Məlumat verdiyimiz kimi , ötən il ölkədə ilk dəfə rəqəmsal marketinq üzrə “Digital Marketing Conference 2015” tədbiri baş tutdu.
Ölkəmizdə ilk dəfə bütün marketinq mütəxəssislərini bir araya toplayan konfrans böyük maraqla qarşılandı və uğurla yekunlaşdı.
Təşkilatçılar artıq elan ediblər ki, konfrans bu il 2-ci dəfə də keçiriləcək.
Belə ki, növbəti rəqəmsal marketinq konfransı noyabrın 5-də Badamdar otelində marketinq mütəxəssisləri və bu sahə ilə maraqlananları bir araya gətirəcək.
Müşahidələrimiz göstərir ki, tədbirə maraq böyükdür və Təşkilat Komitəsi də sosial şəbəkələrdə, elə konfransın öz rəsmi saytında da aktivdir.
Xeberler.az olaraq tədbirin gedişatı, bu il gözlənilən yeniliklər, spikerlər və konfransdan gözləntilərlə bağlı layihə rəhbəri Günel Muradzadə ilə söhbət etdik.
Müsahibəni təqdim edirik.
-Günel xanım, Digital Marketing Conference artıq ikinci ildir ölkədə təşkil ediləcək. Yəqin ki, ötən ilki konfransdan müsbət nəticələr əldə etdiyiniz üçün belə bir konfransı davam etdirməyi düşündünüz...
-Bəli, ölkəmizin ilk Rəqəmsal Konfransı keçən il çox yaxşı keçdi. Gözlədiyimizdən daha çox maraq oldu. 400 nəfərə yaxın mütəxəssislə birlikdə 1 gün ərzində faydalı müzakirələr edib, təcrübəmizi paylaşdıq. Təcrübə göstərdi ki, DMC həm Rəqəmsal Marketinq təcrübəmizi zənginləşdirmək üçün, həm də həmkarlarımızla görüşmək, yeni biznes əlaqələri yaratmaq üçün mükəmməl imkandır. Belə konfranslara bugün ölkəmizdə ehtiyac var. Razılaşarsınız ki, rəqəmsal marketinq vərdişlərini yalnız praktikada istifadə edərək inkişaf etdirmək olar. Ona görə də konfrans hər il keçiriləcək. Hər növbəti ildə əvvəlkindən bir neçə qat inkişaf etdiriləcək. Bu il DMC qeyri-neft sektoruna verdiyi töhfələrlə seçilən, maarifçiliyi dəstəkləyən GILAN Holdinqin baş sponsorluğu ilə noyabrın 5-də Badamdar oteldə keçiriləcək. Qeyd edim ki, ilk müraciətimizdə konfransın və bu sahənin iqtisadiyyatımızda tutduğu mühüm yeri qiymətləndirdilər.
- Marketinq forumu ölkədə davamlı keçirilir, rəqəmsal tərəfi ilə bağlı ilk dəfə siz belə bir təşəbbüsə başladınız. Bu, nədən qaynaqlanır?
- Bildiyiniz kimi, Digital Marketing Conference 2016 Marketing AİR komandası, Facemark.az və Azərbaycanın ilk onlayn marektinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə dəstəyi ilə keçirilir. Facemark.az olaraq biz hər il marketinqlə bağlı olan beynəlxalq tədbirlərdə ölkəmiz üzrə media tərəfdaş oluruq. Belə ki, partnyorluğumuza əsasən müraciət edən mütəxəssislərə həmin tədbirlərdə pulsuz iştirak imkanı yaradırıq. Qeyd etdiyimiz tərəfdaşların təcrübəsini öyrənib, ölkəmizdə tətbiq edirik ki, bu sahədə inkişafa nail olaq.
-DMC-də adətən daha çox kimlər iştirak edir?
- Keçən ilki iştirak statistikasına görə deyə bilərik ki, iştirakçıların 10%-i tələbələr, 90%-i isə müxtəlif sahələrdə marketinq istiqaməti üztə işləyən mütəxəssislər idi. Biz həm işləyən şəxslərin, həm də tələbələrin iştirakında maraqlıyıq. Rəqəmsal Marketinq çox gənc sahədir və sürətlə inkişaf edir. Bu cür tədbirlərə qatılaraq praktika üzərindən yeni alətləri, onların funksionallığını öyrənməklə paralel olaraq bu sahədə təcrübəli mütəxəssislərlə fikir mübadiləsi aparmaq mümkündür. İştirak edən hər kəs müəyyən qədər fayda əldə edir.
-Qeyd etdiyiniz kimi, konfransda daha çox iş adamları olur. Yəqin ki, bu təlabatı nəzərə alırsınız, yəni tələbələr üçün auditoriya, spiker seçimi fərqli olur, iş sektoru üçün başqa...
-Əlbəttə, bu məqamı elə konfransla bağlı təşkilatı işlərə başlayanda düşünürük. Seçilən spikerlərlə görüşlər keçirir, auditoriya haqqında məlumatlandırırıq. Çalışırıq ki, bu gün rəqəmsal marketinq sahəsində baş verən yeniliklər, effektivliyi artırmaq üçün həll yolları spikerlərin təqdimatında öz əksini tapsın.
- Bunları nəzərə alaraq ötən ildən fərqli olaraq bu il iştirakçıları hansı yeniliklər gözləyir?
- Qeyd etdiyim kimi, biz hər il əvvəlki illərdən əldə etdiyimiz təcrübəni inkişaf etdiririk. Bu il ilk dəfə konfrans otel formatında olacaq. Keçən ildən fərqli olaraq, bu il panellər olmayacaq. Spikerlərin hər biri bu ilin vacib mövzuları üzrə sərbəst çıxış edəcəklər.
Bu il TV tərəfdaşımız ARB TV vasitəsilə mütəxəssislərimizdən sektorun hazırki vəziyyəti, inkişaf perspektivləri, çətinliklərin həll yolları ilə bağlı müsahibələr alınacaq və bu bizim vasitəmizlə mediada yayımlanacaq.
-Bu tip tədbirlərdə ən çətin işlərdən biri spiker seçimidir. Bəs Siz spikerləri seçərkən nələrə diqqət etdiniz?
- Həm ən çətindir, həm də ən məsuliyyətli. Spiker seçimində bir çox amillər nəzərə alınır. Həm keçən il iştirak edən həmkarlarımızın rəyləri, il ərzində keçirdiyimiz sorğular və trend yaradan işlərin müəllifləri spiker kimi dəvət edilir. Bəzən mütəxəssislər özləri də müəyyən mövzularla bağlı çıxış üçün müraciət edirlər. Hər bir müraciəti dəyərləndiririk. Bizim formata uyğundursa, dəvət edirik. Ona görə də kiminsə vacib hesab etdiyi mövzu varsa, bizə müraciət edə bilər.
- Bildiyimiz qədər bu il Türkiyədən də spiker dəvət edilib. Bəs xarici spikerləri necə seçirsiniz?
- İşlərinə görə seçilən və yerli mütəxəssislərə faydalı ola biləcək spikerlər seçilir. Bu il Türkiyədən qonaq dəvət etmişik. Türkiyənin tanınmış 4129GREY İSTANBUL agentliyinin rəqəmsal kommunikasiya rəhbəri Kayhan Dural konfrans günü həmkarlarımızla öz təcrübəsini paylaşacaq. Beynəlxalq şirkətlərdən spiker dəvət etmək bizim üçün çətin deyil, sadəcə müəyyən xərclər var ki, qarşılamağa büdcə kifayət etmir. Bu il 1 nəfər dəvət etdik, növbəti illərdə sayı artırmağa çalışacağıq.
-Günel xanım, bəzən sosial şəbəkələrdə DMC-la bağlı belə fikirlərlə rastlaşırıq ki, daha yaxşı olar ki, konfransda iştirakla bağlı qiymətlər dinləmək istədiyimiz spikerlərin sayına görə müəyyən edilsin. Bu təcrübə sizin konfransda gözlənilirmi?
-Qeyd edək ki, DMC-i təşkil etməkdə biznes marağımız olmadığı üçün çox sayda insanın bilet almasına, buraya pul xərcləməsinə və bu qədər detallarda maraqlı deyilik. Biz istəyirik ki, iştirakçılar minimal qiymətlə tədbirdə sona qədər otursun. Çünki konfransda spikerləri dinləmək, onlarla müzakirə imkanı ilə bərabər həm də çox yaxşı ünsiyyət imkanı var. Bu ünsiyyət də gələcəkdə yeni biznes layihələri üçün lazımdır, faydalıdır. Qeyd etdiyiniz marketinq gedişi beynəlxalq təcrübədə var. Facemark.az olaraq biz beynəlxalq təcrübəni öyrənirik. Səmimi olaq, hər beynəlxalq təcrübəni lokalda tətbiq etmək olarmı? Əlbəttə ki, olmaz. Marketinq özü lokal yanaşma tələb edir. Yəni, qlobal düşünüb, lokal yanaşmaq lazımdır. Məsələn, Cannes illərdir keçirilir. O festivala dünyanın müxtəlif ölkələrindən mütəxəssislər qoşulur. Bizdə isə bazar balacadır. İştirakçı sayı maksimum 400-500 ola bilər. Həmçinin konfrans zalları hələ istədiyimiz kimi imkanlara malik deyil. Girişi 450 avro olan biznes məqsədli tədbirlə bizim öz gücümüzlə etdiyimiz qeyri-biznes tədbiri ilə müqayisə etmək düzgün deyil. Biz iştirakçılara deyə bilmərik ki, 10AZN ödədiyiniz üçün vaxtınız bitdi, zalı tərk edin və ya spikerə deyə bilmərik filankəsdə 200 nəfər idi, Sizdə 50 nəfər. Bu həm iştirakçılara, həm də spikerlərə hörmətsizlikdir. Bizim üçün konfransda iştirak edən hər kəs eyni dəyərə malikdir. Hər kəsə fərdi yanaşsaq da, hamıya bərabər olaraq hörmət edirik. DMC-də belə ayrı-seçkilik qətiyyən ola bilməz.
Kim 30 manat ödəyə bilmir, yalnız 1 çıxış dinləmək istəyirsə, mənə və ya komanda üzvlərinə fərdi müraciət edə bilər. Əmin ola bilərsiniz ki, məmnuniyyətiniz üçün əlimizdən gələn hər şeyi edəcəyik.
-Adətən bu tip tədbirlərdə təşkilati komandanın üzərinə böyük iş düşür. Təşkilati komanda kimlərdir ? Konüllü olaraq sizə qoşulanlar da olurmu?
- Komandamız Marketing AIR məzunlarından ibarətdir. Hər biri ölkəmizin aparıcı şirkətlərinin əməkdaşlarıdır. Komanda 30 nəfərdən ibarətdir. Ən böyük üstünlüyümüz məhz komandamızdır, çünki ortaq dəyərlərimiz var. Hər birimiz işimizə məsuliyyətlə yanaşır, gördüyümüz işdən zövq alırıq.
-Ötən il üzrə konfransla bağlı "Bu günün marketinqi" kitabı çapdan çıxdı. Bu il də belə bir kitabın nəşri gözlənilirmi?
- “Bugünün marketinqi” ölkəmizdə mütəxəssislərin yazılarından ibarət olan yeganə kitabdır. Bu mütəxəssislər öz təcrübələrindən faydalanıb yazdıqları məqalələri Facemark.az-a yayımlanması üçün daimi olaraq göndərir. Biz də keçən ildən başlayaraq hər il ərzində bu yazıları toplayıb kitab şəklində dərc edirik. Kitabın müəllifi Facemark.az-ın təsisçisi Rafiq Hunaltaydır. Kitab 5 noyabrda həmkarlarımıza təqdim ediləcək. Qiyməti 6 manatdır. Kitabda Facemark.az – da yayımlanan 28 nəfər müəllifin 84 yazısı yer alacaq.
-Günel xanım, əslində böyük maliyyə imkanları, tərəfdaşlar olmadan ölkədə belə trend tədbir təşkil edib, uğurlu olmaq çətin olar. Sizi nə motivasiya edir?
- Əslində, bizim komandada hamımızı qane edən işlərimiz var ( gülür). Biz DMC-ı əlavə iş kimi, ölkəmizə fayda vermək üçün edirik. Bu işlərlə daha çox işdən sonra maraqlanırıq, həftəsonları görüşlər təşkil edirik. Bizi motivasiya edən işini sevən, zəhmətkeş, mükəmməl komandamız və konfransdan faydalanan həmkarlarımızdır. Əslində bu işlər kənardan sadə görünə bilər. Amma biz buna aylarla vaxt sərf edirik. İlin əvvəlindən işlərə başlamışıq. Konfrans sayəsində yüzlərlə həmkarımızla tanış olur, yeni əlaqələr yaradırıq. Özümüz də öyrənirik. Ölkə xaricində fəxrlə danışırıq. Bir sözlə, işimizdən zövq alırıq.
- Günel xanım, bu sualı sona saxladıq. İnsanlar nə üçün bu konfarnsda iştirak etməlidir?
- Bu konfarns marketinq sahəsində işləyən, rəqəmsal marketinqən istifadə edənlər hər kəs üçün maraqlı olar. Bir gün ərzində 17 nəfər yerli, bir xarici spiker çıxış edəcək. Onlar hamısı illərlə əziyyət çəkib əldə etdikləri təcrübələrini paylaşacaq. Çıxışdan sonra sual-cavab da olacaq. İştirakçılar işlərində qarşılaşdıqları hər hansı probemlə bağl sual verib, elə orada həll edilməsinə kömək edəcək cavab ala biləcək. Konfransın biznes əlaqələrinin qurulmasında böyük təsiri olacaq.
- DMC-nin hər il keçirilməsi nəzərdə tutulurmu?
- Əlbəttə, DMC artıq ənənə halını alıb. Hər il keçirməyi planlaşdırırıq. Mütəxəssislərin ehtiyacına görə daha spesifikləşdirilə və ya format dəyişə bilər. Rəqəmsal marketinq sürətlə inkişaf edən sahədir. Biz də trendlə irəliləyəcəyik.
-Hazırda çoxları Rəqəmsal Marketinq Konfransından danışır. Sosial şəbəkələrdə də kifayt qədər aktivsiniz. Marqlıdır, sizə sosial şəbəkələrdən ünvanalanan təklif, iradları dəyərləndirirsinizmi?
- Bəli, sosial mediada komandamız ciddi nəzarət edir. Hər il müəyyən sahədən olan insanlar öz ideyaları, rəyləri ilə bizə sosial şəbəkələrdən də dəstək olurlar. Öz pozitiv enerjilərini ötürürlər. Bunlar bizi sevindirir. Yeni təkliflərə açığıq. Komadamıza hər il yeni üzvlər daxil olur. Çünki bizi bir yerə tolayan dəyər var. Müxtəlif sektorlardan tədbirdə iştirak edən şəxslərin də fikirləri, rəyləri bizim üçün maraqlı olur. Bunun üçün DMC ilə maraqlanan, dəstək göstərən hər kəsə təşəkkür edirik.
- Günel xanım, müsahibə üçün təşəkkür edirik. Biz də iştirak edəcəyik. Son olaraq qeyd etmək istədiyiniz hər hansı bir məqam varmı?
- Mən iştirak edəcək həmkarlarımıza, dəstək olan tərəfdaş şirkətlərə, spikerlərə, media nümayəndələrimizə öz təşəkkürümü bildirirəm. Bütün bu layihələr məhz Bizim hamımızın birlikdə zəhməti nəticəsində uğurlu olur.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri