Mobil telefonun onlayn idxalının qadağasına reaksiyalar

29-01-2015 / 16:07

“Azərbaycanda  ticarət edən şəxslər qaydaları kobud surətdə pozur və dövlət də məsələyə müdaxilə etmək məcburiyyətində qalır”.

Dövlət Gömrük Komitəsi tərəfindən ölkəmizə onlayn mobil telefonların idxalına qadağa qoyulub.

Bunu bir neçə gün öncə Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında dedi. Komitə sədri bildirdi ki, bu qadağanın vergidən yayınma hallarına son qoyacaq: “Azərbaycanda mobil telefonlar idxal olunarkən qeydiyyatdan keçməlidir. Lakin elektron formada həyata keçirilən ticarət zamanı qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yarandığını görürük. Ona görə də, vergidən yayınma hallarına son qoymaq üçün belə bir addım atılıb”.  

Məsələylə bağlı hüquq müdafiəçisi Ələsgər Məmmədli Xeberler.az-a bildirib ki,  bu cür addımın atılması Azərbaycandakı azad ticarəti məhdudlaşdırılmağa yönəlib.

“Qadağa etmək ilə hər hansı problemin həlli mümkün deyil. Azərbaycan qanunvericiliyində “Elektron ticarət haqqında” qanun var və istənilən şəxs normal qaydalarla bu ticarətlə məşğul ola bilər. Yəni müəyyən  miqdardan sonra tariflər tətbiq olunmaq şərti ilə e-ticarəti  sistemləşdirmək lazımdır.  Qadağa edilməsi hüquqi metod deyil. Bu tamamilə prosesi dərinləşdirə bilər. Məsələdən müxtəlif çıxış yolları var. Elektron qaydada gömrük rüsumu ödəyərək  bu məhsulları ölkəyə daxil etmək olar”.

Shopera.az saytının rəhbəri Rəşad Camal isə hesab edir ki, qərar qanun çərçivəsində e-ticarətlə məşğul olan şəxslərə şərait yaradacaq: “İlk növbədə daxili   iqtisadiyyatı düşünmək lazımdır. Əgər xaricdən gömrük  rüsumu  ödəmədən gətirilən malların qiymətinin 100 dollardan 1000 dollara qaldırılması  zamanı vətəndaşların bundan sui - istifadə edəcəyi gözlənilən  idi. Azərbaycanda  ticarət edən şəxslər qaydaları kobud surətdə pozur və dövlət də məsələyə müdaxilə etmək məcburiyyətində qalır”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a bildirib ki, kimsə şəxsi istifadə üçün nəzərdə tutulan üstünlüklərdən  kommersiya məqsədi ilə istifadə edirsə, bu yolverilməz haldır:

“Biz ölkədə e-ticarətin inkişafı üçün uzun illərdir ki mübarizə aparırıq. Məhz bu aparılan işlərin nəticəsi idi ki, fiziki şəxslərin öz istifadəsi üçün xaricdən gətirdiyi, o cümlədən xarici internet mağazalaraq alaraq gətirdiyi 1000 dollar dəyərində mallar vergilərdən azad edilib. Bu,  düzgün və zamanında qəbul edilən qərardır. Əlbəttə kimsə bundan kommersiya məqsədi ilə istifadə edirsə,  biz bunu dəstəkləmirik və yolverilməz hesab edirik”.

O.Gündüz hesab edir ki, kiminsə kommersiya ilə məşğul olaraq vergidən yayınmasını müəyyən etmək aidiyyatı qurumların əlində indiki zamanda elə də çətin bir şey deyil:

“Amma axı bizim öz yerli İnternet mağazalarımız da var. Biz bunların da, yerli e-ticarətin də inkişafını arzulayırıq və buna çalışırıq . İT-nin inkişafı Dövlət Fondundan da bu istiqamətdə müəyyən dəstəklər verilir. Və bu internet- mağazaların da inkişafı istiqamətində hökumət tərəfindən daha ciddi addımlar atılmalıdır. Hansı ki biz indi bunun müzakirələrini aparırıq. Bütün bunların əvəzinə, yeni mexanizmlər yaratmaq və təklif etmək əvəzinə, bəzi media qurumlarının, hətta bəzi dövlət məmurlarının müzakirəni fiziki şəxslərin üzərinə yönəltməsini, 1000 dollar həddin ləğv edilməsi və ya aşağı salınması istiqamətindəki çalışmalarını yolverilməz hesab edirik”.

 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə