Yeni yaşayış binalarında İnternet problemi - Araşdırma

12-03-2015 / 12:39

Yeni yaşayış binaları  İnternet və telekommunikasiya  təchizatı olmadan təhvil verilir - bu qanunsuzdur.

Hər gün İnternetə tələbat daha da artır. Artıq İnternet  həyatımız üçün zəruri olan ehtiyacların sırasına daxil olub.

İnternetə təlabat artıqca, onun kefiyyətinin yüksək səviyyədə təşkili də  diqqət mərkəzinə gəlir.

Belə ki, bu gün artıq  rayonda, şəhərdə, hətta ucqar kənddə yaşan sakin də evində yüksək sürətli və sərfəli İnternetin olmasını arzu, hətta tələb edir.

Son dövrlərdə ölkədə sürətlə yeni yayış binaları, xüsusi yaşayış kompleksləri, yeni ofis binaları tikilir və istifadəyə verilir. Bu tikintilər isə müxtəlif şirkətlər tərəfindən aparılır.

Bəs görəsən  yeni tikilən  yaşayış komplekslərinə, binlara İnternet  necə çəkilir?  Yeni binalara İnternet çəkilişi vətəndaşın arzusu ilə həyata keçirilir yoxsa binanın sahibi bu işləri həll edir ?

Xəbərlər yeni yaşayış  binalarında telekommunikasiya və  İnternet infrastrukturun qurulması, bu binalarda hər bir mənzilə İnternet verilməsi ilə bağlı   vəziyyəti öyrənmək üçün araşdırma aparıb .

İlk öncə bu prosesin qanunvericiliyə uyğun olaraq necə layihələndirilmsəi, yeni yaşayış binalarında İnternet və telefon infrastrukturunun necə qurulmalı olduğu ilə maraqlandıq.

 Bu məqsədlə Bakı Telefon Rabitəsi  İstehsalat  Birliyinin Baş direktorunun  müavini   Xankişi Xankişiyev  ilə əlaqə saxladıq.

Baş direktor müavini   yaşayış komplekslərinin, binaların  telekommunikasiya xidməti ilə  təmin edilməsi haqqında geniş məlumat verib. İnternet çəkilişinin necə həyata keçirilməsinin mərhələlərindən və bu istiqamətdə qarşılaşdıqları çətinliklərdən danışıb.

İnternetin tam fəaliyyət göstərməsi üçün kabel-kanalizasiya sistemi, zəruri qurğular (avadanlıqlar üçün rəflər və s ), kabellər və  sonda  isə abunəçinin modemi olmalıdır

Xankişi Xankişiyevin sözlərinə görə, yeni inşa edilən binalara İnternet çəkilişi məsələsi  binanın layihəsi  hazırlanan vaxt  öz  əksini tapmalıdır:

“Hər hansı yaşayış mərkəzinin tikilməsi üçün yer ayrılanda və yaxud biznes mərkəzinin layihləndirmə işlərində  onların  digər kommunikasiya təchizatları ilə   təşkil olunduğu kimi,  telekommunikasiya ilə təchizatı  da layihədə nəzərdə tutulur. Yəni necə ki qaz, su , enerji  infrastrukturu qabaqacdan nəzərdə tutulur, eynilə telekommunikasiya da  layihələndrimədə öz əksini tapmalıdır.

Hər hansı  bina və yaxud  obyekt tikilən zaman  Bakı Şəhər İcra hakimiyyəti tərəfindən  BTRİB-ə məktub gəlir ki, telekommunikasiya çəkilişi ilə bağlı texniki parametrlər  müəyyən olunsun. BTRİB tərəfindən yeni tikiləcək binanın  kabel – kanalizasiya sistemi,  kabel çəkilişi, binanın müasir səviyyədə telekommunuksiya  ilə təmin edilməsinin texniki parametrini hazırlayıb, onlara təqdim edirik. Bu texniki parametrlər isə  layihədə öz əksini tapmalıdır. BTRİB tərfindən telefon stansiyasından binaya  qədər şərtlər verilir  ki, İnternet necə evlərə çatırılmalıdır. Texniki şərt  müəyyən edirik ki, layihədə bu, nəzərə alınsın. Mövcud qanunvericilikdə nəzərdə tutulur ki, abadlıq işləri görülən zaman bu məsələ də öz əksini tapmalıdır”.

Direktor müavini   qeyd edib ki, binaya İnternet çatana qədər  BTRİB tərəfindən müəyyən mərhələ üzrə fəaliyyətlər həyata keçirilir. Onun sözlərinə görə, bu proses böyük  şəbəkə  modelidir.  Yəni BTRİB bunun üçün müxtəlif xərclər yatırır:

“Bu xidməti göstərmək üçün ilk öncə  İnternet mərkəzi olmalıdır.  Bununla yanaşı, istifadəçi tərəfindən abunəçini identifikasiya edən serverlər və  data şəbəkəsi də, optik kabel sistemləri olmalıdır. Bir sözlə, evlərin daxilində tam İnternetin fəaliyyət göstərməsi üçün kabel-kanalizasiya sistemi, zəruri qurğuların yerləşdirilməsi üçün rəflər, kabellər, sonda  isə abunəçinin modemi olmalıdır”.

Xankişi Xankişiyev bildirib ki,   mobil operator efir məkanında olduqları , həmçinin  açıq sistemdə faliyyət göstərdikləri üçün  onların  internetvericilik fəaliyyəti  asandır:

“Mobil  İnternet  hər yerdə mümkündür.  Lakin  sabit şəbəkədə  isə  qapalıdır. Bu sistemdə İnternet evlərə qapalı  şəbəkə ilə gəlir. Qapalı şəbəkədə evlərə İnternet ayrıca xətlərlə , o cümlədən də  optik xəttlərlə çəkilir”.

Bütün telekommunikasiya xidmətləri ( telefon, video, data, faks, internet)  data adı ilə  formalaşıb.

 

Xankişi Xankişiyev onu da qeyd edir ki, əvvəllər telefon şəbəkəsi və İnternet şəbəkəsi  ayrı-ayrı çəkilirdi: “Həmçinin  TV də ayrıca bir xətt idi. Lakin indi bütün telekommunikasiya xidmətləri ( telefon, video, data, faks, internet)  data adı ilə  formalaşıb və  vahid “Telekom”  adı altında birləşib”.

 

 

BTRİB telekommunikasiya  sisteminə  milyonlarla vəsait xərcləyir

Direktor müavini provayderlərlə iş prinsiplərindən də danışıb: “Əksər insanlar opertaor və provayder anlayışını eyni tuturlar. Lakin bu anlayışların funksiyası fərqlidir.Telekommunikasiya üçün şəraiti BTRİB yaradır.Provayderələr isə bu imkanların vəsaitini ödəməklə istifadə edirlər.  Binada yaradılan telekommunikasiya imkanları  vahid “ Telekom” adı altında  toplanıb.  Operator və provayder başqa anlayışlardır.  Belə ki,  operator öz qurğuları, infrastrukturası ilə   xidmət edən təşkilatdır. Bu dünyada belədir ki,  provayder avadanlıq və qurğuları əsasən operatordan icarəyə götürür. Operatorun yaratdığı imkanlardan istifadə edərək   xidmət göstərir. Bakıda  20-dən çox provayder fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrində olduğu kimi , telekommunikasiya  qurğularınının təşkilinə və saxlanılmasına   milyonlarla  vəsait xərclənir. Bütün bu xərcləri BTRİB ödəyir. Provayeder isə operatorlardan  müqavilə əsasında həmin imkanlardan istifadə etmə imkanı əldə edir. Provayderlər həmin  xərclərə uyğun xidmət göstərir. Operator  çəkdiyi telefon infrastrukturunu  provayderə istifadə üçün  verir .

Hündürmərtəbəli yeni yaşayış binaları telekommunikasiya  təchizatı olmadan vətəndaşlara satılır

Xankişi Xankişiyevin sözlərinə görə, yeni  tikilən həyətyanı binalara, adi yaşayış mərkəzlərinə İnternet çəkilişi zamanı heç bir çətinlik yaranmır.

Lakin  hündürmərtəbli binalarda hələ də telekommunikasiya sisteminin qurulması ilə bağlı müəyyən problemlərlə qarşılaşmaq mümkündür.  O,  bunun səbəblərini izah edib:

“Mənzil-tikinti kooperativləri ( MTK)  tərəfindən tikilən hündür mərtəbəli binaların əksəriyyəti  yaşayış və biznes mərkəzi olaraq satılır.  Lakin MTK-nın    telekommuniksiya istiqaməti fərqlidir. Onların tikdikləri yaşayış binalarında telekommunikasiya ilə əlaqəli  müəyyən problemlər yaranır. Belə ki, binanı tikən MTK-lar tikdikləri binaları telekommunikasiya  təchizatı olmadan da  insanlara sata bilirlər. Düzdür, onların layihəsində bu texniki parametrlər nəzərdə tutulsa da, amma parametrlər   olmadan da binalar istifadəyə  verilə bilir.  Biz MTK-lara texniki parametrlər veririk ki,  zəruri telekommunikasiya infrastrukturu yaradılsın, optik kabellər   çəkilsin və paylayıcı mərkəz üçün binada müəyyən  yer ayrılsın. Lakin onlar,  kabelləşdirilmə olmadan da evləri  də sata bilir. Bu gün bəzi belə binalar  var ki,  evlərin telefon şəbəkəsi yoxdur, mənzillərə telefon çəkilməyib.  Əslində bina  bu parametr olmadan istifadəyə verilə bilməz, amma vətandaş  artıq binada məskunlaşdığı üçün  bina fəaliyyət göstərir. Rəsmi  sənəddə  bu, qəbul olunmur.  Belə yaşayış binalarında yaşayan elə istifadəçilər var ki,  onlar binanın  daxilində  telefonlaşma edirlər, İnternet çəkirlər. Əlavə vəsaitlər ödəyirlər . Bu,  MTK-nın müqaviləsinə salınmır.   Bunun üçün də, vətandaş diqqətli olmalıdır və evi alarkən müqavilədə telekommunikasiya üçün şərait yaradılmasının şərtini qoymalı, MTK ilə  razılaşmalıdır”.

MTK-lardan ev alarkən diqqətli olun!

 Xankişi Xankişiyev deyib ki,  bəzən  MTK-nın  tikdiyi binada yaşayan və  hər hansı provayderin İnternet xidmətindən narazı olan  abunəçi də Nazirliyə şikayət edir. Direktor müavini deyib ki, belə məsələlərdə  BTRİB məsuliyyət daşımır.

Direktor müavini vətəndaşlara   MTK-lardan ev alarkən diqqətli olmağı, müqavilədə telekommuniksaiya təchizatının təminatı ilə bağlı şərt qoymalarını tövsiyyə edib.

“ Əslində MTK binanın layihəsinə  telekommunikasiyanı da salmalıdır ki,  vətandaşa rahat olsun. Lakin indi MTK-lar binanı tikərkən  telekommunikasiya üçün yer ayırmır. Binaya optik kabelin çəkilişini təmin etmir”.

Avirtel MMC yeni tikilən binalara İnternet çəkimi ilə bağlı fəaliyyətlərini  Xəbərlər-ə şərh edib.

Bu provayderdən verilən məlumata görə,  yeni tikilən yaşayış binasına fiber-optik kabel çəkilir və kabellər təyin olunmuş yerdə sonlandırılır:

“ Bundan sonra sonlama nöqtəsindən yaşayış mənzilinin bloklarına fiber- optik kabel çəkilir. Kabellərin çəkildiyi bloklarda kommutator quraşdırılır.Kommutatordan isə mənzillərə kabel çəkilir. Mənzillərdə router quraşdırılır, sonra mənzil İnternet, İPTV, İP Telefon xidmətləri ilə təmin olunur”.

Müştəri özünə uyğun məhsul, xidmət və tarifləri seçir

Avirtel provayderi   abunəçilərin yaşadıqları binalara İnternet çəkilişi üçün müraciətləri və onlara qoyulan şərtlər barədə də geniş məlumat verib:

“ MMC - yə  müraciətlər ya birbaşa baş ofislə əlaqə yaradılaraq, yaxud region nümayəndələrimizə müraciət etməklə həyata keçirilir. Daha sonra müştəri ona uyğun məhsul və xidmətləri, eyni zamanda ona münasib tarifləri seçir. Müştəri və Avirtel MMC arasında Xidmət müqaviləsi imzalanır. Əgər bu fiber -optik xəttidirsə birbaşa bağlantı həyata keçirilir. ADSL qoşulması olduğu təqdirdə isə müştərinin İnternet xəttinin açılması üçün ATS-lərə məktub ünvanlanır və birdəfəlik 5 manat qoşulma haqqı və hər müştəriyə görə 2 manat İnternet porta görə aylıq ödənişlər həyata keçirilir”.

ADSL qoşulma zamanı ATS-lərdə problemlər yaranır

Avirtel MMC İnternet çəkərkən üzlədişdikləri problemlərə də toxunub:

“ADSL texnologiya ilə İnternet vediyimiz zaman  ATS -lər tərəfindən qoşulma əksər hallarda müqavilədə nəzərdə tutulduğundan gec həyata keçirilir. ATS-in cavabdeh olduğu qoşulma üçün provayderdən əlavə kabel tələb olunur.Telefon xətlərinin keyfiyyəti də çox zaman qeyri-qənaətbəxş olur. Optik qoşulma zamanı bəzi hallarda kabel-kanalizasiyadan istifadə zamanı problemlərlə üzləşirik ”.

MMC-dən verilən məlumata görə,  yeni tikilən binaya əvvəlcədən optika çəkilməsi, avadanlığın qurulması, işin həcmindən asılı olaraq 2 - 6 ay müddətində aparıla bilər:

“Mənzillərə internet verilməsi blokda olan mənzillərin sayından asılıdır. Orta hesabla 18 mərtəbənin 1 blokuna 5 iş günü vaxt sərf etmək olar”.

“Optik kabel yoxdursa, İnternet çəkimi zamanı müəyyən problemlərlə yaranacaq”

Mega Telekom provayderinin Baş direktoru Azər  İbrahimov Xəbərlər-ə deyib ki, şirkət optik kabel və ADSL texnologiya ilə yeni binalara İnternet xdimətləri təklif edir:

 

“Bəzi yaşayış  binalarına şirkətimiz tərəfindən  optik kabellər çəkilib.  Həmçinin  10-na yaxın binada fiber-optik kabel quraşdırılıb. Bu binalarda telekommunikasiya avadanlıqlarımız da  var.  Lakin  optik kabel yoxdursa, İnternet çəkimi zamanı müəyyən problemlərlə qarşılaşırıq. Belə olan halda çalışırıq,  abunəçilərə ADSL üzərindən   İnternet verək. Və yaxud da yeni kabel xəti çəkməliyik.Bu , bir az baha başa gəlir. Çünki abunəçi ATS-dən yaşadığı binaya kabel çəkdirməldir ki, bunun da xərci 2- 3 min  AZN olur”.
Azər İbrahimov deyib ki, digər provayderlərlə müqayisədə Mega Telekom-un müştəriləri daha azdır:

“Hazırda  1300 abunəçimiz var. İnternet çəkdirmək istəyən abunəçi istənilən vaxtı ofisimizə  məsələ ilə bağlı müraciətlərini ünvanlaya bilərlər. Əgər binada optik  kabel varsa, tez zamanda abunəçilər İnternetlə təmin olunurlar. Lakin optik kabel olmayan binalara İnternet  çəkilişində çətinlik çəkirik”.

Bəs, görəsən yeni binalarda mənzil alanlar İnterneti hansı yolla əldə edirlər?Yeni binada yaşayan abunəçilər provayder seçimində azaddırlarmı?Onlar istədikləri vaxt hazırda istifadə etdikləri provayderi dəyişə bilərlərmi?Bunun üçün vətandaşlara şərait yaradılırmı?

Bizdə olan məlumata görə, yeni tikilən yaşayış binalarında da , məsələn elə  jurnalistlər üçün tikilən yeni binada da  İnternetin keyfiyyəti ilə bağlı  problemlər  var. Bununla belə bəzi istifadəçilər yalnız günün müəyyən vaxtlarında problemin olduğunu bildirirlər. Jurnalist  Xəqani Səfəroğlunun sözlərinə görə, yeni mənzilə  köçəndən sonra Yasamal ATS-indən telefon nömrəsi ilə bərabər İnternet xətti də çəkdirib.

“ “Bakinternet provayderinin xidmətindən istifadə edirəm. Çox qısa bir müddətdə İnternet xətti çəkildi. Müraciətimdən dərhal sonra ustalar gəlib xətti birləşdirdilər. Səhərlər işdə olduğumdan İnternetin səhərki sürətinə o qədər də diqqət yetirməmişəm. Amma bəzən zəif sürət hiss etmişəm. Axşamlar normal sürət olur. Problemə gəlincə, sürətlə bağlı bəzən müəyyən problem olur. Provayder seçimində azadıq”.

Digər Bakı sakini Zaur Hüseynov isə  artıq 3 ildir ki, yeni mənzilinə İnternet çəkdirdiyini deyir.  O,  Ultel  provayderindən istifadə edir və İnternetlə bağlı ciddi çətinliklərlə üzləşmir.

“Evə köçəndə  Ultel-ə müraciət etdim. İnternet və telefon xəti eyni vaxtda çəkildi.  Hazırda İnternetin sürətindən razıyam, amma arada provayderdə gecikmələr olur”.

Günəşli ərazisində yaşayan vətandaş Arif Şəmistanlı deyib ki, ADSL olaraq onlar başqa provayderləri seçə bilmirlər. Amma o, ADSL-in sürətindən və keyfiyyətindən narazı olduğu üçün  KTV1-in  fiber optik İnternet xidmətindən  istifadə edir:

“ Amma binaya KTV1 gələnə qədər  Bakinternet  binanı  İnternetlə təmin edirdi. Başqa provayder  isə bizim nömrəyə ADSL verə bilmirdi.   Deyirdilər ki, bura Bakinternet-in ərazisidir. Lakin bu İnternetin sürəti xeyli zəif idi. KATV1-in verdiyi İnternetin sürəti və keyfiyyəti, həmçinin də qiyməti Bakinternetlə müqayisədə daha sərfəlidir ”.

Növbəti abunəçi isə  Bayıl qəsəbisində yaşayır.  Deyir ki, Bayılda  fiber-optik kabellər yoxdur. Buna görə  də o,   Aile TV  və CityNet –ə müracit edib. Lakin bu qurumlardan ona məlumat verilib ki, binanın sahibi tərəfindən kabelləşməyə icazə verilərsə qısa müddətdə işə başlamaq olar. Onun sözlərinə görə,  müraciətindən 2 ay ötsə də, hələ onlardan bir xəbər yoxdur.
Vətandaşın sözlərinə görə, hazırda  5 Mbit/s  isə 40 AZN ödəməklə  Azeurotel-dən istifadə edir. O, başqa seçiminin olmadığını bildirib.

Bəs provayderlər istədikləri yeni inşa edilən binaya İnternet çəkə bilirlərmi? Ümumiyyətlə, bu gün yeni binalarda provayderlər İnternet çəkilişini necə həyata keçirirlər? Hansı qurumlarla əməkdaşlıq edirlər? Onlar bu məsələdə çətinliklərlə qarşılaşırlarmı?

“Vətandaşın provayderini dəyişmək istəməsində problemlər yaşana bilər”

Azərbaycan İnternet Forumunun  nümayəndəsi Rəşad  Əliyev deyir ki, binaların layihələndirilməsində  mütləq telekommunikasiya avadanlıqları ilə təchiz olunması da  öz əksini tapır. Onun sözlərinə görə,  İnternet çəkilişi açıq bazardır. Əgər provayder binaya yüksək keyfiyyətli İnternet xidməti təklif edirsə, niyə də onların fəaliyyətindən istifadə olunmasın? Abunəçinin istifadə etdiyi provayderi dəyişməsinə gəlincə isə o, bildirib ki, burada müəyyən çətinliklər ola bilir:

“Telefon xidmətinin formalaşması ilə bağlı gecikmələr yaşana bilər.  Buna görə, hər hansı provayderin binanı telekommunikasiya  vasitələri ilə təmin etməsi çətin ola bilər. Amma binada təməl xətt varsa, bu iş asan başa gəlir. Tikinti işlərindən sonra yeni binada  kommunikasiya  ilə bağlı fəaliyyətlər başlayır.  Bu zaman  provayderlər bina sahibləri ilə anlaşırlar, müqavilə bağlayırlar və binaya xərc çəkib optik kabellər çəkirlər. Bu işə yatırım edirlər. Buna görə, bəzən vətandaşın provayderini dəyişmək istəməsində problemlər yaşana bilər. Çünki binanın bütün kabellərini  şirkət  provayderlə  bir yerdə çəkir.  Amma əgər abunəçinin telefon xətti varsa, o istədiyi provayderin  xidmətindən istifadə edə bilər”.

Azəronline şirkətinin  baş müdiri  Artur  Əliyev Xəbərlər-ə deyib ki, onlar hələ Sumqayıt ərazisində fəaliyyət göstərirlər. Onlar Sumqayıt Telekommunikasiya Qovşağı ilə birgə yeni tikilən binalara fiber-optik  kabellər çəkirlər:

“Binaya İnternet çəkməzdən əvvəl  əraziyə  marketinq yönlü baxış keçirilir.  Bundan sonra texniki şərt hazırlanır ki,  bloklarda , binalarda kabellərin yerləşdirilməsi  üçün yerlər ayrılsın, mərkəz təyin olsun.   Bu işdə  müvafiq Mənzil İstismar Sahələri  ilə danışıqlar aparılır.  Əgər yeni binaya kabel xətti çəkiləcəksə, Sumqayıt  Telekom-la müqavilə bağlamaq lazımdır . Çünki binaların bloklarına  qədər kabel-kanalizasiya  xəttini  Sumqayıt Telekom çəkir. Provayder olaraq biz  müqavilə  ilə bu  imkanları icarəyə götürürük. Yəni biz ATS-ə təklif göndəririk ki, yeni tikilən hər hansı binaya İnternet çəkilişini üzərimizə götürmək istəyirik”.

Artur   Əliyev abunəçinin  hansı halda öz provayderini dəyişdirə bilmələrinə də aydınlıq gətirib:

“Əgər abunəçi ona təqdim olunan provayderin keyfiyyətindən narazıdırsa, provayderini yalnız o halda dəyişdirə bilər ki, onun yaşadığı binada alternativ başqa  provayderlərin kabeli və digər avadanlıqalrı olsun. Lakin hazırda istifadə etdiyi  kabel  vasitəsi ilə başqa provayderə qoşula bilməz. Çünki onun evindəki bir kabel var ki, o da bizim avadanlığa birləşib. Elə binalar da var ki, orada həm provayderlər, həm də Ailə TV  və KTV1  də fəaliyyət göstərir. Bu məsələdə binanın sahibi ilə  müqavilə imzalanır və yaxud da texniki avadanlıqların yerləşdirilməsi üçün  müəyyən ödənişlər edilməklə  yer götürülür.   Əgər  bina dövlət balasında deyilsə, o zaman binanın sahibi olan özəl şirkətlə müqavilə bağlamaq lazımdır”.

Onun sözlərinə görə, əslində insanlar binaya köçüb, qeydiyyata düşdükdən sonra  öz aralarında anlaşıb müəyyən etməlidirlər ki, hansı provayderin xidmətlərindən istifadə edəcəklər . Yəni bu proses binanın sahibi və ya onu inşa edən tərəfindən deyil, orada yaşayan sakinlər tərəfindən müəyyən olunmalıdır.  O , hazırda belə bir mexanizmin fəaliyyət göstərmədiyini vurğulayıb.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə