Məlumat verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin ona qoşulması formasında yenidən təşkil ediləcək.
"Son illərdə rəqəmsal transformasiya, rəqəmsal inkişaf məsələləri əsasən Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinin (RİNN) əlində cəmləşirdi. Rəqəmsal transformasiya da data yönümlü, rəqəmsal texnologiyaların tətbiqi ilə rəqəmsal hökumətə keçidi zəruri edirdi. Amma bu məsələlərin tərkib hissəsi olan eGov quruculuğu məsələləri "ASAN" xidmətdə idi. Açıqlanmasa da, zaman-zaman bu tip məsələlər çeviklik və effektivlik baxımından müəyyən problemlər yaradırdı, proseslər ləng inkişaf edirdi. Ona görə də, Fərmanın preambula hissəsində qeyd olunduğu kimi, bu sektorda mərkəzləşmə üçün, dövlət idarəetməsi və rəqəmsallaşma proseslərində pərakəndəliyi aradan qaldırmaq üçün, dövlət idarəçiliyində səmərəlilik baxımından eGov səlahiyyətləri RİNN-ə verilib".
Xeberler.az bildirir ki, bunu fərmanda qeyd edilən məsələləri şərh edərkən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspert bu qərarı məntiqli və doğru yanaşma hesab edir:
""ASAN"-ın 4 il ərzində eGov sahəsində gördüyü işlərə gəlincə Osman Gümdüz qeyd edib :
"Fərmanda da vurğulanıb ki, ötən müddət ərzində bir çox işlər görülüb. Bir- iki məsələni xüsusilə qeyd etmək istərdim. ASAN ölkənin eGov infrastrukturunu milli bir resurs üzərində “oturda” bilib. Yəni, dövlət orqanlarının informasiya mübadiləsi üçün xarici resurs olan X-Road əvəzinə ASAN Bridge yaradılması çox uğurlu addım idi. Hansı ki hazırda bunun üzərində “oturan” dövlət qurumları asanlıqla data mübadiləsini gerçəkləşdirə bilirlər. ASAN Login, bankları dövlət sektoruna qoşan və onlayn bank hesabları açmağa imkan verən ASAN Finance sistemi, DXR.az reyestri , Elektron sənəd dövriyyəsi, Pandemiya dövrünün rəqəmsal həllərini və s. göstərmək olar. Məhz ASAN Bridge və azsaylı inteqrasiyalar ilə digər dövlət qurumları artıq data yönümlü xidmətlər göstərməyə başlamışdı".
Problemlər var idi?
"Əlbəttə. Xüsusilə son zamanlarda görünürdü ki, ASAN bu yükü daşımaqda çətinlik çəkir. Açıq –aşkar görünürdü ki, belə davam edə bilməz. Ən ciddi problem də kordinasiya ilə bağlıydı. Mərkəzi icra orqanları ilə eGov sahəsində iş birliyi çevik və effektiv qurulmadı. Yəni, aşkar hiss olunurdu ki, eGov-dakı işlər ASAN-dakı kimi asan getmir. Bu səbəbdən də inteqrasiyalar çox ləngidi. Ümumiyyətlə, qeyd edim ki, eGov-da kordinasiya həmişə problem olub. eGov-un qanunvericilik dəstəyi işini də ASAN qura bilmədi, çox gecikdi bu sahədə. eGov Mərkəzində yüzlərlə developer olsa da cəmi bir neçə hüquqşünas çalışırdı. Məhz bu səbəbdən MyGov-dakı arayışlar və məlumatlar sadəcə məlumat olaraq da qaldı, rəqəmsal sənədlər hüquqi status ala bilmədi. ASAN eGov Portalını, myGov Portalını və dxr.az Portalını vahid bir resurs formasında təqdim edə bilmədi.Hökumət tərəfindən eGov Mərkəzinin aidiyyatı olmayan layihələrlə (Pandemiya layihələri, müxtəlif kommersiya yönümlü layihələr və s.) yüklənməsi, eGov Mərkəzinin özünün də bəzən bu tip məsələlərin altına girməkdə maraqlı olması, “hər şeyi özüm edəcəm” prinsipi ilə hərəkət edib biznesi yaxına buraxmaması da diqqət çəkən məqamlar olub. eGov Mərkəzinin vətəndaş cəmiyyəti ilə münasibətləri də son zamanlarda xeyli zəifləmişdi".
Nə üçün məhz indi fərman verilib ?
"Görünür ki , BMT-nin eGov ilə bağlı bu il dərc olunan hesabatı, innovasiyalarla bağlı beynəlxalq hesabatlar hökumətin də diqqətini cəlb edib. Son zamanlar biz də bu haqda çox yazırdıq . Hansi ki, bu hesabatlarda ölkəmiz xeyli geriləyib.
Beləliklə, düşünürəm ki, rəqəmsal transformasiyanın mərkəzləşməsinin zəruruliyi və sektorda pərakəndəliyin aradan qaldırılması, rəqəmsal hökumətə keçidin sürətlənməsi, müəyyən işlər görülsə də son zamanlarda sektorda problemlərin və ləngimələrin aşkar görünməsi, şübhəsiz ki bütün bunların beynəlxalq hesabatlarda da öz əksini tapması Prezidentin adı çəkilən fərmanı üçün əsas olub. Artıq ölkədə rəqəmsal transformasiya və eGov quruculuğu bir dövlət qurumunun əlindədir. Son zamanlar RİNN bütün ölkə üzrə rəqəmsal infrastrukturun, keyfiyyətli internet infrastrukturun qurulması istiqamətində ciddi addımlar atıb. RİNN-in əlində həm də son zamanlar xeyli aktivləşən nəhəng bir DATA Mərkəz, Hökumət Buludu var, prosesləri xeyli sürətləndirə biləcək, pulsuz olan SİMA rəqəmsal imzası var.
RİNN-in əvvəllər eGov sahəsində təcrübəsi olan MHM komandası da məhz Data Mərkəzdə cəmləşib. RİNN yeni Agentliklər də formalaşdırıb. Ümid edirəm və inanıram ki, RİNN tez bir zamanda eGov sahəsində kordinasiya və hüquqi məsələləri həll etməklə, artıq ləğv edilən eGov Mərkəzinin də resurslarından və kadrlarından effektiv istifadə etməklə rəqəmsal hökumət quruculuğunu daha da sürətləndirə biləcək".