“Proqramçılar ünsiyyətə meylli olmadığından qızlar bu sahəyə gəlmir”

22-07-2015 / 14:14

“3D formatda oyun tətbiqi hazırlamağı düşünürəm”

Xəbərlər-in “İT TƏLƏBƏ” rubrikasının növbəti müsahibi, bir sıra olimpiadaların qalibi, proqramçı, Qafqaz Universitetinin “Kompüter mühəndisliyi” fakültəsinin IV kurs tələbəsi Elmi Əhmədovdur.

Elmi Əhmədovun Xeberler.az-a verdiyi müsahibəni təqdim edirik:

-Elmi bəy, İT sahəsinə marağınız nə vaxtdan başlayıb?

-9-cu sinifdən bu sahəyə marağım yaranıb. Elə həmin illərdə məktəbdə informatika fənnindən olimpiadalara hazırlaşırdım. Universitetə seçim zamanı isə bu sahə ilə bağlı ən yaxşı ixtisas “Kompüter mühəndisliyi” idi. Öz sahəmi seçdim və hazırda İT sahəsi üzrə təhsil alıram.

-Hansısa bir İT şirkətində və ya digər bir qurumun İT sahəsində çalışırsınızmı?

-Hazırda ATL Info Tech şirkətində təcrübə keçirəm. Özüm müraciət edib bu işə başladım. Əsasən burada proqramlaşdırma ilə bağlı işlər görürəm.

-Hazırda ölkəmizdə freelance-sifarişlə işləmək geniş yayılıb. İşinizdən əlavə sifarişlər qəbul edirsinizmi?

-Bir-iki dəfə belə təkliflər almışam. Elə bu yaxınlarda qrup yoldaşımdan Emin Ağalarovun rəsmi fan klub saytını hazırlamaq təklifi gəldi. Qrup yoldaşım saytın dizaynını düzəldib, mən isə sadəcə proqramlaşdırma hissəsini hazırladım. Sayt tezliklə istifadəyə veriləcək.

-İT sahəsindəki fəaliyyətiniz dərslərinizdə davamiyyətinizə təsir edirdimi?

-Təsir etmir, çünki dərslərdə vaxtı-vaxtında iştirak edirəm. Qalan boş vaxtlarımdan isə İT sahəsində biliklərimi təkmilləşdirmək üçün səmərəli şəkildə istifadə edirəm.

-Bəzən İT sahəsinin tələbələri və artıq təhsili başa vuranlar deyirlər ki, onlar bilik və bacarıqları təhsil müəssisəsində yox, daha çox iş yerlərindən, İnternetdən əldə edirlər . Həm də bəzən İT sahəsinin tələbələri digər fənlərin onlara gərəkli olmadığını düşünürlər. Sən necə düşünürsən?

-Xeyr, mən elə fikirləşmirəm. Təhsil bizə işin nəzəriyyə tərəfini öyrədir, təcrübəni isə işlədiyimiz zaman qazanırıq. Əgər heç nə öyrənmədən praktiki dərslər keçsək, bir çox problemlərlə qarşılaşa bilərik. Mənim fikrimcə, İT sahəsində nəzəriyyə praktikadan daha üstündür. Kitablar daha detallıdır və aydındır. Videolara baxıb öyrənmək olar, lakin detallı şəkildə yalnız kitablardan öyrənmək mümkündür.

-Başqa hansısa özəl bir İT layihəniz, startapınız varmı?

-Startap-ım hələ ki yoxdur, lakin bu haqda fikirləşirəm. 3D formatda oyun tətbiqi hazırlamağı düşünürəm. Hələ ki Android istifadəçilərinə nəzərdə tutulub, əgər yaxşı alınsa İOS əməliyyat sisteminə də əlavə edə bilərik.

-Siz olimpiadalarda iştirak edib böyük uğurlar əldə etmisiniz, digərləri isə startaplarda lahiyə təqdim edib sizdən daha çox tanınıblar. Siz necə düşünürsünüz bu barədə?

-Bu barədə mən də düşünmüşəm. Lakin, məncə, bu sahədə tanınmaq o qədər də vacib deyil. Hər hansı böyük şirkətə işə görə müraciət etdikdə, onlar sizdən tanındığınızı soruşmur. Ona görə mən buna böyük bir əhəmiyyət vermirəm.

-İT sahəsi ilə əlaqəli konfranslarda, seminarlarda , təlimlərdə, yarışmalarda iştirak edirsinizmi?

-Qafqaz universitetində baş tutan seminarlarda iştirak etmişəm. Belə seminarlara qatılmaq vacibdir. Çünki bizdən daha təcrübəli adamlar öz təcrübələrini bölüşürlər.

-Hansısa uğurlarınız və ya mükafatlarınız varmı?

-İllərdir olimpiadalarla məşğul oluram, orta məktəbdə beynəlxalq olimpiadalarda iştirak etmişəm. Universitetdə oxuduğum illərdə də həmçinin. Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “IIX Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası”na 2 dəfə qatılmışam və hər iki yarışda 1 və 2-ci yerlərə layiq görülmüşəm. 2012-ci ildə isə İnformatika üzrə Respublika olimpiadasında qızıl medal qazanmışam. Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasında 1-ci yerə layiq görülmüşəm. Fikrimcə, olimpiadaların Azərbaycanda texnologiya sahəsinin inkişafında böyük rolu oynayır.Texnologiya cəhətdən olimpiadalar təməldir.

-Gün ərzində İnternetdən nə qədər istifadə edirsiniz?

-Günümün çox hissəsi, yəni 10 saata yaxın İnternetdə oluram.

-Ən çox istifadə etdiyiniz sosial şəbəkə və saytlar hansılardır?

-Facebook, Whatsapp, İnstagram-dan istifadə edirəm. İnstagram-da az oluram, ayda 1 dəfə şəkil paylaşıram. Daha çox Facebook-a üstünlük verirəm. Sosial şəbəkədə dostlarımla əlaqə saxlayıram, videolar paylaşıram. Bəzən isə olimpiadada çəkdirdiyimiz şəkilləri paylaşıram. Proqramçıların çoxu çəkinir ki, hər hansı işimi paylaşaram, digərləri deyər ki, heç nə bacarmır, sadəcə özünü reklam edir. Bu baxımdan gördüyüm işlər haqqında məlumat verməyi xoşlamıram. Olimpiada ilə bağlı saytları izləyirəm. Həmin saytlarda onlayn imtahanlarda iştirak edirəm. Böyük şirkətlərə hazırlaşmaq üçün araşdırmalar edirəm. Xəbər saytlarını da oxuyuram. İnternetdən əsasən özümü təkmilləşdirmək üçün istifadə edirəm.

-İxtisasınız üzrə xaricdə magistr təhsili almağı düşünürsünüzmü?

-Bəli, xaricdə təhsilimi davam etdirmək istəyirəm. Burada öyrənəcəyimi öyrənmişəm (gülür). Xaricdə daha fərqli təcrübə qazanıb, öz ölkəmdə işləmək istəyirəm.

-Hazırda ölkədə İT ilə bağlı görülən işləri necə qiymətləndirirsiniz? Bu sahə üzrə nələrin olmağını arzu edərdiniz? Sürətli inkişaf üçün hansı təklifləriniz olardı bu sahə ilə bağlı?

-Azərbaycan texnologiya sahəsində digər ölkələrdən geridədir. Bu vəziyyəti düzəltmək üçün xarici ölkələrin təcrübəsini öyrənib daha sonra ölkəmizdə tətbiq etmək lazımdır. Digər variant kimi xarici ölkələrdə bu sahədə dərs keçmək üçün müəllimlər dəvət oluna bilər. Son illərdə aşağı siniflərdə informatika dərsləri keçirilir. Mənim oxuyan dövrdə belə bir şeylər yox idi. Belə dərslərin aşağı siniflərdə keçirilməsi müsbət haldır.

-Bəs necə fikirləşirsiniz, niyə İT sahəsinə qızlardan çox oğlanlar bu qədər maraq göstərir? Bu sahədə çalışan qadınlara münasibətiniz necədir?

-Qızlar proqram yazmağı, kompüterdə işləməyi xoşlamır. Proqramçıların çox ünsiyyətdə olmadığını gördükdə bu sahəyə maraq göstərmirlər. Proqramçı səbrli olmalıdır, çünki daha çox problemlərlə qarşılaşırlar. Qadınlar bu sahədə daha yaxşı olarlar, çünki onlar daha səbrlidir. Xarici şirkətlərin rəhbəri olan qadınları tanıyıram. Müsabiqəyə hazırlaşan zaman bir kitab oxumuşdum. Xatırlayıram ki, kitabın müəllifi Google, Microsoft-da işləyən qadın idi.

-Dərsliklərlə bağlı problemlər yaşayırsınız?

-İT sahəsi ilə bağlı Azərbaycan dilində olan kitablar çox azdır. Əsasən ingilis dilində olan kitabları oxuyuram. Oxuduğum kitabların bəzi hissələrini tərcümə edib paylaşıram.

-Son dövrlər insanların İT-ə bu qədər maraq göstərməsinin səbəbini nədə görürsünüz?

-İT maraqlı sahədir. Gündəlik istifadə etdiyimiz telefon, noutbuk, planşetlər haqqında yeniliklərin olması insanlarda maraq yaradır. Texnologiyanın sürətlə inkişaf etməsi, İnternet sürətinin artması insanlarda texnologiyaya olan marağı artırıb.

 

Sevinc Əsədova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə