Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016 / 10:57

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində 3-cü beynəlxalq “Ukrayna Açıq Açar İnfrastrukturu Forumu” öz işinə yekun vurur. Tədbir beynəlxalq ekspertlər, dövlət və özəl sektorun, eləcə də ictimai təşkilatların nümayəndələri üçün elektron identitet, etimad xidmətləri və açıq açar infrastrukturu sahəsində fikir və təcrübə mübadiləsinə şərait yaradan müzakirə platformasıdır.

Xeberler.az-ın məlumatına görə, tədbirin hədəf kütləsi dövlət orqanlarının təmsilçiləri, kiber-təhlükəsizlik üzrə mütəxəssislər, rəqəmsal identitet və imza texnologiyalarının istehsalçıları, mobil rabitə və ödəniş xidmətləri təchizatçıları və fərdi investorlardan ibarətdir. 

Forumda Azərbaycanı “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkətinin rəhbəri Yana Krimpe təmsil edib. Tədbirin “Rəqəmsal Ukraynadan vahid rəqəmsal bazara” adlı plenar sessiyası çərçivəsində baş tutmuş çıxışında Y.Krimpe auditoriyaya Azərbaycanın “Asan İmza” texnologiyasını təqdim edib, bu texnologiyanın dövlətin və cəmiyyətin həyatının müxtəlif sahələrində tətbiqinin üstünlükləri və faydaları barədə söz açıb.

Azərbaycanın elektron hökumətin tətbiqi və elektron cəmiyyətin formalaşdırılması sahəsində təcrübəsindən bəhs edərkən, Y.Krimpe vahid elektron məkan olan E-Hökumət portalı və çoxsaylı korporativ elektron platformalar üzərindən ölkə əhalisinin istifadəsinə açıq olan dövlət və özəl sektor xidmətlərinin davamlı elektronlaşdırılması tendensiyasını da vurğulayıb.

Qeyd olunub ki, hazırda bütün bu elektron xidmətlər açıq açar infrastrukturuna əsaslanan və vətəndaşa elektron mühitdə şəxsiyyətini təsdiq etməyə imkan verən “Asan İmza” gücləndirilmiş mobil elektron imza vasitəsilə istifadə oluna bilər.  

Y.Krimpe onu da diqqətə çatdırıb ki, mobil elektron imzanın tətbiqi elektron hökumətin mobil hökumətə doğru təkamülünü labüd edir, belə ki bu zaman bütün elektron xidmətlər mobil imza texnologiyasının istifadə olunduğu mobil telefon və ya digər mobil rabitə cihazı vasitəsilə əlçatan olur. 

Çıxış zamanı “Asan İmza” xidmətinin istifadəsi ilə bağlı başlıca statistik göstəricilər də nümayiş olunub. Forum iştirakçılarına Azərbaycanda “Asan İmza” vasitəsilə mümkün olan və Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elektron Hökumət Portalı, “ASAN Ödəniş” portalı və maliyyə sektoru tərəfindən təqdim edilən innovativ xidmətlər barədə məlumat verilib. 

Forum çərçivəsində “Asan İmza” mobil gücləndirilmiş e-imza sisteminin Ukrayna Ədliyyə Nazirliyinin akkreditasiyadan keçmiş sertifikat mərkəzi ilə inteqrasiyası da nümayiş edilib ki, bunun da sayəsində Azərbaycan və Ukrayna elektron imza ekosistemlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi mümkün olacaq.

Tədbir zamanı ilk dəfə olaraq bir tərəfdən Ukrayna vətəndaşının “Asan İmza” texnologiyasına əsaslanan elektron imza sertifikatı, digər tərəfdən Azərbaycan vətəndaşının “Asan İmza”sı ilə tərəflər arasında elektron qaydada qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Həmçinin, Ukrayna Ədliyyə Nazirliyinin milli kök sertifikat mərkəzi, Azərbaycan Vergilər Nazirliyinin “Asan” sertifikat xidmətləri mərkəzi və “Asan İmza” xidmətinin inteqratoru olan B.EST Solutions şirkətinin birgə əməkdaşlığı ilə Ukrayna sertifikat mərkəzinin təqdim etdiyi sertifikatla çalışan Ukrayna mobil rəqəmsal imza xidmətinin pilot versiyası da təqdim edilib.

Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. “B.EST Solutions” şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir. 

“Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə