proqramlaşdırma dillərini öyrənmək istəyən şəxslərə bələdçilik edir.
Hazırda 3-cü növ proqramlaşdırma dilinin videodərslikləri hazırlanır. (Mastering SQL via T-SQL)
Xeberler.az videodərsliklərlə bağlı dərsliklərin müəllifi, proqramçı Tural Süleymani ilə söhbət edib.
Qeyd edək ki, Tural Süleymani hazırda E-Manat ödəmə terminallarının proqramlaşdırma üzrə aparıcı mütəxəssisidir.
Müsahibəni təqdim edirik:
-Tural bəy, Azərbaycan dilində ilk dəfədir ki, proqramlaşdırma dilllərinin videodərslikləri hazırlanır. Bu ideya hansı ehtiyaclardan qaynaqlandı ?
-Videodərsliklərin tərtib edilməsi ilə üç ildir məşğul oluram. Özümün bu sahəyə marağım vardı. Bakı Dövlət Universitetində oxuduğum ilk illərdən proqramlaşdırmanı öyrənməyə başladım. Düzdür, ixtisasıma uyğun deyildi, amma bu sahəyə həvəs olduğum üçün rahat öyrənirdim. Proqramlaşdırmanı öyrənərkən bir çox çətinliklərlə qarşılaşırdım. Belə ki, Azərbaycan dilində bu sahədə məlumatlar demək olar ki yox idi. Proqramlaşdırma dilləri ilə bağlı videodərsliklər azdır. Ən çox xarici resusrlardan qaynaqlanırdım. Xarici dilllərdə kitablar oxuyurdum. Beləliklə çətinliklə olsa da bu proqramlaşırma dillərini öyrəndim və sertifikatını ala bildim. Sonralar fikiləşdim ki, mənim kimi başqa insanlar da var ki, bu dilləri öyrənmək istəyir. Bu məqsədlə illərdir topladığım təcrübələri həmin videodərsliklərdə topladım. Əsas istəyim, proqramlaşdırma dillərini öyrənmək istəyən, həvəsi olan insanlara istiqamət göstərməkdir. Çünki mən də bu sistemlə hazırlaşmışam və proqramla bağlı təcrübəm var.
-Videodərsliklər nə qədər müddətə hazır oldu, hazırda bu proqramdan istifadəçilər necə yararlana bilir?
-"C# master class ” dərsliklərini hazırlanmasına 6-7 ay sərf olundu. Bu DVD-də proqramlaşdıra dilinin 0-dan başlayaraq dərəcəyə qədər informasiyalar toplanıb. "PHP master class" dərsliyi 3-4 aya hazır oldu. “C# master class” 4,2 geqabaytlı 50 saatlıdır. Bir DVD-də isə 58 mövzu toplanıb. “PHP master class” dərsliyində isə 107 dərs toplanıb. Dərsləri özüm keçirəm. DVD-lər bir neçə satış məntəqəsində var. Amma əksər hallarda alıcılar mənimlə əlaqə saxlayır. Videodərslikləri alan zaman onlara dərslərlə bağlı istiqamət verirəm. Əvvəllər kurslarda proqramlaşdırma dilini tədris edirdim. Sonralar kursdakı vaxt yetmədiyi üçün hazırda axşamlar evimdə tələbələri qəbul edirəm.
-DVD dərsliklərin müdafiə sistemi necə hazırlanıb?
- DVD dərsliklər bir neçə açarlıdır. Videodərsliklərin müdafiə sistemini xarici şirkətlərlə birgə hazırlamışıq. Belə ki, DVD-dən dərslikləri digər yerə köçürmək olmur. Bir açarlı DVD-ləri yalnız bir kompüterdə açmaq mümkündür. Digər açarlar da var ki, onları da iki və ya üç kompüterdə açmaq mümkündür.
- Açarlara görə dərsliklərin qiymətində fərq varmı?
- Bir açarlı "C# master class" dərsliklərinin qiyməti 180 AZN, iki açarlı isə 250 AZN-dir. "PHP master class" videodərsliklərinin bir açarlısı 149 AZN, 2 açarlısı isə 239 AZN. Fərdi kursun qiyməti aylıq 250-300 AZN-dir .
-Məlumdur ki, proqramlaşdırma dillərində xarici dildə terminlər və məlumatlar daha çox olur. Xarici dilləri bilməyən şəxslər də sizin dərsliklərdən yararlana bilirmi?
- Dərsliklər Azərbaycan dilindədir. Çalışmışam ki, xarici dildə olan terminləri azəricə izah edim. Amma mütləqdir ki, bu sahəyə gələnlər xarici dili öyrənsinlər. Dil bacarıqları olmadan İKT-nin incəliklərini, xüsusən də proqramlaşdırmanı mənimsəmək çətindir. Dərsləri çalışdığım qədər aydın izah etməyə çalışıram. Amma alıcılara məsləhət görürəm ki, xarici dilləri öyənsinlər. Hər bir dərsliklərlə bağlı ayrıca saytımız var. Həmin saytda proqramlaşdırma dilinin dərsliyi ilə bağlı ətraflı məlumat verilir. Həmçinin alıcıların hər dərslik barədə fikirlərini də syatımızda qeyd edirik. C# dərsliyi üçün www.masterdotnet.pro , PHP dərsliyi üçün isə www.masterphp.pro saytı fəaliyyət göstərir.
- Sizcə, ölkəmizdə proqramlaşdırma dillərinə tələbat necədir? Bu dillərin videodərsliklərdə olması istifadəçilərə hansı üstünlüyü verir? Tələbələrin buna marağı necədir?
-Əslində mən proqramlaşdırma dillərini seçərkən milli bazarda olan təlabatı nəzərə aldım və dərslikləri bu istiqamətdə hazırladım. Tələbələrdə yetəri qədər həvəs var. Lakin bəzən tələbələr izah olunan dərslərin vacibliyinə diqqət edə bilmirlər, fikirləri yayınır. Yeni başlayanda çox böyük həvəslə öyrənirlər. Amma bir neçə aydan sonra materiallar çətinləşir . Gərək onlarda hər hansı bir yerə çatmaq məqsədi olsun ki, bunun öhdəsindən gələ bilsinlər. Proqramlaşdırma dillərini tam mənimsəmək üçün gün ərzində ən azı 4-5 saat çalışmaq lazımdır. Güclü riyazi biliklərə ehtiyac yoxdur. Dərslik Azərbaycancan dilindədir. Xarici dilləri bilməyən şəxslər də başa düşür. Bizim gənclərdə potensial çoxdur. Əksər vaxt işlə bağlı müraciət edirlər, lakin onların sorğuları cavabsız qalır. Buna görə də həvəsdən düşürlər. Bəzən tələbələrim mənə link göndərir ki, müəllim baxın, burada bizim sahənin aylıq gəliri çox aşağıdır. Bunun üçün bu qədər əziyyət çəkməyə dəyərmi? Təəssüflər olsun ki, bu sahəni öyrənmək istəyən gənclərin motivasiyası yoxdur.
Dərslikləri aldıqdan sonra da tələbələrlə onlayn ünsiyyətdə oluruq. Ayda bir neçə dəfə Skype konfranslar təşkil edirəm. Dərsliyi alan hər bir şəxs həmin konfransda ödənişsiz iştirak edir. Konfrans zamanı bir ay ərzində öyrənilən biliklər müzakirə olunur və bəzi məsələlərə yenidən baxılır. Tələbələr müxtəlif tapşırıqlar edirlər.
-Ən çox hansı yaşda olan insanlar bu dilləri öyrənməyə meyillidir?
- Müraciət edənlər fərqli yaşlarda olur. Bəzən 42-43 yaşlarda şəxslər də müraciət edir. Daha çox tələbələr proqramlaşdırma dillərini öyrənməyə meyl edir. Tələbələr universitetlərdə tədris edilən proqramlaşdırmadan narazılıq edirlər ki, yalnız nəzəri biliklər keçirilir. Ən çoz Qafaqaz, Bakı Dövlət Universiteti və Neft Akademiyasından tələbəm olur. Bu dilləri öyrənmək istəyən çoxdur. Müraciət edənlərin 50 faizdən çoxu qeyri-ixtisaslı şəxslərdir.
- Videodərslikləri öyrəndikdən sonra namizədlər beynəlxalq sertifikatı necə əldə edə bilər?
- Mən tələbələri sırf Microsoft-un sertifikatı üçün hazırlayıram. İmtahan sistemini bildiyim üçüb rahat şəkildə onlara istiqamət verə bilirəm. Özümün də bu sahədə sertifikatım var. Hazırladığım videodərliklərdə bu istiqaməti əsas tutmuşam. Proqramlaşdırma dillərinin imtahanı Azərbaycanda bir neçə məntəqələrdə keçirilir. Tələbələr onlayn formada qeydiyyatdan keçir və test ilə imtahan verirlər .
-Hazırda üzərində işlədiyiniz proqramın videodərsliyi haqqında nə deyə bilərdiniz?
-Hazırda üçüncü videodərslik-verilənlərin bazası üzərində çalışıram.Bu dərslik “Mastering SQL via T-SQL” adlanacaq. İlin sonuna qədər bu dərslik də istifadəyə veriləcək. Burada da sırf sertifikat üzrə hazırlıq olacaq. Digər ik dərslikdən fərqli olaraq üçüncü dərsliklərdə tapşırıqlar daha çox olacaq.
-Bundan başqa hansı fəaliyyətləriniz var?
-Hazırda bir neçə proqramçı, mütəxəssis heyətindən ibarət MOBSolutions adlı şirkətimiz var. Bu şirkət professional veb saytların hazırlanması,saytların yenidən dizaynı, mobil application-ların hazırlanması, logoların hazırlanması, SEO ilə məşğul olur. Komandamızda yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də fəaliyyət göstərir. Komandamızla birgə ən son texnologiyaları professional şəkildə tətbiq etməklə müştəri məmnuniyyətinə nail olmaq ən böyük hədəfimizdir. Bütün gücünü bir yerə toplayan komanda heyəti ilə bu işin öhdəsindən yetərincə gəldiyimizə inanıram. Hazırda şirkətin rəhbəri Elşad Qurbanovdur. Şirkətin formalaşması və professional komandanın toplanmasında onun rolu əvəzsizdir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri