“İKT üzrə direktor müavininin olmaması tədris prosesinin qurulmasında çətinliklər yaradır”
Xəbər verdiyimiz kimi, məktəblərdə İKT üzrə direktor müavinlərinin olub olmaması ilə maraqlanmışdıq. Hər il Təhsil Nazirliyi tərəfindən tədris müəssisələrinə İKT-nin təhsildə tətbiqi məqsədilə, şagirdlərin, o cümlədən müəllimlərin istifadəsi üçün nəzərdə tutulan İT avadanlıqlar və proqram təminatları verilir. Amma bunlardan effektiv istifadə edilməsi, müəllimlərə informasiya və metodiki dəstəyin təşkil edilməsi və yaranan problemlərin aradan qaldırılması sahəsində tez-tez çətinliklərin yarandığının şahidi oluruq.
Xeberler.az olaraq Təhsil Nazirliyinə məktəblərdə İKT üzrə direktor müavinləri niyə yoxdur sualı ilə müraciət etmişdik. Qurumdan “Nazirlər Kabineti tərəfindən təsdiq olunan ştat cədvəlində İKT üzrə direktor müavini vəzifəsi yoxdur”- cavabını bildirmişdilər.
Xeberler.az olaraq İKT üzrə direktor müavinlərinin olmasının təhsilimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq informatika müəllimlərindən bu məsələyə münasibət öyrəndik.
Sorğunu təqdim edirik:
42 saylı məktəbdə informatika müəllimi işləyən Günəş Məclumova Xeberler.az-a bildirib ki, məktəblərdə İKT üzrə direktor müavinlərinə ehtiyac var:
“Təhsil Nazirliyi tərəfindən bu vəzifəyə ştat təyin edilməli, həmin tədris müəssisəsində lazımi İKT biliyi olan, İT sahəsini dərindən bilən, kompüter otaqlarında, informatika dərslərində yaranan problemləri həll edə bilən namizədə tapşırılmalıdır. Hətta bunu vacib hesab edirəm".
Müəllim hesab edir ki, İKT müavini İKT üzrə dolğun informasiyaya malik olmalıdır.
"Düşünürəm ki, məktəblərdə İKT üzrə direktor müavini vəzifəsi təyin olunarsa bu dəyişiklik məktəb heyəti arasında İT sahəsində rəqabətli mühit yarana bilərdi. O cümlədən deyə bilərəm ki, informatika dərsini tədris edən qeyri-informatika müəllimlərinin dərsə müdaxiləsinin qarşısını alar. Çünki məktəbdə İKT problemləri yarandığı zaman hər kəs ilk növbədə informatika müəlliminə müraciət edir. Buna görə də İT biliyi olmayan bir müəllimin informatika dərsi zamanı yaranan texnoloji problemdən başı çıxmaması onun informatika müəllimi olmadığının aydın göstəricisidir”.
Xətai rayonu 17 saylı məktəbin riyaziyyat və informatika müəllimi Aynurə Əzizova hesab edir ki, artıq dərslərin tədrisi zamanı İKT-dən istifadə olunması bu sahə üzrə kadrların olmasını tələb edir:
“Hər bir məktəb İKT sahəsi üzrə direktor müavinləri ilə təmin olunsa əla olar. Belə olan təqdirdə bu işlərə təkcə direktor yox, onun müavini də nəzarət edər. Dövrümüzdə texnologiyanın sürətlə inkişaf edərək dərs prosesində də tətbiqi bu sahə üzrə mütəxəssislərə ehtiyac yaradır. Hər direktorun İT sahəsi ilə yaxından tanış olması məcburi hal deyil. Amma vacibdir ki, tədris müəssisələrində bu sahəyə nəzarət edən, məktəbin İKT ilə təminatına, şagirdlərin, o cümlədən digər müəllimlərin, valideynlərin məlumatlandırılmasına, dərsdə baş verən texniki nasazlıqlara, İT avadanlıqlara cavabdeh olan nümayəndə olsun.
Məktəblərdə belə kadrların fəaliyyət göstərməsi açıq dərslərin sayını çoxaldar, uşaqlarda informatikaya marağı artırar. Tədris müəssisələrində İKT üzrə direktor müavinlərinə ştat təyin olunsa hər bir müəllim çalışar ki, o, digərlərindən daha çox məlumat toplasın, uşaqların diqqətini cəlb edib onları axtarışda olmağa məcbur etsin”.
Balakən rayonu İtitala kənd tam orta məktəbində riyaziyyat və informatika müəllimi işləyən Rəşad Musayev hesab edir ki, məktəblərdə İKT üzrə direktor müavininin olmaması bugünkü gündə tədrisdə xeyli çətinliklər yaradır. Onun sözlərinə görə, rayon məktəblərində İKT üzrə direktor müavinin olması üçün ilk növbədə tədris müəssislərinə informatika dərsinin tədrisi zamanı vacib olan İKT avadanlıqlar verilməli, internet çəkilməlidir.
“Respublikamızın xeyli sayda məktəblərində heç normal kompüter yoxdur, olanları da işlək vəziyyətdə deyil. Baxmayaraq ki, bizim məktəbə hardasa 7-8 il bundan qabaq 15 kompüter verilmişdi, hazırda onlardan yalnız 2-si işləyir. Ötən il məktəbimizə internet çəkildi, amma cəmisi 10 gün istifadə edə bildik. İlin sonunda şagirdlərin qiymətlərini TQDK-nın saytına yükləyə bilmədim, ona görə ki, internetin sürəti yox dərəcəsində idi, elə hazırda da o səviyyədədir”.
Müəllim bildirir ki, nəinki onun işlədiyi məktəbdə, hətta regionda informatika fənninə ikinci dərəcəli fənn kimi münasibət göstərilir:
“Biz rayon məktəblərində bu fənni çətinliklə tədris edirik, ona görə ki, kənd əhalisinin əksəriyyətinin evində kompüteri yoxdur. Belə olan halda ümid qalır məktəbimizdə olan iki kompüterə, bu da keyfiyyətli təhsil üçün çətinlik yaradır. Bir müəllim kimi əlimdən gələni edirəm ki, bu fənn öz layiqli yerini tutsun, amma təəssüf ki, buna şəraitimiz yoxdur. Əgər direktor müavini olsa yəqin ki bu fənn daha da diqqət mərkəzində olar və fənnin tədrisində öz töhfələrini verər”.
Qubadlı rayonu İsa Məmmədov adına A.Mollu kənd tam orta məktəbində informatika müəllimi işləyən Selin Əsgərova hesab edir ki, məktəblərdə İKT üzrə direktor müavinlərinin olması vacibdir.
“Düşünürəm ki, tədris müəssisələrində müəyyən vəzifələr var ki, onların icra etməli olduğu vəzifələr həmin müəssisənin fəaliyyətinə müəyyən dərəcədə müsbət təsir göstərir. İKT üzrə direktor müavinlərinin olması müasir dövrdə tələb və ehtiyac olunan vəzifədir. Məktəblər yeni-yeni İT avadanlıqlarla təchiz olunur, tədris prosesində müəyyən proqramlardan istifadə olunur. Bu zaman İKT cəhətdən problemlər yaranan zaman müraciət edəcəyimiz vahid ünvan yoxdur. Bu sahə üzrə müəyyən kadrlar olsa problemlərimiz həll olunar”.
Sumqayıt şəhəri 36 nömrəli məktəbin informatika müəllimi Çinarə Bayramova bildirir ki, məktəblərdə İKT üzrə direktor müavinlərinin olması tədris müəssisələrində bu sahə üzrə təkmilləşmədən xəbər verir.
“Ümumiyyətlə, hər kadr üzrə mütəxəssislərin fəaliyyət göstərməsi keçirilən dərsin uğurlu nəticələrindən xəbər verir. Məktəblərimizdə İKT üzrə direktor müavinləri olsa daha yaxşı olar, müəllimlər də hazırkı dövrümüzdə tələb olunan İKT biliklərə asanlıqla yiyələnərlər. Məsələn, indi müəllimlərin diaqnostik qiymətləndirilməsi elektron qaydada təşkil olunacaq. Beləliklə, ən azından əlində mouse tuta bilməyən, mouse-la işləmək qaydasını bilməyən müəllimlərə bu işlərdə yardımçı olardılar”.
Balakən rayon Tülü kənd 1 saylı orta məktəbin riyaziyyat-informatika müəllimi Fatma Teyyubova hesab edir ki, məktəblərdə İKT üzrə direktor müavininin olması mütləqdir.
“İKT üzrə direktor müavini olan şəxs həqiqi mənada İKT-dən başı çıxan, bu istiqamətdə müəllimlərə lazımi məsləhətləri verə bilən, informatika ilə bağlı müsabiqələrə, olimpiadalara qoşulmaq istəyənlərə hərtərəfli yardım və istiqamət verə bilən, məktəblərlə bağlı saytlarda məktəb haqqında məlumatları yerləşdirə bilən, internet aləmindən maksimum istifadə edərək təhsildəki yenilikləri öz məktəbində tətbiq edə bilən biri olmalıdır. Mütamadi olaraq informatika dərslərində iştirak etməli, kurikulum proqramı ilə dərs keçən müəllimləri dərsləri İKT-nin köməyi ilə təşkil etmələrinə yönəltməli, lazım gəlsə onlara bu istiqamətdə kömək etməli və tapşırıqlar verməlidir”.
Fatma Teyyubova onu da qeyd edir ki, təhsilin keyfiyyəti üçün lazım olan, ancaq bəzi müəllimlərin tərəddüd edə biləcəyi məsələlər əvvəlcədən qanunla təsdiqlənməlidir:
“Bütün bunları keyfiyyətli formada edə bilməsi üçün onun öz iş planı olmalıdır və vaxtını tam bu vəzifənin tələblərinə sərf etməlidir. Həmçinin onu da vurğulamaq istərdim ki, İKT üzrə direktor müavininin əmək haqqı qənaətbəxş olmalıdır ki, müəllim olsa belə dərs keçmədən özünü bu işə tam cəmləyə bilsin.
Şirvan şəhərində yerləşən 9 saylı tam orta məktəbin riyaziyyat-informatika müəllimi Sevinc Niftiyeva bildirir ki, məktəblərdə İKT üzrə direktor müavinləri kimi ixtisaslı kadrların olması vacibdir:
“Bu problem təhsildə sürətlə inkişaf edən İKT sahəsindəki boşluqdan xəbər verir. Xüsusən də rayonlarda çox acınacaqlı haldır ki, informatikanı tədris edən müəllimlərin belə İKT bacarıqları olduqca aşağıdır və demək olar ki, heç yoxdur. Məktəblərdə az-çox kompüterlər var, amma təəssüf ki, elə bacarıqsızlıq üzündən xarab olaraq sıradan çıxır. Buna görə də hesab edirəm ki, məktəblərdə İKT üzrə direktor müavinləri bu gün üçün mütləqdir”.
Müəllim bildirir ki, İKT üzrə direktor müavinlərinin olması eyni zamanda informatika dərslərinin keçirilməsində də böyük fərq yaradardı:
“Etiraf edək ki, rayonlarda informatika dərslərini bir çox hallarda 10 günlük kurs keçib sertifikat alan digər ixtisaslı müəllimlər tədris edir. Bu da tədrisin inkişafını çox aşağı salır. Amma belə İKT müavinlər yaradılarsa informatika dərslərinə və məktəbin İKT avadanlıqlarının qorunmasına, səmərəli istifadəsinə nəzarət yaranar. Bugünkü tələb dərslərin İKT texnikası ilə qurulmasını, elektron resursların hazırlanmasını tələb edir. Amma nəticədə isə susmalı oluruq, əsasən də rayonlarda bu, acınacaqlı haldır. Təsəvvür edin ki, hələ də mouse tuta bilməyən müəllimlər var. Bu kimi halların qarşısı alınmalıdır”.
R.M.Sadıqov adına 136 saylı tam orta məktəbin informatika müəllimi Təranə Vahabova bildirir ki, məktəblərdə İKT üzrə direktor müavinləri təyin etməyin artıq vaxtı çatıb.
“Artıq məktəblərdə İKT ilə bağlı işlər həddindən çoxdur. Günümüzdə İKT bütün fənlərin tədrisində tətbiq edilir. Az da olsa tədris müəssisələri İT avadanlıqlarla təmin olunub və İKT bilikləri artıq dövr tələb edir. Düzdür İKT üzrə laborantlar və ya bu ad altında fəaliyyət göstərənlər var, lakin bütün işlər informatika müəllimlərinin üzərinə düşür. Məncə İKT üzrə direktor müavini olsa hər kəs öz işini bilər”.
Ucar rayonunda informatika müəllimi işləyən Emin Abbasov hesab edir ki, məktəblərdə İKT üzrə direktor müavinləri olsa o bütün müəllimlərə dəstək olar.
“Hazırki vəziyyətdə direktor müavinlərindən hər hansı birinə bu vəzifənin tapşırılması müasir dövrün tələbinə cavab vermir. Çünki birincisi, direktor müavininin kifayət qədər görəcəyi işi və vəzifəsi var. Əlavə olaraq isə digər vəzifələrin ona həvalə edilməsi düzgün deyil. Digər tərəfdən də hesab edirəm ki, İKT üzrə müavin İKT sahəsi haqqında kifayət qədər biliyə malik olmalı, digər müəllimlərə bu sahədə kömək etməlidir.
Məsələn, müəllimlər hazırda summativ qiymətləndirmə aparır. Testlərin kompüterdə yazılması, düzəldilməsi, çap edilib çıxarılması zamanı müəllimlər çox əziyyət çəkir. Axı bütün müəllimlər İKT avadanlıqlardan istifadə edə bilmir. Düzdür, müasir dövrün tələbi olsa da reallıq odur ki, müəllimlərimizin heç də hamısı bunu bacarmır. Bu səbəbdən də İKT üzrə direktor müavinlərinin olması bütün məktəblərdə müəllimlərə dəstək olar. Onlara işlərinin daha sürətli və effektiv aparmasına kömək edər”.
Məsələylə bağlı ekspertlərin də fikirlərini öyrəndik:
“Təhsildə innovativ texnologiyalar” əlavə təhsil mərkəzində Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis Nigar Əhmədzadə hesab edir ki, məktəblərdə İKT üzrə müavinlərin olması bir çox problemlərin həllində müsbət rol oynaya bilər.
“Mən informatika müəllimi deyiləm, lakin İKT-nin tətbiqi ilə uzun illərdir ki, məşğul oluram. Bu sahədə İT kadrlar olmayanda insanlar bu sahəni mənimsəyə bilmir. Xüsusilə də tədris müəssisələrində İT mütəxəssislərin olması vacibdir. Çünki hər sahə üzrə təməl ilk öncə elə məktəbdə qoyulur. Həm də ki ən azından indi müasir dövr bunu tələb edir. İKT üzrə direktor müavinlərinin olması həm şagirdlər, həm müəllimlər, həm də ki ümumilikdə məktəb üçün böyük avantajdır. Məktəblərdə İKT sahəsinin inkişafı, nəticə olaraq isə informatika fənninin tədrisi üçün hələ də bəzi çatışmazlıqlar var. Bunlardan biri də İKT üzrə direktorların olmamasıdır”.
Təhsildə texnologiyalardan istifadə üzrə mütəxəssis Elvin Əliyev hesab edir ki, respublikada fəaliyyət göstərən bəzi tədris müəssisələrində artıq bu vəzifə var:
“Ümumiyətlə, xaricdə məktəblərdə Digital Couch, İT İntegrator olur, bizim dilimizlə desək Təhsildə texnologiyadan istifadə üzrə mütəxəssis. Bu mütəxəssislər müəllimlərə təlim keçir, onlarla dərs prosesini planlaşdırır, keçirilən dərslərdə iştirak edir. Günümüzdə artıq təkcə informatika dərslərində deyil, digər dərslərdə də istər humanitar, istərsə də texniki dərslərdə İKT-dən geniş istifadə olunur. Hətta deyərdim ki, dərslərdə İKT-nin tətbiqi artıq məcburidir. Bizdə də mən tanıdığım bir neçə məktəbdə artıq bu vəzifə var. Problem ondadır ki, bu vəzifə bütün məktəblərdə yoxdur, hamısında olsa yəqin ki problem olmaz və təhsildə İKT-nin tətbiqi təhsilin keyfiyyətinin də artmasına kömək edərdi”.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri