İT mütəxəssis və ekspertlərin “manat-dollar” məzənnəsinə münasibətləri

23-02-2015 / 19:00

Xəbərlər.az “İT- statuslar” rubrikasını  daha da inkişaf etdirərək  sosial mediada İT mütəxəssislərin, startapçıların və İT ekspertlərin gündəmdə olan fikirlərini, rəylərini və statuslarını  “İT gündəm” rubrikasında təqdim edir.

Məqsədimiz sosial mediada müzakirə olunan ən önəmli və əhəmiyyətli məsələləri diqqətə çatdırmaq və İT sahəsində çalışan insanların həmin məsələlərə münasibətini təqdim etməkdir.

Sosial media istifadəçilərinin dili ilə desək, ötən  “QARA ŞƏNBƏ”  günü Mərkəzi Bankın İdarə Heyətinin qəbul etdiyi qərara əsasən 1 ABŞ dolları 1.05 AZN dəyərində müəyyən olundu və bu da aktiv sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb oldu.

Qərardan sonra isə  Mərkəzi Bankın (cbar.az və nba.az) saytında ciddi sistem xətası baş verdi.

Manatın düşməsi,  ölkəyə idxal-ixrac edilən mallara da təsirsiz ötüşmədi. Ölkənin kompüter və mobil telefon mağazalarında qiymət artımı müşahidə olundu və bütün bunlar sosial şəbəkə istifadəçilərinin haqlı narazılığına səbəb oldu.

Ən çox müzakirə olunan məsələ isə İphone, Samsung və digər brend texnoloji məhsulların qiymətlərində 200 – 310 AZN artım oldu.  Online mağazalarda isə “Sayt təmir məqsədilə bağlıdır” sözləri ana səhifələri “bəzədi”.

İT mütəxəssis Orxan Əhməd krizisdən necə yararlanmağın üsullarını göstərdi: “İT-də ona görə startaplar qurulur ki, giriş az maliyyə tələb edir və maraqlı məhsul yaradaraq onu monetarizasiya etmək olar. Məhsul istehsalının qarşısını isə çox faktor ala bilər. Maximum gadget fikirləşə bilərlər, onu da gərək yatırım alınsın ya da kraufandinqə çıxarılsın... İT məhsulu isə xaricə də yerli şirkətlərə də satmaq mümkündür. Öz komandamızdan deyə bilərəm ki, bir neçə istiqamət üzrə çalışırıq. Həm B2C var həm də B2B məhsullar. B2C-ni hazırda B2B məhsula keçməmişdən öncə test məqsədilə işə salıb, B2B-də işləyib işləməyəcəyini anlamaq istəyirik. Artıq 2 B2B məhsulumuz var. Startuplar bu krizisdən düzgün yararlana bilsələr qazanacaq, yenə də xeyir verməyən layihələr üzərində çalışılsa bu müddət ərzində batıracaqlar”.

Startapçı Vaqif Abbasov isə ən yaxşı startapların krizis dövründə meydana gəldiyini qeyd etdi: “Dollar qalxdı, manat öldü, krizis başladı: “Qiymətlər qalxdı... No Panic! Tarix göstərib ki, bu cür durumlarda ən az təsir göstərən bizim ekosistemdir. Hətta ən yaxşı startuplar krizis dövründə meydana gəlib”.

Startapçı Rəşid Əliyev isə “Banklar kartla ödənişi dayandırdı” xəbərinə görə Facebook səhifəsindən çağırış etdi: “E-ticarətdən danışanlar hardasınız?”.

Ekspert Fərid Kazımov qeyd etdi ki, krizis ilində yeni startaplar üzə çıxmalıdır: “Optimal və hər hansı cari problemi həll edən startaplar doğrudan da istifadəçilərin loyallığını qazana bilər. Amma bu layihələr istifadəçilərin hər hansı bir xərcini azaltması, onlara əlavə imkanlar verməlidir. Nəzər almaq lazımdır ki, istifadəçilər artıq, az zərurət olan xidmətlərə və mallara pul xərcləyəcək. Bunu hər bir startap nəzərə almalıdır”.

Sahil İT şirkətinin direktoru Vahid Qasımov xaricdən alınan malların  manat üzrə satışında  bahalaşma müşahidə olunacağını yazdı: “Elektron kommersiya saytları bağlıdır. Onlar  mallarının  bahalaşması siyasətini aparırlar. Bu, düzgün olmasa belə edə biləcəyim nəsə yoxdur. Bu, onların haqlarıdır. Yəni, mallarını bahalaşdıra bilərlər. Ümumiyyətlə, Azərbaycanda  elektron  əşyalarda  və mobil telefonlarda bahalaşma müşahidə olunacaq. Ancaq bu artım köhnə mallara təsir etməyəcək”.

Media meneceri Azər Nəzərov isə bir neçə marketdə qiymət artımını görüb, əsəbləşib, qarın içində yıxıla - yıxıla işə gedib: “İnflasiyadan ən az təsirlə çıxmaq üçün plan hazırlaya bilim. Bu əsəbin verdiyi "Qaz"la bir- iki ilə microsoftu falan keçərik”.

Media eksperti Azər Həsrət isə maraqlı screenshot paylaşaraq bunları yazdı: “ Dünya Elman Rüstəmovun manat avantürasını vecinə də almır! Hazırda dünya bazarında manatın kursu budur”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə yazdı ki, bu manat-dollar məsələsində hamıya zərbə dəydi: “Əgər belə getsə zərbə almaqda davam edəcəyik. Bəlkə də soyuqdur deyə hələ elə də hiss etmirik. Fikrimcə ən ciddi zədəni elə hökumət özü aldı.  Sadəcə açıq formada yalan deməklə ki, devalvasiya olmayacaq. Bu, çox ciddi açıqlama idi.  Doğurdanmı hökumətdə "yumşaq" keçidə yer qalmamışdı.? Hökumət bu zədəni necə sağaldacaq bilmirəm. Doğurdanmı hökumətdə bununla bağlı yekdil fikir olub? Bəziləri gözləyirlər ki bir qərarla, bir göstərişlə hər şey geriyə də qayıda bilər. Nə bilim. Bütün ekonomik tendensiya, neft filan mənə anlaşılandır. Sadəcə bir şeyi anlamıram ki, hökumət, rəsmilər , söz sahibləri bu açıq yalanı necə izah edəcəklər. Əgər həmin bəzilərinin düşündüyü geriyə qayıdış olmazsa, bunun yalnız bir izahı var”.

Kompüter mühəndisi Sahil Hacıyev isə kart istifadəsinin dayandırılmasına ironiya ilə yanaşdı: “E-ticarət dövrünə keçid olaraq, kart istifadəsinin dayandırılması ideal fikirdi :)) Bəzi saytlar yoxdu olanlara da usd hesablı kartla ödəmə olmur”.

İT mütəxəssis İlqar Mirzə özünü 90-ların əvvəlindəki kimi hiss etdiyini yazdı: “Güclü infilyasiya, işıq yox, istilik yox, qaz zəif, isti su yox, İnternet yox (3G yox, 2G qırıla-qırıla, göndərənə kimi 5 dəfə retry), bilmirsən sabah nə olacaq... Bircə fərq facebook var və çörək növbəsi də yox”.

Digitalbr@nd şirkətinin rəhbəri Emin Quluzadə isə məsələyə başqa prizmadan yanaşdı: “Zato türklər kimi 90-lar serialını çəkməyə ehtiyac olmayacaq”.

Ekspert Elşad Yusifli isə sosial şəbəkə istifadəçilərinə üzünü tutdu: “Elə danışırsız elə bil hərgün pulu dollara çevirib Amerikaya xərcləməyə gedirdiz. Lap tutaq ki, qalxdı dollar qalxanda nolur ki? İphone qiyməti qalxır, qoy, 5 qatına qalxsın. Braziliyadan gələn ölü inək ətinin qiyməti qalxır, biz də Bərdə quzularından yeyərik. İtalyan mokoronlarının qiyməti qalxır? Xəngəlimiz var. Zellandiya yağları bahalaşır? Tükəzban xalanın inəyinin südündən yağından yeyərik. Yerli məhsullar, dostlar, yerli məhsullar”.

Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu isə screenshotla yazdı ki, çökən sadəcə Mərkəzi Bankın pul siyasəti olmadı. Mərkəzi bankın saytı da çökdü.

Sevinc Çəltikova 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə