“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə edilir”

08-04-2016 / 11:16

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron kitabxana mühitində bulud texnologiyalarının tətbiqi” mövzusuna həsr olunmuş növbəti elmi seminar keçirilib.

 İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov bulud texnologiyalarının üstünlüklərindən danışaraq bu texnologiyaların elektron kitabxana mühitində tətbiqinin onların fəaliyyətinin səmərəli təşkilində mühüm rol oynadığını bildirib.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Məruzəni təqdim edən institutun böyük elmi işçisi Oqtay Ələkbərov elektron kitabxanaların ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malik olduğunu qeyd edib. Onun sözlərinə görə, e-kitabxanalar oxuculara uzaq məsafədən daha dolğun informasiya xidmətləri göstərir və dünyanın istənilən nöqtəsində yaşayan oxuculara eyni zamanda xidmət edir.

Son dövrlər bir çox sənəd və məlumatların rəqəmsallaşdırılaraq buludlarda saxlanıldığını söyləyən məruzəçi bu texnologiyaların resurslara uzaq məsafədən müraciət üçün rahat interfeysdən istifadə etməyə imkan verdiyini qeyd edib.

Bulud texnologiyalarının modelləri barədə məlumat verən O.Ələkbərov ümumi, özəl, qrup və hibrid buludlardan istifadə olunduğunu diqqətə çatdırdı. Bu texnologiyaların inforastruktur, platforma və proqram təminatı xidmətlərinin göstərildiyini qeyd edərək kitabxana-informasiya mühitində müxtəlif tip arxitekturalı inteqral kitabxana sistemlərində daha çox proqram təminatı xidmətlərinin tətbiq edildiyini vurğulayıbş  

“E-kitabxanalar istifadəçilərə ev və ofislərdən birbaşa həmin kitabxanalara daha rahat və təkmilləşdirilmiş giriş imkanı verir”, – deyə bildirən məruzəçi bu sahədə mövcud problemlərdən danışıb.

 Bildirib ki, zəif infrastruktur, böyük vəsait tələb edən proqram təminatları bir çox e-kitabxanaların inkişafında rast gəlinən çatışmazlıqlar hesab olunur. Qeyd olunan maliyyə xərclərinin azaldılması məqsədilə elmi-tədqiqat və təhsil müəssisələrində fəaliyyət göstərən e-kitabxana mərkəzlərinin bulud texnologiyalar əsasında yaradılan vahid mərkəzlərdə cəmlənməsi təklif edilir.

E-kitabxanaların resurslarından istifadə edən hər bir istifadəçi üçün fərdi buludların yaradılmasının zərurliyini qeyd edərək kitabxana resurslarından istifadə barədə informasiyaların buludlarda toplandığını, informasiyaların analiz olunması və emalı üçün geniş imkanlar yarandığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, buludlarda toplanan informasiya əsasında istifadəçi profillərini nəzərdən keçirməklə onların elmi istiqamətlər, elmi məqalələrə və s. müraciət intensivliyi haqqında məlumatları əldə etmək mümkündür: “Agent texnologiyalarının köməyilə istifadəçinin müraciət etdiyi elmi istiqamətlər üzrə materiallar toplanaraq onun buludunda yerləşdirilir. Bu isə, məlumatların sürətli əldə olunmasına imkan verir.

Sonda O.Ələkbərov bildirib ki, e-kitabxanalarda bulud texnologiyalarından istifadə daha geniş tutumlu verilənlər bazasının yaradılması, şəbəkə vasitəsilə informasiyanın paylanması, istifadəçilərin yeni növ xidmətlərlə, həmçinin informasiya təhlükəsizliyinin təmin edilməsi və xərclərin azaldılması kimi məsələlərin həlli baxımından yeni bir mərhələdir.

 Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə