“Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

04-03-2024 / 19:18

Martın 4-də “Kod saatı” qlobal hərəkatı çərçivəsində “Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Xeberler.az  xəbər verir ki, müsabiqə Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən V-IX sinif şagirdləri üçün təşkil edilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycanin ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra “Kodlaşdırma üzrə açıq qapı günləri” və “Rəqəmsal gələcəyə addım” müsabiqələri ilə bağlı hesabat xarakterli videoçarx nümayiş etdirilib.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli tədbirin ölkəmizin gələcək istedadları ilə tanış olmaq, onları ruhlandırmaq üçün fürsət olduğunu söyləyib. “Rəqəmsal bacarıqlar” layihəsinin ölkə üzrə 400 mindən çox şagirdi əhatə etdiyini diqqətə çatdıran nazir müavini bu layihənin pilot kimi başlansa da, hazırda 50-dən çox rayonda II-XI siniflər arasında müvafiq proqramın tətbiq edildiyini bildirib. Həsən Həsənli “Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinin infosessiyalarının ilk dəfə Füzulidə keçirildiyini söyləyib və bunun əlamətdar hadisə olduğunu vurğulayıb. Nazir müavini bir neçə ildir ki, həyata keçirilən “Kod saatı: rəqəmsal gələcəyə addım” müsabiqəsinin bu gün 30 minə yaxın şagirdi əhatə etdiyini bildirib. O qeyd edib ki, bu müsabiqədə qalib və ya məğlub olan yoxdur, bu müsabiqə öyrənmə prosesidir.

“Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin təsisçisi Andrey Lobanov müsabiqənin əhəmiyyətindən danışıb, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə gənclərin rəqəmsal bacarıqlara yiyələnməsinin vacib olduğunu vurğulayıb. O, gənc proqramçıları maraqlı gələcək gözlədiyini, onların hər birinin fərqli sahələrə üz tutacaqlarını söyləyib.

Xatırladaq ki, 2023–2024-cü tədris ilində həyata keçirilən “Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinə V-İX siniflər üzrə 28 157 şagird qoşulub. İkinci mərhələyə keçən 4 min şagirddən 132 nəfəri finala vəsiqə qazanıb. Onlardan 62 nəfəri Bakı şəhərində, 70 nəfəri isə digər rayon və şəhərlərdə yerləşən məktəblərin şagirdidir.

Sonda müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.

Respublika üzrə proqramlaşdırma müsabiqəsinin keçirilməsində məqsəd məktəblilər arasında kompüter elmlərini, proqramlaşdırmanı təbliğ etmək və gənc nəslin bu sahəyə marağını artırmaqdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə