“Proqramçı gecə universitetdə yatıb da qala bilər”

04-08-2015 / 13:46

2019-cu ildə “Beynəlxalq İnformatika Olimpiadasının” Azərbaycanda keçirilməsi böyük bir uğurdur.

“İT TƏLƏBƏ” rubrikasının növbəti müsahibi ADA-nın Kompüter elmləri fakültəsinin II kurs tələbəsi, Respublika İnformatika Olimpiadasında 2-ci yeri qazanan proqramçı  Aydın Rzayevdir.

Aydın Rzayevin Xeberler.az-a müsahibəsini təqdim edirik

-Aydın bəy, İT sahəsinə  marağınız nə vaxtdan başlayıb?

-Təkcə İT sahəsinə yox, kompüterə marağım 8-ci sinifdən yarandı. Proqramlaşdırmağa marağım isə universitetə daxil olandan sonra başladı. Həmişə bilirdim ki , İT sahəsində olacağam.

-Hazırda hansısa bir İT şirkətində və ya digər bir qurumun İT sahəsində çalışırsınızmı ?

-Hazırda çalışmıram, “R.I.S.K. Company” şirkətində təcrübə keçirəm.

-İT sahəsindəki  fəaliyyətiniz  dərslərinizdə davamiyyətinizə  təsir edirdimi?

-Bəli, bu sahədəki fəaliyyətim davamiyyətimə müəyyən dərəcədə təsir edirdi. Lakin çalışırdım ki, Universitetdə bu mənə problem yaratmasın.  Yadıma gəlir, bir dəfə yarışmaya 2 gün qalmış bütün gecəni ADA universitetində keçirmişdik. İşlədiyimiz yerdə yatıb qalmışdıq və dekan səhər gəlib bizi oyatmışdı (gülür)

-Elə tələbə yoldaşlarınız varmı ki, İT sahəsindəki fəaliyyətindən ciddi uğurlar əldə edib, maşın alıb, özünə gözəl həyat qurub ?

-Tələbə yoldaşlarım yox, amma bu sahədə gəlir əldə edib maşın, ev alan  dostlarım var. Hətta aralarında evlənənləri də var. (gülür)  Elə gənc  müəlimlərimiz var ki, İT sahəsi ilə bağlı bir sıra şirkətlərdə işləyir və uğur əldə edirlər.  Fikrimcə, İT sahəsi Azərbaycanda ən qazanclı sahələrdən biridir.

-Bəzən İT sahəsinin tələbələri və artıq təhsili başa vuranlar deyirlər ki, onlar bilik və bacarıqları təhsil müəssisəsində yox, daha çox iş yerlərindən, İnternetdən əldə edirlər . Sizdə bununla bağlı vəziyyət necədir ?
-Universitetdən universitetə fərq var. İT sahəsində dərs keçən müəllimlər çalışırlar ki, biliklərini artırsın, özlərini inkişaf etdirsinlər. Hələki belə problemlə qarşılaşmamışam. Bizim universitetin müəllimləri dərs keçib getmirlər, dərsdən sonra bizə kömək də edirlər. Amma bir şeyi demək istərdim ki, təkcə kompüterlə, proqramlaşdırma ilə bağlı dərslərin keçirilməsi düzgün deyil. Məsələn, universitetimizdə liderlik, natiqlik kimi dərslər də keçirilir. Və bunlar çox vacib dərslərdir.  Düşünürəm ki, şəxsiyyətin formalaşmasına və gündəlik həyata bu dərslərin təsiri böyükdür.

-Startap layihəniz olubmu? Startap layihələri ilə bağlı nə deyə bilərsiniz?

-“İmagine Cup” müsabiqəsində komanda olaraq bir oyun hazırlamışdıq. Windows əməliyyat sistemində çalışan,  maşınlarla bağlı bir oyun idi. Bu  “Game development” sahəsində ilk təcrübəm idi, gələcəkdə çox güman məşğul olduğum sahələrdən biri olacaq. O oyunla bizim komanda milli qalib oldu. Ancaq finala gedə bilmədik. Düşünürəm ki, finala vəsiqə qazanmaq üçün tələsmişdik (gülür). Gələn il yenə komanda olaraq bu müsabiqəyə qatılacağıq. Hazırda üzərində çalışdığımız  bir layihə var. ADA universitetinin daxilində olan "İnformasiya Texnologiyaları və Mühəndislik" institutunun veb-saytını hazırlayırıq və onunla bağlı bir sıra xidmətlər hazırlayırıq . Xidmətlərdən birində, məsələn, ADA  Universiteti şəhərciyinə virtual tur hazırlamağı planlaşdırırıq.

-İT sahəsi ilə əlaqəli konfranslarda, seminarlarda , təlimlərdə, yarışmalarda iştirak edirsinizmi?

-Çalışıram ki, iştirak edim. ADA və Qafqaz universitetində təşkil olunan seminarlarda iştirak edirəm. Son qatıldığım isə Yüksək Texnologiyalar parkında təşkil olunan   “Bulud texnologiyasından istifadə etməklə DDoS hücumlarından qorunmağın üsulları” adlı bir layihənin  təqdimatı idi. Təqdimatı çox bəyəndim.

-Gün ərzində İnternetdən nə qədər istifadə edirsiniz?

-Elə gün olur ki, heç istifadə etmirəm, İnternetdən uzaq olmağa çalışıram. İnternetdən istifadə etmədən yaşamaq da mümkün deyil. İşlərim olduğu zaman isə 10-12 saat İnternetdə oluram.

-Ən çox istifadə etdiyiniz sosial şəbəkə və saytlar hansılardır?

-Facebook, Telegram və e-maildən daha çox istifadə edirəm. Telegram-dan dostlarımla danışmaq üçün və Facebook-dan müəyyən informasiyalar əldə etmək üçün istifadə edirəm.  Proqramlaşdırma ilə bağlı nə sualım yaransa “stackoverflow.com” saytına daxil olub sualların cavabını asanlıqla tapa bilirəm. Olimpiadalara hazırlıq zamanı isə Codeforces.ru-da hər gün alqoritmik məsələlər həll edirəm.

-İT sahəsindəki bilik və bacarıqlarının digər fənlərin mənimsənilməsində sənə hansısa köməyi dəyirmi ?

-Qloballaşan dünyada elə bir sahə yoxdur ki, həmin sahəyə İT-nin aidiyyatı olmasın. Artıq həyatımızın bir parçasına çevrilən elektron sistemlər  olmadan bir addım belə atmaq olmur. Fənlərə gəldikdə isə hər birini özümə və gələcək karyerama yararlı hesab edirəm. 

-İT sahəsinə olan marağın artmasında səbəb nədir?

-Azərbaycanda bu sahənin hələ inkişafda olması və peşəkar kadrların az olması məni bu sahədə uğur qazanacağıma inandırır. İT sahəsi gəlirli və çox tez irəliləyən sahə olduğuna görə bu qədər maraq yarandığını düşünürəm. Maraqlı startap layihəsi təqdim etməklə böyük uğur əldə etmək olar. Həmçinin düşünürəm ki, İT sahəsi çox əyləncəli sahədir, həftələrlə, aylarla hər hansı bir layihə üzərində işləsəm də yorulmuram və hər zaman etdiyimdən zövq almağa çalışıram.

-Hansısa uğurların və ya mükafatların varmı?

-Qafqaz universitetinə “ACM ICPC” proqramlaşdırma yarışmasına 5 komanda olaraq qatılmışdıq. Bu tip yarışmaya ilk dəfə idi qatılırdıq, həm Universitetin həm də tələbələrin ilk təcrübəsi oldu. Universitetin 5 komandası içərisində birinci biz olduq. Daha sonra isə Tiflisdə keçirilən yarımfinala qatıldıq. Respublika İnformatika Olimpiadasında 2-ci yeri qazanmışam. Microsoft-un keçirdiyi “Imagine Cup” yarışmasında milli qalib adına layiq görülmüşəm. Gələcəkdə daha da çox çalışıb daha yaxşı yerlər tutmaq mənim məqsədimdir.

 

-İT sahəsində ölkədə görülən işləri , ümumi vəziyyəti  necə dəyərləndirisiniz?

-İKT sektoruna dövlətin marağı məncə sahəni irəli aparan əsas amillərdəndir. Məsələn, 2019-cu ildə “Beynəlxalq İnformatika Olimpiadasının” Azərbaycanda keçirilməsi böyük bir uğurdur. Və düşünürəm ki, bu gələcək nəsillərin İT sahəsinə olan marağına böyük bir təkan yaradacaq.

-İxtisasınız üzrə xaricdə magistr təhsili almağı düşünürsünüzmü?

-Xaricdə magistr təhsili almağı düşünürəm. Təhsilimi bitirdikdən sonra isə Azərbaycana  qayıdıb çalışmağı planlaşdırıram. Çünki İKT sektoru və imkanlar günü- gündən böyüyür. Əslində başqa bir ölkədə yaşamaq istəmirəm. Həm ölkəyə öyrəşmişəm, həm də insanların xarakterini, nə istədiklərini bilirəm.(gülür) Buna görə bilirəm ki, burda şirkət açsam  daha uğurlu olacaq.

-İT sahəsinə tələbə oğlanların qızlara nisbətən daha çox maraq göstərməsinin səbəbi nədir sizcə?

-Oğlanların dəqiq elmlərdə daha güclü olduqlarını düşünürəm, qızlar isə humanitar fənlərdə adətən daha güclü olur. Proqramlaşdırma və mühəndislik isə daha çox riyazi məntiq tələb edir. Ancaq öz təcrübəmə əsaslanaraq deyə bilərəm k,i qızlar daha kreativ olurlar və təşkilati məsələlərdə və bir çox sahələrdə oğlanlardan daha da uğurlu olduğunu deyə bilərəm. Düşünürəm ki, ən əsası, oğlan və ya qız olmağından asılı olmayaraq cəmiyyətə faydalı bir vətəndaş olmaq gərəkdir.

 

Sevinc Əsədova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə