“İT sahəsi məktəbdən tədris edilməlidir”- Müsahibə

22-12-2015 / 11:11

Xeberler.az-ın “İKT kadrlar” layihəsinin növbəti qonağı Ziraat Bank Azərbaycanın İT departamentinin direktoru vəzifəsində çalışan Samir Səmədovdur.

Tanınmış İT mütəxəssis və texnika elmləri üzrə fəlsəfə doktoru Samir Səmədovla müsahibəni təqdim edirik:

-Samir bəy, İT sahəsində neçə ildir fəaliyyət göstərirsiz?

- İT sahəsində 15 ilə yaxındır ki, fəaliyyət göstərirəm.

- Bu sahəyə gəldiyinizdə əsas rol oynayan hansı fakt olub, kimlərsə sizə dəstək olubmu?

 -Peşə seçən zaman riyazi məntiqim olduğuna görə ailəm (daha çox əmim) tərəfindən məsləhət görülüb.  O vaxtlar başqa sənətlərə baxanda proqramçı daha perspektivli təzə sənət kimidir deyə düşünürdük.Ona görə hamı  bu sahəyə can atırdı.

-Hansı universitetdə təhsil almısınız?

 -2001-ci ildə Bakı Dövlət Universitetinə qəbul olmuşam. 2005-ci ildə Tətbiqi riyaziyyat və Kibernetika fakültəsinin İnformatika ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. 2008-ci ildə Bakı Dövlət Universitetinin həmin fakültəsinin informatika ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirdim. Nəhayət 2013-cü ildə iyunun 19 AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işimi müdafiə etmişəm.  Bu işdə mənim elmi rəhbərim professor Əliyev Ələkbər müəllimin böyük köməkliyi olub.

 -Bildiyimiz kimi bu yaxınlarda işinizi dəyişmisiniz. Köhnə iş yerinizdə uzun müddət işləmisiniz, bu işi dəyişməyinizin səbəbi nə olub?

- Bəli, AzeriCard prosessinq mərkəzində 10 il işləmişəm. 2005-ci ildə proqramçı vəzifəsindən başlamışam və İT direktor müavini vəzifəsinə kimi yüksəlmişəm. Bildiyiniz kimi, qardaş Türkiyə-nin birinci nəhəng bankı Ziraat Bank artıq Azərbaycanda açılıb və onlardan İT departamantə direktor vəzifəsinə təklif gəlmişdi. Əlbəttə ki, bu təklif mənim tərəfimdən məmnuniyyətlə qəbul olundu. Hazırda bankda çoxlu saylı fəaliyyətlət davam edir  və Azərbaycan bank sektoruna 152 illik Ziraat Bank Türkiyə təcrübəsi və innovativ həlləri tətbiq olunur.

-İlk olaraq hansı proqramlaşdırma dilini öyrənmisiniz? Hazırda hansı proqramlaşdırma dillərində işləyirsiniz?

-Paskal və Java dillərini öyrənmişəm. İlk olaraq Paskal dilindən başladım.  Bu dili bizə tanınmış və təcrübəli  proqramçılardan olan Ramin Mahmudzadə tədris edib. Hazırda daha çox PL/SQL üzərində işləyirəm.

-Xeberler.az oxucuları üçün maraqlıdır, proqramlaşdırma sahəsində hansı sertifikatlara maliksiniz? Hansısa uğurlarınız və mükafatlarınız varmı?

-2013-cü ilin mart ayında Oracle 11g Certified Master sertifikatını almışam. Bu sertifikat Oracle şirkətinin ən yüksək dərəcəli sertifikatıdır. OCM sertifikatından qabaq Oracle OCA, OCP sertifikatlarına nail olmalısınız və OCM sertifiikatı üçün iki tam günlük praktiki Oracle exam room-da  imtahan verilir. Dünyanın nadir ölkələrində bu imtahanı vermək olar. Bu imtahanı Slovakiyada vermişəm. Onu da qeyd edim ki, bu yaşıma qədər çox imtahanlardan keçsəm də,  bu imtahan həm bilik səviyyəsində, həm də psixoloji səviyyədə çox çətin bir imtahandır.

Başqa işlərim əlbəttə ki, "SQL asan yanaşma yolu""PL\SQL Peşəkarlığa gedən yol" kitablarının müəllifi olmamdır. "SQL asan yanaşma yolu" kitabını Ramin Səmədovla birlikdə yazmışıq. Birinci kitab 2010-cu ildə ərsəyə gəldi və 200 ədəd çap olundu. Birinci versiyanın uğurundan sonra daha da genişləndirilmiş ikinci versiya 2013-cü ildə çap olundu. "PL\SQL Peşəkarlığa gedən yol" kitabını isə üç müəllif yazmışıq, məndən başqa Rahim Əhmədov və Ramin Səmədovla birlikdə yazılıb və 2014-cü ildə çap olunub. Hazırda bu kitablar şəhərimizin "Ali və Nino" kitab mağazalar şəbəkəsində satışdadır.

-Sirr deyilsə, müəllifi olduğunuz kitabların nə qədərini sata bilmisiniz?

 -SQL kitabının birinci versiyası satışa çıxarıldıqdan sonra iki il ərzində tamamilə satılıb.  PL\SQL kitabı da bu gün oxucu auditoriyasında populyardır və satışları stabil davam edir.

-Sizin fikrinizcə hansı proqramlaşdırma dili daha uğurludur? Və nəyə görə belə düşünürsünüz?

 -Deyərdim ki, bütün proqramlaşdırma dilləri bir-birinə oxşardır. Amma daha məşhur olmasına görə Java proqramlaşdırma dilini vurğuluyardım və gənc proqramçılara bu dildən başlamağı məsləhət görərdim.

 -Bankda proqramları özünüz yazırsınız, yoxsa xarici şirkətlərin proqramlarından istifadə edirsiniz? İş rejimində hansı xarici proqramlardan istifadə edirsiniz?

-Core Bank System xarici şirkətindən alınıb və bizim onlarla birlikdə proqrama dəstək aparılır. Daxili olan bəzi  məsələlər üçün daxili resursları istifadə edərək çalışırıq özümüz yazaq. Yenə də hər hansı məsələdə birinci analiz apardıqdan  sonra bilinir ki, bu proqamı daxildə öz resurslarımızdan istifadə edərək yaza bilərikmi, yoxsa başqa bir şirkətdən alınsa daha sərfəli olarmı deyə araşdırırıq.

-Deyirlər ki, İT mütəxəssislər bir az ərkəsöyün olur. Sizin işçilərinizlə problemləriniz olurmu?

-Əlbəttə ki, İT mütəxəssislər çox ərkəsöyün olurlar - özümdə beləyəm (gülür). Vaxtıyla mən də proqramçı vəzifəsindən bu vəzifəyə kimi yüksəlmişəm. Ona görə də hər problemli vəziyyətdə özümü işçinin yerinə qoyub onu başa düşməyə və birlikdə müzakirə edib hər hansı məsələdə düzgün həll yolunu tapmağa çalışıram.

-Öz fəaliyyətiniz dövründə hansısa ən kritik bir an olubmu ? Yəni ki, hansısa avadanlıqda və ya proqram təminatında – informasiya sistemlərində hansısa problemlər olubmu ?

-Bildiyiniz kimi,  AzeriCard prosessinq mərkəzi hazırda 35 banka xidmət göstərir. Prosessinq mərkəzi 7 gün 24 saat rejimində işləyir və buna görə bütün onlayna təsir edən işlər əvvəlcədən ətraflı analizdən keçirilir və səhv olan zaman da bərpa planı olmalıdır. Hər hansı bir işdə kritik anlar əlbəttə ki olur, amma onları Şükür ki, uğurla həll edə bilmişik.

-İş vaxtı sosial mediadan istifadə edirsinizmi? Sosial media dan hansı məqsədlə istifadə edirsiniz?

 -İş vaxtı çalışıram sosial mediadan az isitifadə edim, daha çox vaxtımı işlərimə yönəldirəm.

-İT sahəsi gəlirli sahədir. Gəlirləriniz sizi qane  edirmi?

- Bəli,  İT sahəsi gəlirli sahədir, bunu Bill Gates, Larry Ellison, Mark Zuckerberg kimi insanlar da təsdiq edirlər.

-Hər hansı bir startap layihəniz olubmu? Və ya gələcəkdə hər hansı bir startap layihəsi qurmaq fikriniz varmı?

-Əlbəttə, MyApps layihəsində iştirak etmişəm, bir neçə uğurlu layihələr təhvil vermişəm. Hazırda bu startapı Ramin Səmədov idarə edir.

 -Sizcə, İT sahəsində çalışmaq digər sahələrə nisbətən çətindirmi?

-Hər sənətin həm çətin, həm asan, həm də maraqlı məqamları var. Bəzən İT-də çətin məqamlar olur. 

 -İT sahəsinin nümayəndələri istirahəti çox sevirlər yoxsa işləməyi ?

-Fikirləşirəm ki, hər insan istirahəti sevir, sadəcə İT sahəsində  iş rejimi stabil deyil. O baxımdan biz hər istədiyimiz vaxt dincələ bilmirik. Amma imkan daxilində İT mütəxəssislər də istirahət etməyə çalışır (gülür). 

-Sizcə İT sahəsi universitetlərdə yüksək səviyyədə keçirilirmi?

-Düşünürəm ki, bu sahənin aha da yüksək keçirilməsi lazımdır və universitetlərdən yox, elə məktəblərdən başlamaq lazımdır. Məktəblərdə xüsusilə də yüksək səviyyədə keçirilməsi çox vacibdir. Gələcək İT -dir və hansı ölkənin İT sahəsi  güclü olarsa o ölkə də öz sözünü deyən ölkə olacaqdır. Buna görə də məktəb vaxtlarından gələcək nəslin İT sahəsini öyrənməsi vacibdir.

-İT sahəsində oxuyan tələbələrə nə tövsiyə edərdiniz?

-İT sahəsi çox böyük profilli sahədir, ona görə də tələbələr vaxtında bütün İT sahələrində bilik toplamalı, müxtəlif innovativ layihələrdə və startaplarda mütləq iştirak etməlidirlər.

 

 Ağasəf Haqverdiyev

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə