“Adətən insanlar bizim təklif etdiyimiz internetə görə yox, xətlərə görə narazı qalırlar”.
“Aztelekom” İB-in Baş Direktoru Məhəmməd Məmmədov “Aztelekom” İB-də özəl provayderlərin, Azərbaycan İnternet Forumu və İnternet Cəmiyyətinin iştirakının toplantısında regionlarda özəl provayderlərin fəaliyyəti üçün yetərli şərait və “Aztelekom” İB-nin infrastrukturundan güzəştli şərtlərlə istifadə imkanları yaradıldığını bildirib.
Baş direktorun sözlərinə görə, bütün provayderlərə kömək məqsədilə vahid bir servis mərkəzi yaradılıb və sistemə qoşulan provayderlər ölkə üzrə bütün internet istifadəçilərini operativ və keyfiyyətli servislə təmin edə biləcək.
Bəs görəsən bu imkanlara əsasən özəl provayderlər fəaliyyətlərini bölgələrdə necə təşkil ediblər?
Xeberler.az saytı məsələylə bağlı “Q-Telekom” MMC-nin direktoru Ramiq Mustafa ilə müsahibəni təqdim edir:
-Telekommunikasiya sektorunda fəaliyyət göstərmək asandırmı? Ədalətli rəqabət varmı?
-İnkişaf olan hər yerdə rəqabət var. Bu normal haldır. Bəzi insanlar rəqabəti əngəl kimi başa düşür. Amma mən döyüşə gedirəmsə, rəqibi güclü bilib getməliyəm, zəif bilib getsəm uduza bilərəm. Ən yaralı yerimiz internetin bazarda qiymətidir. Çünki internetin ölkəyə giriş bahadır və biz də məcbur qalıb elə baha qiymətə müştərilərə satırıq. Bu da insanlarda müəyyən narazılıq yaradır. Baha malın alıcısı az olur. Bir çoxlarının bu gün imkanı yoxdur ki, yüksək sürətli İnternetə yüksək məbləğdə pul ödəsin. Amma hər bir adam internetdən istifadə etmək istəyir. Bu getdiyimiz hər bir bölgədə qabarıq şəkildə nəzərə çarpır.
- Siz regionlarda da fəaliyyət göstərrisiniz. Rayonlarda internet sahəsində rəqabət varmı?
-Bəli, var. Bu yeni yaranmış bazardır. İri şəhərlərdə, bölgələrdə işləyən provayderlər üçün kəndlər yeni, əlverişli bazardır. Onlar çalışırlar ki, rəqibləri böyüməsin və onların geniş imkanlarını əllərindən ala bilməsinlər. Biz çalışırıq ki, müştərilərə özəl xidmətlər təklif edək və öz rəqiblərimizdən irəlidə olaq. Əsas üstünlüyümüz ondan ibarətdir ki, hər hansı kənddə internetlə bağlı problem yaşanarsa, yerli mütəxəssislərimiz tərəfindən dərhal problem həll olunur.
-Kəndlərdə internetə tələbat necədir?
-Son dövrlərdə kəndlərdə internetə tələbat xeyli artıb. Bu gün ən ucqar, əhalisi 100 nəfər olan kənddə belə bir neçə nəfər ola bilər ki, internetdən istifadə etmək istəsin. Lakin nəzərə almaq lazımdır ki, bir nəfərə görə internet çəkmək də olmur. Kommersiya baxımından bu əlverişli deyil. Azərbaycan bu gün qismən şəbəkələşmədən başlayıb tam şəbəkələşməyə doğru gedir. Yaxın vaxt ərzində bölgələrin hamısı tam İnternetlə təmin olunacaq. Və bu iş çox sürətlə davam etdirilir. Bu işdə həm dövlət provayderləri, həm də özəl provayderlər fəaliyyət göstərir.
-Kəndlərə əsas İnternet xətlərini “AzTelekom” İB çəkir, yoxsa siz də bu prosesdə iştirak edirsiniz?
-AzTelekom hazırda bölgələrdə interneti Fiber optik kabel ilə öz vəsaiti hesabına çəkir. O dövlət qurumudur və dövlət vəsaiti hesabına bu işləri yerinə yetirir. Lakin biz “Q-Telekom” MMC olaraq imkanlarımızı nəzərə alaraq bölgələrdə biber-optik xətlərin çəkilməsini və genişzolaqlı internet xidmətinin verilməsini həyata keçiririk. Bu, bizim inkişafımız üçün AzTelekom İB-nin yaratdığı imkanlardır. Yaradılmış şərait bizə stimul verdi ki, bölgələrdə 50 km-yə yaxın müxtəlif ölçülü Fiber optik xətlərin çəkilişində iştirak edək və onun üzərindən fəaliyyətə başlayaq. Artıq bir neçə rayonda, o cümlədən ucqar qəsəbə, kənd və şəhərdə yeksək sürətli İnternet xidməti göstəririk. Yeganə problemimiz yararsız naqillərlə bağlıdır. Çünki əvvəlki naqillər artıq yarasız vəziyyətə düşüb.
-Bəzən elə provayderə rast gəlirik ki , qısa müddətdə yaranıb, fəaliyyətə başlamasına baxmayaraq ətrafına böyük müştəri bazası toplaya bilir. Bu necə ola bilir? Sizcə, bunu normal fəaliyyətlə həyata keçirmək mümkündürmü, yoxsa o bazarda hansısa üstünlüklərdən istifadə edir?
-Biz 4 ildir fəaliyyət göstəririk. Fəaliyyətə başladığımız ildən AzTelekom İB ilə əməkdaşlıq edirik. Özəl provayderlərin internet bazarında özlərinə yer tapmaları üçün sərmayə, müştəri bazası toplamaq üçün isə güclü mütəxəssis və texniki baza olmalıdır. Özəl provayderin sahibi düşünməlidir ki, əvvəlcə xalqa xidmətlə başlasın, zamanla onun gəliri də olacaq. Biz bu istiqamətdə fəaliyyətimizi qurduq və əvvəlcədən hazırlanmış fəaliyyət proqramında ictimai ehtiyacları da müşahidə edib, nəzərə alaraq uğurla fəaliyyətə başladıq.
-İstifadəçilərinizə internetlə bərabər əlavə xidmətlər də verirsinizmi? Sizdə statik İP ünvanı əldə etmək olurmu? Bu xidmət pulludurmu?
- Son illərdə İP adresləri ilə bağlı ümumi problem var. Şirkətin hazırda bununla bağlı hər hansı problemi yoxdur. Müştərilərimiz istədikləri vaxt İP adresi alırlar. Amma ola bilər ki, istifadəçilərimizin sayı artdıqca biz də bu problemlə üzləşə bilək. Hazırda dinamik və statistik İP adreslərinin verilməsi ilə bağli çətinlik yaşamırıq.Və təbii ki, azlıq təşkil edən İP-lərin ödənişli olduğu hallar da olur.
-İstifadəçi ilə müqavilə bağlamazdan öncə ona xəttin keyfiyyətini yoxlamaq üçün bir neçə günlük pulsuz internetdə işləmək imkanı yaradırsınızmı ?
-Bölgələrimizdə xətt təsərrüfatı ilə bağlı problemlər var, xətlər çox köhnədir və mis məftillərdir. Çalışırıq ki, müştərilərə istəklərinə uyğun və şərtlər daxilində sınaq müddəti verək. Adətən insanlar bizim təklif etdiyimiz İnternetə görə yox, xətlərə görə narazı qalırlar. Lakin hələlik bu sahədə ciddi problemlə qarşılaşmamışıq. Fəaliyyətimiz olan bölgələrdə istifadəçilərə 3-7 gün ərzində İnternetdən pulsuz istifadə ilə sınaq müddəti üçün imkanlar yaradırıq.
-Əhali telefon xəttinin üzərindən olmaqla ADSL internet almağa üstünlük verirlər , yoxsa ayrıca fiber-optik xətt istəyirlər?
-Bu gün bölgələrdə istiafədçilərin əksəriyyəti ADSL-dən istifadə edir. 2015-ci ildə nəzərdə tutduğumuz layihədə fiber-optik kabellərdən mənzillərə, fərdi evlərə, obyektlərə qədər belə xətlər çəkməyi düşünürük. Çünki insanların yüksək sürətlə İnternetə tələbatı artır və mövcud xətlərdən daha yüksək sürətli xətlərə- fiber-optikə keçməyin vaxtıdır. Lakin bu xətt bahalı olduğu üçün zamana və maddi resurslara ehtiyac duyulur.
-Hüquqi şəxslərin, müəsisəsələrin və məktəblərin internetə qoşulması necədir?
-Məktəblər əsasən Təhsil Nazirliyinin yaratdığı internet şəbəkəsindən istifadə edirlər. Amma daxil olduğumuz bölgələrdə, kəndlərdə təhsil müəssisələrinin internetə ehtiyacı olanda bizimlə əməkdaşlıq edirlər. Bölgələrdə yerli icra nümayəndələri, bələdiyyələr, hüquqi, fiziki şəxslər bizim təklif etdiyimiz imkanlardan aktiv bəhrələnirlər.
- Rayon Telekommunikasiya qovşağından sizə köməklik göstərilirmi?
-Bəli, çox kömək göstərilir. Yerlərdə hələ tam bazamız, mütəxəssislərimiz formalaşmayıb. Hələlik Rayon Telekommunikasiya qovşağının mütəxəssislərinin köməyindən istiafdə edirik.
-AzTelekomla birlikdə hansısa birgə layihələrdə iştirak edirsinzimi?Gözlənilirdi ki, birgə servis xidməti quracaqsınız. Bu işlər nə yerdədir?
-Biz yarandığımız ildən, 2011-ci ildən AzTelekomla əməkdaşlıq müqaviləsi bağladıq. 2015-ci ildə AzTelekom regionlarda müştərilərə çevik xidmət göstərmək üçün 170 çağrı mərkəzi yaratmışdır.Və fəaliyyət göstərən bütün provayderlərə o cümlədən bizə də bu xidmətdən yararlanmaq üçün təklif gəldi. Biz bu xidmətə artıq qoşulmuşuq. Bu xidmət imkan verəcək ki, müştərinin texniki xətt parametrlərinin necə vəziyyətdə olduğunu görək və müraciətləri dərhal cavablandıraq, müştərilərə zəruri köməklik göstərək.
-Tutaq ki, gecə saatlarında müştərinizin internetlə bağlı problemi yaranıb və sizə müraciət edir. Onun probleminin həll olunma ehtimalı necədir?
-Biz bütün əlaqə vasitələrimizi müştərilərə veririk. 24 saat müddətində fəaliyyət göstəririk. Əgər gecə saatlarında internetin verilməsi ilə bağlı problem varsa, ilk növbədə problemin nədən ibarət olmasını aydınlaşdırırıq. Həlli mümükün olan dərhal aradan qaldırılır. Əgər problem hər hansı texniki nasazlıqla bağlıdırsa həmin gün yox, səhəri gün müvafiq qurumların müdaxiləsi nəticəsində məsələ həll edilir.
-Tutaq ki, müştəri internet xidmətindən narazıdır və provayderini dəyişmək istəyir. Sizin təklif etdiyiniz internet xidmətində bunun üçün müştəri hansı addımları atmalıdır və bu proses hansı müddətdə başa çatır?
-Müqavilə bağlayanda konkret vaxt məhdudiyyəti tətbiq olunmur. Müştərilər azaddırlar. Bu gün internetə qoşulub, razı qalmayıb provayderi dəyişdirə bilərlər. Elə olduqda həmin şəxsin vəsaitini geri ödəyib, müqaviləsini ləğv edirik.
-Bir çox hallarda provayderlər müştərini cəlb etmək üçün yüksək sürət vəd edir. Amma faktiki olaraq bu sürət paketdə olandan 20-30 faiz, hətta 50 faiz aşağı olur. Səbəb kimi də guya istifadəçinin telefon xəttində olan problemlər kimi göstərilir. Deməli biz istehlakçını cəlb etmək üçün ona yanlış məlumat vermə, daha sadə dillə desək aldatma faktı ilə üzləşirik. Çünki provayder istənilən halda əvvəlcədən istifadəçini məlumatlandırmalıdır ki, belə problem ola bilər. Buna şərhiniz.
-Belə hallar olub. Müştərinin evinə gələn daşıyıcı xətt saz vəziyyətdə olmalıdır. Ola bilər vətəndaşın xətt təsərrüfatı yaxşıdır, amma provayder ona yalan vədlər verib, sonra buna əməl etmir. Amma çox halda belə olur ki, istehlakçının telefon xətti nasazdır və belə olan halda xətt təzələnməli və daha keyfiyyətli kabel çəkilməlidir. Müştəri ona təqdim edilən İnternet paketindən tam istifadə etmək istəyirsə, mütləq Fiber optik xətdən istifadə etməldir. Çox hallarda mis naqillərlə tam keyfiyyətli İnternet əldə etmək mümkün olmur. Məhz bu məsələlərə görə müştəri və provayder arasında anlaşılmazlıqlar yaşana bilər.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri