“Yazışmalardan isti çayın qoxusu gəlmir”  - “Mənim 100-lüyüm” layihəsi

22-01-2015 / 15:23

“Sosial şəbəkələr real münasibətlərin qopmasına səbəb olur”

Xəbərlər.az saytının “Mənim 100-lüyüm” adlı layihəsində ilk sorğu keçirilib. Sorğu belə olub:  “Sosial Şəbəkələr əslində...” nöqtələrin  yerinə nə yazardınız?

Seçdiyimiz 100 nəfərdən uzun müddətdir ki, bir çox müzakirələrə səbəb olan sorğuda iştirak etmələrini xahiş etdik.

Sorğuda iştirak edənlərin həm peşə, həm yaş, həm də fikir müxtəlifliyi olduğu kimi cavablar da müxtəlif oldu. Belə ki, 100 nəfərdən 68-i sorğuda iştirak etdi və:

-32 şəxs: uzaqları yaxın edir;

-17 şəxs: yaxınları uzaq edir;

-9 şəxs: PR vasitəsidir;

-5 şəxs: niyyətdən asılı olaraq dəyişir;

-5 şəxs: bilmirəm nədir cavablarını verdi.

Cavabların qısa izahını istədik və seçdiyimiz 10 şəxsin fikrini sizə təqdim edirik:

Məhəmməd Türkmən: "Uzaqları yaxın edir"-i seçdim. Çünki uzaqda olan insanlarla bu yolla çox rahat şəkildə əlaqə qurmaq olur. Ancaq yaxınları da uzaq edə bilər, yazışmalar nə qədər maraqlı olsa da isti çayın qoxusu duyulmur ondan.

Əminə İlyaslı: Yaxınları uzaq edir. Sizdən uzaqda olan insan daima sizin yaddaşınızda olur. Nə etdi? Necədir? Hara getdi? və s. Sosial məkanda izlədikdən sonra düşünməyi unuduruq. Bunu yaxınlaşmaq kimi qəbul edirik, ancaq elə deyil. Bir insanı nə qədər düşünsən və onunçün darıxsan o adam o qədər yaxındır sənə. Həmçinin yaxınındakı insanları da uzaqlaşdırır. Dostlarımızla görüşəndə heçmi əlimizə telefon alıb facebook-a girmirik? Hətta bəzən yanaşı dayanıb facebook-da danışanlar da var. Sabah, birigün facebook bağlansa insanlar bir-birlərinə nə qədər uzaq düşər. Depressiya və intiharların sayını isə demirəm. Sosial şəbəkə interaktiv münasibətə söykənsə də, real münasibətlərin qopmasına səbəb olur.

Rahil Sayadoğlu: Sosial şəbəkələr ən əsası uzaqları yaxın edir. Hətta Xoşqədəm Hidayətqızının çata bilməyəcəyi uzaqlara sosial şəbəkələrin əli çatır.

Rəşid Mustafazadə: Sırf sosial şəbəkələrdəki fəaliyyətimə görə iş təklifləri almışam. Məncə, uzaqları, əlçatmazları yaxın edir.  Amma istifadəçidən də çox şey asılıdır.

Toğrul İsmayıl: "Yaxınları uzaq edir" bəndini seçdim. Çünki insanlar getdikcə daha çox virtuallaşırlar. Qısa bir açıqlama - gülüşlər virtuallaşır, sevinc, kədər virtuallaşır, sevgi virtuallaşır və s və i.a. Virtuallaşdıqca isə həyat onlara buradan daha gözəl görsənir və istər istəməz gerçək həyatdan soyuyurlar. Bu baxımdan sosial şəbəkələr yaxınları uzaq edir. Burada əsas incə məqam ondan ibarətdir ki, insanlar sosial şəbəkələrə yaxınlarından daha çox vaxt ayırır.

Gülnarə Məmmədova: Sosial şəbəkələr çox vaxt tanıdığın kəslərin paylaşımları və daha rahat ifadə etdiyi fikirlər vasitəsilə tanımadığın simalarını  görməyə imkan verir. Əgər aktiv istifadəçidirsə nə vaxtsa özünü bəlli edəcək.

Türkan Muxtarova: Sosial şəbəkələr mənə keçiriləcək tədbirləri, proqramları tapmaqda kömək edir, üzünü belə indidən sonra görməyəcəyim dostlarımdan xəbər verir. Facebook olmasa heç bir tədbirdən xəbərim olmazdı.

Turac Teyyubqızı: İllərdir, aylardır danışmadığın və normalda ünsiyyəti bərpa etmək üçün bir kitab danışmaq tələb olunan insanları bir sual qədər yaxınlaşdırır.

Aydan Sultanlı: Adi bir dəfə gördüyümüz birini daha yaxından tanımaq,danışmaq imkanı yaradır. Məsələn bir tədbirdə gördüyüm xarici dostumu burada tanımağım,yaxın olmağım mümkündür.

Simuzər Hüseynzadə: İstifadə edəndən asılıdır, məncə. Sosial şəbəkələrdən həddindən artıq dərəcədə istifadə gənclərimizi gerçək ictimai mühitlərdən uzaqlaşır və asosial insanlara çevirir. Onsuz həyatları yetəri qədər maraqlı olan insanlar sosial şəbəkələrə daha az vaxt ayırır.

“Mənim 100-lüyüm” layihəsində sosial şəbəkələrin bizə verdiyi imkanlardan yararlanaraq sorğu məqsədilə 100 nəfərlik qrup yaradılır. Qrup üzvləri arasında İnformasiya texnologiyaları, İnternet və sosial media ilə bağlı müxtəlif fikirlər, mövzular, gündəm yarada bilən hər bir məlumatlar üzrə sorğular keçirilir.
Sorğunun nəticələri maraqlı 10 şərhlə sizə təqdim olunur. Seçilən 100 nəfər isə tanınan və ətrafımızda olan insanlar içərisindən milli mənsubiyyəti, peşəsi, yaşı, siyasi və dini görüşü müxtəlif, ən əsası, hadisələrə dair şəxsi fikir sahibi olan insanlardır.

Layihənin məqsədi bir həftəlik sorğularda məsələyə müxtəlif prizmalardan baxmaq, sadə dildə müzakirə etmək, fikirləri sizə təqdim edərək nəticəni müqayisəli şəkildə sizin çıxarmağınıza nail olmaqdır.

                                                                                                                Günel Hacı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə