“İKT milli iqtisadiyyatın aparıcı sektoruna çevrilib”

23-09-2016 / 10:30

Sentyabrın 22-də AMEA-nın Əsas binasında AMEA Rəyasət Heyətinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” layihəsinin müzakirəsinə həsr olunmuş iclası keçirilib

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev tədbirdə “Biliklər iqtisadiyyatı və informasiya-kommunikasiya texnologiyaları: imkanlar, perspektivlər, problemlər və onların həlli istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

AME-dan Xeberler.az-a verilən məlumata görə, alim öncə Azərbaycanda informasiya cəmiyyəti quruculuğu sahəsində həyata keçirilən dövlət siyasətinin məqsədləri və əsas vəzifələri haqqında məlumat verib.

O, bildirib ki,  ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması üçün zəruri struktur islahatları aparılmış, müvafiq qanunvericilik bazası və texniki infrastruktur formalaşdırılmış, əlverişli investisiya mühiti yaradılıb.

"Ölkə üzrə yüksək keyfiyyətli İnternet və mobil rabitə infrastrukturu formalaşdırılıb"

R.Əliquliyevin sözlərinə görə, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın da hədəfi məhz informasiyalaşdırma, informasiya iqtisadiyyatının formalaşdırılması, yeni e-xidmətlər, dünya bazarına inteqrasiya, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsidir:

“ Həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, biliklər iqtisadiyyatının formalaşdırılması məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən ardıcıl və uğurlu tədbirlər nəticəsində ölkəmizdə İKT sektorunda sürətli və dayanıqlı inkişafa nail olunub.  O cümlədən bütün ölkə üzrə yüksək keyfiyyətli İnternet və mobil rabitə infrastrukturu formalaşdırılmış, vətəndaşların informasiya hüquqları təmin edilmiş, paytaxtla bölgələr arasında rəqəmsal fərqlər aradan qaldırılmış, e-hökumət və onun e-elm, e-təhsil, e-vergi, e-gömrük və s. seqmentləri, eləcə də e-biznes, e-vətəndaş sektorları formalaşdırılıb”.

Məruzəçi diqqətə çatdırıb ki, nüfuzlu beynəlxalq təşkilatların illik qiymətləndirmələrinə əsasən, Azərbaycan şəbəkə hazırlığı indeksi, e-hökumət hazırlığı indeksi, insan inkişafı indeksi, İnternet azadlığı indeksi, telekommunikasiya infrastrukturunun inkişaf indeksi kimi göstəricilərə görə dünyada qabaqcıl yerlərdən birini tutur ki, bu da İKT sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsidir:

"İKT-nin imkanlarından geniş və səmərəli istifadə edilməlidir"

“Ölkəmizdə informasiya iqtisadiyyatının əsas tərkib hissələrindən biri olan biliklər iqtisadiyyatının inkişafı üçün də əlverişli zəmin yaradılmış, bu istiqamətdə müəyyən nailiyyətlər əldə olunmuş, İKT sektoru milli iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sektoruna çevrilmişdir”.

Alim qeyd edib ki , iqtisadiyyatın modernləşdirilməsi və dayanıqlı inkişafının təmin edilməsi üçün İKT-nin imkanlarından geniş və səmərəli istifadə edilməlidir. R.Əliquliyev İKT-nin tətbiqi ilə ənənəvi iqtisadi sferalarda baş verən ciddi keyfiyyət dəyişikliklərinə dair nümunələr göstərib, həmçinin İKT və biliklər iqtisadiyyatı sahəsində qabaqcıl ölkələrin təcrübələrindən bəhs edib.

O,  bilik və informasiyanın iqtisadi resurs və istehsal amili kimi üstün xüsusiyyətlərini diqqətə çatdırıb.  Alimin sözlərinə görə, İKT və biliklər iqtisadiyyatı postneft dövrünün əsas iqtisadi dayaqlarındandır.

"Big Data, Cloud Computing, Internet of Things (IoT), robototexnika kimi sahələr böyük iqtisadi perspektivlər vəd edir"

Akademik, çıxışında ən yeni İKT vasitələrinə əsaslanan iqtisadi perspektivlərdən də danışdı. Bildirib ki, informasiyanın qeyd olunması, saxlanması, emalı, nəqli və paylanması imkanları artdıqca informasiya cəmiyyəti və onun iqtisadi sferası daha sürətlə inkişaf edir. O cümlədən Big Data, Cloud Computing, Internet of Things (IoT), robototexnika kimi sahələr böyük iqtisadi perspektivlər vəd edir.

R.Əliquliyev Azərbaycanda İKT və biliklər iqtisadiyyatının inkişaf etdirilməsinə dair təkliflərini səsləndirib:

"Müvafiq qanunvericilik bazasının formalaşdırılmalı və İKT-nin inkişaf tempinə uyğun olaraq müntəzəm şəkildə təkmilləşdirilməlidir"

“Bu sahənin inkişafı üçün, ilk növbədə, müvafiq elmi tədqiqatların gücləndirilməsinə, yeni iqtisadiyyatın xüsusiyyətlərinin, qanunauyğunluqlarının və beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac var. Müvafiq qanunvericilik bazasının formalaşdırılması və İKT-nin inkişaf tempinə uyğun olaraq müntəzəm şəkildə təkmilləşdirilməsi, yenilənməsi də ən vacib məsələlərdəndir. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması vəzifələrinə virtual məkanda Azərbaycanın iqtisadi maraqlarının qorunması da daxil edilməli, bu məqsədlə adekvat tədbirlər görülməlidir”.

"Milli proqram mühəndisliyi formalaşdırılmalıdır"

Məruzəçi, həmçinin İKT və biliklər iqtisadiyyatı sahəsində kadr hazırlığı, milli proqram mühəndisliyinin formalaşdırılmasının informasiya təhlükəsizliyinin təmin olunması, kosmik iqtisadiyyatın yaranması, intellektual mülkiyyətin və fərdi məlumatların qorunması kimi məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə