“Artıq bir neçə proqram üzərində sərbəst işləyə bilirəm”

25-01-2016 / 14:10

“İKT UŞAQLAR” rubrikasının budəfəki qonağı E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseyin 7-ci sinif şagirdi Rəşad Babayevdir. O, “Google  SketchUp  qrafik  redaktorunda  hazırlanmış ən  yaxşı  üçölçülü  model”  müsabiqəsində 3-cü yeri qazanıb. Rəşadın  müsahibəsini təqdim edirik.

-Rəşad, neçə yaşınızdan etibarən texnologiyaya maraq yaranıb sizdə?

 -Texnologiyaya marağım 6 yaşımdan yaranıb. O zamandan İKT avadanlıqları arasında diqqətimi  cəlb edən texnoloji vasitə ilk növbədə kompüter olub. İlk olaraq kompüterlə tanışlığım müxtəlif  oyunlar oynamaqla başlayıb. Daha sonra məktəbdə informatika dərslərində kompüter bacarıqlarını  öyrənməyə başladım və artıq bir çox proqram üzərində sərbəst işləyə bilirəm.

 - Bu günə qədər İT sahəsində uğurlarınız olubmu?

 -2015-ci ilin əvvəllərində “Google  SketchUp  qrafik  redaktorunda  hazırlanmış ən  yaxşı  üçölçülü  model”  müsabiqəsində  respublika üzrə üçüncü yerə layiq görülmüşdüm. Riyaziyyat -informatika müəllimimiz Aynurə xanım Bebras müsabiqəsi üçün məktəbi qeydiyyatdan keçirdi və biz şagirdləri bu müsabiqəyə yönləndirdi. Həvəslə bu oyuna qoşuldum. Tapşırıqlar maraqlı,  bir az da çətin idi. Bizə 15 tapşırıq və bu tapşırıqlar üçün də 45 dəqiqə vaxt verilmişdi. Qunduz müsabiqəsi Azərbaycanda ilk olaraq 2014-cü ildə İsmayıllıda keçirildi. Ardıcıl üçüncü il də bu müsabiqədə iştirak etdim və sertifikat aldım.  Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “Elektron Təhsil” müsabiqəsinə hazırladığım resursu təqdim etmişəm.

-Məktəbdə texnologiya ilə bağlı lazımi avadanlıqlarla təchiz olunursunuzmu?

 -Məktəbimizin texnologiya üzrə təminatından razıyam. İnformatika otağımıza  yeni  kompüter avadanlıqları quraşdırılıb. Bu da dərs zamanı hər bir şagirdin kompüterdə sərbəst işləməsinə imkan yaradır. Dərs prosesində texnoloji  problemlərlə qarşılaşmırıq.        

 -Texnologiya ilə bağlı məktəbdə hansı problemlərlə qarşılaşırsınız?

  -Təmirdən öncə işlək vəziyyətdə olan kompüterlərin az olması problem yaradırdı. Artıq o problem aradan qaldırılıb. Bəzən internet cəhətdən problemlər olur. Bu problemləri də məktəbimizin direktoru aradan qaldırmağa çalışır.

-Sizin İT bilik və bacarıqlarınızdan məktəbdə istifadə edilirmi?

 -Məktəbdə müəllimlərim, sinif yoldaşlarım, ümumiyyətlə hamı bilir ki, İT sahəsinə marağım böyükdür, hər zaman bu sahəni araşdırıram, İKT-yə aid yeni məlumatlar öyrənmək axtarışındayam. İnsan nəyisə öyrənməyə çalışdığı zaman yeni biliklər əldə edir və bu biliklər ətrafdakı insanların problemlərini həll etməyə kömək edir.

Məktəbdə informatika dərsləri zamanı  kompüterlərdə yaranan problemləri aradan qaldırmaq üçün dostlarım məndən kömək istəyir. Mən də  onlara kömək edib kompüterlərdə  yaranan problemləri  düzəltməyə çalışıram.

- Gününüzü necə dəyərləndirirsiniz? Gün ərzində əsasən nə ilə məşğul olursunuz?

-Öncə dərslərimi oxumağa çalışıram, daha sonra kompüterdə işləyirəm. İstəyirəm ki, bu bilik və bacarıqlarımı daha da təkmilləşdirim. Bəzən də boş vaxtlarımı dostlarımla keçirirəm.

-Gündə neçə saat İnternetdə olursunuz? İnternet sizin üçün nədir ?

 -Evimizdə Wi-Fi olduğu üçün internetdən rahat istifadə edə bilirəm. Gündə 3-4 saat internetdə oluram. Müxtəlif proqramlarla  işləyir  və sosial şəbəkələrdə dostlarımla yazışıram. Müasir dövrümüz üçün internetdən düzgün istifadənin hər kəsə yararlı olduğunu düşünürəm.

  - Valideynləriniz texnologiya ilə bağlı sizə hansı məhdudiyyətləri qoyur?

 - Kompüterdən istifadə etməyə başlayarkən vaxtımı əsasən oyunlara sərf edirdim. O zamanlar valideynlərim mənə kompüterdən istifadə ilə bağlı qadağalar qoyurdu. Çünki günümün demək olar ki, yarısını kompüter qarşısında keçirirdim və bu, mənim üçün normal hesab olunmurdu.  

-Sizin üçün internetin mənfi və müsbət tərəfləri nələrdir?

-İnternetin çox xeyri, eyni zamanda da ziyanı var. Burada maraqlı məlumatlar çoxdur. İstədiyimiz hər bir məlumat var. Lakin internetə yüklənən fayllarda və proqramlarda  virus da olur, onlar kompüterimizə ziyan verə bilər və bəzən kompüteri işlənilməz hala sala bilər.

-Hansı sosial şəbəkələrdən aktiv istifadə edirsiniz? Sosial şəbəkələrdən əsasən nə məqsədlə istifadə edirsiniz?

-Əsasən, sosial şəbəkələrdən yalnız Facebook-dan aktiv istifadə edirəm. İmkan olduqca, bəzi qruplarda dostlarımla müzakirələr aparır və bilmədiyim məlumatlar haqda öyrənməyə çalışıram.  

- Asudə vaxtlarınızı necə keçirirsiniz?

-Asudə vaxtlarımı əsasən, dostlarımla keçirirəm.  Bir çox proqramlarla bağlı müzakirələr aparır və bilmədiyimiz məlumatlara, həmçinin qaranlıq qalan məqamlara aydınlıq gətirməyə çalışırıq. 

-Qonşuların Wİ-Fİ-dan istifadə etdiyiniz vaxtlar olubmu?

-Evimizdə Wi-Fi olduğu üçün internetdən rahat istifadə edə bilirəm. Buna görə də qonşuların internetindən istifadə etməyimə ehtiyac olmayıb.

-Mobil telefonda oyun çoxmu oynayırsınız ?

-Mobil telefondan istifadə etmədiyim üçün ümumiyyətlə oyun oynamıram. Lakin, bəzən valideyinlərimin mobil telefonlarından istifadə edirəm.

-Facebook-da də dostları necə qəbul edirsiniz ? Qruplarda iştiark edirsinizmi ? Nələri müzakirə edirsiniz əsasən ?

-Əsasən tanıdığım insanların dostluğunu qəbul edirəm, istifadəçinin şəkillərinə, paylaşımlarına nəzər yetirirəm. Bir çox qruplarda iştirak edirəm.

İnternetdə əsasən hansı saytlardan istifadə edirsiniz ?

-Ən çox proqram saytlarından istifadə edirəm, tətbiqlərin yeni versiyalarını yükləyirəm.  YouTube-da mənə lazım olan proqramların tətbiq edilməsi videolarına baxıram, bilmədiklərimi öyrənirəm. Öyrəndiklərimi tətbiq etməyə çalışıram.

- Öz informasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Kimlər bu sahədə Sizə kömək edir ? Olubmu ki,  şifrənizi unudasınız ?

-İnformasiya təhlükəsizliyimi qorumaq üçün antivirus və şifrələrdən istifadə edirəm. Yalnız yenə də tam müdafiə olunduğumu hesab etmirəm. Şifrəmi unutduğum vaxt olub və  müxtəlif yollarla şifrəmi  geri qaytara bilmişəm.

-Gələcək planlarınız nələrdir?

-Gələcəklə bağlı planlarım çoxdur. “Kompüter elmləri-tətbiqi riyaziyyat və iqtisadi kibernetika”  sahəsində oxumaq  birinci arzumdur. Bu sahədə böyük nailiyyətlər qazanmaq və Azərbaycanımızın adını yüksəklərə qaldırmaq istəyirəm. Və arzuma çatmaq üçün səylə çalışacağıma söz verirəm.

Ruhəngiz Muradova  

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə