“İKT UŞAQLAR” rubrikasının növbəti qonağı ALPLogo yarışmasının qalibi, gənc proqramçı Fərid Kişiyevdir.
136 nömrəli məktəbin VII sinif şagirdi Fərid Kişiyev proqram üzərində sərbəst şəkildə kodlaşdırma apara bilir.
Kiçik yaşlarından böyük işləri bacaran məktəblinin Xeberler.az-a müsahibəsini təqdim edirik:
-Fərid, neçə yaşından etibarən səndə texnologiyaya maraq yaranıb?
-5 yaşımdan texnologiyalarla maraqlanmağa başlamışam. Uşaq vaxtı kompüterdən istifadə etməyi çox xoşlayırdım. Kiçik yaşımdan əsas məşğuliyyətim onlayn oyunlar oynamaq olub. Sonra yavaş-yavaş proqramlaşdırmaya maraq göstərmişəm, kodlaşdırma ilə işləmişəm.
-Ailədə səndən başqa texnologiyaya marağı olan varmı?
- Bəli, ailəmdə məndən başqa anam texnologiya ilə əlaqəli sahədə çalışır. O riyaziyyat-informatika müəlliməsidir. Anam digər əlavə proqramlarla da işləyir. Düzdür, çox çalışıram ki, yalnız özüm axtarış edim, bu sahə ilə bağlı yeni bilikləri özüm qazanım, amma arada anamdan da kömək istəyirəm (gülür).
-Valideynlərin texnologiya ilə bağlı sənə hansı məhdudiyyətləri qoyur?
-Valideynlərim kompüterlə oynamağa dərsdən sonra icazə verirlər. Bildirirlər ki, kompüterdən çox istifadə etsək sağlamlığımıza ziyandır. Kompüterdə oyun oynamağı çox sevirəm. Amma valideynlərim oyun oynamağa yox, daha çox proqramda işləməyə icazə verirlər (gülür).
-İKT sahəsində hansı uğurların var?
-İlk dəfə VI sinifdə oxuyanda ALPLogo yarışmasına müraciət etdim. Həmin vaxtlar müəllimin yanına hazırlığa gəlirdim. 2014-cü ildə yarışda uğurlu iştirakıma görə I yeri tutdum. 2015-ci il aprelin 25-də VII siniflər arasında keçirilən yarışmada I yeri qazandım. Bütün uğurlarım ALPLogo proqramı ilə əlaqəlidir. İşlədiyim proqramlarda müəyyən fiqurlar, şəkillər yaratmaq mümkündür. Onu proqramlaşdırma aləti də adlandırmaq olar.
-İT sahəsində bilik və bacarıqlarından məktəbdə istifadə edilirmi?
-İT sahəsinə marağım çox böyükdür. Məktəbdə də, evdə də kompüterlərdə problemlər olanda müdaxilə edirəm və öhdəsindən gəlirəm. İştirak etdiyim yarışlarda məktəbimizin adını yüksəyə qaldırmağa çalışıram.
-Məktəbdə texnologiya ilə bağlı hansısa problemlərlə qarşılaşırsanmı?
-Məktəbimizin texnologiya üzrə təminatından razıyam. İnformatika otağımızda kompüterlər var. Dərs prosesində texnoloji problemlərlə qarşılaşmırıq. Normal işləyə bilirik. Müəllim elektron lövhədə proqramlaşdırma ilə bağlı bir sıra məsələləri başa salır, biz də kompüterlərimizdə onu tətbiq edirik. Amma bəzən internet cəhətdən problemlər olur. Olur ki, sinifdə internətə qoşula bilmirik, şəbəkə tutmur.
-İnternetdən ən çox nə üçün istifadə edirsən?
-İnternetdən ən çox işlədiyim proqrama aid videolara baxmaq üçün istifadə edirəm. Youtube-da kodlaşdırma, proqramlaşdırma ilə bağlı videolar axtarıram. O videolara baxıb analiz edirəm. Yəni, yeni biliklər qazanmağa çalışıram. Proqramlaşdırmaya aid internetdən vacib məlumatlar əldə edirəm. Həm də müəllimin tapşırdığı dərsləri internetin köməyilə daha asan həll etmək mümkündür. Çünki internetdə həm dərs, həm də əyləncə və s. baxımından hər şey tapa bilirik. Əsasən də onlayn oyun oynamağı çox sevirəm. Bəzən boş vaxtlarımda internetdə oyun oynayıram.
-Sənə görə, internetin mənfi-müsbət tərəfləri nələrdir?
-İnternetdən istifadə yaxınlarımızla ünsiyyəti asanlaşdırır. Bununla yanaşı, dərsə və ya proqramlaşdırmaya aid müəyyən bilikləri də internetdən əldə edirik. Əsasən də proqramlaşdırmanı daha yaxşı öyrənmək üçün daima axtarışda olmalı, bildiklərinin üzərinə yenilərini əlavə etməlisən. Buna görə də internet vacibdir.
-Gün ərzində boş vaxtlarını necə dəyərləndirirsən?
-Əsasən kompüterdə proqramlaşdırmayla məşğul oluram. Saytlardan müxtəlif kodlaşdırma proqramları haqqında məlumatlar toplayır, bildiklərimi daha da genişləndirməyə çalışıram. Televizora baxmağı xoşlayıram. Ən çox texnoloji xəbərləri izləyirəm. Boş vaxtlarımda hərdən həyətə düşürəm, dostlarımla vaxt keçirirəm.
-Hansı sosial şəbəkələrdən aktiv istifadə edirsən?
-Ən çox Facebook-dan istifadə edirəm. Dostlarımla, tanışlarımla bu sosial şəbəkə vasitəsilə əlaqə saxlayıram. Uğurlarımı paylaşıram. ALPLogo-ya aid xəbərləri, qalibləri, qazanılan diplom, sertifikatları Facebook-dan izləyirəm. Twitter və İnstagram-dan o qədər də istifadə etmirəm.
-Facebook-da dostluğa necə qəbul edirsən?
-Facebook-da dostluğa qəbul edərkən ən çox istifadəçinin şəkillərinə, paylaşımlarına, yazışmalara baxıram. Saxta profillərlə hesab açanlar çoxalıb. Ona görə də dostluğa yalnız dost-tanışları qəbul edirəm. Onsuz da yad istifadəçilərin dostluğu mənim üçün elə də maraqlı deyil.
-İnformasiya təhlükəsizliyini necə qoruyursan?
-İnformasiya təhlükəsizliyimi qorumaq məqsədilə etibarlı şifrələrdən istifadə etməyə çalışıram.
-İnformatikaya aid əlavə məlumatları haradan əldə edirsən?
-İnformatikaya aid əlavə məlumatları internetdən əldə edirəm. Günümüzdə İKT sahəsinə aid internetdə maraqlı, vacib bilgilər çoxdur. Əsasən YouTube-da mənə lazım olan proqramların tətbiq edilməsi videolarına baxıram, bilmədiklərimi öyrənirəm. İştirak etdiyim ALPLogo proqramlarını, Pyhton-u internetdən izləyirəm.
-Bu günə kimi informatika dərsində ən xoşladığın mövzu hansı olub?
-Proqramlar və ALPLogo ilə bağlı mövzular həmişə diqqətimi çəkir. Hətta deyə bilərəm ki, bu mövzuları keçəndə dərsə daha həvəslə gəlirəm (gülür). Proqramlar və ALPLogo-ya aid dərsimiz olanda həm yeni-yeni biliklər öyrənirəm, həm də tətbiq edirəm.
-İnformatikadan başqa daha hansı fənlərə marağın var?
-İnformatika fənninə marağım çoxdur. Proqramlaşdırma ilə maraqlanıram. Proqramda kodlaşdırmadan istifadə edilir. Kodlaşdırmanı da yüksək dərəcədə bilmək üçün riyaziyyat fənnindən az-çox məlumatın olmalıdır. İnformatikadan başqa riyaziyyata da marağım var. Ümumiyyətlə, texniki fənləri sevirəm.
-Səncə, informatika sahəsində əsasən nəyə pul xərclənməlidir?
-Məncə, cihazlara pul xərclənməlidir ki, nəticə də qənaətbəxş olsun. Çünki texnoloji təminat nə qədər təkmilləşdirilmiş olsa şagirdlər bir o qədər rahat və ətraflı öyrənə biləcəklər. Məktəblərə İT avadanlıqlar verilməlidir. Çünki cəmiyyət arasında çoxlu savadlı uşaq var və bu uşaqları üzə çıxarmaq lazımdır. Eyni zamanda onlara hər şeylə təmin edilmiş məktəblərdə xüsusi hazırlıq keçilməli, biliklərini artırıb böyük uğurlar qazanmasına kömək edilməlidir. Çünki ölkəmizin gələcəyinin taleyi indiki uşaqların, şagirdlərin əlindədir.
-Bildiyin kimi, şagirdlərimiz bu il Almatıda keçirilən Beynəlxalq İnformatika Olimpiadasından əliboş qayıtdılar, heç bir medal qazanmadılar. Bir şagird kimi informatika sahəsindəki uğursuzluğumuzun səbəbini nədə görürsən?
-Məncə, uğursuzluğumuzun səbəbi öz üzərində az işləməkdir. İnformatika, proqramlaşdırma elə bir sahədir ki, daima yenilənir. İnsan nə qədər çox oxusa, təkrarlasa bir o qədər savadlı, bilikli olar. Şagirdlərə informatika fənni üzrə məktəblərdə xüsusi kurs keçilməli, onları daha ciddi hazırlaşdırmaq lazımdır. Çünki biz ilkin bilikləri elə məktəbdə qazanırıq (gülür).
-Səncə, o olimpiadaya getsəydin medal qazanardın?
-Maraqlı və çətin sual oldu. Bunu dəqiq deyə bilmərəm. Amma dediyim kimi, çox oxusam, öz üzərimdə çox işləsəm bəlkə də qazana bilərdim. Buna baxmayaraq inanıram ki, şagirdlərimiz əllərindən gələni etdilər, bu il olmasa da yaxın illərdə inşallah uğur qazanacağıq. 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadası ölkəmizdə keçiriləcək. İnanıram ki, bizim üçün uğurlu olacaq.
-Gələcəkdə İT sahəsində nə qədər pul qazanmağı düşünürsən? Qazandıqlarını əsasən nəyə xərcləyərsən?
-Nə qədər gəlirim olacağını bilmirəm, amma həddindən artıq çox pul qazansam qazancımın müəyyən hissəsini informatika sahəsinə xərcləyərəm. Yeni məktəb tikdirib istedadlı şagirdləri pulsuz oxutdurub onları hər şeylə təmin edərəm. Çalışacam bu istiqamətdə böyük fəaliyyətlərim olsun.
-Ümumiyyətlə, gələcək planların nədir?
-Böyüyəndə I qrup üzrə təhsil almaq istəyirəm, proqramçı olmaq arzumdur. Buna görə də proqramçılıq üzrə təhsil almaq, bu sahədə daha böyük işlərə imza atmaq istəyirəm. İT sahəsində böyük işlərə imza atıb Azərbaycanın adını yüksəklərə qaldırmaq ən böyük arzumdur.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri