Məlumat verdiyimiz kimi, Milli Məclisə seçkilərdə deputatlığı qeydə alınan namizədlər təbliğat və təşviqat işlərinə başlayıb.
Artıq sosial medianın imkanlarından effektiv istifadə etməyə başlayıblar.
Xeberler.az olaraq namizədlərlə müsahibələr, təbliğat işləri barədə söhbət edib, bu istiqamətdə yazılar dərc edirik.
Deputatlığa namizədlərdən seçki proseslərində informasiya texnologiyalarından necə istifadə etmələri, həmçinin, deputat seçilərsə gələcək fəaliyyəti, o cümlədən İKT-nin tənzimlənməsi sahəsində hansı işləri görəcəyi ilə maraqlanırıq.
Ötən dəfə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Tahir Mirkişili ilə təbliğat-təşviqat fəaliyyəti ilə maraqlanmışdıq.
Xeberler.az olaraq növbəti dəfə 21 saylı Nəsimi birinci dairəsindən namizəd Günel Səfərova ilə söhbətləşdik.
Müsahibəni təqdim edirik:
-Günel xanım, son illərdə qadınların seçki proseslərindəki iştirakı artıb. Bunu nə ilə əlaqələndirərdiniz?
-Əslində tək seçki prosesində yox, idaretmə orqanlarında da qadınların rolu artıb. İcra hakimiyyətlərində də bir nəfər qadın müavin mütləq təyin olunur. Bu, çox yaxşı haldır. Regionlarda çox oluram və İcra hakimiyyəti orqanları bizə tədbirlərin təşkilində dəstək verir. Qadına problem anlatmaq, qadınla tədbiri təşkil etmək ən azından təşkilatçılıq baxımından çox uğurlu alınır. Qadınlar təşkilatçılıq məsələlərində daha məsuliyyətlidir. Budəfəki seçki prosesində qadınların sayının çox olması açığı məni də təəccübləndirdi. Qadınların sayının artması həm də ona görədir ki, qadınlarla bağlı həm ictimai, həm də siyasi sektorda fəaliyyət genişləndirildi. Amma bir məsələ var ki, qadın namizədlərin sayı çox ola bilər. Amma qadın millət vəkillərinin sayı çox olacaqmı? –bu bir az sual altındadır. Çünki bizdə bələdiyyə seçkilərində belə hallar var idi ki, qadın seçkidə qalib gəlirdi, amma bir ay sonra ərizə yazıb vəzifəsindən imtina edirdi. Həmin qadının kişi müavini sədr keçirdi. Yəni, belə hallar olub. Amma mənim üçün çox sevindirici haldır ki, qadınlar artıq özlərində güc tapırlar və siyasətə atılırlar. İlk dəfə siyasətə gəlib seçkilərdə iştirak edən insan kimi deyə bilərəm ki, bu, elə də asan proses deyil. Kifayət qədər çətindir. Azərbaycan qadınını unikal bir varlıq adlandırıram. Çünki biz həm anayıq, həm də həyat yoldaşıyıq. Qadın olaraq nəsildə menecer rolunu oynayırıq. Siyasi fəaliyyəti də qadının roluna əlavə edəndə, düşünürəm ki, bunu çox az qadın bacarar. Xüsusilə, Azərbaycan qadınına bu sahədə eşq olsun. Nəticədə nə olacaq deyə bilmərəm. Sırf qadın olduğu üçün seçkilərdə heç kimi dəstəkləmirəm. Mənim rəqibim əsas elə qadındır (gülür). Yəni seçicilərim bu baxımdan öz seçimini etməlidir: kim daha çox faydalı ola biləcəksə, kim daha çox işləyəcəksə ona səs verək.
- Bu gün seçkili orqanlarda təmsil olunan lider qadınların fəaliyyətini necə dəyərləndirirsiniz?
- Hakimiyyət dairələri də artıq qadınların siyasətdə, ictimaiyyətdə iştirakını istəyir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da bu sahədəki fəaliyyəti qadınlarda da təşəbbüskarlığı artırır. Bizim vaxtımızda qızlardan soruşanda ki, böyüyəndə nə olmaq istəyirsən, ya müəllim, ya da həkim cavabını verirdilər. Amma indi qızımdan soruşanda deyir mən dizayner olacağam. Yəni, zaman keçdikcə qadınlar daha çox qərarverici mərhələdə özünü görmək istəyir. İctimai sektorda təlimçi, ekspert kimi daha çox tanınıram. 350 nəfərlik auditoriya qarşısında tələbələrimə sual verirəm ki, millət vəkillərindən kimləri tanıyırsınız. Birmənalı olaraq Mehriban Əliyeva, Qənirə Paşayeva və bir neçə kişi millət vəkilinin adı sadalanır. Qadın millət vəkillərindən bu iki addan başqa ad eşitməmişəm. İctimai-siyasi prosesdə iştirak edən biri kimi mən özüm də bunun şahidi oluram. Millət vəkili - qərarverici, lobbiçiliyə aparan insandır. Orta statistik Azərbaycan əhalisi bu iki qadını sosial-siyasi fəaliyyətləri ilə tanıyır. Mehriban xanım sosial layihələrin həyata keçirilməsi sahəsində xüsusilə tanınır. Qənirə Paşayeva ilə eyni layihələrdə iştirak etmişik və düşünürəm ki, millət vəkili üçün ən yaxşı modellərdən biridir. Tək qadınlara yox, kişilərə də örnək olan modeldir.
-Sizcə, insanlar daha çox qadınların verdiyi vədlərə inanar yoxsa kişilərin?
-Çox maraqlı sualdır. Azərbaycanlılar arasında belə bir ifadə var: kişi sözü. Hansı ki bunu kişilər ortaya çıxarıb (gülür). Bilirsiniz, kişinin verdiyi sözə, kişinin gücünə inam da çoxdur. Kişinin gücünə, maliyyə vəsaitinin çox olduğuna inanırlar. Qadın namizədlərə baxanda belə bir fikir formalaşır ki, heç biri biznesmen, oliqarx deyil. Amma kişilərin bu və ya digər şəkildə görünən mənbələri, başqa sözlə, maliyyə vəsaitləri çoxdur. Kişi namizəd tanıyıram ki, 3-4 qərargah tutub. Bu vəsaitdir. Amma qadın namizədlərdən beləsi haqqında hələ ki məlumatım yoxdur. Namizədi olduğum dairədə sosial problemlər kifayət qədərdir. 2010-cu ildə həmin dairədən seçilən millət vəkili də xanım olub. Mən bu dairəyə araşdırmasız gəlməmişəm. Sosial araşdırma apardım və gördüm ki, bu dairədən olan insanlar heç millət vəkillərini tanımır. Əksəriyyət 10 il əvvəlki millət vəkili- Ülvi Quliyevi tanıyır. Ülvi Quliyevin daha çox iş gördüyü deyilir. Seçicilərin sözündən belə anladım ki, onlar daha çox kişinin sözünə, kişi millət vəkilinin verdiyi vədlərə inanıblar. Xanım millət vəkili insanların prolemlərini həll etməyib.
-Bəs siz əhalinin sosial sahədə mövqelərinin güclənməsi üçün hansı işləri görəcəksiniz?
-Gəlin baxaq: insanlar bizdən nə gözləyir? Su çəkmək, qaz çəkmək, işıqları olsun, yolları yaxşı olsun və s. Hansı ki, bu, birbaşa millət vəkilinin səlahiyyəti deyil. O, bu sahədə əlaqələndirici şəxs ola bilər. İcra strukturları, aidiyyatı orqanlara problemləri göstərməlidir ki, zəhmət olmasa çalışın. Seçicilərimdə mənə qarşı inam var. Bu günə qədər xeyli sayda sosial layihələr etmişəm. 17 yaşımdan uşaq evlərində könüllü fəaliyyətdə olmuşam. Əgər internatdan çıxacaq uşaqların gedəcəyi yer yoxdursa, bununla bağlı bir şəbəkə qurub müəyyən bir qismin problemini həll etmişiksə, bu böyük bir işdir. Əgər biz hansısa regionlar, kəndlərdə bu günə qədər sosial problemləri həll etmişiksə, deməli, biz problem həll edə biləcəyik. Seçicilərimə verdiyim sözlərdə heç vaxt onlara göyləri vəd etmirəm. Seçicimə deyirəm ki, siz məni seçəcəksiz, mən “sizin vəkiliniz” olacam. Bu gün məsuliyyətim iki-üç qat artıqdır. Bilirsiniz niyə? Birinci mərhələ, əhalinin seçkiyə inamının olması və seçkiyə gətirilməsidir. Bu gün əhalinin seçkiyə inamı yoxdur. Çünki həddindən artıq seçicilərə vədlər verilib və aldadılıb. İkincisi, seçkidə səsvermənin heç bir rol oynamadığı qənaətindədir əhali. Deyir, mən səs versəm də, verməsəm də seçilən seçilib. Bu çox dəhşətlidir. Yəni, əhali vətəndaş olaraq hüququnun heç bir işə yaramadığı qənaətindədir. 21-ci dairə bu dəqiqə çox insanın diqqət mərkəzindədir ki, burada nə baş verəcək. Çünki burada namizədlərdən biri də YAP-ın sədridir. YAP-ın sədri olmaq həm də sənə əlahiddə təşkilatçılıq əlaqələri verir, təsir mexanizmi verir. O mexanizm isə məndə yoxdur, mən sadəcə seçicilərimlə işləyirəm. Üçüncü məsələ isə özünü inandırmaq. Yaş etibarı ilə digər namizdələrdən cavanam üstəlik. Əhali cavan kadr görmək istəyir, yenilik istəyir. Hətta könüllü olaraq mənə müraciət edənlər var ki sizin komandanızda işləmək istəyirik. Nəticənin necə olacağını bilməsəm də, seçicinin səsini qazancağına əminəm.
-Seçki təbliğatında sosial mediadan istifadə edirsinizmi, sosial media vasitəsilə seçicilərinizə səslənirsinizmi?
-Bəli. Facebook-da aktiv şəkildə fəaliyyət göstərirəm. Sonuncu həftədən etibarən video çarxlar vasitəsilə seçicilərimə müraciət edəcəyəm. Bəlkə də yeganə namizədəm ki, seçki platforması yazmadım. Mənim platformam seçicimdir, qoy seçicilərim yazsın. Onlar Günel Səfərovaya səs verəcəklər, böyük-böyük platformalara yox. Ay Qarabağı alacağam, Azərbaycanı xaricdə belə təmsil edəcəyəm, bütün sosial problemləri həll edəcəyəm və s. namizədlər fikirlər səsləndirir. Namizədin platforması reallığı əks etdirməlidir. Mənim platformamım böyük bir hissəsi əhalinin soail problemlərinin həllində onların yanında olmaq və həmin problemlərin həllinə nail olmaqdır. Hüquqşünas təhsili aldığım üçün digər millət vəkillərindən fərqli olaraq qanunları çox yaxşı bilirəm. Başqa bir tərəfdən xarici təşkilatçılıq məsələsi var və düşünürəm ki, Azərbaycanın bir çox problemlərinin həllində vasitəçi ola bilərəm. Bizim axsayan cəhətlərimizdən biri də odur. Mənə elə gəlir ki, lobbiçiliyimizi fərqli istiqamətdə aparmalıyıq. Azərbaycan dövlətçiliyini yaxşı təmsil etmək lazımdır. Bu da bilavasitə millət vəkillərinin borcudur ki, beynəlxalq təşkilatlarda Azərbaycanı düzgün təmsil etsin. Xarici dili bilməyən necə təmsil edəcək? Xarici dildə danışmaqdan əlavə, onların mədəniyyətinə yaxın bir formada, anlaşılan bir dildə danışmaq zəruridir. Bu istiqamətdə millət vəkillərinin fəaliyyəti o qədər də üərkaçan deyil. Nə ictimai sektorda, nə də siyasi. Bu baxımdan təmsilçilikdə düzgün alətləri istifadə etsək, bəlkə düzgün nəticə əldə edə bilərik.
-Siz dediyinizdən belə anlaşılır ki, Milli Məclisdə daha cavan kadrlarmı təmsil olunmalıdır?
-Bəli, mən belə düşünürəm. Yaşlı insanlarla heç bir problemim yoxdur, onların siyasi təcrübələrindən faydalana bilənəcəyimi də istisna etmirəm. Bu gün mənə rəqib olan bütün namizədlərin təcrübələrindən faydalana bilərəm. Millət vəkillərinin siyahısına baxsaq, yaşlı insanlar daha çoxdur. Yəni, yaşı 55-60-dan yuxarı olan deputatlarımız var. Mənə elə gəlir ki, eyni insanların 2-3 dönəm seçilməsi effektivliyini itirə bilər. Buna da diqqət etmək lazımdır. Heç olmasa hamısını demirəm, müəyyən bir qismini cavanlaşdırmaq lazımdır. Cavanlaşdırmasan da, bir “Refresh” elə ki bu yenilənsin də (gülür). Yeni baxış olsun, fərqlilik olsun. 2015-ci ilə nə isə ümidlərim var. Həm yaş baxımında, həm də fəaliyyəti baxımından yenilikçi olan insanlar Milli Məclisdə təmsil olunsa, cəmiyyətlə yanaşı hakimiyyət də, dövlət fayda görər. Əgər yenilənməsə, deməli biz irəliyə doğru addım atmamışıq.
-Ümumiyyətlə, qadınların seçki prosesində iştirakının artırmaq istiqamətində hansı işləri görmək olar?
-Seçki prosesində əsas iştirakçı tərəf qadınlardır. Daha çox qadınlar öz yoldaşlarını seçkiyə, səsverməyə gətirir. Qadınlar daha çox istəyir ki, həyatları dəyişsin. Əgər seçicilərin ümidlərini qırmasaq, qadın seçicilər daha aktiv şəkildə səsvermə prosesində iştirak edər. Amma qadın namizədlərə gələndə, qadınların səlahiyyətləndirilməsi lazımdır. İctimai sektorda qadınların qərarverici proseslərdə iştirakının gücləndirilməsi prosesi zəifləyib. Gender məsələsi tərbiyə, mədəniyyət məsələsidir. Buna cəmiyyət də hazırlanmalıdır, dövlət strukturları da bunu etməlidir. Görün Asan xidmətin nə böyük faydası oldu cəmiyyətə? İnsanların davranışını dəyişdi. Bu cür layihələr həyata keçirilməlidir ki, cəmiyyət mədəniyyətə alışsın.
-Bəs digər namizədlərin İKT-dən istifadəsini necə dəyərləndirərdiniz?
-Virtual səsvermənin keçirilməsi ilə bağlı Xeberler.az–ın təşəbbüsünü dəstəkləyirəm. Kifayət qədər virtual səsvermələrə həssas yanaşmalar gördük. Sizin bir sorğunuz hər yerə səs saldı. Gördük ki, insanlar virtual səsverməyə diqqət ayırırlar. Siz bu səsvermə ilə namizədləri kompüter başına çağırırsınız. Bu müsbətdir. Çünki namizədin televiyaya çıxışı yoxdur. Qəzetlərə çıxış məhduddur. Mediada isə bahalıdır. Saniyəsi 50 manata çıxış nə deməkdir? Çox bahadır. Mənim bunu ödəmək imkanım olsa belə bunu etmərəm. Bu maliyyə ilə nə qədər sosial problem həll etmək olar. Sosial şəbəkələr, onlayn səsvermələr, bunların hamısı müsbət şeylərdir. Bəs biz özümüz haqqında başqa harada məlumat yerləşdirək? 4 dəqiqəlik efiri belə bizə vermədilər ki, sizi görməsələr yaxşıdır (gülür).
-Skype vasitəsilə seçicilərinizlə görüşlər keçirirsiznimi?
-Skype-dan da istifadə edirəm. Düzdür, seçicilərim o qədər də texnologiya ilə dost deyillər, məni daha çox Facebook-dan izləyirlər. Bir çox dostlarım Facebook səhifəmi öz şəxsi səhifələrində reklam edirlər. Şəklimi profil şəkili edirlər. Hələ heç kəsə deməmişəm ki, mənim şəklimi profil şəkli edin. İnsanlar bunu könüllü edir. Bu məni sevindirir. Çox səmimi münasibət görəndə seçicilər insanı sevir. Seçicilərimdən hərdən etirazlar da eşidirəm ki, bəs biz Günel xanıma dostluq təklifi göndərmişik niyə qəbul etmir? (gülür).
-Yəni, bu texnologiyalar sizin işinizi asanlaşdırırmı?
-Çox asanlaşdırır. Səsimizi çatdırırıq. Düşünün sosial şəbəkələr və saytlar yoxdur. Biz harada üzümüzü göstərəcəkdik əhaliyə? Şəkillərimi məktəbdəki lövhələrə asırlar və sonra kimlərsə şəkilləri oradan çıxarır. Mağazalara asanda isə sahibkarlara təsir göstərib şəkilləri çıxartdırırlar. Bütün bunlar yerli orqanların özünü borclu hiss etdiyi rəqib namizədin əməlləridir. Mən rəqibimin kim olduğunun fərqindəyəm (gülür). Amma bu, bizi qorxutmur. Çünki biz rəqiblə mübarizə aparmırıq, seçici ilə işləyirik. Ümumiyyətlə həmişə deyirəm ki, mübarizə, münaqişə etmirik. Biz qalib gələcəyimizə əminik. 21-ci dairə əvvəllər çox sakit bir dairə idi. Amma gəlişimlə canlandı.
- Bu qədər özünə inamın, liderlik ab-havasının arxasında nə dayanır?
-İnsan bir dəyəri daşıyırsa, arxasında durursa həmin dəyərlərə hörmət etməlidir. Zaman məndə bu özünə inamı formalaşdırıb. Həm təhsilim, həm çəkdiyim zəhmət bu inamı məndə formalaşdırıb. Bilirəm ki, gecə yatmaram amma işimi çox keyfiyyətli şəkildə görə bilərəm. İstənilən bir sahədə idarəçilik verilsə, bilirəm ki, bunu bacararam. Öz sahəmdə qazandığımın başarının arxasında zəhmət durur. Bir də mənə inanan insanlar. İşim və dəstək verən ailəm. Hazırda 10-dan çox gənc bu ərzidə buklet paylayır. Və bunların hamısı könüllüdür. Bütün bunlar mənə güc verir. Onlar mənim cəmiyyətdə yüksək dəyişikliyə gətirəcəyimə inanırlar. Mən ondan güc alıram. Yaradılan maneələrin heç biri məni motivasiyadan salmır. Çünki hamısına gülərək baxıram. Adi Dövlət seçki Komissiyasının mənə yaratdığı maneələr heç bir qanun çərçivəsində deyil. Məsələn, seçkidə təşviqat kampaniyasında onlayn tənzimlənmənin hüquqi əsası yoxdur. Yəni, biz Facebook-da özümüz təbliğ edə bilərik. Bacımın uşaqları anamla birlikdə mənə sürpriz ediblər, əllərində mənim şəklimin olduğu şəkil çəkib mənə göndərirlər. Facebook-da bunu paylaşdığım üçün DSK-dan çağırıb mənə bildirirlər ki, siz 18 yaşından aşağı uşaqları təbliğat kampaniyasına cəlb etmisiniz izahat yazmalısınız. O qədər güldüm ki, bu məsələyə. Sadəcə başa düşdüm ki, insanlar məni izləyir. Bununla bağlı status da yazmışdım. Məni çox istəyirsiniz, bilirəm. Şəkilimi istəyirsiniz, cırmayın. Gəlin daha qəşəngini verim sizə.
-Bəzən internetin, sosial medianın məhdudlaşdırılması istiqamətində təkliflər səslənir. Buna münasibətiniz necədir? -Bu internet aləmidir və sərbəst məkandır. Burada məhdudiyyətlərin qoyulmasını alqışlamıram. İnsanlar özünü burada ifadə edir. Bunu məhdudlaşdırmaq mənfi tərəflərlə özünü göstərə bilər. Amma Facebook-da kifayət qədər saxta profillər var və bunun qarşısını almaq üçün tədbirlərin görülməsini zəruri hesab edirəm.
-Deputat seçildikdən sonra sosial mediadakı fəaliyyətinizi aktivləşdirəcəksinizmi? Vətəndaşlarla əlaqələri necə qurmağı düşünürsünüz?
-Davam etdirəcəyəm. Çünki az sayda millət vəkillərinin sosial mediada aktiv olduğunu görürəm. Özləri ya yazmır, ya da piar mütəxəssisi həmin səhifələrini idarə edir. Mənim də piar menecerim var, amma mənim adımdan status yazmır. O, mənim paylaşımlarımı edə bilər, hansısa reklamla bağlı təkliflərini, məsləhətlərini verə bilər və s. Sosial media bir cəmiyyətdir. Özümü cəmiyyətdən niyə qoparım? Niyə bu cəmiyyətə mesajlarımı verməyim? Niyə hər bir məsələyə öz fikrimi deməyim axı. 16 mərtəbəli bina yananda onu mediaya ötürənlərdən ilk mən olmuşam. Zəng edib təcili yardımları da ora mən çağırmışdım. Bütün bunları sosial şəbəkəyə ona görə ötürürəm ki, bəlkə bu bir az aktivlik yaradacaq. İctimai-siyasi fəaliyyətdə olan insan bu cəmiyyəti ititrməməlidir. Burada bəlli bir kütlə var və maarifləndirmək lazımdır bu kütləni. Real işlərlə yanaşı sosial medianı da özünlə aparmalısan.
- Rəqiblərinizə nə məsləhət görərdiniz?
-Seçicilərlə daha çox işləsinlər, nəinki mənimlə (gülür). Rəqiblərim barəsində ancaq xoş sözlər deyə bilərəm. Əminəm ki, namizədliyini verənlərin hər biri bu yolu tutubsa, bunun kökündə humanist cəmiyyətə sevgi durur. Düşünmürəm ki, onlar yalnız şəxsi maraqlarına görə millət vəkili olmaq istəyir. Bu günə kimi işlədiyim layihələrdə millət vəkilindən daha çox məvacib almışam. Yəni, şəxsi marağıma görə namizədliyimi irəli sürməmişəm. Amma rəqiblərimə demək istərdim ki, qarayaxma kampaniyası mənim metodum olmayacaq. Kimsə bu yolu seçibsə, ona məhdudiyyət qoya bilmərəm. Mən daha çox onlara pozitiv sevgi mesajları göndərə bilərəm ancaq (gülür). İstəsələr görüşə də bilərik, çünki hər birimizin məqsədinin kökündə əhalinin, cəmiyyətin inkişafı dayanmalıdır. Bizim dairədən 5 namizəd var və onlarla heç bir problemim yoxdur. Komandama da tapşırmışam ki, rəqiblərlə bağlı heç bir məsələyə münasibət bildirməsinlər, işlərini görsünlər. Onlara mane olan varsa, mən bunu həll edəcəm. Tanrıya və qismətə inanıram. Amma seçkini qismətə buraxmamışam. İnsan sübut etməlidir ki, mən daha yaxşıyam. Ən böyük qazancım seçicimin sayı olacaq.
Mirvari Nəcəf
Azəri Gənclər Alyansının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Parlament seçkilərində qadınların elektoral aktivliyinin artırılması” layihəsinə təqdim edilmək üçün
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri