Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

04-08-2016 / 16:37

Məlumat verdiyiniz kimi,  uzun müddətdir provayderlər ilə ölkənin əsas internet təchizatçısı Delta Telecom arasında  ciddi problemlər yaşanır.

Xəbər verdiyimiz kimi, yerli provayderlərin Delta Telecom-a külli miqdarda borcu yaranıb. Bu səbəbdən də adı çəkilən şirkət beynəlxalq telekommunikasiya operatorları ilə ödənişləri edə bilmədiyindən ölkədə internetin kəsilməsi ehtimalı yaranıb.
Neçə müddətdir ki, Delta Telecom provayderlərə xəbərdarlıq edir ki, borclarını ödəsinlər. Hətta şirkət bir sıra provayderlərin internetini kəsmək məcburiyyətində qaldığını və məhkəməyə müraciət edəcəklərini bildirmişdi.

Provayderlərdən bəziləri isə Xeberler.az-a bildirmişdi ki, şirkətə borclarını ödəyirlər.

Məlumatımıza görə, bu qədər müddət keçməsinə, şirkətin dəfələrlə xəbərdarlığına baxmayaraq provayderlər borclarını hələ ödəməyib.

Belə ki, təkcə dörd dövlət provayderinin Delta Telecom-a 10 milyon manatadək borcu olduğu bildirilir. Yalnız Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Delta-ya 7-8 milyon borcu olduğu qeyd edilir.

Aşağıda adları sadalanan dövlət və özəl provayderlərin daha çox borcunun olduğu bildirilib :

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi – Bakinternet provayderi, Aztelekom (AzTelecom.net), AzEurotel , BƏHM (indiki AzİnTelecom), MHM ( AzDataCom), AzQtel (SAZZ), Qlobal Network (CNC), Smart System, Caspel, Connect, Caspian Telekom (Ailə Net), Avritel və s.

Delta Telecom ilə provayderlər arasındakı problem  indi daha da ciddiləşib.

Məlumatımıza görə, Delta Telecom provayderlərdən pulunu ala bilmədiyi üçün şirkətdə yenilənmə işlərini  və Data Center-in infrastrukturunu yeniləyə bilmir.

Şirkətdən əldə etdiyimiz məlumata görə, Data Center üçün zəruri  olan avadanlıqların, soyutma sistemlərinin alınmasında maliyyə ilə bağlı çətinliklər var.

Ötən gün ölkədə yaşanan internet problemini nəzərə alaraq deyə bilərik ki, hətta bu borcların ödənilməməsi nəticəsində ölkədə internet də kəsilə bilər.

Məlumatımıza görə, hazırda Delta Telecom borcu olan yerli provayderləri kütləvi şəkildə məhkəməyə verməyə hazırlaşır.

Artıq Delta Telecoma olan borcunu ödəməyən, bir müddət əvvəl Nar mobil operatoru tərəfindən satın alınan UNİNET (CityNet) provayderinin Delta Telecom tərəfindən məhkəməyə verildiyi bildirilir.

Məsələni şirkətin özü ilə dəqiqləşdirməyə çalışdıq.

Delta Telecom-dan sorğumuza cavab olaraq bildiriblər ki, hazırda provayderlərin Delta Telecom-a ümumi 25 milyondan çox (25,100.00 min AZN) borcu var. Qeyd edilib ki, təkcə Rabitə və Texnologiyalar Nazirliyi ( RYTN) daxilində fəaliyyət göstərən dövlət provayderlərin borcu 8 milyondan çoxdur.

Şirkətdən verilən rəsmi məlumata görə, RYTN ilə mütəmadi danışıqlar aparılsa da, hələlik  danışıqlar nəticəsiz olaraq qalır.

Məlumatda qeyd edilib ki, yaxın zamanda problem həll olunmasa, artıq şirkət dövlət provayderlərinin borclarının ödənilməsi üçün məhkəməyə müraciət edəcək.

Delta Telecom-dan bildirilib ki, böyük məbləğdə borcu olan provayderlərlə bağlı da tədbirlər görülür:

“Məhkəməyə müraciət üçün pretenziya  məktubları artıq göndərilib. Bəzi müştərilərimiz barədə artıq məhkəməyə müraciət edilib”.

Məsələni provayderlərlərlə də dəqiqləşdiməyə çalışdıq.

Caspian Telekom-dan (Ailə TV və Ailə Net) Xeberler.az-a bildirilib ki, artıq Delta Telecom-a borclarını ödəyiblər və hazırda şirkət ilə problemləri yoxdur.

Şirkətdən verilən məlumata görə, Delta Telecom tərəfindən məhkəmə ilə bağlı onlara hər hansı xəbərdarlıq edilməyib.

Caspel şirkətindən verilən məlumata görə, Delta Telecom-la maliyyə məsələsi onların daxili işləridir və bunu şirkət ilə özləri həll edir.

Qeyd edilib ki, hazırda şirkətə yalnız cari borcları var və ödəyirlər.

Avirtel şirkətinin direktoru İsmayıl Şabani məsələ ilə bağlı Xeberler.az-a bildirib ki, Delta Telecom-a borclarını hissə-hissə ödəyirlər.

Onun sözlərinə görə, son vaxtlarda Delta Telecom-dan heç bir xəbərdarlıq almayıblar.

Qeyd edək ki, dövlət provayderləri, Bakı Telefon İstehsalat Birliyi – Bakinternet provayderi, Aztelekom (AzTelecom.net) də ötən yazılarımızda məlumat verdiyimiz kimi, Delta Telecom-a borcları olduğunu bildirmişdi.

Bakinternet və Aztelekom dövlət provayderlərinin toplam bazar payı təxminən 50%-dir. Bu iki qurum həqiqətən də hər ay internet xidmətindən milyonlarla gəlir götürür. Bunu heç onlar özləri də gizlətmirlər. Elə borclarının da olduğunu Xeberler.az –a təsdiqləyiblər.

Lakin onların hansı səbələrdən ödəniş etmədiklərini dəqiqləşdirmək mümkün olmayıb.

Borcunu ödəməyən provayderlər qeyd edir ki, istifadəçilər tərəfindən ləngimələrin olmasına görə ödənişi edə bilmirlər. Lakin bu arqument inandırıcı səslənmir. Məlumdur ki, ödəniş etməyən müştərilərin interneti adı çəkilən qurumlar tərəfindən dərhal kəsilir.

Güman ki , dövlət provayderləri ilə Delta Telecom arasında bu problem Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ( RYTN) səviyyəsində öz həllini tapacaq.

İstənilən halda ölkənin 50%-nə nəzarət edən bu iki dövlət provayderinin borcları səbəbindən istifadəçilərin internetsiz qalması yolverilməzdir.

Beləliklə, görünən budur ki, həqiqətən də əksər provayderlərin Delta Telecom-a xeyli miqdarda borcları yaranıb və hələ də ödəyib qurtarmayıblar.

Əslində uzun müddətdən bəri bu qədər borcun yaranması da müəyyən qədər şübhələr yaradır. Belə ki, adətən provayderlər müştərilərdən qabaqcadan ödənişləri alır və əgər ödəniş dayanarsa, provayderlər dərhal xətləri bağlayır.

Belə olan halda isə onların böyük məbləğdə borclarının yaranmasında, yumşaq dillə desək, anlaşılmazlıqlar var.

Düşünürük ki, doğurdan da şirkətlər arasında yaranan problemlərdən dolayı istifadəçilərin internetinin kəsilə bilər və əlbəttə bu, doğru olmazdı.

Ümid edirik ki, Delta Telekom bu addımı atmayacaq. Bu problemin ən azı məhkəmə müstəvisində həll edilməsi daha doğru addım olardı.

Bununla belə, ölkədə normal, dayanıqlı internet bağlantısının olması üçün porvayderlər maliyyə məsuliyyətini artırılmalıdır.

RYTN-in yeni rəhbərliyinin də vəziyyətdən çıxış yolu tapmaq üçün provayderlər və Delta Telecom-la birlikdə bu məsələni müzakirə etməsi faydalı olardı.

Məsələni gündəmdə saxlayırıq.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə