Xeberler.az-ın “İT kadrlar” layihəsinin növbəti qonağı Azercell şirkətində İT sahəsi üzrə bölmə müdiri vəzifəsində çalışan Ramin Orucovdur.
Ramin Orucov ölkədə təşkil olunan müxtəlif İKT layihə və tədbirlərin təşkilatçılığında yaxından iştirak edir. Startap Azərbaycan layihəsinin, Milli İnternet Mükafatı –Miili Net yarışmasının təşkilatçılarından biridir.
O, eyni zamanda Qafqaz Universitetində proqramlaşdırma fənlərini tədris edir.
Tanınmış İT mütəxəssis Ramin Orucovla müsahibəni təqdim edirik:
-Ramin bəy, siz Azərbaycanın İT sektorunda kifayət qədər tanınırsınız. Neçə ildir İT sahəsində fəaliyyət göstərirsiniz?
-İT sahəsində professional olaraq 2008-ci ildən işləyirəm. İlk dəfə Fövqəladə Hallar Nazirliyində proqramçı kimi işə başladım. 1 il işləyəndən sonra, 2009-cu ilin aprel ayından Azercell-də fəaliyyətə başladım. Artıq 7 ildir ki, Azercell-də çalışıram.
-Bu sahəyə gəldiyinizdə əsas rol oynayan hansı fakt olub, kimlərsə sizə dəstək olubmu?
-Texniki fənnlərə həvəsim həmişə olub. Ona görə də I ixtisas qrupuna imtahan vermişdim. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat ixtisası ilə Qafqaz Universitetinin Kompüter mühəndisliyi ixtisası arasında seçim etmək məcburiyyətində qalmışdım. Qafqaz Universitetində təhsil alan bir tanışım var idi və seçim etməkdə mənə yaxından köməklik göstərdi. Onun sayəsində həmin vaxtı Qafqaz Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiri Xəlil müəllimlə tanış oldum. Bu tanışlıqdan sonra öz seçimimi etdim: 600 bal toplayaraq Qafqaz Universitetinə qəbul oldum. Çox sevinirəm ki, dostlarım düzgün seçim etməkdə mənə kömək ediblər.
-Deyirlər ki, İT mütəxəssislər bir az ərkəsöyün olur. Bu baxımdan sizin işdə rəhbərliklə problemləriniz olurmu? İşə gecikərkən müdirlə hər hansı probleminiz olurmu? Lazım olanda işdən icazə ala bilirsinizmi ?
-İT mütəxəssislər bir az nazlı olur, çünki İT sahəsi elə sahədir ki, hər yerdə bu sahəyə tələbat var və çox yerlərdə iş imkanları var. Ona görə də özlərini daha rahat hiss edirlər. Mən özüm adi işçi də olmuşam, ancaq hazırda rəhbərəm və məsələnin hər iki tərəfini də görmüşəm. Buna görə özüm çalışıram ki, işə gecikməyim. Gecikmədiyimə görə də rəhbərliklə problem olmur (gülür). İstər məzuniyyət götürmək, istərsə də icazə almaqla bağlı heç bir problem yaşanmayıb.
-İlk olaraq hansı proqramlaşdırma dilini öyrənmisiniz? Hazırda hansı proqramlaşdırma dillərində işləyirsiniz?
-İlk olaraq universitetdə C proqramlaşdırma dilini öyrənmişik. C, C++, Pascal, Delphi, Java, Oracle PL/SQL, Python, PHP, C# kimi proqramlaşdırma dillərini bilirəm. Ancaq hazırda daha çox Java və Oracle PL/SQL-dən istifadə edirəm.
-Xeberler.az oxucuları üçün maraqlıdır, proqramlaşdırma sahəsində hansı sertifikatlara maliksiniz? Hansısa uğurlarınız və mükafatlarınız varmı?
-Sertifikatlarım kifayət qədər var. Java üzrə Sun Certified Java Programmer 6 sertifikatım var. Bundan başqa Oracle Certified Expert Java EE 6 Web Component Developer və Oracle PL/SQL OCA proqramçı sertifikatım var. Axırıncı dəfə Facebook-da gördüm ki, axırıncı sertifikatımı Java Web üzrə 2013-cü ildə almışam və bu, mənə motivasiya oldu ki, texniki sahədə sertifikatlarımı təzələyim. Hazırda qeyri-texniki sahədə Project Management Professional (PMP) sertifikatına hazırlaşıram, bununla bağlı kursu yeni bitirdim. Amma Oracle Certified Professional, PL/SQL Developer sertifikatını almağı düşünürəm və ondan sonra növbəti hədəfim Oracle Certified Master Java Enterprise Architect sertifikatıdır.
-Sizin fikrinizcə, hansı proqramlaşdırma dili daha uğurludur? Və nəyə görə belə düşünürsünüz?
-Demək olmaz ki, proqramlaşdırma dilləri konkret olaraq biri-birindən pis və ya yaxşıdır. Tələb olunan işə görə ən uyğun proqramlaşdırma dili hansıdırsa, onu seçib işi görməyi məntiqli hesab edirəm. İşdə daha çox Java və Oracle texnologiyalarından istifadə edirik. Ancaq işdən kənar sifariş gəldikdə mobil proqramlaşdırmadan da istifadə etmişik və C#-da da proqramlar yazmışıq. Yəni işin mahiyyətinə görə o işi ən tez mən hansı dildə və ya texnologiyada yaza bilərəmsə, o dilə üstünlük verirəm.
-Ramin bəy, şirkətdəki vəzifənizlə bağlı konkret olaraq hansı işləri görürsünüz? Hansı işlərə cavabdehsiniz?
-Hazırda Azercell şirkətində Texnologiyalar departamentində İT Sistemlərinə Dəstək Şöbəsində Məlumat Xidmətləri bölməsinin rəhbəriyəm. Bizim bölümün əsas işi Azercell-in bütün strateji analitik hesabatlarının hazırlanması üçün texniki sistemləri və infrastrukturu qurmaqdan ibarətdir. Bununla bağlı müxtəlif sistemlərdən - Billling, CRM və s. operativ sistemlərdəki məlumatları toplayırıq, analiz edirik və lazımi modellərə uyğun şəkildə Datawarehouse sisteminə yığırıq. Beləliklə, şirkət üçün müxtəlif hesabatların yaradılması üçün lazımi infrastrukturu və hesabat obyektlərini hazırlayırıq və digər şöbələr sistemimizdən istifadə edərək, yeni hesabatlar yaradıb onlara lazım olan məlumatları əldə edirlər. Şirkətin bir çox departamentləri bizim daxili müştərimizdir. Bölmə rəhbəri olaraq şirkətin müxtəlif proyektlər və xidmətlərlə bağlı hesabat ehtiyaclarının təmin olunması üçün lazımi işlərin planlanması, idarə olunması, işlərin düzgün bölünməsinə və icrasına nəzarətə cavabdehəm.
-İş prosesində lazım olan bütün proqramları, avadanlıqları zamanında yeniləyə bilirsinizmi? Sizdə lisenziyasız proqramlardan istifadəyə icazə verilirmi ?
-Azercell-də bütün istifadə olunan proqramlar lisenziyalıdır. Bu, şirkətimiz üçün mühüm məsələdir. İşlətdiyimiz əməliyyat sistemləri və ofis paketlərinin hamısı lisenziyalıdır və vaxtında yenilənir. Şəxsi olaraq istifadə etdiyim kompüterimdə də ancaq open source və lisenziyalı proqramlardan istifadə edirəm, pirat proqramlar yoxdur. Məsələn, Java proqramlaşdırma ilə bağlı məşhur İntellij İDEA proqramını 2008-ci ildən istifadə edirəm, illik 200 dollara lisenziyasını almışam, hər il isə 99 dollara yeniləyirəm. Eləcə də Microsoft Office 2016 proqramının lisenziyası üçün hər ay kartımdan avtomatik 7.99 dollar pul çıxılır.
-İş yerində istifadə etdiyiniz müxtəlif proqramları özünüz yazırsınız, yoxsa xarici şirkətlərin proqramlarından istifadə edirsiniz? İş rejimində hansı xarici proqramlardan istifadə edirsiniz?
-Azercell bir telekom şirkəti olduğu üçün daha çox hazır telekom proqramlarından istifadə edirik. SMS Center, Billing sistemi kimi proqramları xarici şirkətlərdən alırıq və digər sistemlərimizə inteqrasiya edib istifadə edirik. Amma Azercell-in müştərilərə təqdim etdiyi xidmətlərin böyük əksəriyyətini özümüz yazırıq. Azercell-də daha çox Java və Oracle texnologiyaları istifadə olunur.
-Öz fəaliyyətiniz dövründə hansısa ən böhranlı bir an olubmu? Yəni ki hansısa avadanlıqda və ya proqram təminatında – informasiya sistemlərində hansısa problemlər olubmu ?
-Elə bir texniki problem olub ki, sistemimiz fəaliyyətini dayandırıb, hesabatlar işləməyib. Ancaq biz Verilənlər baza administratoru Kamran Ağayevin rəhbəri olduğu qrup ilə birlikdə araşdırmışıq, Oracle şirkətinin dəstək qrupuna müraciət etmişik və problemi aradan qaldırmışıq. Belə vəziyyət şirkətin işinə böyük təsir göstərir. Hesabat və məlumat ala bilməyəndə insanlar işini görə bilmir. Ona görə də vaxtında insanları məlumatla təmin etmək şirkət üçün mühüm məsələdir. Belə çətin problemlərin olmaması üçün əvvəlcədən müəyyən tədbirlər görürük. Ancaq texnologiya elədir ki, hər zaman risklər var. Bunun da məsuliyyəti komandanın üzərinə düşür. Lazım olub ki, işdən sonra da qalmışıq və problemi həll edib daha sonra evimizə getmişik. Billing sistemi ilə bağlı problem olub ki, bizi səhər saat 5 radələrində işə çağırıblar və gəlib problemi aradan qaldırmışıq. Azercell 7 gün 24 saat rejimində işləyən şirkətdir və biz müştərilərimizə daim xidmət göstəririk. Ona görə də bu işin məsuliyyətini daha çox hiss edirik və bütün sistemlərimizin və xidmətlərimizin daim işlək vəziyyətdə olmasını təmin edirik. Problem yarandıqda da hər bir Azercell-də işləyən texniki mütəxəssis döyüşə hazırlıq vəziyyətindədir. İstər offlayn olaraq, istərsə də şirkətdə hər zaman problemi aradan qaldırmağa hazırıq.
-Çalışdığınız şirkətin İT sahəsində hansı uğurları var?
-Azercell-in İT sahəsində çox uğurları var. Telekom şirkəti olaraq Azercell hazırda öz sözünü demiş şirkətdir və texniki tərəfdən də çox güclü infrastrukturumuz var. Mükəmməl sistemlərimizə və şəbəkə keyfiyyətlərimizə görə respublikanın 99 faizini əhatə edirik. Bundan başqa Azercell-də texniki kadrlar daha çox işləməyə üstünlük verir.
Çünki Azercell-də sağlam bir mühit var. Çox güclü texniki komanda olduğuna görə hər kəs burada işləməyə can atır. Bunu digər şirkətlərdən gələn insanların müsahibələrində də görürəm. Kənardan baxdıqda əminliklə deyə bilərəm ki, Azercell Azərbaycanda İT sahəsində işləyə biləcəyimiz ən yaxşı şirkətlərdəndir.
-Azercell şirkəti sizi xaricə öz sahəniz üzrə təlimlərə göndərirmi? Belə təlimlərdə tez-tezmi iştirak edirsiniz?
-May ayında Dubayda Big Data ilə bağlı konfransda iştirak etmişəm. Təzəlikcə avqust ayında Project Management Professional təlimini bitirmişəm. İlin sonuna qədər Big Data texnologiyaları təlimlərin alınmasını planlaşdırmışıq. Azercell-də hər bir işçinin professional inkişafına çox önəm verilir, inkişaf planları hazırlanılır və təlimlər üçün büdcə ayrılır. Məhz bu kimi işlərin sayəsində Azercell şirkəti bu ilin may ayında növbəti dəfə “Investors in People” (IIP) / İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Gümüş Sertifikatına layiq görülüb. MDB ölkələri və ən önəmlisi beynəlxalq telekommunikasiya təşkilatları arasında Azercell Telekom Gümüş sertifikatını qazanan ilk şirkətdir. Onu da qeyd edim ki, bu sertifikat dünya üzrə çox az şirkətdə mövcuddur.
-İş vaxtı sosial mediadan istifadə etməyə icazə verilirmi? Sosial mediadan hansı məqsədlə istifadə edirsiniz?
-İş vaxtı sosial mediadan istifadə ilə bağlı heç bir problem yoxdur, yəni rəsmi qadağa yoxdur. İş vaxtı adətən məhdud şəkildə istifadə edirəm, daha çox mobil telefon vasitəsi ilə daxil oluram. Çünki iş vaxtı kifayət qədər çox işimiz olur. Əsasən Facebook və LinkedIn-dən istifadə edirəm. LinkedIn-dən professional iş əlaqələri üçün istifadə edirəm. Facebook-dan isə daha çox şəxsi işlər üçün, kiminsə nəsə köməyə, məsləhətə ehtiyacı olduqda kömək edirəm, məsləhətlərimi verirəm. Bundan başqa Facebook-da Türkiyə Oracle User qrupunda, Java User qruplarında əlaqələrim var. Həm də Big Data ilə bağlı xarici ekspertlərin bloqlarını izləyirəm və onlarla əlaqə saxlayıram.
-İT sahəsi gəlirli sahədir. Gəlirləriniz sizi qane edirmi?
-Bəli, İT sahəsi kifayət qədər gəlirli sahədir. Gəlirlərim məni qane edir. Bir sözlə, Azercell-lə yaşa, daha yaxşı yaşa (gülür).
-Hər hansı bir startap layihəniz olubmu? Və ya gələcəkdə hər hansı bir startap layihəsi qurmaq fikriniz varmı?
-Qurduğum startap layihəsi yoxdur. Amma konsultant kimi bəzi startap layihələrinə dəstək olmuşam. Ancaq gələcəkdə hər hansı bir startap layihəsi düşünmürəm. Çünki mənim karyera hədəflərim var və Qafqaz Universitetində dərs dediyim üçün vaxt məhdudiyyətim var.
-Sizcə, İT sahəsində çalışmaq digər sahələrə nisbətən çətindirmi?
-İT sahəsinin özünə görə çətinlikləri var, amma, məncə, maraqlıdır. İT sahəsinin digər sahələrə nisbətən çətinliyini sizlərə izah edim. Məsələn, bir hüquqçu üçün hüququn əsas prinsiplərini öyrənmək vacibdir və bu prinsiplər heç dəyişmir. Ancaq İT sahəsi belə deyil, bu sahədə öyrəndiyin biliklər 2-3 il sonra artıq aktuallığını itirmiş olur. Universitet vaxtı öyrəndiyin biliklər məzun olduqda artıq aktuallığını itirmiş olur. Ona görə bu sahədə daim özünü inkişaf etdirməlisən, davamlı oxumalısan, məşğul olmalısan, öz üzərində işləməlisən. Texnoloji sahədə oxumağı çox sevirəm və daim yeni texnologiyaları izləyirəm. Təkcə bu il 8 kitab oxumuşam. Hazırda paralel olaraq 2 kitab oxuyuram. Daim bu sahədə oxumalısan ki, öndə olasan. Bu sahədə olan yenilikləri izləməsən, 2 il sonra tələbələrin səni keçəcək. Bu sahənin əsas çətinliyi və ən əsas da marağı bundadır. Başqa çətinlikləri iş rejimi ilə bağlıdır. Əsasən də, evlisənsə və həyat yoldaşın da İT sahəsində deyilsə, onun üçün müəyyən çətinliklər olur. Mənim isə bəxtim gətirib. Həyat yoldaşım da İT sahəsində işlədiyinə görə bir-birimizi daha yaxşı başa düşürük və bir-birimizə çox dəstək oluruq.
-Necə düşünürsünüz, İT sahəsi universitetlərdə yüksək səviyyədə keçirilirmi?
-Bu, mənim yaralı yerimdir. Təəssüf ki, İT sahəsində iş üçün gələn kadrlar istər məzun olsun, istərsə də təcrübəli, bizi qane etmir. 2012-ci ildən bəri bəlkə də 100-ə yaxın insanlardan müsahibə götürmüşəm. Əsasda yeni məzun olanlar bu sahədə çox çətinlik çəkirlər. Qafqaz Universiteti və ADA Universitetində Kompüter mühəndisliyi ixtisasları digər universitetlərlə müqayisədə yüksək səviyyədə tədris olunur. Amma hər kəs bu universitetlərə qəbul ola bilmir. Bu, bir problemdir. Başqa problem də odur ki, universitetlərdə dərs deyə biləcək savadlı kadr demək olar ki, yox səviyyəsindədir. Universitetlərdə ya köhnə müəllimlərdi hansı ki, daha çox nəzəri bilikləri var, yada hər hansı bir şirkətdə, qurumda işləyən müəllimlərdir. 2011-ci ildən bəri Qafqaz Universitetində proqramlaşdırma sahəsi üzrə dərs deyirəm. Android proqramlaşdırma, Java proqramlaşdırma dili və Java web proqramlaşdırma üzrə dərs deyirəm. Bu tədris ilində yenə Java veb proqramlaşdırma üzrə dərsim olacaq. Gələn il isə Big Data ilə bağlı dərs deməyi planlaşdırıram. Bu problemlər həqiqətən ciddi şəkildə özünü göstərir. Dövlət məncə kənarda işləyən, real işin içində olan mütəxəssislərə imkan yaratmalıdır ki, onlar gəlib tələbələrə dərs desinlər. İT sahəsində kadr cəhətdən çox ciddi çatışmazlıqlar var. Savadlı kadrlar yetişdirmək üçün bacardığımı əsirgəmirəm: universitetdə dərs deməklə yanaşı, kurslar da keçirəm. Çünki bizdən sonrakı nəsil bizim yerimizi tutacaq.
-Professional işinizə gələnə qədər hansı təcrübələr keçmisiniz?
-Qafqaz Universitetində oxuyarkən yay aylarında internet klubda işləyirdim. Ailəmin maddi imkanı olmadığı üçün şəxsi kompüterim olmayıb. İlk kompüterimi 2004-cü ildə BP şirkətindən qazandığım təqaüd hesabına ala bilmişdim. O illərdə internet klubda administrator işləyirdim. Bundan başqa da çoxlu təcrübələr keçmişəm. Universitetin son 2 kursunda proqramlaşdırma üzrə Delphi, C#, Java ilə bağlı kurslar keçmişəm, dərs demişəm. Universitetdən məzun olandan sonra Qafqazda qalıb akademik karyera qurmaq təklif olundu və təklifi qəbul etdim. Amma daha sonra planlarım dəyişdi və 2008-ci ildə Fövqəladə Hallar Nazirliyində proqramçı kimi işləməyə başladım. Təcrübəmin olmamasına baxmayaraq, işə rahat qəbul olunmuşdum, çünki kursları keçdiyim müddətdə yazdığım proqramları rəhbərliyə göstərdim və müsahibə yolu ilə texniki biliklərimi yoxladıqdan sonra məni işə götürdülər.
-Deməli, pedaqoji fəaliyyətiniz, kurslarda çalışmağınız hardasa sizə dəstək olub?
-Bəli, fikrimcə, kurs keçmək daha yaxşı təcrübədir. Həm biliklərini daim təkrarlayırsan, həm də insanlara öyrədirsən. Başqalarına nəsə öyrətməklə əslində özündə nə qədər yaxşı və nə qədər zəif bildiyini öyrənmiş olursan. Öyrənməyin ən yaxşı yolu öyrətməkdir. Bəzi proqramçılar da var ki, öyrətməyə həvəsli olmurlar, qorxurlar ki, öyrətdikləri tələbələr sonra onların yerini tutar. Bu,əslində çox yanlış fikirdir. Çünki İT sahəsində mütəxəssislərə dəhşətli dərəcədə çox ehtiyacımız var. Çox sevinirəm ki, tələbələrim hərbi xidməti başa vurub yaxşı yerlərdə işləyirlər. Tələbələrim məndən daha yüksək səviyyədə olsalar, mən buna ancaq sevinərəm, hansısa tələbəm öz biliyi ilə məni üstələsə, bununla fəxr edərəm. Paxıllıq heç bir insanı irəli aparmır. Bilik paylaşdıqca azalmır, əksinə daha da çoxalır.
-Sizcə professional mütəxəssis olmaq üçün nə etmək lazımdır?
-Professional İT mütəxəssis olmaq üçün birinci kursdan İT-də hansı istiqamət üzrə marağın olduğunu müəyyən etməlisən. Təəssüf ki, hazırda İT sahəsində oxuyan gənclərdə bunu çox müşahidə edirəm ki, hansı istiqamət üzrə işləyəcəklərini yalnız sonuncu kursda müəyyən edirlər. Sırf bununla bağlı “İKT sahəsində əsas istiqamətlər, iş imkanları və beynəlxalq sertifikatlar” adlı bir seminarım var. Bu seminarı müxtəlif illərdə Qafqaz Universitetində, Azərbaycan Texniki Universitetində, İqtisad Universitetində vermişəm. Bu seminarları keçməyimdə məqsəd odur ki, aşağı kurslardan tələbələr bilsin ki, İT sahəsi çox geniş sahədir, hər kəs öz marağına uyğun istiqamət götürüb, həm də bazarın tələbinə uyğun istiqamətlənməlidir, özünü yetişdirməlidir. Bu cəhətdən gənclərə tövsiyyə edirəm ki, ətrafındakı tanışlarından, sosial mediada tanıdıqları insanlardan məsləhət alsınlar. Proqramçı olmaq istəyən bu işin əlifbası C dilindən başlaya bilər. C dilini öyrəndikdən sonra C++, C# və ya Java obyekt yönümlü proqramlaşdırma dillərini öyrənməyi məsləhət görürəm. Daha sonra bir çox şirkətlərdə Məlumat bazası sistemlərini bilmək tələb olunur. Bunun üçün də ya MySQL, Oracle, ya da SQL Server öyrənməkləri məsləhətdir. Ən əsası da veb proqramlaşdırmanı öyrənsinlər. Çünki proqramçı olmaq istəyən adamdan professional proqramlaşdırma sektorunda veb proyektlər daha çox tələb olunur. Hazırda hər bir şey onlayndır. Onlayn informasiya sistemlərinin yaradılması üçün bu sahədə biliklər lazımdır.
- Bəs tədris müddətində təcrübə çoxmu önəmlidir ?
Əlbəttə, yaxşı olar ki tələbələr Universitetdə təhsil aldıqları müddətdə təcrübə keçmək üçün yerlər axtarsınlar. Bu sahəni bilən insanlardan məsləhət alıb, kömək istəsinlər. Sizə bir şey danışım: universitet vaxtı Java-nı öyrənməyə başlayanda bir çətinliyim oldu. Java proqramından Oracle məlumat bazasına qoşulmaq üçün proqram yazmışdım və bir yerdə səhv etmişdim. 1 həftə araşdırma və əziyyət çəkdikdən sonra səhvi tapıb düzəldə bilmişdim. Halbuki, bu sahədə təcrübəsi olan birindən yardım ala bilsəydim, həmin səhvi çox tez aradan qaldırardım.
Demək istədiyim, problemi həll edə bilmirsinizsə, kimdənsə dəstək alın, Facebook-da müxtəlif texniki qruplara və internet forumlara yazın, mütləq kimsə sizə dəstək olacaq. Gənclərin çalışdığını, bu sahədə axtarışda olduqlarını görəndə onlara kömək edirəm. Vaxtım olmayanda və ya mənim bilmədiyim sahə ilə bağlı olduqda isə onları bu sahədə təcrübəsi olan insanlara yönəldirəm.
-İT sahəsində oxuyan tələbələrə nə tövsiyyə edərdiniz?
-Tələbələrə tövsiyyəm odur ki, universitetdən çox şey gözləməsinlər. Bu səhvi bir çox gənclər edir. Bu eyni zamanda Qafqaz Universitetinə və ADA Universitetinə də aiddir. Gözləməsinlər ki, universitet onlara hər şeyi öyrədəcək. İnsanın özündən çox şey asılıdır. Birinci kursdan oxumağı, araşdırmağı şəxsi inkişaf layihəniz kimi düşünün. Mən universitetə daxil oldumsa, demək ki, 4 il vaxtım var. 4 ildən sonra mən nə olacam? Buna universitetmi qərar verəcək, yoxsa mən qərar verəcəm?-suallarına cavab tapmaq lazımdır. Tələbə düşünməlidir ki, əgər mən qərar versəm, öz məsuliyyətimi dərk etsəm, bu sahədə özümə bir plan cızıb axıra qədər özümü inkişaf etdirsəm, təbii ki, universiteti bitirəndə digər məzunlardan qat-qat üstün olacam. Ona görə də, əvvəldən özlərinə uzun müddətli və qısa müddətli inkişaf planları yaratsınlar. Texnoloji yenilikləri daim izləsinlər, mütləq öyrənsinlər, ən əsası da alqoritmik biliklərə yiyələnsinlər və ingilis dilini yaxşı öyrənsinlər. İngilis dilini öyrənməsələr yaxşı İT mütəxəssis ola bilməyəcəklər. Öyrəndiklərini bloqda yazsınlar, çünki sabah hər hansı bir şey yaddan çıxsa rahatlıqla girib tapacaqlar. Yaxşı bir İT mütəxəssis olmaq üçün bu tələbəlik illərini böyük bir layihə kimi düşünsünlər.
-Bir çox proqramçılar kimi siz də gecə işləyirsiz, yoxsa gündüz?
-Gecələr işləmək, mənim üçün çox rahatdır. Gecə sakitçilik olur və heç kim mənə mane olmur. Çayım, mürəbbəm və kompüterimlə proqramlar yazmaq, işləmək mənim üçün çox rahatdır(gülür). Buna görə gecələr işləməyi sevirəm.
-İT sahəsinin nümayəndələri istirahəti çox sevirlər yoxsa işləməyi ?
-Ümumiyyətlə, bu sahənin adamları çox çalışqandır, amma eyni zamanda ruhən tənbəldirlər. Əsas da bu proqramçılara aiddir. Bill Gates-in məşhur sözü var deyir- Mən işə götürəndə tənbəl proqramçını işə götürərəm, çünki o çalışacaq ki, bu işi bir dəfəyə avtomatlaşdırsın, proqramlaşdırsın, sistemi daim işləsin və beləliklə onun üzərindən bu yük götürülsün. Bu baxımdan yoldaşım da mənə tənbəl deyir (gülür). Maraqsız işlər adamı sıxır. Çalışıram ki, əyləncəli şəkilə gətirim, avtomatlaşdırım, elə proqramlaşdırım ki, məndən asılı olmadan sistem işləsin.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri