Rasim Əliquliyev: “Azərbaycan son illər İKT sahəsində böyük nailiyyətlər əldə edib”

07-08-2021 / 20:31

“Hələ 2003-cü ildə ulu öndər Heydər Əliyev "İnkişaf naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nı təsdiq etmişdi. Bu isə neft strategiyasından sonra II milli strategiya idi. Bugünkü Azərbaycanın informasiya suverenliyinin təmin edilməsində, İKT-nin inkişafında, ölkəmizin qlobal dünyaya inteqrasiya olunmasında həmin strategiyanın çox böyük praktiki əhəmiyyəti var”.

Xeberler.az Report-a istinadən bildirir ki, bunu Azərbaycanda İKT-nin inkişafı üçün yaradılan şərait və müasir tələblərlə bağlı məsələləri şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev ümumilli liderin bu strategiyasını uğurla davam etdirir: “2003-cü ildə cənab İ.Əliyev ölkə başçısı seçildikdən sonra ümummilli liderin siyasətini, bütün digər sahələrdə olduğu kimi, İKT sferasında da uğurla davam etdirməyə başladı. Son 18 ildə ölkəmiz bu sahədə böyük nailiyyətlər əldə edib. Bu gün Azərbaycan İKT sahəsində regionda və dünyada ən aparıcı mövqelərdən birinə malikdir. Hazırda ölkəmiz “elektron dövlət”in qurulması ilə bağlı çox böyük nailiyyətlər əldə edib. “Elektron dövlət” isə özündə bir sıra başqa innovativ yenilikləri birləşdirərək yeni reallıq yaradıb. Cənab Prezidentin apardığı uğurlu siyasət, bu sahəyə birbaşa investisiyaların cəlb olunması, dövlətin maliyyə tutumlu layihələrə dəstəyinin nəticəsidir ki, bu gün İKT ilə təmin edilməyən dövlət qurumu qalmayıb.

Bu istiqamətdə atılan uğurlu addımların bəhrəsidir ki, ölkəmizdə “elektron hökumət” (e-Gov) portalı fəaliyyət göstərir və bu portal üzərindən dövlət qurumları 400-dən çox elektron xidmət təklif edir. İKT-nin inkişafı insanların bu xidmətlərdən razı qalıb-qalmamasını öyrənməyə və nəticədə həmin xidmətlərin təkmilləşdirilməsinə imkan yaradır”.

Akademik hesab edir ki, Azərbaycanın yerətrafı orbitdə 3 peykinin olması ölkəmizdə informasiya texnologiyaları sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir: “Ölkəmizin İKT sahəsində uğurlu fəaliyyətinin mühüm istiqamətlrindən biri də açıq kosmosa 3 peykimizin buraxılmasıdır. Bilirsiniz ki, onlardan 2-si rabitə peykidir, 3-cü isə yerüstü müşahidə funksiyasını yerinə yetirir. Xatırlayıram, 2008-ci ildə ilk peykimizi kosmosa buraxanda bəzi bədxahlar deyirdilər ki, “bu Azərbaycanın nəyinə lazımdır?!”. Amma təkcə möhtəşəm tarixi zəfərlə başa çatan 44 günlük “Vətən müharibəsi”ndə Azərbaycanın kosmik sənayesinin nəyə qadir olduğunu gördülər və etiraf etməyə məcbur oldular ki, bu nailiyyətlər cənab Prezidentin uzaqgörən siyasətinin təntənəsidir.

Bildiyiniz kimi, bu gün bizim bu sahədəki uğurlarımızın göstəricilərindən biri də 2023-cü ildə paytaxtımızda 74-cü Beynəlxalq Astronavtika Konqresini təşkil etmək hüququnu əldə etməyimizdir. Belə mötəbər tədbirə ev sahibliyi etmək hər ölkəyə qismət olmur. Bir neçə il öncə dünya dövlətlərinin Azərbaycanın namizədliyini təsdiqləməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzundan xəbər verir.

Kosmik sənaye haqqında danışmışkən onu da qeyd edim ki, Azərbaycanda bu sahə ilə bağlı ilkin addımlar ötən əsrin 70-ci illərinin əvvəllərində atılıb. Məhz 1973-cü ildə Azərbaycan rəhbərlik edən ümummilli lider Heydər Əliyev Moskvanı Azərbaycanda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinə razı salıb. Həmin dövr üçün belə bir tədbirin keçirilməsi çox böyük uğur idi. Hətta o dövrdə Beynəlxalq Astronavtika Təşkilatı qərar qəbul etmişdi ki, Azərbaycanda kosmik sənaye ilə bağlı araşdırmalar, tədqiqatlar başlansın. Həmin dövrdə heç bir maddi-texniki bazası olmayan ölkəmiz haqqında belə qərarın verilməsi də ümummilli liderin dahiyanə siyasətinin nəticəsi idi.

Qeyd etdiyim kimi, ölkəmizin milli peyklərinin orbitə buraxılması ilə Azərbaycanın həm İnternetlə bağlı məsələləri həll edildi, həm də yerüstü müşahidə əməliyyatlarının aparılması mümkün oldu. Məhz bu müşahidələr nəticəsində ekoloji məsələlər, təbii ehtiyatların tədqiqi, şəhərsalma planları və başqa bu kimi onlarla istiqamətdə fəaliyyətin həyata keçirilməsinə nail olundu. Azərbaycan peyki vasitəsi ilə əldə edilən məlumatlar dövlət qurumları üçün çox böyük əhəmiyyət daşıyır və onlar da öz işlərini bunun əsasında daha səmərəli şəkildə qururlar. Bütün bunlara görə biz bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin necə uzaqgörən lider olmasının şahidi oluruq. Ölkə başçısının özü də dəfələrlə bildirib ki, Azərbaycan kosmik sənayesi, eyni zamanda, dövlətimizin qüdrətinin formalaşmasında, inkişaf etməsində böyük rola malikdir”-deyə o, əlavə edib.

R.Əliquliyev hesab edir ki, ölkədə İKT-nin inkişafı pandemiya dövründə qapanmaların iqtisadi və sosial həyatın normallaşmasına və “Vətən müharibəsi”ndə qəlbə qazanmağımıza stimul verdi: “2020-ci il ölkəmiz üçün torpaqlarımızın işğaldan azad edilməsi ili kimi tarixə düşdü. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan ordusu cəmi 44 gün ərzində düşməni torpaqlarımızdan qovub çıxartdı. Bu qələbə həm də dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyasının tüğyan elədiyi bir dövrdə baş verdi. Məhz cənab Prezidentin tapşırığı ilə pandemiyanın təsirindən ən minimal itkilərlə çıxmaq üçün çox mühüm, effektli addımlar atıldı. Dövlətimiz bütün maddi və qeyri-maddi resurslarını bu mübarizəyə cəlb etdi. Gördüyünüz kimi, hazırda da bu istiqamətdə mübarizə davam edir. Faktiki olaraq, ölkəmiz eyni anda iki cəbhədə müharibə apardı və hər iki cəbhədə qalib çıxdıq. Halbuki, 27 il ərzində Azərbaycan bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün mümkün olar bütün addımları atdı. Amma qarşı tərəf bu müddət ərzində ölkəmizin sülhpərvər addımlarını cavabsız qoydu. Nəticədə də “dəmir yumruq” düşməni əzdi.

Bu müharibə müddətində diqqət çəkən məqamlardan biri də cənab Prezidentin xarici media orqanlarına verdiyi müsahibələr idi. Ölkə başçısının səlis, intellektual düşüncəyə əsaslanan, diplomatik cavabları bütün dünyanı heyran qoymuşdu. Biz bu müsahibələrdə cənab İlham Əliyevin qətiyyətinin bir daha şahidi olduq.

Pandemiya ilə mübarizədə bizim köməyimizə gələn vasitələr sırasında yenə də İKT ilk yerlərdən birində qərarlaşır. Təsəvvür edin ki, sosial məsafənin qorunması tələb olunduğu bir şəraitdə ölkənin İnternet imkanları zəif olsaydı, yaxud heç olmasaydı, nə baş verərdi? Həyat iflic olardı. Amma ölkəmizdə insanların əksər hissəsinin yüksəksürətli İnternetə qoşulma imkanının olması, texnologiyanın son nailiyyətləri əsasında yaradılan cihazlardan istifadə etməsi ölkədə həyatın dayanmasının qarşısını aldı. Hətta burada bir müsbət məqamı da demək istəyirəm ki, pandemiya insanları İKT biliklərini və vərdişlərini artırmağa sövq etdi və onlar innovasiyaya daha da yaxınlaşdılar.

Əminəm ki, Vətən müharibəsində qalib gəldiyimiz kimi, COVID-19-u da məğlub etməyi bacaracağıq”.

“Cənab prezidentin İKT sahəsinə olan diqqət və qayğısını biz həm də işğaldan azad edilmiş ərazilərimizlə bağlı verdiyi qərarlarda gördük”-deyən akademik azad edilmiş torpaqlarımızda “ağıllı” infrastrukturun qurulmasının investisiya cəlbinə də yardım edəcəyini açıqlayıb: “İnnovasiyanın əhəmiyyətini düzgün qiymətləndirən ölkə başçısının Qarabağda “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin qurulması ilə bağlı verdiyi qərarlar ölkəmizdə İKT-nin inkişafı üçün növbəti stimuldur. Qarabağda “ağıllı” infrastrukturun qurulması öz milli şirkətlərimiz üçün də yeni imkanlar açır. Həmçinin daim bizim haqq mövqeyimizi müdafiə edən qardaş Türkiyə, Pakistan, İsrail və s. ölkələrə məxsus şirkətlər də bu prosesdə iştirak edə bilər. Bu isə, təbii ki, həmin regiona yeni investisiyaların cəlb edilməsinə geniş imkanlar açır.

Həmişə olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası cənab Prezidentin bu innovativ çağırışına dəstək verir. Biz alimlər daim modern və çevik siyasət həyata keçirən ölkə başçısını dəstəkləmişik və bu dəstəyimiz bundan sonra da davam edəcək.

Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, hələ keçmiş dövrlərə baxsaq görərik ki, müharibələrin özləri də bir elmdir. Hətta xarici mənbələr bizim apardığımız müharibəni “IV nəsil müharibə” kimi xarakterizə edirlər. Artıq dünyanın bir çox hərbi məktəbləri Azərbaycanın uğurlu təcrübəsindən tədris məqsədləri üçün istifadə edir. Bu baxımdan, deyə bilərəm ki, Vətən Müharibəsi təkcə torpaqlarımızın azad edilməsi nailiyyəti kimi yadda qalmadı. Həm də dövlətimiz tərəfindən hərbi-elmi kadrların çox yüksək səviyyədə hazırlandığını da nümayiş etdirdi. Məhz bu da cənab Prezident tərəfindən ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətində atılmış ən mütərəqqi addımların göstəricisidir. Bu siyasətin nəticəsidir ki, ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

Bütün bunlar həm də Azərbaycanda IV sənaye inqilabının təzahürlərinin olduğunu göstərir. Əmin olun ki, hər addımda biz bunu bir daha müşahidə edirik.

Xatırlayırsınızsa, 2020-ci ilin yanvarının 21-də ölkə başçisi Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində adıçəkilən qurumun prezidenti Borge Brende ilə görüşdü. Görüş zamanı Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandı. Bu özlüyündə böyük bir hadisə idi və ölkə rəhbərinin innovasiyaya hansı dərəcədə diqqət göstərməsini bir daha sübut edir. Əminliklə deyə bilərəm ki, bu addım da özündə IV sənaye inqilabının ideyalarını təzahür etdirir. Həmçinin son zamanlar gündəmdə olan “Big Data” texnologiyalarından dövlət qurumlarının effektli istifadə etməsi və bununla da, xidmət keyfiyyətini yaxşılaşdırmasına xidmət edir”.

Təhlükəsizlik məsələlərinə toxunan AMEA rəsmisi hesab edir ki, informasiya texnologiyalarının inkişafının müsbət tərəfləri ilə yanaşı mənfi təsirləri də ola bilər. Bu səbəbdən də elektron təhlükəsizliyə xüsusi diqqət yetirilməlidir: “Təbii ki, İKT-nin inkişafının müsbət tərəfləri ilə yanaşı, müəyyən təhlükəli elementləri də var. Bunlar, təbii ki, fərdi məlumatların oğurlanması, kiberhücumlar və s. nüanslardır. Çünki heç də hamı İKT-dən xoş məramlar üçün istifadə etmir. Bir sıra hallarda belə dələduzluq əməlləri həddi-buluğa çatmayanlara qarşı edilir. Belə təhlükələr isə təkcə insanlara deyil, cəmiyyətə və dövlətə də ziyan vurur. Ona görə də ölkəmizdə real dünyada təhlükəsizliyin qurulması ilə yanaşı, virtual aləmdə də təhlükəsizliyin təmin edilməsi istiqamətində ciddi addımlar atılır. Bu baxımdan, xüsusən də, uşaq və gənclərin müasir İKT biliklərinə yiyələnməsi ilə yanaşı, onların özlərinin təhlükəsizliyinin qorunması məsələləri də diqqət mərkəzindədir.

Bütün bunlar isə maariflənməni, təhsili önə çıxarır. Vətən Müharibəsində dünya bizim hərtərəfli hazırlığa malik əsgərlərimizin olduğunu gördü. Müasir dövrün əsgəri daha çox intellekt mübarizəsi aparır. Əgər əsgər ən son texnologiya əsasında hazırlanan silahları idarə edə bilirsə, deməli, onun intellektual səviyyəsi də yüksəkdir. Vətən Müharibəsi ölkəmizdə elm və təhsilə olan diqqət və qayğını bir daha göstərdi.

Bir daha bəyan edirəm ki, AMEA olaraq cənab Prezidentin bu vaxta qədər atdığı bütün addımlarını dəstəklədiyimiz kimi, bundan sonra görəcəyi bütün işlərə var gücümüzlə dəstək verəcəyik”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə