Hansı daha çevik və effektivdir, “ASAN müraciət” sistemi, yoxsa Şamaxı “Elektron müraciət portalı” ?
2020-ci il 21 avqust tarixdə Azərbaycan Respublikasının Prezidenti “ASAN müraciət” informasiya sisteminin və mobil tətbiqinin hazırlanması ilə bağlı sərəncam imzalayıb.
Xeberler.az məlumat verir ki, sərəncama görə ictimai xarakter daşıyan şikayətlərin operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsi və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsi bu sistem üzərindən olmalıdır.
Sərəncama görə sistemin Operatoru olaraq VXSİ Dövlət Agentliyi nəzərdə tutulub.
Bəs hazırda real vəziyyət necədir ?
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz münasibət bildirib:
"İki ay bundan öncə VXSİ Dövlət Agentliyi tərəfindən “ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib.
Lakin təəssüf ki, tətbiqdən hələlik yalnız Sumqayıt şəhər sakinlərinin istifadə edəcəyi bildirilib. Aidiyyatı dövlət qurumalrının və digər icra hakimiyyətlərinin heç biri indiydək sistemə inteqrasiya olunmayıb.
Prezidentin adı çəkilən sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən bir il bundan öncə verilən sərəncamla “ASAN müraciət” informasiya sistemi haqqında əsasnamənin layihəsinin hazırlanmasına iki ay vaxt verilsə də hələlik əsasnamə ortada yoxdur.
Yəni görünən odur ki, hər iki sərəncamda nəzərdə tutulan vahid bir informasiya sistemi, icraçıların hüquq və vəzifələrini, məsuliyyətini müəyyənləşdirən normalar hələlik hazırlanmayıb.
Maraqlıdır ki, oxşar işlək sistemlər digər dövlət qurumlarında və hətta yerli icra hakimiyyətlərində olsa da ASAN hələlik bu ümumi sistemi yekunlaşdıra bilməyib.
Xüsusilə qeyd etmək istərdim ki, Şamaxı İcra Hakimiyyətinin NRYTN ilə birgə hazırladığı “Elektron müraciət portalı (.e-qebul.az)”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Eko-Radar” sistemi və digər dövlət qurumlarının müraciət sistemləri xeyli müddətdir ki aktiv fəaliyyət göstərir.
Belə müsbət təcrübələr olduğu halda ASAN-nın bir il ərzində ümumi bir müraciət sistemini ortaya çıxara bilməməsi düşündürücüdür və təəssüf doğurur.
Güman etmək olar ki, burada uzun müddətdən bəri davam edən dövlət qurumlarının inteqrasiya problemləri və müəyyən dövlət qurumlarının da maraq toqquşmaları olmamış deyil".
Osman Gündüzün sözlərinə görə, müşahidələr göstərir ki, ASAN məhz bir sıra dövlət qurumlarının etinasızlığı və maraq toqquşmaları səbəbindən inteqrasiya prosesini uzun müddətdir ki, başa çatdıra bilməyib.
"Məlumat üçün bildirim ki, Prezidentin sərəncamına uyğun olaraq “ASAN müraciət" sistemində icraçı qismində aşağıdakı dövlət qurumları iştirak edir :
Azəriqaz
Azərişıq
Azərsu
Azəristiliktəchizat
Avtomobil Yolları Dövlət Agentliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Fövqəladə Hallar Nazirliyi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Ümid edək, ASAN qısa müddətdə Prezidentin sərəncamına uyğun olaraq bütün ölkə vətəndaşlarının müraciətlərini dövlət qurumlarına çatdrımaq və izləmək üçün vahid bir sistem formalaşdıra biləcək".