“Poçt rabitəsi haqqında” Qanuna dəyişikliklər və əlavələr

14-11-2008 / 10:51

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №8, maddə 604; 2007-ci il, №5, maddə 442) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. adından və preambulasından “rabitəsi” sözü çıxarılsın;
2. 1.0.7-ci maddədə “poçt rabitəsi” sözlərindən sonra “və poçt-maliyyə” sözləri əlavə edilsin;
3. aşağıdakı məzmunda 1.0.18–1.0.20-ci maddələr əlavə edilsin:
“1.0.18. poçt-maliyyə xidmətləri (bundan sonra - maliyyə xidmətləri) – milli operator tərəfindən bu Qanuna müvafiq olaraq maliyyə sahəsində həyata keçirilən fəaliyyət;
1.0.19. poçt hesabı – fiziki və hüquqi şəxslərin pul vəsaitləri ilə əməliyyatların aparılması üçün milli operator tərəfindən açılan hesab;
1.0.20. poçt əmanəti – müvafiq müqaviləyə uyğun olaraq faizlər hesablanmaqla əmanəti ilk tələb üzrə qaytarmaq şərti ilə (tələbli) və ya müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmaq şərti ilə (müddətli), yaxud qanuna zidd olmayan başqa qaytarma şərtləri ilə milli operator tərəfindən fiziki və hüquqi şəxslərdən nağd və ya köçürmə yolu ilə qəbul edilən və onların poçt hesablarında əks olunan pul vəsaiti.”;
4. 5.0.1-ci maddədə “poçt rabitəsi” sözlərindən sonra “və maliyyə” sözləri əlavə edilsin;
5. 6.0.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“6.0.6. qanunvericiliyə uyğun olaraq maliyyə xidmətlərini, o cümlədən Ümumdünya Poçt İttifaqının tələblərinə müvafiq olaraq poçt ödəniş xidmətlərini həyata keçirmək.”;
6. aşağıdakı məzmunda III-I fəsil əlavə edilsin:

“III-I Fəsil
Milli operatorun maliyyə xidmətləri

Maddə 13-1. Maliyyə xidmətləri sahəsində fəaliyyət növləri

13-1.1. Milli operator maliyyə xidmətləri sahəsində aşağıdakı fəaliyyət növlərini həyata keçirə bilər:
13-1.1.1. poçt hesablarının açılması və aparılması;
13-1.1.2. pul köçürmələrinin həyata keçirilməsi;
13-1.1.3. maliyyə təsisatlarında, o cümlədən Azərbaycan Respublikasının Milli Bankında (bundan sonra – Milli Bank) müxbir hesabların açılması;
13-1.1.4. poçt əmanətlərinin qəbul edilməsi;
13-1.1.5. ödəniş vasitələrinin, o cümlədən debet və kredit kartlarının, poçt çeklərinin buraxılması;
13-1.1.6. müştərilərin sifarişi və vəsaiti hesabına xarici valyutanın alqı-satqısı;
13-1.1.7. nağd pulun və digər qiymətlilərin inkassasiyası.
13-1.2. Bu Qanunun 13-1-ci maddəsində göstərilmiş hər hansı fəaliyyət növü yalnız Milli Bankdan xüsusi razılıq (lisenziya) alındıqdan sonra həyata keçirilə bilər.

Maddə 13-2. Maliyyə xidmətlərinin lisenziyalaşdırılması

13-2.1. Milli operator maliyyə xidmətlərinin göstərilməsi üzrə fəaliyyəti Milli Bankdan aldığı xüsusi razılıq (lisenziya) əsasında, lisenziyada müəyyən edilmiş həcmdə həyata keçirə bilər. Lisenziya verilməsinin qaydaları Milli Bank tərəfindən müəyyən olunur. Lisenziya alınması üçün milli operatorun müraciətinə tələb olunan bütün sənədlər təqdim olunduqdan sonra ən geci 60 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Lisenziya müddətsizdir və verildiyi gündən qüvvəyə minir.
13-2.2. Milli operatorun filial və şöbələri maliyyə xidmətləri sahəsində yalnız Milli Bankın icazə verdiyi fəaliyyət növləri ilə məşğul ola bilərlər. Filial və şöbələrə icazələrin verilməsi şərtləri milli operatora lisenziyanın verilməsi qaydalarında müəyyən olunur.
13-2.3. Maliyyə xidmətlərinin həyata keçirilməsi, o cümlədən poçt əmanətlərinin qəbul edilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsi məsələsinə milli operatorun daxili informasiya, nəzarət və riskləri idarəetmə sistemlərinin yaradılmasından və onun Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilən kapital normativinə və təşkilati-texniki tələblərə tam cavab verməsindən sonra baxıla bilər.
13-2.4. Lisenziyanın alınması üçün milli operator qanunvericiliklə müəyyən edilən məbləğdə dövlət rüsumu ödəyir.

Maddə 13-3. Milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair ümumi tələblər

13-3.1. Bu Qanunda və Milli Bankın normativ xarakterli aktlarında ayrı qayda nəzərdə tutulmadıqda, poçt əmanətlərinin qəbul edilməsinə, poçt hesablarının aparılmasına və milli operatorun həyata keçirdiyi digər maliyyə xidmətləri növlərinə bank fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar tətbiq edilir. Poçt əmanətlərinə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu şamil olunmur.
13-3.2. Maliyyə xidmətləri sahəsində milli operatorun fəaliyyəti Milli Bank tərəfindən qanunvericiliyə uyğun olaraq bank fəaliyyətinə şamil edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin müəyyən edilməsi yolu ilə tənzimlənir.
13-3.3. Milli operatorun buraxdığı kredit kartının limiti kart sahibinin poçt əmanətinin məbləğindən artıq ola bilməz. Maliyyə xidmətləri sahəsində milli operatorun fəaliyyət riskini azaltmaq məqsədi ilə Milli Bank bir əmanətçidən qəbul edilən əmanətin maksimum miqdarını müəyyən edə bilər.
13-3.4. Milli operator qəbul etdiyi poçt əmanətlərini və poçt hesablarının qalıq vəsaitlərini yerli və xarici emitentlərin buraxdığı dövlət qiymətli kağızlarında, mərkəzi bankların qiymətli kağızlarında, habelə müvafiq icra hakimiyyəti orqanının Milli Bankla birlikdə müəyyən etdiyi investisiya strategiyası çərçivəsində mərkəzi banklarda və yüksək reytinqli digər banklarda depozitlərdə, yüksək reytinqli digər maliyyə alətlərində, habelə bu Qanunun 13-3.3-cü maddəsində nəzərdə tutulmuş qaydada kredit kartları üzrə yerləşdirə bilər.
13-3.5. Milli operator maliyyə xidmətləri göstərdiyi binada (o cümlədən filial və şöbələrin yerləşdiyi binada) Milli Bankdan aldığı lisenziyanın (icazənin) surətini, habelə bu sahədə həyata keçirdiyi fəaliyyət növlərinin şərtlərini və qaydalarını hamı üçün rahat görünən sahədə yerləşdirir.

Maddə 13-4. Maliyyə xidmətləri sahəsində dövlət nəzarəti

13-4.1. Milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyəti üzərində dövlət nəzarəti səlahiyyətləri daxilində Milli Bank və qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
13-4.2. Milli operator maliyyə xidmətlərinə dair prudensial hesabatları Milli Banka təqdim edir. Hesabatların forması, məzmunu və dövriliyi Milli Bank tərəfindən müəyyən edilir.
13-4.3. Hesabatların təhlili nəticəsində prudensial normativlərin və tələblərin pozulması halları aşkar olunduqda, Milli Bank aşağıdakı təsir tədbirlərini tətbiq edə bilər:
13-4.3.1. aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə milli operatora icrası məcburi olan göstərişlərin verilməsi;
13-4.3.2. maliyyə xidmətləri sahəsində ayrı-ayrı fəaliyyət növlərinin məhdudlaşdırılması və ya dayandırılması;
13-4.3.3. prudensial normativlərin (tələblərin) artırılması;
13-4.3.4. milli operatorun ayrı-ayrı filialları (şöbələri) tərəfindən göstərilən maliyyə xidmətlərinin bir qisminin məhdudlaşdırılması və ya qadağan edilməsi;
13-4.3.5. maliyyə xidmətlərinə və bu sahədə mühasibat işinə rəhbərlik edən şəxslərin (onların müavinlərinin), habelə daxili audit bölməsinin rəhbərinin vəzifədən azad edilməsi barədə milli operatorun rəhbərliyi qarşısında məsələ qaldırılması və/və ya həmin şəxslərə qarşı qanunvericiliyə müvafiq qaydada inzibati tənbeh tədbirlərinin görülməsi.
13-4.4. Milli Bank milli operatora verdiyi lisenziyanı aşağıdakı hallarda ləğv edə bilər:
13-4.4.1. milli operatorun öz müraciəti əsasında;
13-4.4.2. lisenziya alınması üçün müraciət edilərkən təqdim edilmiş məlumatların yanlış olduğu aşkar edildikdə;
13-4.4.3. lisenziya qüvvəyə mindiyi gündən milli operator 12 ay müddətində maliyyə xidmətlərinin göstərilməsinə başlamadıqda;
13-4.4.4. milli operator müflis elan edildikdə və ya ləğv edildikdə;
13-4.4.5. milli operatorun nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı Milli Bankın milli operator üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya məcmu kapitalın minimum miqdarından az olduqda və ya kapitalın adekvatlıq əmsalı Milli Bankın milli operator üçün müəyyən etdiyi normativin 25%-dən aşağı düşdükdə;
13-4.4.6. milli operator idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə; 13-4.4.7. milli operator maliyyə xidmətləri sahəsində yol verdiyi ciddi pozuntuların aradan qaldırılması barədə Milli Bankın tələblərinə əməl etmədikdə;
13-4.4.8. üç hesabat tarixinə Milli Banka prudensial hesabat təqdim etmədikdə və ya bilərəkdən Milli Banka yanlış hesabat və məlumat verildiyi faktları müəyyənləşdirildikdə.
13-4.5. Milli Bank milli operatorun filial və ya şöbəsinə verdiyi icazəni aşağıdakı hallarda ləğv edə bilər:
13-4.5.1. icazə alınması üçün müraciət edilərkən təqdim edilmiş məlumatların yanlış olduğu aşkar edildikdə;
13-4.5.2. icazəni almış filial və ya şöbə idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə;
13-4.5.3. maliyyə xidmətləri sahəsində icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
13-4.5.4. filialın və ya şöbənin bağlanması haqqında qərar qəbul edildikdə.
13-4.6. Milli Bank tətbiq etdiyi təsir tədbirləri və sanksiyalar barədə dərhal milli operatora yazılı məlumat verir.
13-4.7. Maliyyə xidmətləri sahəsində aparılan əməliyyatların qanunauyğunluğunu yoxlamaq məqsədi ilə Milli Bank milli operatordan, o cümlədən onun filial və şöbələrindən idarə edilməsinə və cari fəaliyyətinə dair sənədləri, o cümlədən əməliyyat sənədlərini, mühasibat kitablarını, habelə onlara dair izahat tələb edə və yerində yoxlamalar apara bilər.”.


II.  II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2008-ci il.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə