Xəbərlər-in “İT TƏLƏBƏ” rubrikasının budəfəki müsahibi, bir sıra olimpiadaların qalibi, proqramçı kimi tanınan, özünün startap layihələri olan Qafqaz Universitetinin “İnformasiya texnologiyaları və sistemlər mühəndisliyi” fakültəsinin II kurs tələbəsi Murad Həsənzadədir.
Murad Həsənzadənin Xeberler.az-a verdiyi müsahibəni təqdim edirik:
“İlk dəfə qazandığım pulu “Steve Cobsun rəsmi bioqrafiyası” kitabına vermişdim”.
-Murad, İT sahəsinə marağın nə vaxtdan başladı?
-Uşaqlıqdan bu sahəyə marağım olub. 3-cü sinifdə oxuyanda kompüterdə mətnləri yığırdım. Kompüteri araşdıra-araşdıra bu sahəyə günü-gündən marağım artırdı. 7-ci sinifdə liseydə oxuyanda “Ana dilimizi sevək, sevdirək” yarışmasında yer tutmuşdum. 10-cu sinifdə oxuyanda isə heç kimin köməyi olmadan “İnformatika layihə olimpiadası”nda animasiya şöbəsindən qatılan 43 layihə içərisində birinci yeri tutmuşdum. Günü-gündən uğurlarımın sayı artırdı və evdəkilər kompüterə olan hədsiz marağımı görüb mənə dəstək olurdular. Hətta mənə kompüter də alırdılar (gülür). İxtisas seçimi edərkən də mənə qarışmadılar. İnsanın marağı hansı sahəyədirsə, o sahədə təhsil almalıdır.
-Hansısa bir İT şirkətində və ya digər bir qurumun İT sahəsində çalışırsanmı ?
-Gün ərzində ən çox izlədiyim saytlar “webrazzi”, “shiftdelete.net” və “webtecno” saytlarıdır. Bu saytlara marağım böyükdür. Bu maraq məni üstələdi və “weby.az” saytını yaratdım. Saytı yaradan zaman freelance olaraq dizayner işləyirdim. Təxminən 350 manat pul topladım və saytı yaratdım. Startaplar üçün qurulan saytda weby.tv, weby keynote, weby academy, weby news bölmələri var idi və komanda könüllülərdən ibarət idi. Komanda üzvləri mənə inanırdı. İlk dəfə milli bir Startap yarışmasını tələbələr həyata keçirəcəkdi, lakin alınmadı. Biletin satış qiyməti 25 manat idi və cəmi 15 bilet sata bildik. Yığılan pul çəkilən xərcləri qarşılaya bilmədi və satılan biletlərin pullarını geri qaytarmalı olduq. Hazırda freelance şəkildə fəaliyyət göstərirəm , web saytların dizayn işlərini görürəm.
-Sirr deyilsə, nə qədər pul qazana bilirsən bu sifarişlərdən ?
-İlk freelance qazancım 50 manat olub (gülür).
-İT sahəsində fəaliyyətin dərslərə dəvamiyyətinə təsir edirmi ?
-Keçilən dərslərlə gördüyüm işlərin mahiyyəti üst-üstə düşdüyü üçün dərslərə heç bir mənfi təsiri olmur. Gündəlik həyatımda proqramlaşdırmadan istifadə etdiyim üçün dərsdə heç bir çətinliklə üzləşmirəm. Gündəlik planımı elə qurmuşam ki, iş fəaliyyətim dəvamiyyətə təsir etmir.
-Elə tələbə yoldaşların varmı ki, İT sahəsindəki fəaliyyətindən ciddi uğurlar əldə edib: maşın alıb , özünə gözəl həyat qurub ?
-İnanmıram ki, Azərbaycanda belə bir tələbə olsun (gülür). Çünki əksər tələbələrimiz işləməyə elə də maraq göstərmirlər. Elə bilirlər ki, Universiteti bitirdikdən sonra hər şey hazır şəkildə onlara təqdim olunacaq. Əziyyət çəkmədən uğur əldə edəcəklərinə, vəzifə sahibi olacaqlarına, pul qazanacaqlarına inanırlar. Amma bir qrup yoldaşım var, İT sahəsinə marağı böyükdür və Startap yarışmalarına qatılıb. “Yeni Fikir 2015” müsabiqəsində beşinci yeri tutdu və min manat investisiya aldı.
-Bəzən İT sahəsinin tələbələri və artıq təhsili başa vuranlar deyirlər ki, onlar bilik və bacarıqları təhsil müəssisəsində yox, daha çox iş yerlərindən, İnternetdən əldə edirlər . Həm də bəzən İT sahəsinin tələbələri digər fənlərin onlara gərəkli olmadığını düşünürlər. Sən necə düşünürsən ?
-Bu fikirlə razıyam. Məsələn, bizə html kodlaşdırmaları ilə bağlı dərslər keçirilir və bunu gündəlik həyatımızda istifadə edə bilirik. Amma bizə fizika fənni tədris olunur və gündəlik gördüyüm işlərdə hələ ki, fizikadan istifadə edə bilməmişəm. İnanmıram ki, fizika fənnindən gələcəkdə çalışdığım İT sahəsində istifadə edim. Riyaziyyatda alqoritmlər var və bizə lazımdır. Amma tədris zamanı riyaziyyat fənninin dərinliyinə getməyin nə anlamı var? Bunu anlamıram. Humanitar fənlərə isə marağım sıfıra bərabərdir. Məktəb illərində sadəcə qiymət xatirinə bu fənləri oxuyurdum (gülür). Bilik və bacarıqlarımı daha çox gördüyüm işlərdən əldə edirəm.
-Başqa hansısa özəl bir İT layihən, startapın varmı?
-Qrupda19 nəfər tələbəydik və tələbələrlə birlikdə ev tapşırıqlarına aid bir sayt yaratmışdıq. “Mysite” layihəmiz ciddi sayt kimi tanınsa da bu layihəmiz də alınmadı (gülür).
-Murad, yenə niyə alınmadı?
-Layihəmizi “Yeni fikir” müsabiqəsinə göndərdik, amma 200 layihə içərisindən seçilmədi. Müsabiqəyə layihəmizi onlayn şəkildə təqdim etdik və anketdə layihə ilə bağlı ətraflı qeyd etmişdik. Layihəmizlə bağlı müsabiqədə üz-üzə məlumat vermək şansımız olsaydı, o layihəmiz uğur qazanacaqdı. Buna əmin idim. Müsabiqədən keçə bilmədiyimiz üçün tələbə yoldaşlarımız ümidləri qırıldı və layihə yarımçıq qaldı.
-Bəs bu uğursuzluq tələbə yoldaşların kimi sənin də ümidlərini qırdımı?
- Heç vaxt belə ümidsizliyə qapılmıram. Uğursuzluq o deməkdir ki, ortada sənin yaratdığın nə isə bir şey var. Əgər sən bir dəfə yarada bilmisənsə, yenə yaradacaqsan. Uğursuzluq mənə görə yenidən çalışmaq, yenidən yaratmaqdır. Google qurulan 21-ci axtarış saytıdır, amma bu dəqiqə ən tanınmış şirkətdir. Əzmli və iradəli olmaq lazımdır. Startapçı o adama deyərəm ki, boğazından kəsib layihəyə pul xərcləsin. Necə ki mən “Weby.az” layihəsinə bu pulu vermişdim. Peşman da deyiləm. Onu öyrəndim ki, birdən-birə qaçmaq olmaz. Yavaş-yavaş getmək lazımdır.
- İT sahəsi ilə əlaqəli konfranslarda, seminarlarda , təlimlərdə, yarışmalarda iştirak edirsənmi ?
-Təlimlərə qatılıram və çalışdığım qədər aktivlik göstərirəm.
-İT sahəsindəki bilik və bacarıqlarının tələbə yoldaşlarınıza, müəllimlərə hansısa köməyi dəyirmi ?
-Hazırda Qafqaz Universitetində fəaliyyət göstərən sosial klublardan- reklam klubunun rəhbəriyəm və tələbələrlə birlikdə saytların dizayn işlərini həyata keçiririk. Bacardığım işi tələbələrə də öyrədirəm ki, gələcəkdə onlar da bu sahədə uğur qazana bilsinlər. Tələbələrin əksəriyyəti dərsə gedib gəlməklə vəzifələrini bitmiş hesab edirlər. İstəyirəm ki, onların da İT sahəsində yüksək bacarıqları olsun. Bildiklərimi onlarla bölüşməyə, onlara nəsə öyrətməyə çalışıram. Bir layihə yaratmışam, “Aktiv tələbələr layihəsi”. Layihəmlə bağlı yenilikləri isə gələcəkdə özünüz görəcəksiniz. Ağlımızda böyük işlər var və bütün tələbələri bu layihəyə cəlb etməyi düşünürük. Qərarımı vermişəm. Belə bir məsəl var: Ən pis qərar belə qərarsızlıqdan yaxşıdır. Lazım gəlsə bu layihəyə tələbələri cəlb etmək üçün sosial şəbəkə də yarada bilərəm.
- Yəqin ki , bütün günü İnternetdəsən?
-Ən azı 15 saat (gülür). Gün ərzində 6-8 saat yatıram. Fikrimcə, tələbə 8 saat oxusa, 8 saatını İnternetə sərf etsə ( buraya əyləncə və iş fəaliyyəti də daxildir) və yerdə qalan 8 saatı yatsa gününü daha səmərəli keçirmiş olar.
-Tədris prosesində, gündəlik işlərində İT-dən, mobil telefondan, kompüterdən, planşetdən istifadə durumun necədir?
-Bəli, istifadə edirəm, günün 15 saatını onlayn oluram. Mənə lazım olan bütün mobil tətbiqləri telefonuma yükləmişəm və bundan səmərəli şəkildə istifadə edirəm. Mobil İnternetin qiymətindən isə danışmasam yaxşıdır. Çox bahadır. Heç olmasa tələbə üçün minimal büdcə müəyyən olunsa yaxşı olardı. Limitsiz İnternet çox bahadır və tələbələr mobil İnternetin pulunu çatdıra bilmir.
-Ən çox istifadə etdiyin sosial media vasitələri və saytlar hansılardır?
-Facebook-da hər həftə bir səhifə açıram (gülür). Sosial media menecerliyinə marağım var və bu sahəni həmişə araşdırıram. Nə qədər sosial şəbəkə varsa, hamısında hesab açmışam. Sosial media menecerliyi bu gün böyük bir bazardır və bu bazar bizdə tam şəkildə inkişaf etməyib. Hələ inkişafa indi-indi başlayırıq. Facebook-da “Startap Azərbaycan”, “Marketinq Azərbaycan” qruplarını operativ şəkildə izləyirəm. Çünki, o qruplardan öyrənəcəyim şeylər çoxdur. Səhifələrə gəldikdə, yerli səhifələrdən daha çox xarici səhifələrə üstünlük verirəm. Xarici səhifələr başlıqla əlaqəsi olan informasiyalar paylaşırlar. Yerli səhifələrdə isə başlığa aidiyyatı olmayan məlumatları paylaşılır və bu cür yalan informasiyalar sadəcə vaxt itkisinə səbəb olur. Facebook-da dostluq göndərən insanların hamısını dostluğuma qəbul edirəm və daha çox gördüyüm işlərlə bağlı məlumatları paylaşıram. İnstagram-dan az istifadə edirəm. İnstagram-da reklam dövrünün gəlməsini gözləyirəm. Twitter-də isə fikirlərimi paylaşa bilmirəm, çünki fikirlərim adətən 140 işarədən çox olur (gülür).
-İT sahəsindəki bilik və bacarıqlarının digər fənlərin mənimsənilməsində sənə hansısa köməyi dəyirmi ?
-Proqramlaşdırma elə bir sahədir ki, insanın beyni daima işləyir. Bir insan əgər bacarıqlıdırsa, bütün sahələrdə bacarıqlı ola bilər. Sadəcə çalışmaq lazımdır. İlk dəfə qazandığım pulun yarısını Walter İsaacsonun “Steve Cobsun rəsmi bioqrafiyası” na vermişdim. O kitabın mənə çox köməyi dəydi.
-Hansısa uğurların və ya mükafatların varmı?
-Bu günə kimi 25 sertifikat almışam və “İnformatika layihə olimpiadası”ndan qızıl medal qazanmışam. “Startap Weekend”də 3-cü yerin qalibi olmuşam. Sizə bir şey də deyim, həmişə “Forbes” jurnalında mənim haqqımda da məqalə dərc olunmasını arzulamışam.
-İT sahəsinin insanlara ən çox xeyirli tərəfini nədə görürsən?
-Bu sahənin zərərli tərəfini görmürəm. İnsan psixologiyası belədir: zərər görmək və zövq almaq haqqında düşünürsən. Bir şeydən zərər görürsənsə, ondan mütləq qaçırsan. İT sahəsində zərərli bir şey görsəydim, bu sahədən qaçardım. Zövqlü sahə olduğu üçün günü-gündən bu sahəyə marağım artır.
Mirvari Nəcəf
Fotolar: Tərlan Yusif
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri